• Menyu
  • Menyu

İslamda döyüş məfhumuna yanlış baxışlar

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Bu mövzu qeyri-müsəlmanlar üçün ən çox həssaslıq təşkil edən mövzulardan biridir. Bu qısa məqamda mövzuya aid hər şeyi cəm etmək mümkün deyildir. Sadəcə bəzi mühüm metodiki işarələr vardır ki, onları qeyd etmək istərdik. Bu işarələr dinə qarşı şübhə yayanların İslamda döyüş, cihad barədə bəzi yanlışlarına və təhriflərinə aiddir. Bunlardan:

Birincisi: Onlar cihad barədə olan təsəvvürlərini İslama nisbət edilən bəzi müasir terror və ya döyüş camaatlarının üzərində qururlar. Məsələyə bu cür yanaşmaq nə elmi tərz, nə də elmi yanaşma deyildir. Doğru olan isə bu dəstələrin özlərinin İslama mühakimə olunmasıdır. Yəni, onların döyüş yolundakı əməlləri Qurana və Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) yoluna ərz olunmalıdır. Bu əməllərdən Qurana və Peyğəmbərin yoluna hansı uyğun gələrsə, o doğrudur, hansı buna müxalif olarsa, o əməl İslama deyil, onu özündən çıxaran kimsəyə və o yanlışla əməl edənin özünə nisbət olunmalıdır.

Bu məqamda şübhə yayanlara bir sual ünvanlayırıq: Görəsən onlar ateist olan kommunistlərin terrorist və cinayətkar əməllərini ateizmə nisbət edirlərmi? Yoxsa, müsəlmandan başqasından söhbət gedəndə hökm verməyin meyarları dəyişir?

İkincisi: Onlar İslamın döyüş əhkamlarında olan rəhmət və yumşaqlıq tərəflərini bilmir, ya da özlərini bilməməzliyə vururlar.

Misal olaraq; Quran və hədislərə əsaslanan İslam qanununda (döyüş vaxtı) qadın və uşaqları öldürməkçün hədəfə almağın qadağan olunması barədə açıq-aydın dəlil vardır.

Bu barədə rəvayətdə deyilir ki; döyüşlərdən birində bir ölmüş qadın tapıldı. Bundan sonra Peyğəmbər (döyüşdə) qadın və uşaqların öldürülməsini qadağan etdi. (Səhih əl-Buxari, 3014; Səhihi Muslim, 3/1364)

Bu, o demək deyil ki, öncədən belə hallar baş verirdi. Sadəcə Peyğəmbər təsadüfən baş verən belə bir halın ümumiyyətlə təkrarlanmaması üçün birdəfəlik insanlara döyüşdə qadın və uşaqların qətl edilməsini qadağan etdi.

Həmçinin, bu qanunda müsəlmanlara qarşı döyüşənlərin küfrdən əl çəkdikləri təqdirdə onlarla döyüşdən əl çəkmək barədə açıq-aydın dəlil vardır.

Döyüşlərdən birində Usamə ibn Zeyd döyüş meydanında əlinə keçən düşməni tam zərərsizləşdirir və düşmən «lə iləhə illəllah» dedikdən sonra onu qətl edir. Bu barədə Peyğəmbərdən soruşmaq istəyir və artıq Peyğəmbərə bu barədə sual vermək istədikdə Bəşir bu hadisə barədə Peyğəmbərə xəbər vermişdi. Usamə ibn Zeyd etdiyini Peyğəmbərə bildirdikdə Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) ona deyir: Ey Usamə, o «lə iləhə illəllah» dedikdən sonra onu öldürdünmü? (Usamə) deyir: Ey Allahın Elçisi, o, özünü qorumaq üçün bunu dedi.
Sonra dedi ki: Peyğəmbər bu sualı o qədər təkrar etdi ki, (bu sözləri eşitməməkçün) təmənna etdim ki, bu vaxta kimi İslamı qəbul etməmiş olaydım.» (Buxari, 6872; Muslim, 1/97)

Həmçinin, bu hədisdə o fayda da var ki, İslamda insanın zahirinə görə hökm verilir və küfrü tərk edən insandan bu, qəbul edilməlidir, qəlbləri bilmək isə Allahın ixtiyarındadır.

Həmçinin, həmin səhabə Peyğəmbərin tənbehindən sonra döyüş meydanında necə bir xətaya yol verdiyini dərk etdi və hətta o sözləri eşitməməkçün kaş ki, o hadisə baş verən gündən sonra müsəlman olmağını təmənna etmişdi. Üstəlik də, onu narahat edən dinə bilməyərək zidd əməl etməsi idi. Kaş ki, hər kəs dinə zidd əməl edəndə bunu dərk edəydi.

Həmçinin, İslam qanununda kafirlərin – və ya kitab əhlinin – cizyə vergisi ödəmək qarşılığında dinlərinə toxunulmadığı barədə açıq-aydın dəlil var. (Tövbə surəsi, 29-cu ayə, Səhih əl-Buxari, 3159; Səhihi Muslim, 1731)

O cümlədən də, bu qanunda hər kəsə bir döyüş sövdələşməsini pozmaq, əhdə xəyanət etmək haramdır. Bu barədə hədisdə Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: «Hər kimin bir qövmlə arasında bir sövdələşmə (əhd-peyman) olarsa, o sövdələşmənin vaxtı bitməyincə o əhdi pozmasın…» (Tirmizi, 4/143)

Bu qanunda əsirlərə yemək vermək təriflənmişdir. Uca Allah bu barədə buyurur:

«Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər.» (əl-İnsan, 8) bu barədə başqa hədislər də çoxdur.

Bu qanunda düşmənlərin cəsədlərinə işkəncə verməyi, vandallıq etməyi qadağan (haram) edən açıq-aydın dəlil vardır. Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«Ölmüş cəsədlərə işgəncə verməyin.» (Sahih Muslim, 1731)

O cümlədən də, bu İslam qanununda müsəlmanlara qarşı döyüşənlərdən kiminsə qəbul etməsə belə İslamı eşitmək üçün (müsəlmanların yanına) gəldiyi zaman ona aman verilməsi, sonra isə əmin olacağı yerə çatdırılmasının gərəkdiyi barədə açıq-aydın dəlil vardır! Bu barədə Quran ayəsi belədir:

«Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki, onlar haqqı bilməyən bir qövmdür.» (Tövbə 6-cı ayə)

Bütün bunların hamısı döyüşdə uca mənalar və yüksək əxlaqlardandır ki, qeyri-müsəlmanlarda bunun misli yoxdur.

Üçüncüsü: Onlar keçmiş və müasir tarixdə qeyri-müsəlmanların əllərilə öldürülən milyonlarla insanları unudurlar. Əgər onlar bu qədər insanların öldürüldüyü döyüşlərdə iştirak edən ordulara, dinlərə və dövlətlərə bu prizmadan yanaşsaydılar (yəni, müsəlmanları ittiham etdikləri kimi onları da ittiham etsəydilər), müsəlmanlardan danışmamışdan əvvəl öz xəcalətlərindən susardılar.

Sonra bu üç nöqtədən danışdıqdan sonra deyirik ki, İslamda olan döyüş səbəblərilə başqalarındakı döyüş səbəbləri çox fərqlidir. Allahın nazil etdiyi din uğrunda döyüşmək və onu müdafiə etməklə, hansısa batil bir dinin uğrunda döyüşmək və ya batil ideologiyalar uğrunda döyüşmək çox fərqlidir.

İslamda döyüşməyə təhrik edən amil kafirləri öldürmək deyil, nə də onları yox etmək deyil, nə də onları ələ keçirib zülm etmək, həddi aşmaq deyil, əslində buna təhrik edən başlıca amil Allahın dinini yaymaq, insanları oddan xilas etmək, onları qurtarmaq və azad şəkildə dini seçməklə zəiflərin üzərinə müsəllət olmuş zülmkarlardan təmizləməkdir. Amma, İslam tarixində bu əsaslara əks olan bəzi misallara gəldikdə bu hallar bu əsasları batil etmir, sadəcə bu uca əsaslara müxalif olanların üzərinə məzəmmət olunur.

Bir şübhəyə cavab:

Bəzi ateistlər iddia edirlər ki, radikal qruplaşmalardan olan İŞİD terror təşkilatı guya həqiqi İslamı təmsil edir. Buna isə onların törətdikləri əməlləri misal çəkirlər. Bu sərsəm şübhə ilə yalnız dindən təməl anlayışı olmayanları aldatmaq mümkündür.

Birincisi: İŞİD’din mətbuatın gündəmindən düşdüyü, hədsiz dərəcədə zəiflədiyi, işğal etdiyi əraziləri itirdiyi, həqiqi simasının açıldığı və Qərb dairələrilə güclü bağlarının ifşa olunduğu bu dönəmdə bəlkə də bu iddiaya sağlam məntiqli insanlardan kiminsə inanacağını təsəvvür etmək bir qədər çətindir. Lakin, İŞİD’in müsəlmanları gözdən salmaq üçün düşünülmüş ən məkrli planlardan olduğunu nəzərə alıb, qısa da olsa bu məsələyə toxunmağı lazımlı gördük.

İkincisi: Bu şübhə yalnız İŞİD’çilərin əməllərinə diqqəti çəkir, əqidələrinin İslamla uyğun olub olmadığına deyil; Çünki, ağıllı bir müsəlman rahat şəkildə görə bilər ki, işidçiləri dəstəkləyən heç bir İslam alimi olmadı. Bu da o deməkdir ki, İslama görə Peyğəmbərin varisləri sayılan İslam alimləri terrorçuları yaxşı tanıyırlar və onların İslamdan uzaq olmalarını bəyan etməklə dünyaya lazımlı mesajı artıq vermişlər. İŞİD’çilər və oranı idarə edən etiqad mənsubları Əli ibn Əbu Talibin özlərilə vuruşduğu xəvaric etiqadını daşıyırlar. Onlara görə İŞİD ərazisinə hicrət etməyənlər kafir idilər. Dünyadakı bütün müsəlmanların onlara tabe olmadığı təqdirdə kafir elan etmişdilər. Təkfirdə (kafir çıxartmada) xeyli irəli getmişdilər. Bir çox etiqadi məsələlərdə əhli sünnədən uzaqlaşmışdılar. Müsəlman ölkələrini və hakimlərini də kafir hesab edirdilər. Lakin, bununla yanaşı İsrail ilə olan sərhədlərindən İsrailə bir güllə də atmamışdılar.

Üçüncüsü: İslami cəzaların tətbiqində də çox canfəşanlıq edirdilər. Hətta, elmsizlikdən dolayı bu məsələdə çox şiddətə və hikmətsizliklərə yol verirdilər. O cümlədən də, cəzalarda yeniliklərə yol verməkdən də çəkinmirdilər. Bəzi insanlar isə elə bilirlər ki, İŞİD’in tətbiq etdiyi cəzalar tam İslama uyğundur və ya hamısı o verilən cəzalara layiqdirlər. Üstəlik də verilən cəzaların sayı, tətbiqi və cəmiyyətə təqdimi guya doğru şəkildə yerinə yetirilmişdir. Halbuki, bu cəzaların İslami qaydaları aşmasının əsas işi İslamofobiyaya xidmət edirdi. Bu barədə (İslami cəzalar barədə) sərbəst bir yazıda daha ətraflı danışacağıq Allahın izniylə.

Dördüncüsü: İslam dəvəti Allahı sevdirmək və Allahdan qorxutmaq üzərində qurulduğu halda, İŞİD’in dəvəti yalnız qorxu üzərində qurulmuşdu.

Beşincisi: İşidçilər əhli sünnədən olan qadınları da cariyə (döyüşdə əsir düşən düşmən qadınları) kimi götürürdülər. Çünki, onlarının ərlərini müsəlman görmürdülər.

Altıncısı: Onlar həqiqi İslamın əminamanlıq verdiyi kimsələri tanımır, istədikləri vaxt öldürə bilirdilər. Halbuki, bu barədə yuxarıda ayə qeyd etmişdik (Tövbə, 6).

Yeddincisi: İŞİD necə həqiqi İslamı təmsil edə bilər ki, İslam tarixini yaxşı oxuyan hər kəs istər Raşidi xəlifələr dövründə, istər Əməvilər dövründə, istər Abbasilər, istər Məmlukilər dövründə, istər də Eyyubilər dövründə və s. çoxsaylı xəvaric fikirli insanların üsyanlarının baş verməsinin şahidi ola bilər ki, belə inqilabları heç zaman normal, islami elmə bağlı müsəlman təbəqə dəstəkləməmişdir.

Səkkizincisi: İŞİD’in kimə xidmət etdiyi əvvəldən şübhə doğururdu. Çünki, İŞİD öz xalqını zülmdən müdafiə edən qruplarla da (o qrupların doğru və səhv olmasından danışmırıq hələ) savaşırdı. İsraillə sərhədi ola-ola onlara da bir güllə atmırdı. Arabir özünü guya bəzi şirk edənlərlə döyüşürmüş kimi göstərib həqiqi simasını gizlədirdi. Lakin, çox keçmədən dərdlərinin İslam olmadığı ortaya çıxdı. Qərbdən gələn döyüşçülərin çoxluğu, amerikan silahları, amerikanın nələri və nələri çox şey deyirdi insana. Bunları görə-görə “İŞİD əsil İslamdır” deyənlərə yalnız təəccüblənmək qalır.

Doqquzuncusu: Həqiqi İslamın Peyğəmbəri hətta ikiüzlü münafiqləri tanısa belə onları öldürmürdü ki, insanlar düşünməsinlər ki, Məhəmməd peyğəmbər öz silahdaşlarını qətl edir. Lakin, İŞİD’çilər onlara kiçik bir müxaliflik edən müsəlmanı “cəsus” damğası ilə rahatlıqla öldürə bilirdilər. Həqiqi İslam bu ayəyə əməl etməyi əmr edir:

«Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar.» (Ali İmran, 159) İşidçilər bu ayənin əksinə əməl etdilər və müdrik alim İbn Kəsirin (Allah ona rəhmət etsin) əsrlər öncə dediyi baş verdi. O belə demişdi: «Əgər xəvariclər yer üzündə güclənsələr bütün yer üzündə fəsad törədərlər. (Özlərinə qarşı olan) Nə bir uşaq, nə bir kişi, nə bir qadını sağ buraxmazlar. Çünki, onlara görə insanlar elə korlanıblar ki, onları yalnız kütləvi qətl təmizləyə bilər.» (əl-Bidayə vən-Nihayə, ibn Kəsir, 10/584-585)

Bu barədə daha geniş danışmaq olar. Lakin, bu qədərini kifayət hesab edirik və sonda, aləmlərin Rəbbi Allaha həmd edirik.


Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax