• Menyu
  • Menyu

İmam Əbu Bəkr Əl-Əcurri

tovhidinfo

Mərhəmətli və Rəhmli Allahın adı ilə

Əbu Bəkr Muhəmməd ibnul-Hüseyn əl-Əcurri (Allah ona rəhmət etsin) İraqın Bağdad şəhərində hicrətin 280-cı ilində anadan olmuşdur. Bağdad yaxınlığındakı əl-Əcurr məntəqəsinə nisbətlə Əcurri adıyla tanınmışdır.

İmam Əcurri Bağdadda böyüyüb boya-başa çatmışdır. Mənbələrdə onun uzun müddət Bağdadda qaldığı, orada hədis öyrəndiyi və öyrətdiyi, yalnız hicrətin 330-cu ilindən etibarən Bağdaddan getdiyi deyilir. Bağdaddan Məkkəyə getmiş və vəfat edənə kimi orada yaşamışdır. (Tarixi Bağdad, 2/143)

Mənbələrdə onun gənclik illəri barədə yalnız bu kiçik məlumatı əldə edə bildik. Lakin, digər hədis alimləri kimi onun elm tələbi üçün səfərlərə çıxması barədə məlumat yoxdur. Yalnız mənbələrdə Məkkədə dörd alimdən elm aldığı qeyd olunmuşdur. Digər əksər şeyxləri Bağdad alimləri olmuşdur. Məhz elm tələbi mərhələsini əsasən Bağdadda keçirmişdir. Dövrünün böyük alimlərindən elm almışdır. Məşhur kitabı olan “Kitəbuş-Şəriə” əsərində 76 şeyxi barəsində məlumat verilmişdir.

Şeyxlərindən bəziləri:
Əbu Müslim İbrahim ibn Abdullah əl-Bəsri (292 hicri. vəf), Əbu İshaq İbrahim ibn Musə əl-Cövzi (303 hicri. vəf), Əbu Cəfər Əhməd ibn İshaq ət-Tənuxi əl-Qadi (231-317 hicri), Əbu Cəfər Əhməd ibn Xalid əl-Bərdəi (317 hicri. vəf) və s. qeyd etmək olar.

Tələbələrindən bəziləri:
Əbu Nueym əl-İsfahanini (336-430 hicri), Əhməd ibn Məhəmməd əl-Məkki’ni, Xaləf ibnul Qasim əl-Əndəlusi’ni (325-393 hicri), Abdur-Rahmən ən-Nəhhəs əl-Misri (323-416 hicri) və s. misal çəkmək olar.

Dövründə Bağdad alimlərin ən çox olduğu yerlərdən biri idi. Əqidə, hədis, fiqh, ədəb və tarix elmlərinə yiyələnməsində bu bölgənin böyük təsiri olmuşdur.
Ümmət üçün bir çox faydalı əsərlər qoyub getmişdir.

Yazdığı əsərlərdən bəziləri:
1) Kitəbuş-şəriə
2) Ərbəin fil-hədis
3) Əxləqu həmələtil-Quran
4) Əxləqul-uləmə
5) Təhrimun-nərd vəş-şətranc vəl-mələh
6) Əxbər Omar ibn Əbdul-Əziz
7) Sifətul-ğurabə minəl-muminin
8) Kitəbur-Ru’yə (Cənnətdə möminlərin Allahı görmələrinin təsdiqi barədə)

Məşhur kitabı olan “Kitəbuş-Şəriə’də ona nisbət edilən, nəşr edilmiş və nəşr ediməmiş və ya əlyazma olan 42 kitabının adı qeyd olunmuşdur.

Alimlərin onun haqqında sözlərindən bəziləri:

Sünnə alimlərinin onun barəsində dedikıəri tərif dolu sözlər də onun elmi dərəcəsinə dəlalət edir. Dövrünün alimlərindən onun barədə tənqid edici sözlərə rast gəlinməməsi də onun elmi fəaliyyətinin və dəvətinin sağlığında və ölümündən
sonra da qəbul edildiyinin nişanəsidir.
İbn Nədim (Allah ona rəhmət etsin) onun haqqında demişdir: “O, fəqih idi və saleh abidlərdən biri idi.”

Xətib əl-Bağdadi (Allah ona rəhmət etsin) demişdir: “O, siqa, saduq və dindar biri idi.”

Eynilə bu sözləri Səm’ani və İbnul-Cövzi də (Allah onlara rəhmət etsin) demişdir.

Başqa əsərində yenə onun barəsində (Xətib əl-Bağdadi) belə demişdir:
“O siqa (etibarlı), dindar biriydi. Alim və çox əsər yazan idi.”

İmam Əhməd (Allah ona rəhmət etsin) “Mənaqib” ində onun barəsində demişdir: “O, elmi və zühdü cəm etmiş, və bir çox əsərlər yazmışdır.”

İmam Zəhəbi (Allah ona rəhmət etsin) onun barəsində “Siyər”ində demişdir: “İmam, hədis alimi, nümunəvi şəxsiyyət, Haramuş-Şərifin şeyxidir.”

Həmçinin, demişdir: “Sadiq, xeyirxah, abid, sünnə sahibi və (sünnəyə) tabe olan biri idi.”

İbn Kəsir (Allah ona rəhmət etsin) Əcurri haqqında demişdir: “O siqa, sadiq və dindar biri idi, onun çoxlu sayda faydalı əsərləri vardır.”

Burada sünnə alimlərin onun haqqında dediklərindən çox az bir qismini qeyd etdik ki, hər biri onun fəzilətinə və elmi dərəcəsinə işarə edir.

Əqidəsi:

İmam Əcurrinin (Allah ona rəhmət etsin) əqidəsinə gəldikdə isə onun əhli Sünnə vəl-Camaatdan olması, sələfi əqidəli olması barədə heç bir şəkk yoxdur. Buna onun müəllifi olduğu əlimizdə olan “Kitəbuş-Şəriə” kitabı dəlalət edir. O, bu kitabı məhz saleh sələflərin, Əhli Sünnə vəl-Camaatın əqidəsini bəyan etmək, bu əqidənin doğruluğuna dəlil gətirmək, müxaliflərə rədd verməklə bu əqidəni müdafiə etmək üçün yazmışdır.
O özü kitabında ən xeyirli üç əsrin nəslinin yolu üzərində olduğunu, imam Əhməd, Əvzəi, Süfyən əs-Sovri, Malik ibn Ənəs, əl-Qasim ibn Sələm və onların yolunda olanların əqidəsində olduğunu bəyan etmişdir. O, Allahın ism və sifətlərinin təsdiqində, bidətdən və bidət əhlindən çəkinməkdə, zəlalət əhlinin bəyanında, Quran və Sünnəyə bağlılıqda, Allahı qiyamət günü görəcəyimizin təsdiqi, qədər məsələlərində, Quranın Allahın kəlamı olması, imanın tərifinin qəlblə təsdiq, dillə demək, əzaların əməli olmasında, şəfaət, qəbir əzabı, İsanın (əleyhissalam) yerə nazil olması, dəccalın gəlməsi, xəvariclik, sufilik, murciyəlik, qədərilik, cəhmiyyəlik, mötəzililik, əşarilik, maturudilik, rafizilik və nasibilik və s-lərinə rəddiyyə verilməsində və bir çox məsələlərdə qələmiylə yazması, əhli sünnəni müdafiə etməsi onun etiqadına şəkk yeri qoymur. Hətta, sonradan gələn bəzi sünnə alimləri Əhli Sünnənin etiqadından yazarkən onun kitablarından rəvayətlər nəql etmişlər.

Fiqhi məzhəbi:

Onun fiqhi məzhəbi barəsində alimlər üç mövqedə olmuşlar. Bəzi alimlər onun fiqhi məzhəbini qeyd etmədən susmuşlar. Bəzi alimlər onun fiqhdə şafei məzhəbində olduğunu demiş, bəziləri isə onun hənbəli olduğunu demişlər. Lakin, konkret bir rəy bildirmək çətindir. O bəzən hənbəli məzhəbinə daha meyilli görsənir, bəzən məzhəblə getməyib sanki, özü dəlili güclü (haqqa daha yaxın) gördüyü görüşü tərcih edir, necə ki, bu sələflərin adəti olmuşdur. Yəni, daim məzhəbə yox, haqqa isabət etmək rəğbəti olmuşdur.

İmam Əbu Bəkr Məhəmməd ibnil-Hüseyn əl-Əcurri (Allah ona rəhmət etsin) hicrətin 360-cı ilində Məkkədə şəhərində vəfat etmişdir.


Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax