• Menyu
  • Menyu

Axirətə niyə inanmalıyıq? 3-cü hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə.

Yazınının əvvəlki hissələrini bu keçidlərdən oxuya bilərsiniz: 1-ci hissə, 2-ci hissə

ÜÇÜNCÜSÜ: AXİRƏTƏ İMANA DİGƏR ƏQLİ DƏLİLLƏR

Buzun suya çevrilməsi, suyun isə buxara çevrilməsi bir növ su üçün mərhələ dəyişikliyi olur. Bəs insanın mərhələ dəyişməyi necə mümkün olmasın? İnsanın keçdiyi beş mərhələdən ikisinin şahidi oluruq, yəni ana bətnində olduğu mərhələ, sonra da dünya həyatındakı mərhələ. İnsanın ana bətnindən əvvəl ruhlar aləmində ruhunun olduğunu görməsək də bu barədə bizə elm (məlumat) verilmişdir. Həmçinin, öldükdən sonra qəbir aləmi mərhələsi, ondan sonra isə, diriliş və haqq hesab mərhələsi də bunun kimidir. Lakin bu beş mərhələdən ikisinin əyani şahidi oluruq. Deməli, suyun buza çevrilməsi, sonra yenidən əriyib suya çevrilməsi, ayrı iki hal olsa da, suyun buxar halı ayrıca üçüncü bir hal olur. Allahın yaratdığı məxluqlar müxtəlif hallara düşə bilir. Elə isə, Allah insanı yaratdığı kimi öldükdən sonra dirildə bilməzmi?

Allah Təala Quranda ölüdən diri çıxardığını, diridən də ölü çıxardığını, məxluqu haldan hala saldığını bildirmişdir:

«Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilirsiniz!» (əl-Ənam, 95)

-Həmçinin, Allah yerə düşən bir sərt toxumdan, dəndən yaşıl bitki, bar verən faydalı nübar yetişdirir. Quru bir toxumu yaşıl bitkiyə çevirir, yeni bir hala salır. Sonra həmin bitki yenidən quru toxumlar verir. Bu gözümüzlə müşahidə etdiyimiz bir şeydir. Eləcə də, Allah çürümüş bədəndən insanı yenidən yaratmağa, ona can verməyə Qadirdir.

-Həmçinin, Allah ölü yumurtadan diri quşları çıxarır. Bütün bunları edən, məxluqu haldan hala salan, mərhələdən mərhələyə keçirən Allah ölüləri də diriltməyə qadirdir.

Həmçinin, insan özü də bir varlıq olaraq yox idi. Allah onu yoxdan var etdi. Allah Quranda buyurur: «Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.» (əl-Bəqərə, 28)

Həmçinin, yağışın yağmasından sonra ölü, quru torpağın dirilməsi də yenidən dirilməyə gözlə gördüyümüz həqiqi və əqli bir misaldır. Yağış yağmadan əvvəl bir yerdə həyat canlanmayarkən, yağışdan sonra otların, bitkiləri çıxması, ağacların yaşıllaşması, güllərin açılması və təbiətin tamamilə dəyişilməsi, canlanması və bir növ dirilməsi prossesi baş verir. Yağışdan öncə o yaşıllaşan toxumlar harada idi? Bu toxumları kim qorudu? Kim bu toxumlardan yaşıllıq əmələ gətirdi? Məgər bu düşünməyə dəyməzmi? Allah Təala Quranda buyurur:

«Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir.» (ər-Rum, 50)

Başqa bir ayədə isə buyurur: «Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz onları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Diriltmə də belə olacaqdır.» (Fatir, 9)

Həmçinin, Allahın ədaləti də diriliş gününü labüd edir. Bu barədə də danışmışdıq ki, yaxşılarla pislərin ayırd edilməsi, pislərin cəzalarının verilməsi, yaxşıların da mükafatlandırılması üçün Axirət həyatı mütləqdir. Çünki bir çox cinayətlərin üstü bu dünyada açılmır. Sirləri bilən Allah məhz gizli qalan bütün əməlləri ortaya çıxartdıracaqdır. Yaxşılara da mükafatları veriləcəkdir. Əgər bu baş verməzsə, bu Allahın ədalətinə zidd olardı. Ona görə də, Axirətin gerçəkliyi labüddür. Bu həqiqət əqli dəlil olduğu kimi Axirətə olan ehtiyaca da bir misaldır.

Rağib İsfahani demişdir: «Yenidən dirilməyi və Axirəti yalnız təbiətçilərdən bir camaat inkar etmişdir. Onlar fikirlərində böyük yanlışa düşmüş, öz qədir-qiymətlərindən qafil qalmış, başlanğıc və yaradılışları barədə düşünməkdən onları bu ayədə qeyd olunan şəhvət sevgisi yayındırmışdır:

«Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır.» (Ali İmran, 14)

Sonra demişdir: “Əgər insanın bu qəm-kədər, üzüntü, sıxıntı, yorğunluqla dolu aşağılıq dünyadan başqa sonluğu yoxdursa və bu həyatdan sonra o əməllərinin bəhrəsini görməyəcəksə, o zaman dördayaqlı olub aşağı halda olan heyvanlar insandan daha yaxşı halda olardılar.» (“Təfsilun-Nəş’əteyn va tahsilus-Səadəteyn”, s. 106-107)


Davamı var…

Yazdı: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax