• Menyu
  • Menyu

Allah Təalanın Özünün Özünə və Rəsulunun Ona verdiyi vəsflərə (sifətlərə) iman gətirməyin vacibliyi

tovhidinfo

Mərhəmətli və rəhmli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!

Sonra isə:

Bilin ki, Allaha iman deyəndə dörd şey nəzərdə tutulur:
1) Allahın varlığına iman
2) Allahı rübubiyyətində təkləşdirmək
3) Allahı uluhiyyətində təkləşdirmək
4) Allahı isim və sifətlərində təkləşdirmək

Allahın isim və sifətlərinə iman Allaha imana daxildir, yəni Alllaha iman edən hər kəs Onun adlarına və sifətlərinə də iman etməlidir.  Çünki Allahın zatı adlarla adlanır və sifətlərlə vəsf olunur. Hər bir zatın sifətləri vardır, heç bir vəsfi olmayan zatın mövcudluğu mümkün deyildir.

Buna görə də, Allahın sifətlərinə iman Allaha imandan sayılır və Allahın öz kamilliyinə yaraşan sifətlərinin olması labüddür.

Lakin Allahın sifətləri qeybdir və qeybi məsələlərdə insana vacib olan odur ki,  necə varid olubsa, elə də  iman gətirsin, bu məsələlərdə vəhydən: Quran və sünnədən başqa bir şeyə qayıtmasın. İmam Əhməd demişdir: “Allah yalnız özü özünü və rəsulunun Onu vəsf etdiyi şeylərlə vəsf olunur, (bu məsələdə) Quran və hədisdən (sünnə) o tərəfə keçilmir”. Bu o deməkdir ki, biz Allahı yalnız Quranda və sünnədə gələn vəsflərlə vəsf edə bilərik.

Buna həm Qurani-Kərim, həm də ağıl dəlalət edir. Allah Təala buyurur:

“De: “Rəbbim həm aşkar, həm də gizli (törədilən) yaramaz əməlləri, (hər cür) günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyinizi haram buyurmuşdur”. ” (Əl-Əraf, 33)

Ona görə də Allahı özü özünü vəsf etmədiyi bir şeylə vəsf etsən, Allah haqqında bilmədiyin şeyi demiş olarsan, bu isə Quranın ayəsinə görə haramdır.

Allah təala, həmçinin, buyurmuşdur:

“Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” (Əl-İsra, 36)

Əqli dəlil isə odur ki, Allahın sifətləri qeybdəndir və qeybi məsələləri ağılla dərk etmək mümkün deyil. Ona görə də, Alllahı özünün vəsf etdiyindən başqa heç bir şeylə vəsf etmirik və sifətlərinə keyfiyyət (necəlik) vermirik, çünki bu mümkün deyildir.

Biz Allahın bizə vəsf etdiyi cənnət nemətlərinin əsl həqiqətini dərk edə bilmirik, baxmayaraq ki, onlar da məxluqdur. Bilirik ki, Cənnətdə meyvələr, çarpayılar, hurilər və s. var, lakin bunların həqiqətini, necə olmalarını dərk edə bilmirik. Bizə desələr: onları vəsf et, bacarmarıq. Çünki Allah Təala buyurub:

“Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.” (Əs-Səcdə, 17)

Həmçinin, Allah Təala qüdsi hədisdə belə buyurmuşdur: “Saleh qullarım üçün gözlərin görmədiyi, qulaqların eşitmədiyi, bəşərin qəlbinə (ağlına) belə gəlməyən şeylər hazırlamışam”. (Buxari/3244, Muslim/2824)

Bizə vəsf olunan cənnət nemətləri məxluq olduğu halda,  biz onların həqiqətini bilmiriksə, Xaliqin sifətlərinin həqiqətini necə dərk edə bilərik?! (Allahın sifətlərinin mənasını bilsək də, həqiqətini dərk etməkdə acizik.)

Başqa bir misal:

Hər bir insanın ruhu var, onsuz yaşaya bilməz, bədənində ruh olmazsa, insan ölər. Lakin insan ruhu vəsf edə bimir. Əgər ona deyilsə: “Səndə olan ruh, o şey ki, səndən çıxsa, ölü bir cəsəd, qalsa isə ağlı olan, dərk edə bilən bir varlıq – insan olursan, nədir?” – oturar, fikirləşər və heç vaxt onu vəsf edə bilməz, baxmayaraq ki, o, insana yaxındır, onun içindədir. İnsan əgər öz ruhunu vəsf etməyə acizdirsə, Rəbbini özü özünü vəsf etmədiyi bir şey ilə necə vəsf edə bilər?!

Bundan belə çıxır ki, Allahın sifətlərinin olması labüddür və bizə də vacibdir ki, Allahın bizə Quranda və rəsulunun diliylə sünnədə öyrətdiyi sifətlərini isbat edək.

Kimsə deyə bilər ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Allahı verdiyi vəsflərə iman etməyin vacibliyinə dəlil nədir?

Deyirik ki, buna dəlil Allah Təalanın bu sözüdür: “Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!” (Ən-Nisə, 136). Həmçinin, Allah Təala buyurmuşdur: “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”. (Ən-Nəcm, 3-4)

Başqa bir ayədə Allah Təala bizə belə əmr etmişdir: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin!” (Əl-Həşr, 7)

Bütün bu ayələr və digərləri dəlildir ki, necə ki, Allah Təalanın bizə Quranda bildirdiyi sifətləri ilə yanaşı,  sünnədə  Peyğəmbərinin diliylə bizə öyrətdiyi sifətlərinə də iman etməyimiz vacibdir. Məgər Allah rəsulundan yaxşı Rəbbini tanıyan ola bilərmi? Ona görə də, Peyğəmbərin (salləlahu aleyhi və səlləm) Rəbbimiz barədə bizə veridiyi hər bir xəbəri təsdiq etmək vacibdir.

(İstifadə edilən mənbə: Şeyx İbn Useyminin “Vasitiyyə əqidəsinin şərhi” kitabı.)


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax