• Menyu
  • Menyu

Həcc və onun əhkamları

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Əziz müsəlman bacı və qardaşlar! Artıq yeni həcc mövsümü çox yaxındır. Həcc etmək islamın beş şərtindən biridir. Uca Allah tövhid dini olan islamı beş ərkan üzərində qurub.

Bunlar:
1) Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin ( Allahın salavatı və salamı onun üzərinə olsun) onun Elçisi olduğuna şahidlik etmək, (“Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən rasulullah” deyərək şəhadət gətirmək);
2) Namaz qılmaq;
3) Zəkat vermək;
4) Ramazan orucunu tutmaq;
5) Həcc etməkdir.

İslamın bu beş şərti məşhur Cəbrail hədisində də gəlir. Ömər ibn  Xəttab (Allah ondan razı olsun)  Allah Elçisi  ( Allahın salavatı və salamı onun üzərinə olsun) İslam haqqında soruşulduqda belə cavab verdiyini rəvayət edir:  ”İslam, Allahdan başqa ibadətə layiq haqq məbudun olmamasına və Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın Elçisi olduğuna şahidlik etməyin, namaz qılmağın, zəkat verməyin, ramazan orucunu tutmağın, əgər bacararsansa, həcc etməyindir.” (Muslim,93).
Həmçinin İbn Ömər (Allah ondan razı olsun) Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: “İslam beş əsas üzərində qurulub; Allahdan başqa ibadətə layiq haqq məbudun olmamasına və Muhəmmədin Allahın Elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və ramazan orucunu tutmaq”. (Buxari,8 və Muslim,113).
Bu əməllər yalnız xalis Allah üçün olarsa və sünnətə uyğun olarsa, sahibindən qəbul olunur.

Hədislərdə keçən beş şərtdən biri də həccdir. Mövzumuz da Allahın izni ilə həcc barədə olacaq.

Həccin fəziləti:

Allah Elçisindən (Allahın salavatı və salamı onun üzərinə olsun) həccin fəziləti barədə bir çox hədislər rəvayət olunub. Bunlardan bəziləri aşağıda qeyd olunmuşdur:

Əbu Hureyradan ( Allah ondan razı olsun) rəvayət olunan hədisdə Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: “Ümrə ilə ümrə, ikisi arasındakı günahlara kəffarədir, məbrur həccin mükafatı isə, yalnız cənnətdir”. ( Buxari,1773 və Muslim,3289).

Aişə anamız (Allah ondan razı olsun) soruşdu: “Ey Allahın Elçisi! Biz (qadınlar) cihadın ən fəzilətli əməl olduğunu görürük, bəs biz cihad etməyək?” Cavab olaraq Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: “Yox! Sizin üçün ondan da fəzilətlisi var, məbrur həcc”. ( Buxari,1520).

Yenə Əbu Hureyradan ( Allah ondan razı olsun) rəvayət olunan hədisdə Allah Elçisindən (Allahın salavatı və salamı onun üzərinə olsun)  soruşurlar: “Ən fəzilətli əməl hansıdır? Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə deyir: “Allaha və onun Elçisinə iman etmək”. Deyirlər ki: “Sonra hansı?” Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə deyir: “Allah yolunda cihad etmək”. Deyirlər ki: “Sonra hansı?” Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə deyir: “Məbrur həcc”.” ( Buxari,26 və Muslim,248).

Həmçinin, Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) Amr ibn Asa (Allah ondan razı olsun) dediyi söz: “Ey Amr! Məgər bimirsənmi ki, İslam, hicrət və həcc özündən öncəki günahları silib aparır?” ( Muslim, 321).

Namaz  kimi, həcc kimi saleh əməllərin yuyub apardığı günahlar kiçik günahlardır. Böyük günahlara gəldikdə isə, bunun üçün mütləq tövbə etmək lazımdır. Uca Allah belə buyurur: “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik.”  ( Ən-Nisə,31).

Müsəlmanlara həcc etmək kitab, sünnə və icma ilə vacibdir. Uca Allah belə buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.” (Əli İmran,97).

İbn Ömər (Allah ondan razı olsun) Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: “İslam beş əsas üzərində qurulub; Allahdan başqa ibadətə laiq haqq məbudun olmamasına və Muhəmmədin Allahın Elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Buxari,8 və Muslim,113).

Həccin  növləri:
Uca Allah həcc etməyi qullarına rahatlaşdıraraq onu üç növ edib. Bunlar aşağıdakılardır:
1) Təməttu
2) Qiran
3) İfrad
Təməttu  həccinə gəldikdə, bu həcc növünü edən zəvvar həcc aylarında miqatda ehrama girərkən yalnız ümrə niyyəti ilə “Ləbbeykə Allahummə umratən” deyir. Sonra ümrənin təvaf, səy, saçını qısaltmaq və ya saçı dibindən təraş etməklə sona çatdırır və ehramdan çıxır. Məkkədə zilhiccənin səkkizinci gününə qədər qalır. Bu gün “tərviyə günü” adlanır. Zilhiccənin səkkizinci  günü isə həcc üçün niyyət edir, ehrama girir və həcc əməllərini tamamlayır.

Qiran həccinə gəldikdə, miqatda ehrama girərkən həcc və ümrəyə birgə niyyət edir və deyir “Ləbbeykə Allahummə umratən və həccən”. Məkkəyə çatdıqda isə “qudum” təvafını (Kəbəyə gəliş təvafı) edir, əgər istəyərsə, səy edir, istəyərsə də onu “tavaful-ifadə”dən (10-cu gün edilən təvaf) sonraya saxlayır. Saçını isə qısaltmır, yaxud dibindən təraş etmir, həmçinin ehramdan da çıxmır. Ehramlı halda bayram gününə kimi gözləyir.

İfrad həccinə gəldikdə isə, ehrama girərkən yalnız həcc üçün niyyət edir və deyir: “Ləbbeykə Allahummə həccən”. Məkkəyə çatdıqda “qudum” təvafını edir, əgər istəyərsə, həccin səyini də edir yaxud da səyi “tavaful-ifadə”dən sonraya saxlayır və ehramlı halda bayram gününə kimi gözləyir.

Təməttu və Qiran həcci edənlər əgər Məkkə əhlindən deyillərsə, Allahın onlara iki ibadəti (ümrə və həcc) cəm etməyi rahatlaşdırdığı üçün, şükür əlaməti olaraq bir qurban kəsirlər.
Sadalanan növlərdən ən fəzilətlisi isə birinci  qeyd edilən təməttu həccidir.

Həccin ədəbləri:
1) Ən mühüm amillərdən biri və birincisi, qulun bütün ibadətlərdə olduğu kimi, həcc ibadətində də ixlaslı olması, riyadan çəkinməsidir.

2) Həccin əhkamlarını çalışıb gözəl bir şəkildə öyrənməkdir ki, hətta həcc əməllərini doğru bir şəkildə yerinə yetirə bilsin.

3) Həcc səfərinə çıxarkən saleh insanlarla, xeyir əhli ilə yoldaşlıq etməkdə həris olmaqdır ki, onların elm və ədəbindən faydalana bilsin.

4) Səfər vaxtı öz ehtiyaclarını qarşılaya biləcək miqdarda mal götürməkdir ki, başqalarına möhtac olmasın.

5) Başqalarına qarşı gözəl əxlaq və münasibət göstərməkdir. İnsanların sənə qarşı necə davranmasını istəyirsənsə, sən də başqalarına qarşı o şəkildə davranmalısan.

6) Dili zikr, dua, istiğfarla məşğul etmək və dili pis sözlər işlətməkdən qorumaqdır.

7) Başqalarına dili və ya hərəkəti ilə əziyyət verməkdən çəkinməkdir. Həmçinin, siqaret çəkməyə mübtəla olanlar, digər insanlara onun pis iyi ilə əziyyət verməkdən çəkinməli, onu tərk etməli və Allaha tövbə etməlidir. Çünki siqaret çəkmək həm sağlamlığa, həm də mala zərərlidir.

Hər kəs yuxarıda sadalanan ədəblərə hər halında əməl etməli və həcc ibadətini yerinə yetirərkən buna xüsusi diqqət yetirməlidir.

Həccin şərtləri:

Həcc hər bir ağlı başında olan, həddi büluğa çatmış, azad, ona  qadir olan müsəlmana vacibdir. Qadınlar üçün xüsusi olaraq əlavə bir şərt də var. Bu da onunla birgə səfər edəcək məhrəminin olmasıdır.

1) Müsəlman olmaq. Kafirlərə həcc etmək vacib deyil. İslamı qəbul etməmişdən həcc etsə belə, ondan bu əməl qəbul deyil. Çünki müsəlman olmaq əsas şərtdir.

2) Ağlı başında olmaq. Dəliyə həcc vacib deyil. Hətta ağlı başında olmadığı halda həcc etsə belə ondan bu əməl qəbul deyil. Əlidən (Allah ondan razı olsun) gələn hədisdə Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: “Üç şəxsdən qələm qaldırılmışdır: yuxuda olan, hətta ayılana kimi, kiçik olan, hətta həddi büluğa çatana qədər və dəli olan, hətta ağılı başına gələnə qədər.” (Əbu Davud,4403).

3) Həddi büluğa çatmaq. Həddi büluğa çatmayan uşaqlara həcc vacib deyil. Əgər həcc edərlərsə, həccləri düzgündür və buna görə onlara həcc etdirənə nafilə savabı var. Bu həcc onlara vacib olan həcci əvəz etmir. Həddi büluğa çatdıqdan sonra islam həccini etmək onlara vacib olur. İbn Abbas (Allah ondan razı olsun) belə deyir: “Bir qadın körpəsini havaya qaldıraraq belə dedi: “Ey Allahın Elçisi, buna həcc varmı?” Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: “Bəli! Sənə də savab var”. (Muslim,3254).

4) Azad olmaq. Kölələrə də həcc vacib deyil. Azad olduqdan sonra ona həcc vacib olur.

5) Qadir olmaq. Bu da malı və bədəni ilə həcc etməyə qadir olmaqdır. Hər hansı bir kəs xəstəliyi və ya qocalığı  səbəbi ilə həcc edə bilmirsə, həcc ona vacib deyil. Həmçinin, həcc edəcək malı yoxdursa, bu halda da həcc vacib olmur, hətta bədəni ilə buna qadir olsa belə. Uca Allah belə buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Əli İmran,97).

6) Qadının səfər zamanı yanında məhrəminin olması. Qadın mal və  bədən cəhətdən həcc etməyə qadir olsa belə, ona səfərə çıxarkən məhrəmi ilə çıxması vacibdir. Əgər qadın yanında məhrəmi olmadan həcc edərsə, həcci doğrudur ancaq məhrəmsiz səfər etdiyinə görə günah qazanır.

Həccin ərkanları:

Həccin ərkanları dedikdə, yerinə yetirilməsi mütləq vacib olan əməllər nəzərdə tutulur ki, bu əməllər olmasa həcc batil olur və onu heç nə ilə əvəz etmək olmur. Heç bir kəffarə onu əvəz etmir.
Həccin ərkanları aşağıdakılardır:

1) Ehram. Ehram həcc əməllərinə başlamağa niyyət etməkdir. Ehrama girmək  bunu qəlb ilə niyyət etməklə olur. Ömər ibn Xəttabdan (Allah ondan razı olsun) gələn rəvayətdə Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: “Əməllər niyyətlərə görədir, hər kəsə niyyət etdiyi qalacaq.” (Buxari,1 və Muslim 4927).

2) Təvaf. Təvaful-ifadə arafat və müzdəlifədən sonra gəlir. Uca Allah belə buyurur: “Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər.” (Həcc,29).

3) Səy. Səfa və Mərva təpələri arasında səy etmək. Təməttu həcci edən üçün səy təvaful-ifadədən sonra olur, ancaq qiran və ifrad həcci edənlər isə, ya tavaful-qudumdan sonra, ya da tavaful-ifədədən sonra səy edirlər. Əgər tavaful-qudumdan sonra səy etməsələr, vacibdir ki, tavaful-ifədədən sonra etsinlər. Uca Allah belə buyurur: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz.” (Bəqərə,158).
Həmçinin, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: “Ey insanlar! Səy edin! Artıq səy etmək sizə vacib oldu.” ( Daraqutni, 2/255 və Beyhəqi, 5/97).

4) Ərafatda durmaq. Uca Allah belə buyurur: “Ərafatdan axışıb gəldikdə Məşərul-haramda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz.” (Bəqərə,198).
Kim Ərafatda durmasa, onun həcci batil olur. Abdurrahman ibn Yamar (Allah ondan razı olsun) deyir: “Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) Ərafatda durduğunu gördüm,  Nəcd bölgəsindən olan insanlar gəlib ona (Allahın salavatı və salamı onun üzərinə olsun) belə deyirdilər: “Ey Allahın Elçisi! Həcc necə olur?” Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: “Həcc Ərafatdır, kim sübh namazından öncə gəlmişsə, artıq onun həcci tamamdır.” ( İbn Macə,3015. Hədis səhihdir və Buxari və Muslimin şərtlərinə uyğundur).
İbn Munzir (Allah ona rəhm etsin) bu haqda icma olduğunu zikr etmişdir: “Artıq Ərafatda durmanın vacib olduğuna icma olunmuşdur, kim Ərafatda durmasa, onun həcci yoxdur”. (İcma səh.,64).

Həccin vacibləri:

Həccin vacibləri dedikdə, edilməsi vacib olan, lakin unudularsa, kəffarə olaraq qoyun kəsib əvəzi verilə bilən əməllər nəzərdə tutulur. Kəffarə sahibi bu ətdən yemir və onu Məkkə kasıbları arasında bölür. Bu haqda ibn Abbas ( Allah ondan razı olsun) belə buyrur: “Kim həcc əməllərindən hər hansı birini unudarsa və va tərk edərsə qurban kəssin”.  (Muvatta, 1\419).
Həccin yeddi vacibi var:
1) Miqatdan ehrama girmək. Bu haqda ibn Abbas ( Allah ondan razı olsun) belə buyrur: “Kim miqatlardan həcc və ya ümrə niyyəti ilə keçərsə, ona ehrama girməsi vacibdir, istər o miqatın əhlindən olsun, istər qeyrisinin”.
2) Saçları qısaltmaq və ya keçəl qırxmaq. Kim həcc əməllərini bitiribsə, saçlarını ya qısaltmalı ya da keçəl etməlidir. Uca Allah belə buyurur: “Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir.” (Əl-Fəth,27).
Həmçinin, Uca Allah buyurur: “Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın”. (Əl-Bəqərə, 196).
Əbu Hureyradan ( Allah ondan razı olsun) gələn hədisdə Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: “Allahım, başlarını keçəl edənləri bağışla!” Dedilər ki: “Ey Allahın Elçisi! Bəs qısaldanlar?” Dedi: “Allahım, başlarını keçəl edənləri bağışla!  Dedilər ki: “Ey Allahın Elçisi! Bəs qısaldanlar?” Dedi: “Allahım başlarını keçəl edənləri bağışla!”  Dedilər ki: “Ey Allahın Elçisi! Bəs qısaldanlar?” Dedi ki: “Qısaldanları da”. ( Buxari, 1728 və Muslim, 3148).
3) Gündüzdən Ərafata gələnlər üçün günəş batana kimi orada qalmaq.
4) Müzdəlifədə gecələmək. Uca Allah belə buyurur: “Ərəfatdan axışıb gəldikdə Məşərul-haramda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz.” (Bəqərə,198).
Məşərulharam Müzdəlifədir. Buna görə də “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) orada gecələmişdir, zəif qadınlara və uşaqlara isə, gecənin sonunda minaya getməyə icazə vermişdir”. (Buxari,1676 və Muslim,3130).
5) Nəhr günü (bayram günü) günəş zenitdə olmazdan qabaq və sonra cəmratul-aqabəyə (böyük cəmarat) daş atmaq. Cabir (Allah ondan razı olsun) rəvayət edir ki: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun)  nəhr günü, duha vaxtı camarata daş atdı, ondan sonra (11,12,13-cü günlərdə) isə günəş artıq zeniti keçdikdən sonra”. (Muslim,3141).
6) Tələsənlər üçün iki gecə, tələsməyənlər üçün isə üç gecə minada gecələmək. Uca Allah belə buyurur: “Sayı müəyyən olan günlərdə (zilhiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir.” (Bəqərə,203).
7) Vida təvafı. Çünki, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkədən çıxarkən vəda təvafı etmişdir.

Həccin müstəhəbləri:
Həccin müstəhəbləri çoxdur. Bunlardan: Təvaf edərkən qara daşı öpmək və ya əl sürtmək və ya ona tərəf işarə etmək, bunu edərkən təkbir gətirmək (Allahu əkbər demək), Yəmən küncünə əl sürtmək, təvaf etdikdən sonra iki rükət namaz qılmaq, istər bu fərz, istər vacib, istərsə də müstəhəb təvaf olsun, bundan sonra zəm-zəm suyundan içmək, səy əsnasında səfa və mərva təpələrinə çıxmaq,  burada üzü qibləyə duraraq dua etmək, səy edərkən iki əlamət arasında asta qaçmaq (hal hazırda bu hissə yaşıl  işıqla işarələnib), tərviyə günü və Arafa gününün axşamı Minada qalmaq, birinci camarata və ikinci camarata daş atarkən təkbir gətirmək və daş atdıqdan sonra əlləri qaldıraraq dua etmək və s.

Ehramda olarkən qadağan olunanlar:
Bu hal ona görə ehram adlanır ki, insan həcc əməllərinə başlamağa niyyət etdikdən sonra ona bundan öncə halal olan bəzi işlər artıq haram olur. Buna namaza başlayarkən ehram təkbiri gətirməyi misal çəkmək olar. Bu halda da insana daha öncə halal olan bir çox işlər haram olur.

Ehrama girərkən isə insana haram olan işlərin sayı doqquzdur;

1) Bədənin hər hansı bir yerindən tük qoparmaq.
2) Dırnaq qısaltmaq.
3) Ətirlənmək.
4) Kişilərin başlarını örtməsi.
5) Tikilmiş paltar geyinmək.
6) Quruda yaşayan heyvanları ovlamaq.
7) Nikah bağlamaq.
8) Cinsi əlaqəyə girmək.
9) Şəhvətlə qadına toxunmaq.

Qeyd: Qadınlara gəldikdə isə, onlar hər zaman geyindikləri normal şəriətlə icazəli olan paltarları geyinirlər. Onlara qadağan olan isə əlcək və niqab geyinməkdir.

Hər bir müsəlman həcc ibadətini yerinə yetirməyə can atmalıdır və bunu etməyə qadirdirsə, həcc etməyi gecikdirməməlidir. Uca Allah bütün müsəlman bacı və qardaşlara bu əzəmətli islam ərkanını gözəl bir şəkildə yerinə yetirməyə müvəffəq  etsin.

Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun

(Istifadə olunan əsas mənbə; Şeyx Abdul-Muhsin əl-Abbad əl-Bədrin “Təbsirun-nəsik biəhkəmil-mənəsik” kitabı).


Mədinə İslam Universitetinin tələbəsi, Elçin Şunqarov.

 

tovhidinfo
Elçin Şunqarov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax