• Menyu
  • Menyu

Kafirlərin bayramlarını qeyd etməyin hökmü

tovhidinfo

Mərhəmətli və Rəhmli Allahın adı ilə

Həqiqətən, həmd Allaha məxsusdur, biz Ona həmd edirik, Ondan yardım diləyirik və bağışlanmağımızı istəyirik. Nəfslərimizin şərindən və pis əməllərdən Allaha sığınırıq. Allah kimi doğru yola yönəldərsə, o kəsi azdıran olmaz. Kimi də azdırarsa, onu doğru yola yönəldən olmaz. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və  şəriki yoxdur  və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

Daha sonra:

Hər dəfə miladi təqvimində yeni ilin əvvəli yaxınlaşdıqda biz nəsranilərin bu günü bayram etmək üçün hazırlaşdıqlarını görürük. Bu bayramı elan etmək üçün çoxsaylı eşidilən və müşahidə olunan elanlar yayılır. Onlar iddia edirlər ki, bu gün, Allahın rəsulu İsanın (aleyhis-sələm) doğum günü bayramıdır. Bu hal təəccüblü deyil, çünki nəsranilər nə dinə, nə də şəriətə əməl etmirlər. İnsana təsir edən, kədərləndirən hal odur ki, bəzi müsəlmanlar da onların bu bayramını qeyd etməkdə onlara qoşulurlar. Kişilərin və qadınların bir-birinə qarışdığı yığıncaqlar təşkil edir, bir yerdə içki içir, nəğmə oxuyur, rəqs edirlər. O yığıncaqlara getmək istəməyənlər isə, öz uşaqları üçün şirniyyatlar dolu “hədiyyə boxçası” alıb gətirirlər. Bəziləri isə, şam ağacı alır və nəsranilərin uydurduğu “Santa klausun”,  “Şaxta babanın” gəlişini gözləyirlər. Daha ağrılı və acılı olan odur ki, bəzi insanlar bu bayramda iştirak etmək üçün öz zövcələri və övladları ilə birlikdə kafir ölkələrinə səfər edirlər.

Möhtərəm müsəlman qardaşlarım! Hərdən sizdən bəziləri soruşur ki, burada nə problem var?

Cavab belədir ki, ey əziz qardaşım, onların bayramını qeyd etmək tövhidin əslinə və ya kamilliyinə zidd olan əməldir. Quranda, Sünnədə və imamların sözlərində bu əməlin haram olduğunu görərik. İbnul-Həcc və İbnul-Qayyim bunun haram olmasına dair icma nəql ediblər.

Qurandan:

Allah Təalə buyurub: Onlar yalana şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.” (Əl-Furqan, 72).

Təfsir alimi, imam İbn Kəsir buyurub: »  “Onlar yalana şahidlik etməz” ayəsi barədə deyiblər ki, yalan  şirk və bütlərə ibadətdir. Həmçinin, deyiblər ki, bu yalan, günah, boş söz və batildir. Muhəmməd ibn əl-Hənəfiyyə deyib: Boş söz və musiqidir. Əbul-Aliyə, Tavus, Muhəmməd ibn Sirin, Dahhək, Rabi ibn Ənəs və başqaları deyib ki, bu müşriklərin bayramlarıdır. Amr ibn Qeys deyib: bu, pis və əxlaqsız məclislərdir. Malik Zuhrinin belə dediyini rəvayət edir: sərxoşedici içki içməkdir. Onlar nə içki məclisinə yaxın gələrlər, nə də onu istəyərlər. Necə ki, hədisdə gəlir: “Kim Allaha və Axirət gününə iman gətiribsə, içki olan süfrədə oturmasın”. (Əhməd, Şeyx Albani səhih olduğunu deyib).

Belə görünür ki, “yalana şahidlik etməzlər”, yəni onda iştirak etməzlər deməkdir. Ona görə, sonra deyir ki, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər” . Yəni onda iştirak etməzlər, elə məclislərə rast gəldikdə, ondan yan keçərlər və özlərini onun çirkabına bulamazlar. « (Təfsirul-Quranil-Azim 3/481).

Nəsranilərin bu bayramları, İbn Kəsirin zikr etdiyi bütün şərləri özündə əhatə edir. Çünki bu bayramda şirk var, bu da İsaya (aleyhissələm) ibadət etmələri, şam ağacının ətrafında təvaf etmələri, müəyyən zikrlər, şüarlar söyləmələri, “Şaxta baba”ya dua etmələri və s. Həmçinin, bu bayramda toplananlar günahlar edir, nəğmələr oxuyur, sərxoşedici içkilər içir və başqa əxlaqsızlıq sayılan əməllər edirlər. Müsəlmanların onlarla birgə yığılıb bu cür əylənmələri ağıla sığmazdır.

Sünnədən:

Ənəs (Allah ondan razı osun) belə deyib: Rasulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldikdə, onların (Mədinə əhlinin) iki günü var idi ki, o günlərdə əylənirdilər. O dedi: “Bu iki gün nədir belə?” Onlar dedilər: “Biz cahil olduğumuz vaxtlarda bu günlərdə bayram edib əylənirdik.” Rasulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allah sizin üçün bu iki günü onlardan daha xeyirli iki günlə əvəz etmişdir. Bunlar Qurban bayramı günü və Ramazan bayramı günüdür.” (Əbu Dəvud, Şeyx Albani səhih olduğunu deyib).

Şeyxulİsləm İbn Teymiyyə belə deyib: “Bu hədisin dəlalət edən tərəfi budur ki, Rasulullah (salləllahu aleyhi və səlləm) o iki cahilliyə bayramını təsdiqləmədi, o insanları tərk etmədi ki, adətləri üzrə bayramlarını qeyd etsinlər. Əksinə, dedi ki, Allah sizin üçün bu iki günü, onlardan daha xeyirli iki gün ilə əvəz etmişdir. Bir şeyi əvəz etmək o deməkdir ki, əvəz olunanı tərk etməlisən. Çünki əvəz edənlə, əvəz olunan bir yerdə cəmlənə bilməz. Əvəz olunma yalnız iki şeyin bir yerdə cəm olmadığı yerdə işlənir. Misal üçün, Allah Təala buyurur:

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz əvəzetmədir!” (Kəhf, 50).

Başqa ayələrdə buyurub: “Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.” (Əs-Səba, 16).

“ Zülm edənlər özlərinə deyilən sözü başqası ilə əvəz etdilər Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.” (Əl-Bəqərə, 59).

Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə əvəz etməyin.” (Ən-Nisə, 2). (“Əl-İqtida”, 1/486-487).

Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dedi:

“Hər bir qövmün öz bayramı var, bizim bayramımız isə bu gündür” (yəni Qurban bayramı günü). (Buxari və Muslim).

Bu hədisdən başa düşülür ki, hər bir qövmün öz bayramı olub. Necə ki Allah Təalə buyurub: “Hər kəsin üz tutduğu bir qibləsi vardır.” (Əl-Bəqərə, 148). Başqa ayədə buyurub: “Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik.” (Əl-Məidə, 48). Bu ayələr göstərir ki, hər bir qövmün özlərinə məxsus qibləsi və şəriəti olub. Əgər yəhudilərin və nəsranilərin bayramı olubsa, bu bayram onlara məxsusdur, qiblələrində və şəriətlərində onlara ortaq olmadığımız kimi, biz bu bayramlarda da onlara ortaq deyilik.  Necə ki, onları bizim bayramlarda ortaq olmağa, çağırmırıq. (Əl-İqtida 1/501).

İbn  Ömərdən (Allah hər ikisindən razı olsun) rəvayət olunur ki, Rasulullah (salləllahu aleyhi və səlləm) belə dedi:

“Kim özünü bir qövmə oxşadarsa, o da onlardandır.” (Əbu Davud, şeyx Albani səhih olduğunu deyib).

Şeyxulİslam ibn Teymiyyə (Allah ona rəhm etsin) deyib: “Bu hədis ən azından onlara oxşamağın haram olduğunu bildirir”. (“İqtida əs-sırati əl-mustəqim”, 1/270).

Səhabələrdən:

Ömərin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Müşriklərin bayram günlərində onların kilsələrinə girməyin. Yoxsa qəzəb sizin üzərinizə  enər (başınıza bəla gələr).” (Beyhəqi, “Əs-sunən əl-kubra” 9/234, AbdurRazzəq, “Musannəf” 1/411).

Başqa rəvayətdə demişdir: “Allahın düşmənlərindən bayramları günü uzaq durun“. (Əs-Sunənu əl-kubra 9/234).

Abdullah ibn Amrdan (Allah hər ikisindən razı olsun) belə dediyi rəvayət olunur: “Kim əcəmilərin (qeyri müsəlmanlar nəzərdə tutulur) arasında ev tikib onların novruz və mehrəcən bayramını edər, özünü onlara oxşadar və bu hal üzərində ölərsə, Qiyamət günü onlarla birlikdə həşr olunar.” (“Əs-Sunənu əl-kubra” 9/234).

Həmçinin dörd məzhəb imamlarından gəlib ki, onların bayramında iştirak etmək, onlarla bayramlaşmaq qadağandır.

Hənəfilərdən olan alləmə ən-Nəsəfidən gəlib ki, kafirlərə bayramları münasibəti ilə hədiyyə vermək haramdır. Buyurub ki, novruz və mehrəcan munasibəti ilə hədiyyə vermək icazəli deyil. İbn Nuceym izah edərək deyib, yəni bu iki gün adı ilə hədiyyələr vermək haramdır. (“Əl-Bəhru ər-Raiq şərhu kənzid-dəqaiq” 8/555).

Malikilərdən olan alləmə İbnul-Həcc Əl-Fəsi “Əhli kitabın bəzi mövsümləri haqqında” fəsli altında belə deyib:

“…O ki qaldı (müsəlmanların) çoxunun adət halına saldıqları mövsümlərə, onlar bunun əhli kitaba məxsus olduğunu bilirlər. Günümüzdə bir çoxu özlərini onlara oxşadır, onlarla bərabər bu günləri uca tutaraq qeyd edirlər. Bunu avam insanlar etsəydilər, dərd yarı olardı. Özünü elmə nisbət edən bəzi kəsləri də görürsən ki, kafirlərin bu əməli onların xoşuna gəlir. O, öz evində bu bayramı qeyd edir, ailəsində olan böyüklərə və uşaqlara hədiyyələr almaqla onları sevindirir, bu işdə onlara yardım edir. Bəziləri, üstəlik, əhli kitabın bayram mövsümü ilə əlaqədar olaraq onlara hədiyyələr verirlər, bayramı qeyd etmək üçün lazım olan yeməklər, meyvələr, şirniyyatlar göndərirlər. Bunların hamısı şəriətə muxalif olan əməllərdir. İmam Məlikə dedilər ki, bir kişinin nəsrani olan qonşusu ona hədiyyə versə, onun müqabilində hədiyyə verən şəxsi mükafatlandıra bilərmi? O isə, cavabında belə dedi: “Bunu etmək mənim xoşuma gəlmir. Allah Təalə buyurub: Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib sirrinizi açıb deyirsiniz.”” (Əl-Mumtəhənə, 1).

İbn Ruşd (İmam Malikin sözünü izah edərək) belə deyib: “Yəni ki, nəsraninin verdiyi hədiyyəni qəbul etmək lazım deyil. Çünki, hədiyyə verməklə insanlar arasında bir-birinə qarşı məhəbbət yaranır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurub: “Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz”. (“Əl-ədəbu əl-mufrad”, 594. Şeyx Albani səhih olduğunu deyib). Əgər xəta edib ondan bu hədiyyəni qəbul edibsə, yaxşısı budur ki, onun əvəzində nə isə versin ki, yaxşılıq etməkdə nəsrani ondan üstün olmasın.

İmam Məlikdən (Allah ona rəhm etsin) nəsrani ilə eyni qabdan yemək barədə soruşurlar, cavabında belə deyir: “Bunu tərk etmək mənim üçün daha sevimlidir, qoy nəsrani ilə yoldaşlıq etməsin”. İbn Ruşd deyib: “Nəsrani ilə dostluq  etməyi məkruh olmasının səbəbi bəllidir. Allah Təalə buyurub: “Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər.” (Əl-Mucədələ, 22).

Ona görə də, hər bir müsəlmana vacibdir ki, Allahı inkar edən, Allahla yanaşı başqa ilaha sitayiş edən, Peyğəmbəri (salləllahu aleyhi və səlləm) yalan sayan kəsə Allah üçün nifrət etsin. Bir qabdan yemək yemələri, onları bir-birinə bağlanmağa, aralarında sevgiyə səbəb ola bilər. Onun əlinin təmiz olmasına baxmayaraq, bu səbəbdən məkruhdur.

İbnul-Qasimdən, nəsranilərin bayram məqsədi ilə mindikləri gəmiyə minməyin hökmü barə soruşdular. O, kafirlərin etdikləri küfrə görə (qəzəbə duçar olmalarından) başlarına bir bəla gəlməsindən qorxaraq bunu xoşlamadı.

İbnul-Qasim müsəlmanın nəsraniyə bayramlarında hədiyyə verməyi məkruh sayırdı. O, belə etməyi onların bayramlarını təzim etmək və onların küfrünü doğru saymaq kimi hesab edirdi. Müsləlmanlara nəsranilərin öz bayramlarında istifadə etdikləri üçün ət, ədviyat, paltar kimi şeyləri onlara satmaq, bu məqsədlə hər hansı bir yardım göstərmək halal deyildir. Çünki, belə etmək, onların şirkini uca tutmaq, küfrlərinə yardım göstərməkdir. Ölkə rəhbərləri gərək müsəlmanlara bu əməlləri qadağan etsinlər. Bu, Məlikin və başqalarının sözüdür və buna müxalif olan tanımıram. (Bitdi…)

Öncə zikr olunan “Kim özünü bir qövmə oxşadarsa, o da onlardandır” hədisindən məlum oldu ki, kafirlərə oxşamaq qadağandır. Bu, müsəlmanları kafirlərə xas olan hər hansı bir şeydə onlara muvafiq olmalarından çəkindirir. Rasulullah (salləllahu aleyhi və səlləm) heç bir halda əhli kitaba müvafiq olmağı sevmirdi. Hətta yəhudilər belə deyirdilər: “Həqiqətən Muhəmməd bizdə olan hər bir işdə bizə müxalif olmaq istəyir.” Onların bayramını keçirənlər həm onlara oxşamaları ilə yanaşı, küfrlərinə yardım edib onların azğınlıqlarını da artırırlar. Çünki kafirlər müsəlmanların onlara muvafiq olduqlarını, onlara yardım etdiklərini, onlarla bərabər bu bayramlarda iştirak etdiklərini gördükdə, öz dinlərinə görə sevinirlər və özlərini haqq üzərində olduqlarını hesab edirlər. Bu münasibətlə bir-birilərinə hədiyyələr vermək onların aralarında çox yayılıb. Bəzi kitab əhli öz bayramlarında hazırladığı şeyləri bəzi müsəlman başçılara hədiyyə edirlər, onlar bunu qəbul edib əvəzində təşəkkür də edirlər. Kitab əhlinin bir çoxu müsəlmanlar onlardan nə isə qəbul etdikdə razı qalır və sevinirlər.” (Əl-Mədxal, 2/46-51).

Şafiilərdən olan alləmə Əl-Heytəmi isə belə buyurmuşdur:

“Sonra bəzi sonrakı imamlarımızdan gördüm ki, mənim zikr etdiyimə müvafiq olanı zikr edərək deyirlər: “ən pis bidətlərdəndir ki, müsəlmanlar nəsranilərə yeməklərində özlərini onlara oxşadaraq, onlarla hədiyyələşməklə bayramlarına müvafiq olsun…” (“Əl-Fətəva əl-fiqhiyyə əl-kubra”, 4/238-239).

Hənbəlilərdən olan İbn Qeyyim belə deyib:

“Kafirlərə xas olan bayram, dini ayinlər münasibəti ilə onları təbrik etmək, “bayramın mübarək”, “bu bayram münasibəti ilə səni təbrik edirəm” və s. demək ittifaqla haramdır. Bunu deyən kəs küfrə düşməsə belə, ən azı haram iş görmüşdür. Belə etməsi xaça səcdə edən bir kəsi təbrik etməsinə bərabərdir. Bu, Allah yanında daha çox nifrət olunan bir əməldir. Onları bayramları münasibətilə təbrik etmək, hansısa bir içki içən, zina edən, adam öldürən kəsi təbrik etməkdən daha böyükdür. Çox vaxt bunu İslam dininə qədir-qiymət verməyənlər, etdiyinin nə dərəcədə pis bir əməl olduğunu bilməyənlər edir. Kim günah edən, bidət edən, küfr edən bir adamı etdiyi əmələ görə təbrik edərsə, əlbəttə ki Allahın qəzəbinə layiq olar…” (“Əhkəmu əhliz-zimməti” 1/154).

Şeyxul-islam ibn Teymiyyə belə deyib:

“Ömər (Allah ondan razı olsun) ehtiyac olmadan kafir millətin dilində danışmağı, kafirlərin bayramlarında onların kilsələrinə girməyi qadağan etmişdir. Kafirlərin dilində danışmaqla onlara oxşamaq olmazsa, bəs onların etdiyi bəzi əməlləri etmək, dinlərinin tələb etdiyi şeylərə müvafiq olmaq, bundan daha pis deyilmi? Onların bayramlarına xas olan əməllər etmək, bayram günlərində (bayramı qeyd etmədən) sadəcə kilsələrinə daxil olmaqdan daha pis deyilmi? Bayram günlərində kafirlərin etdikləri əməllərə görə onların başlarına bir bəla gələrsə, onlara ortaq olub bu küfr əməlləri və ya bəzisini edənlər bəlaya duçar olmazlarmı?” Sonra Ömərin  bu sözünə fikir verin: Allahın düşmənlərindən bayram etdikləri gün uzaq durun.  Bu, kafirlərin bayram günlərində onlarla görüşməyin, bir yerə toplaşmağın qadağan olunması deyilmi? Bəs onların bayramlarını qeyd edənlər necə? (bu onlara qadağan deyilmi?)” (“İqtida əs-Sıratil-mustəqim” 1/515).

Görün,  günümüzdə müsəlmanlar kafirlərin bayramlarını qeyd etmək, adət-ənənələrini təqlid etmək üçün necə can yandırırlar. Görürsən ki, onların bayram günlərində  zavodlarda, ticarət yerlərində, bazarlarda öz işlərini dayandırırlar. O günləri  istirahət edir, əylənirlər. Bu gündə öz ailərinə vaxt ayırırlar, ən gözəl geyimlərini geyinirlər, nəsrani və yəhudilərin etdikləri kimi övladlarının paltarlarını zərlərlə, müxtəlif bər-bəzəklə bəzəyirlər. Bütün bu əməllər, Rasulullahın (salləllahu aleyhi və səlləm) bu sözünü təsdiqləyir. Allah rəsulu (salləllahun aleyhi və səlləm) belə deyib: “Siz, əvvəlkilərin yolu ilə addım-addım, dirsək-dirsək gedəcəksiniz. Onlar kərtənkələ yuvasına gedib girsələr, siz də onların ardınca gedəcəksiniz”. (Səhabə deyir): Biz dedik ki, ey Allahın rəsulu! Onlar yəhudi və nəsranilərdirmi? O dedi: Onlardan başqa kim olacaq ki?!”

Ona görə də, öz dinini, mənliyini qorumaq istəyən kəs bu əməllərdən çəkinsin və ailəsini, övladlarını da kafirlərin bayramında iştirak etməkdən çəkindirsin.

Bütün bunlar ona bəlli olduqdan sonra müsəlmanda kafirlərin bayramında iştirak edib bu bayramı qeyd etmək istəyi qalarmı? Məgər yəhudi və nəsranilər bizim bayramlarımızda, Ramazan və ya Qurban bayramında bizlərə qoşulub, bu bayramları qeyd edirlərmi? Bu bayram günlərində bizimlə birlikdə sevinc içində olub, istirahət edirlərmi? Yoxsa əksinə bizə mane olmaq, bu günlərdə bayram etməyimizin qarşısını almaq istəyirlər? Sonda isə belə deyirik: başına bəla gəlməsindən, lənətə duçar olunmaqdan, Qiyamət günü onlarla birlikdə həşr olunacağından qorx və onların bayramına qoşulma! Əksinə küfr etdiklərinə görə, Allahın düşməni olduqlarına görə, müsəlmanlara etdikləri pisliklərə görə kafirlərə nifrət et. Allah Təalə bizə iki bayramı qeyd etməyi icazə verib: Ramazan bayramı və Qurban bayramı. Allahdan diləyirik ki, İslamı və müsəlmanları izzətləndirsin.


Tovhid.info heyəti

 

tovhidinfo
Tovhid.info heyəti
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax