• Menyu
  • Menyu

Axirətə niyə inanmalıyıq? 4-cü hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Yazınının əvvəlki hissələrini bu keçidlərdən oxuya bilərsiniz:

1-ci hissə
2-ci hissə
3-cü hissə

DÖRDÜNCÜSÜ: AXİRƏTƏ İMAN QURANİ-KƏRİMDƏ:

1 – Ümumi dəlillər:

– «O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.» (əl-Bəqərə, 4)

– «Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür.» (əl-Bəqərə, 136)

– «Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?» (Ali İmran, 25)

– «Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.» (əl-Bəqərə, 62)

– «Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.» (Ğafir, 17)

«Sonra da Qiyamət günü dirildiləcəksiniz.» (əl-Muminun, 16)

– «Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir.» (əl-Həcc, 7)

– «Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”» (ət-Təğabun, 7)

– «İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik? Mütləq yığacağıq! Biz onun barmaq uclarını belə bərpa etməyə qadirik.» (Qiyəmə, 4)

Bildiyimiz kimi, müasir elmdə yer üzündəki heç bir insanın barmaq uclarının bir-birinə bənzəmədiyi ilk dəfə yalnız 1858-ci ildə isbat olunduğu halda, Uca Allah heç bir insanın barmaq uclarının bir-birinə bənzəməməsinə bu tarixdən 13 əsr əvvəl diqqəti çəkirərək hətta bu bənzərsiz barmaq uclarını belə yenidən yaratmağa qadir olduğunu bildirmişdir.

Barmaq izlərinin və barmaq uclarının cinayətkarların tapılmasındakı əhəmiyyətini yəqin ki, hamı bilir. Bu sirr dünya elminin bu qədər inkişaf etməsinə baxmayaraq yalnız son bir neçə onillikdə kəşf edilmişdir. 1892-ci ildə İngilis ixtiraçı alim Francis Galton insanın həyatı boyunca barmaq izlərinin dəyişmədiyini elmi cəhətdən sübut etmişdir. Bu tarixdən sonra isə eksperiza müayinələrində barmaq uclarının əhəmiyyəti daha da dəqiqləşmişdir. Qurani-Kərim isə barmaq uclarının əhəmiyyətini əsrlər öncə xəbər verərək müasir elmi qabaqlamışdır.

– «Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu bunu bilmirlər. Allah ölüləri dirildəcəkdir ki, ixtilafda olduqları şeyləri onlara bildirsin və kafirlər də özlərinin yalançı olduqlarını dərk etsinlər.» (ən-Nəhl, 38-39)

Bu ayədə isə axirətin insanlar arasındakı ixtilafların çözülməsi, insanların haqq-hesab edilib zalımların ifşa edilməsi, heç bir haqqın yerdə qalmayacağının bilinməsi və əsil yalançıların ifşa olunması üçün zəruri olduğuna işarə edilir:

– «Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.» (Yasin, 77-79)

Bu ayədə də insanın ilk yaradılışı misal çəkilmiş və yenidən yaratmağın da bunun kimi mümkünlüyü qeyd olunur.

– «Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır.» (ər-Rum, 27)

Bu ayədə isə yenidən yaratmağın Allah üçün çox asan olduğu qeyd olunur.

2 – Qurani-Kərimin üslublarından biri də Allah Quranda Peyğəmbərinə and içərək ölümdən sonrakı həyatın olduğunu bildirməsini istəməsidir:

Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!” (Təğabun, 7) (Həmçinin, bax: Səba, 3; Yunus, 53)

3 – Həmçinin, Qurani-Kərimdə ilk yaradılış ikinci yaradılışa misal çəkilmişdir:

«Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil?» (əl-Qiyamə, 36-40)

Başqa bir ayədə isə Allah yenidən dirilməyi inkar edənlərə sual verir və ona ilk yaradılışını xatırladır, ayənin sonunda isə yağışın yağmasıyla ölü torpağın dirilməsini misal çəkir. Beləcə də insanın yenidən dirilməsinin mümkünlüyünə diqqətləri yönəldir:

«Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.» (əl-Həcc, 5)

4 – Başqa bir ayədə də ölülərin dirildiləcəyinə ölü torpağın dirilməsini misal çəkir:

«Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.» (Fussilət, 39)

(Həmçinin, bax: əl-Həcc, 5-7; əz-Zuxruf, 11; əl-Əraf, 57; Qaf, 9-11; ər-Rum, 19; Fatir, 9; Yasin, 33)

Bu ayədə və rəqəmləri verilən ayələrdə gözlərimizlə gördüyümüz hadisədən, quru torpağın su ilə necə dirildirlməsi, canlanması bizə misal çəkilir. Məgər bu qup-quru, ölü torpağı öldükdən sonra canlandıran, onun üzərində yaşıl otlar və yaşıl ağaclar bitirən Allah, insanın yenidən diriltməyə Qadir deyilmi?!

5 – Allah başqa ayələrdə də göylərin və yerin yaradılmasının insanın yaradılmasından daha əzəmətli olmasına diqqətləri yönəldir:

«Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bunu bilmir.» (Ğafir, 57)

Ayədən göründüyü kimi, göyləri və yeri yaratmaq insanın yaradılmasından daha böyük və daha çətindir. Lakin, Allah daha çətin olanı yaratmasını misal çəkərək yenə onların mislini yarada biləcəyini belə bildirir:

«Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir?» (əl-İsra, 89)

(Başqa ayələrə də bax: əl-Əhqaf, 33; ən-Nəziat, 27; ən-Nəziat, 27; Yasin, 81)

Ey ağll sahibləri! Özünüz düşünün bir, insan göylərin və yerin yanında məgər bir zərrə deyilmi? Məgər bu böyük məxluqların yanında zərrə olan insanı yenidən yaratmaq Allah üçün çətin ola bilərmi?

Allahı inkar edən, özlərini də ağıl sahibləri hesab edənlərə Quran məntiqi bir sual verir:

Məgər Allah bu qədər əzəmətli yeri və göyləri yaradıbsa, insanı yenidən yarada bilməzmi? Şübhəsiz ki, bu Onun üçün çox asandır!

6 – Həmçinin, Uca Allah Dünyada baş vermiş və müşahidə olunmuş hadisələri ölülərin dirildiləcəyinə misal çəkmişdir:

1.Uca Allah Quranda İsa Peyğəmbərin Allahın izniylə ölüləri diriltdiyini bildirmişdir. Allah İsa peyğəmbərin belə dediyini Quranda xəbər verir:

«Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm.» (Ali İmran, 49)

2. Həmçinin, Allah Quranda İbrahim peyğəmbərin Allahdan ölüləri necə diriltməsini istədiyini, Allah da ona ölüləri necə diriltdiyini göstərdiyini bildirmişdir:

«Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?”– dedi. İbrahim dedi: “Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”. Allah buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”» (əl-Bəqərə, 260)

3. Həmçinin, Allah Quranda bir kəndin yanından keçən şəxsin həmin kəndi öldükdən sonra necə dirildiləcəkdir? – dedikdə, Allahın onu öldürməsi və yüz il sonra dirildib danışdırması barədə xəbər verir:

«Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.» (əl-Bəqərə, 259)

4. Quranda İsrail övladlarından bəzilərinin imanda şəkkə düşərək iman etmək üçün Allahı görməyi Musaya şərt qoymaları, sonra isə ölmələri və dirilmələri barədə xəbər verilir:

«O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu. Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz.» (əl-Bəqərə, 55-56)

5. Allahın Quranda Öz peyğəmbəri Musaya İsrail övladlarından birinin öldürüldüyü zaman ölən şəxsin dirilməsini və öz qatilinin kimliyini xəbər verməsi:

«O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar.Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.»(əl-Bəqərə, 72-73)

 6. Allahın minlərlə insanın ölüm qorxusundan dolayı öz diyarından qaçdığı zaman ölməsi, öldükdən sonra isə dirildilməsindən xəbər verməsi:

«Minlərlə adam olduqları halda ölüm qorxusundan yurdlarından çıxanları görmədinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir.» (əl-Bəqərə, 243)

7. Allahın Ona iman gətirən bir qrup imanlı gəncin Əshabı-Kəhf mağarasında öldükdən sonra dirilmələrini xəbər verməsi:

«Yoxsa, sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər. Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.» (əl-Kəhf, 9-12)

Yuxarıda qeyd olunan ayələrin bəzilərinə nəzər salanda görürük ki, baxmayaraq ki, bəzi insanlar peyğəmbərləri, Allahın onların vasitəsi ilə göstərdiyi möcüzələrin şahidi olmuşdular, yenə də iman etmədilər. Necə ki, Musa ən çox möcüzə göstərən peyğəmbər olsa da, ona da şəkk edənlər var idi. Allahı görmədən iman etməyəcəklərini bildirdilər. Baxmayaraq ki, Allah elçisi onlara müxtəlif möcüzələr göstərirdi. Saleh peyğəmbər qayadan Allahın izniylə dəvə çıxardıqda gözləriylə gördükləri möcüzəyə inanmayanlar olmuşdu. Başqa peyğəmbərlərə də bu cür münasibət olmuşdu. Günümüzdə özünə ateist deyən insanların da halı buna oxşardır. Allah elə insanlar barədə buyurmuşdur:

«Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir.» (əl-Ənam, 111)


Davamı var…

Yazdı: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax