• Menyu
  • Menyu

Buxaridəki “meymunun daşqalağı” rəvayətinə görə sünnəylə istehza edənlərə rədd

tovhidinfo

Müqəddimə:

Mərhəmətli və Rəhimli Allahın adı ilə

İslamı bizə din olaraq bəyənib göndərən Allaha həmd və sənalar olsun. Onun sonuncu peyğəmbərinə − bəşəriyyətin ən şərəflisi Muhəmmədə, onun ailəsinə və səhabələrinə, onun pak və şərəfli sünnəsi ilə gedən hər kəsə Allahın xeyir-duası və salamı olsun.

Sonra isə:

Son vaxtlar bəzi islam və sünnə düşmənləri fəallaşaraq dini savadı olmayan insanlarımıza Allahın dini ilə bağlı şübhələr atmaqdadırlar. Sünnə əhlinin parçalanaraq başlarının özlərinə qarışması, nisbət olunduqları sünnəni layiqincə müdafiə etməmələri, həmçinin, cəmiyyətin dini biliklərinin olmaması – bunlar hamısı dünyaya görə dinlərini satan, hər vəchlə məşhurlaşmağa can atan Elşad Miri və digər şər dəvətçilərinin asanlıqla insanları azdıra bilmələrinin səbəbləridir.

Bu insanların məsəli Məkkəyə gələrək zəm-zəm quyusuna su başına çıxan kişinin məsəlinə bənzəyir. Ondan bunu nə üçün etdiyini soruşduqda, bunu insanlar onu tanısın deyə, məşhurlaşmaq üçün etdiyini deyir[1].

Bu məsələdə gərək müxtəlif kütləvi informasiya vasitələrində çalışanlar da diqqətli olsun, Allahdan qorxsunlar. Reytinq naminə belə insanları təbliğ edib, onların batil fikirlərini cəmiyyətə yaymasınlar. Bilsinlər ki, buna görə, hər azmağa səbəb olduqları insana görə Uca Allahın qarşısında cavab verəcəklər! Dini oyun-oyuncaq, əyləncə hesab etməsinlər!

Fikir versəniz, bunların əsas məqsədi insanların qəlbində sünnə sevgisini öldürmək və sünnəni islam şəriətinin Quranla bərabər əsas məsdəri kimi yox, dəyişdirilmiş, səhihliyi bilinməyən, lazımsız rəvayətlər kimi təqdim etməkdir. Bununla onlar Quranı istədikləri kimi yozub insanları həqiqi dindən uzaqlaşdırmaq istəyirlər. Çünki bir müsəlman Quranın izahını, həmçinin Quranda olmayan bəzi şəriət hökmlərini Sünnədən götürməsə, dinini necə yaşaya bilər? Məgər Allah öz dinini Elşadkimilərin ağlınamı həvalə edib? Uca Allah buyurur:

“Sənə də zikri nazil etdik ki, insanlara nazil olanı onlara izah edəsən və bəlkə fikirləşələr”[2].

Əgər Peyğəmbərin izahı bizə çatmayıbsa, onda dinimizə necə kamil deyə bilərik? Onda peyğəmbərin göndərilməsinin bizə nə faydası var? Onda Peyğəmbərə (salləllahu aleyhi və səlləm) necə itaət edək? Axı Allah Təala bunu bizə əmr edib:

“De: “Allaha və Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz.”[3]

Yoxsa Allah bu əmrləri bizə yox, yalnız Quran nazil olanda yaşamış insanlara aid edib? Axı Allah Təala belə buyurub:

“De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş elçisiyəm”.”[4]

Ona görə də, Quranı öz ağıllarıyla (və ya ağılsızlıqları ilə) izah edənlər hərəsi bir yeni etiqada sahiblənmişdir. Bu məsləki tutanlar zaman keçdikcə bir-birini əvəzləyir və hər dəfə də yeni bir əqidə icad edirlər, bununla da Uca Allahın min dörd yüz otuz il bundan öncə kamil etdiyi dinin naqis olduğunu iddia etmiş olurlar. Allah Təala buyurub:

“Bugün sizin üçün dininizi kamil etdim, sizə nemətimi tamamladım və sizə İslamı din olaraq bəyənib seçdim”[5]

Bu barədə daha geniş aşağıdakı keçiddən oxuya bilərsiniz:

Sünnəyə tabe olmağın vacibliyi. Sünnə inkarçılarına rədd və Elşad Mirinin bəzi zəlalətləri

Onlar Sünnəni gözdən salmağın yolunu səhih hədisləri toplamış olan alimlərin “Səhih” kitablarına tən etməkdə, oradakı bəzi hədis və əsərləri lağa qoymaqda görürlər. Təsəvvür edin, islam ümməti “Səhih Buxari” və “Səhih Muslim”-in qəbuluna ittifaq edir, Elşad Miri isə, çıxır bu kitabla istehza edir.

İmam Ən-Nəvəvi demişdir:

“Ümmət bu iki kitabın (Buxari və Muslim) səhih olmasında və onların hədislərinə əməl etməyin vacib olmasında icma etmişdir.”[6]

Quranı, dini başa düşməkdə Peyğəmbərin, səhabələrin, islam alimlərinin – yəni möminlərin yolunu tərk edən, hədislərə, Quranın əsrlər boyu yazılmış bütün təfsirlərinin səhv olduğunu iddia edən, nə alim, nə də kitab saymayan insanlar məgər Uca Allahın bu ayəsini oxumayıblar?

“Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.”[7]

Meymunların zina etmiş meymunu daşqalaq etməsi hadisəsi haqda:

Bu hadisəni imam Buxari (Allah ona rəhmət etsin) öz “Səhih” əsərində nəql etmişdir:

“Nueym ibn Həmməd bizə danışdı ki, Huşeym onlara Husayndan danışdı ki,  Amr ibn Məymun belə demişdir:

“Cahilliyyədə bir meymun gördüm, başına meymunlar yığıldı, o, zina etmişdi və onlar onu daşqalaq etdilər, mən də onlarla bərabər onu daşqalaq etdim”.”[8]

İslam terminologiyasında hədis, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) izafə olunan hər bir sözə, felə, iqrara (təsdiqə) və xilqəti və ya əxlaqi vəsfə deyilir.

Bu rəvayət isə, gördüyünüz kimi, Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) nisbət olunmur, heç onun səhabələrindən də rəvayət olunmur. Çünki bu, Amr ibn Məymun adlı bir tabeinin islamdan öncəki cahiliyyə dövründə müşahidə etdiyi bir şeyin hekayəsidir.

Amr ibn Məymun kimdir?

İmam Əl-İcli demişdir:

“Amr ibn Məymun Əl-Əudi – Kufəlidir, tabiidir, siqadır, cahilidir (yəni, cahiliyyəni görənlərdəndir), Peyğəmbər (salləllahu aleyhi və səlləm) həyatda ikən islamı qəbul edib, və Peyğəmbəri (salləllahu aleyhi və səlləm) görməyib”.[9]

Hafiz İbn Həcər demişdir:

“Amr ibn Məymun Əl-Əudi – Əbu Abdullah, Abu Yəhyə də deyilir, Kufəlidir, cahiliyyəni idrak edib (yəni, cahiliyyə dövrünü görüb, yaşayıb), Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) görüşməyib…”[10]

Həm cahiliyyə dövründə, həm də İslam gələndən sonra yaşayan və müsəlman olduğu halında Peyğəmbərimizi (salləllahu aleyhi və səlləm) görməyən insanlara hədis terminologiyasında “muxadram” deyilir və onlar səhabələrdən deyil, böyük tabeinlərdən hesab olunurlar.

İmam Əbu Abdilləh Əl-Həkim demişdir:

“Tabeinlərdən olan muxadramlar isə, cahiliyyəyə və Allah rəsulunun (salləllahu aleyhi və səlləm) həyatına yetişənlər və səhabəlikləri olmayanlardır.” Sonra onların adlarını imam Muslimə istinadən sadalayır və onların arasında Amr ibn Məymunu da qeyd edir.[11]

İmam Əs-Səxavi isə, muxadrama belə tərif vermişdir:

“Peyğəmbər (salləllahu aleyhi və səlləm) elçi göndərildikdən əvvəl və ya sonra cahiliyyəni görən,  Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yaşadığı zaman kiçik və ya böyük yaşda olan, lakin Onu elçi göndərildikdən sonra görməyən, və ya Onu özünün müsəlman olmadığı halında görən, sonra isə ya Onun yaşadığı müddətdə, ya da ölümündən sonra islamı qəbul edənlər muxadramlardır”. Sonra isə, o da, muxadramları sadalayır və Amr ibn Meymunun adını onların içində qeyd edir.[12]

Bu qissə səhihdirmi və belə bir şey baş verə bilərmi?

Artıq bizə məlum oldu ki, bu qissə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) sözü deyil, yəni sünnə deyil. Hətta bu qissəni rəvayət edən kəs, Elşad Mirinin iddia etdiyi kimi səhabi də deyil, tabeindir. Ona görə də, bu qissənin düzgün olmadığını, Amr ibn Məymunun səhv başa düşməsini ehtimalı edə bilərik. Ola bilsin ki, Amr, meymunların bir meymunu daşladığını görüb və bunu zinaya görə edilən daşqalaq zənn edib.

İbn Quteybə bu qissəyə görə sünnə ilə istehza edənlərə cavab olaraq demişdir:

“Biz bu istehzanın cavabında deyirik:

Meymunların hədisi nə Allah rəsulundan (salləllahu aleyhi və səlləm), nə də Onun səhabələrindən deyil, o, yalnız Amr ibn Məymundan zikr olunan bir şeydir… Ola bilər ki, şeyx (Amr ibn Məymunu nəzərdə tutur) meymunların bir meymunu daşladığını görüb və zənn edib ki, onu zina etdiyinə görə daşlayırlar. Bunu isə, yalnız zənn etmək olar, çünki meymunlar özləri barədə xəbər vermirlər və onların cinsi əlaqəyə girdiyini görən onların zina edib-etməməsini bilmir. Bu, zənndir.

Ola da bilər ki, şeyx onların zina etdiklərini bizim bilmədiyimiz əlamətlərdən bilib, çünki meymunlar ən çox zina edən heyvanlardır. Ərəblər onları misal çəkərək deyirlər: “(filankəs) meymundan daha çox zinakardır” və əgər zina onda (meymunda) bilinən bir şey olmasaydı, onu misal çəkməzdilər. İnsana evənməkdə və qeyrətdə ən çox oxşayan da odur.

Heyvanlar bir-biri ilə düşmənçilik edə, bir-birlərinə hücum edə, bir-birlərini cəzalandıra bilərlər. Onlardan bəzisi dişləyir, bəzisi, bəzisi cırmaqlayır, bəzisi sındırır və vurur, meymunlar isə, Allahın onlar üçün yaratdığı əlləri ilə, insanın daşladığı kimi daşlayırlar.

Ola bilər ki, bir-birini başqa şeyə görə daşlayıblar, şeyx də elə bilib ki, bu, zinaya görədir.

Yox, əgər şeyx bu daşlamağın zinaya görə olduğunu dəlilə əsasən deyibsə, bu da, ola bilər, çünki, dediyim kimi, meymunlar heyvanların ən çox qeyrəti olanları və başa düşməkdə insanlara ən yaxın olanlarıdır”.[13]

İbn Əbdil-Bərr bu hadisəni inkar edərək demişdir:

“Bu, elm əhlinin camaatına (çoxuna) görə münkərdir – mükəlləf olmayana zinanı aid etmək və heyvanlarda hədlərin (şəriət cəzalarının) yerinə yetirilməsi”.[14]

Şeyx Albani isə, belə demişdir:

“Bu münkər əsərdir, çünki insan necə bilə bilər ki, meymunlar evlənir, namus qorumaq onların xilqətindəndir və xəyanət edəni öldürürlər? Sonra hesab et ki, bu onların arasında baş verir, bəs Amr ibn Məymun haradan bildi ki, meymunun daşlanması onun zina etdiyinə görə idi?”[15]

Lakin, qeyd etmək lazımdır ki, heyvanlar aləmində bir çox qəribə və təəccüb doğuran şeylər baş verə bilir. Şeyxülislam İbn Teymiyyə bu qissə barədə belə demişdir:

“Bunu kimisini bizim zamanımızda insanlar meymunlardan başqalarında müşahidə etmişdirlər, hətta quşlarda belə”.[16]

Daha bir qəribə qissəni isə, İbn Həcər bu əsərin şərhində qeyd etmişdir:

“Əbu Ubeydə Məmər ibnul-Musənnə “Kitəbul-xeyl” kitabında Əl-Əuzəinin yoluyla zikr etmişdir ki, atı anasına mindirirlər, lakin o, cinsi əlaqəyə girməkdən imtina edir. Sonra ana atı bir evə salırlar və üstünü örtüklə örtürlər, bala atı ona mindirirlər və cinsi əlaqəyə girir. Anasının iyini duyan kimi, öz cinsi orqanına tərəf əyilir və onu dişləri ilə dibindən qopardır.

Əgər bu, ağıldan meymundan daha uzaq olan atın anlayışıdırsa, meymunda bunun ola biləcəyi daha öncədir.”[17]

Həmçinin, qeyd etmək lazımdır ki, elm əhlindən bəzisi bu qissədəki meymunların İsrail övladlarından olan, Allah Təala tərəfindən “məsx” edilmiş, yəni cəza olaraq meymunlara döndərilmiş insanların nəslindən olduğunu qeyd etmişdirlər. Allah Təala buyurub:

“Sizdən bəzi kəslər şənbə günü haqqında olan əmrdə həddi aşdıqlarını bilirsiniz. Biz də onlara: “həqir meymunlar olun!” – dedik.”[18]

Lakin, onlara cavab verilmişdir ki, “məsx” edilmiş meymunların nəsli olmur, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur:

“Allah məsx olunmuş üçün nəsl və davamçı yaratmayıb”.[19]

Xülasə, bu əsər istər səhih olsun, istər olmasın, bunun səhih sünnəyə heç bir aidiyyatı yoxdur, çünki bu, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) sözü deyil. Əgər bu, Onun sözü olsaydı, şübhəsiz ki, bunu da qəbul edib başımızın-gözümüzün üstünə qoyardıq, əhli sünnə öz peyğəmbərinin sözünü ağlına görə inkar etmir, bundan daha qəribə görünə bilən məsələləri Allah rəsuluna iman etdiklərinə görə təsdiqləyir.

Əgər bu əsər səhih deyilsə, niyə Buxari onu rəvayət edib?

Kimsə deyə bilər ki, etiraf etdiniz ki, elm əhlindən bəzisi bu rəvayətdə qeyd olunan meymunların zina edən meymunu daşqalaq etməsini qəbul etməmişdir. Bəs belə bir rəvayət Qurandan sonra ən səhih saydığınız kitabda, “Səhih Buxari”-də necə gələ bilər?

Cavab odur ki, bəli, “Səhih Buxari”-dəki hədislər səhihdir. Buna bütün ümmət icma etmişdir. Lakin, bu kitab təkcə hədislərdən ibarət deyil. İmam Buxarinin kitabı eyni zamanda həm də fiqh kitabıdır və imam Buxarinin fiqhi, kitabındakı fəsillərə verdiyi adlardadır. Buna görə də, imam bu kitabında Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) rəvayət olunan səhih hədislərdən savayı, səhabələrin və tabeinlərin bəzi sözlərini də zikr etmişdir. Həmçinin, isnadının əvvəlindən bir neçə ravisini qeyd etmədiyi hədislər (muəlləqat) varid etmişdir. Bundan əlavə, bəzi zəif sayıla biləcək ravilərdən də azsaylı hədislər yazmışdır ki, bunları da fəslin əsas hədisi kimi deyil, əsas hədisdən sonra, ona tabe olaraq varid etmişdir. Bu qeyd etdiklərimizin hamısını imam Buxari isnadlarında və ya mətnlərində olan faydaları bizə çatdırmaq üçün yazmış və səhihliyini iddia etməmişdir. Onun şərt qoyduğu səhihlik yalnız özündən Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) qədər uzanan isnad zənciri ilə varid etdiyi hədislərə aiddir. Buna dəlil də odur ki, hamımızın müxtəsər olaraq “Səhih Buxari” dediyi kitaba imam Buxari özü belə ad qoymuşdur: “Allah elçisinin (salləllahu aleyhi və səlləm) işlərindən, sünnələrindən və günlərindən (ibarət olan) müsnəd (yəni, sənədi Peyğəmbərə yetişən), səhih, müxtəsər toplu[20]“.[21]

Buradan açıq-aşkar görünür ki, imam Buxarinin səhih adı verdiyi, məhz Peyğəmbərdən (salləllahu aleyhi və  səlləm) isnad zənciri ilə rəvayət etdiyi hədislərdir. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) qeyrisinin sözlərini, həmçinin, isnadının əvvəlini qeyd etmədiyi hədisləri, “filankəsdən belə rəvayət olunur”, “filankəs dedi” ifadələri ilə yazdığı əsərləri isə, kitabın şərtindən görməmiş, onların səhih olduğunu iddia etməmişdir. Bunları yalnız içindəki hər hansı bir fiqhi və ya hədis elmiylə əlaqəli və s. faydalara görə varid etmişdir.

Bu faydalara bir çox misallar çəkmək olar, lakin bunu etsək, hədis elmiylə bilavasitə tanış olmayan müsəlmanlara bunları başa düşmək çətin olar və yazımız daha da uzanar.

Mövzumuz olan “meymunun rəcm olunması” rəvayətinin “Səhih Buxari”-dəki yerinə nəzər salsaq, görərik ki, imam Buxari bu rəvayəti, “Əl-qasəmətu fil-cəhiliyyə” (cahiliyyə dövründə and) fəsli altında varid etmişdir. Bu fəsildə bir neçə hədis və əsər qeyd edir, hamısı da cahillik dövrünə aiddir. Kitabın bəzi nüsxələrində isə, bu rəvayət “Əyyəmul-cəhiliyyə” (cahiliyyə günləri) fəsli altında keçir. Əvvəldə qeyd etdiyimiz kimi, qissənin ravisi Amr ibn Məymun cahilliyyə dövründə yaşamış biridir və o zaman şahid olduğu bir hadisəni hekayə edir. Bu rəvayətin isnadına da bəzi alimlər zəif demişdir. Ola bilər ki, imam Buxari məhz Amr ibn Məymunun İslamdan öncəki cahilliyyə dövrünü gördüyünü isbat etmək üçün və ya başqa bir fayda üçün bu əsəri kitabında varid edib. Ən düzünü Allah bilir.

Nəticə:

Bu əsər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədisi deyil, hadisənin özü isə, tabeinin gördüyü bir şeyi səhv anlaması ola bilər və bundan təmiz sünnəyə heç bir xələl gələ bilməz. Həmçinin, bu əsər imam Buxarinin şərtinə və kitabının adına da uyğun deyil, bunu yalnız hər hansı bir əlavə fayda üçün öz kitabında qeyd edib və, belə olduğu halda, imam Buxari də buna görə məzəmmət oluna bilməz.

Allah Təala daha yaxşı bilir. Ona həmd olsun. Onun qulu və elçisi olan Muhəmmədə, onun səhabələrinə və onların yoluna gözəl şəkildə tabe olanlara Allahın xeyir-duası və salamı olsun.


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

[1] Bax: “İnəyətul-qadı” – Şihəbud-Din əl-Xafəci, 5/57.

[2] Ən-Nəhl, 44.

[3] Əli İmran, 32.

[4] Əl-Əraf, 158.

[5] Əl-Məidə, 3.

[6] “Təhzibul-əsməi vəl-luğat”, 1/73.

[7] Ən-Nisə, 115.

[8] “Mənəqibul-ənsar” kitabı, “Əl-qasəmətu fil-cəhiliyyə” babı, h. 3849.

[9] “Əs-Siqat”, s. 186-187.

[10] “Təhzibut-təhzib”, 8/109.

[11] “Mərifətu ulumil-hədis”, s.44.

[12] “Fəthul-Muğis”,  4/162 (təriful-muxadram və ədəduhu babı).

[13] “Təvil muxtələfil-hədis”, s. 372-373.

[14] “Əl-İstiəb fi mərifətil-əshəb”, 3/1206.

[15] “Muxtəsar sahihil-Buxari”, 2/535.

[16] “Məcmuul-fətəva”, 11/545.

[17] “Fəthul-Bəri”, 7/161.

[18] Əl-Bəqərə, 65.

[19] Muslim, 2663.

[20] Ərəb dilində “cəmi”. Hədis kitablarından “cəmi”, yalnız əhkam hədislərini deyil, bütün növ hədisləri cəm edən kitablara deyilir. Bax: “Tuhfətul-Əhvəzi”, müqəddimə, 1/34.

[21] Bax: Nəvəvi, “Təhzibul-əsməi vəl-luğat”, 1/73; İbn Həcər, “Hədyus-səri”, 1-ci fəsil.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax