• Menyu
  • Menyu

Namazda əllərin sinədə bağlanması

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Bir çox müsəlmanları bu sual maraqlandırır: “Namazda qiyam halında əlləri harada bağlamaq lazımdır?”

Bu suala cavab olaraq deyirik:

Allah rəsulundan (salləllahu aleyhi və səlləm) səhih olaraq sabit olan əllərin məhz sinədə bağlanmasıdır.

  • Səhl ibn Sədin (Allah ondan razı olsun) rəvayətində deyilir: “İnsanlara namazda sağ əli sol qolun üzərinə qoymaq əmr edilirdi”. (Buxari: 740, Muvatta: 291 və ya 426).

İmam Əlbani bu hədisin şərhində demişdir: “Bu hədis əllərin sinədə və ya ona yaxın bir yerdə bağlanmasına açıq bir dəlildir. Əgər desən ki, axı bu hədisdə əllərin hara qoyulacağı bəyan edilməyib! Sənə cavabım belə olar: Əllərin hara qoyulacağının bəyanı hədisin mənasında mövcuddur. Əgər, sən, bu hədisi praktiki olaraq özündə tətbiq etməyə başlasan, yəni, sağ əlini sol qolunun üzərinə qoysan, istər-istəməz əllərini sinə üzərinə və ya ona yaxın bir yerə qoymağa məcbur olacaqsan. Bu dediyimi tətbiq et, sözümün haqq olduğunu görəcəksən”. (Əlbani “Əslu sifəti salətin-Nəbiy” 1/218)

İmam İbn Useymin bu hədis barədə demişdir: “Buxaridə rəvayət olunan Səhl ibn Sədin hədisinin zahiri, əllərin məhz sinədə bağlanacağını göstərir və bunu dəstəkləyir”. (“əş-Şərhul-Mumti alə Zədil-Mustəqni” 3/37)

  • Yuxarıda qeyd etdiklərimizə dəstək olacaq dəlillərdən birisi də İbn Hucrun (Allah ondan razı olsun) rəvayətidir. Belə ki, Vail ibn Hucr Allah rəsulunun (salləllahu aleyhi və səlləm)  namazını vəsf edərkən demişdir: “Allah rəsulunu (salləllahu aleyhi və səlləm) sağ əlini sol əli üzərində, əllərini sinəsinə qoyarkən gördüm”. (İbn Xuzeymə: 479, Beyhəqi: 2336)

Müəmməl ibn İsmaildən başqa, hədisin bütün raviləri siqa (adil və hifzi güclü, yəni tam etibarlı) ravilərdir. Müəmməl ibn İsmail isə, hifzi zəif, rəvayətlərində isə çox xəta edən, sünnətə bağlı, adil bir ravidir. Yəhya ibn Məin, İshaq ibn Rahaveyh, Dəraqutni, Əbu Davud, Əbu Hatim, İbn Sad və İbn Hibban kimi hədis imamları onun adil bir ravi olduğunu desələr də, hifzinin zəif olduğunu və rəvayətlərində çox xəta etdiyini də qeyd ediblər. İmam Buxarinin, onun barəsində  “münkərul-hədis” (yəni, daima rəvayətlərində özündən etibarlı ravilərə müxalif olan zəif bir ravi) deməsi sabit deyil. Bu, bəzi alimlərin səhvən Buxariyə nisbət etdikləri bir sözdür. Çünki, Buxari bütün rical (hədis raviləri barədə) kitablarında Müəmməl ibn İsmaildən söhbət açsa da, onun barədə belə bir sözü işlətməmişdir. Lakin, Buxarinin “ət-Tarixul-kəbir” 8/49 – də, “münkərul-hədis” dediyi Müəmməl ibn Səidin tərcümeyi-halı, Müəmməl ibn İsmailin tərcümeyi-halından həmən sonra gəldiyinə və aradakı ad eyniliyinə görə, böyük bir ehtimalla bu, həmin sözü Buxarinin kitabından nəql edən bəzi alimlərin göz yanılmasıdır. Onu da qeyd edim ki, İmam Buxari, Müəmməl ibn İsmailin rəvayətini şahid-dəlil olaraq zikr edib. Bu hal da, bu sözün Buxariyə nisbətinin bir xəta olduğunun göstəricilərindəndir. Çünki, Buxariyə görə “münkərul-hədis” olan bir ravinin rəvayətini şahid olaraq irəli sürmək icazəli deyil. (İbn Əbi Hatim “əl-Cərhu vət-Tədil” 8/374, İbn Sad “ət-Tabaqat” 5/501, Mizzi “Təhzib əl-Kəməl” 29/176)

Xülasə, belə bir hədis, özünə dəstək olacaq digər hədislərin gücləndirməsi ilə, səhih və ya ən azından həsən hədis sayılır. Elə bu səbəbdən ötrü, hədisi Əbdürrəhman əl-Mübarəkfuri Sünən ət-Tirmizinin şərhində səhih saymışdır. İbn Həcərə görə də, hədis səhih ya da həsən hökmündədir.

  • Vail ibn Hucrun (Allah ondan razı olsun) rəvayətinə dəstək olacaq hədislərdən birisi də Qabisa ibn Hulbun rəvayətidir. Qabisa öz atasından rəvayət edir ki; Allah rəsulunu (salləllahu aleyhi və səlləm) sağ əlini sol əli üzərində, əllərini sinəsinə qoyarkən gördüm. (Əhməd 5/226)

Qabisa ibn Hulbdan başqa, hədisin bütün raviləri Müslimin raviləridir və etibarlıdır. Qabisa ibn Hulba gəldikdə isə, səhabə övladı olan tabiindir. İbn əl-Mədini və Nəsai onun məchul birisi olduğunu desələr də, əl-İcli və İbn Hibban, onun siqa (etibarlı) bir tabiin olduğunu qeyd etmişdir. Tabiin zamanında yalanın çox yayılmadığını və etibarsız ravilərin çox olmadığını nəzərə alsaq, deyə bilərik ki, Qabisa kimi halı tam bəlli olmayan ravilərdə ehtimal edilən əsas zəif nöqtə hifzin zəifliyi ola bilər ki, bu da ən azından bu hədisin sənədinə həsən (yaxşı/etibarlı) hökmünü verməyimizə mane olmaz. Ola bilsin elə bu səbəbə görədir ki, Tirmizi və Bəğavi hədisin sənədini həsən görmüş, Nəvəvi isə hədisin etibarlı olduğunu qeyd etmişdir. (“Sünən ət-Tirmizi”: 252, Bəğavi “Şərh əs-sünnə”: 570, Nəvəvi “əl-Məcmu” 3/312).

  • Tabiinlərdən olan Tavus demişdir: “Allah rəsulu (salləllahu aleyhi və səlləm) namazda sağ əlini sol əli üzərinə qoyar və onları sinəsi üzərində bağlayardı.” (Əbu Davud: 759)

Hədis mürsəl (yəni, sənədində səhabənin qeyd olunmadığı, tabiinin birbaşa Allah rəsulundan nəql etdiyi hədis), raviləri isə etibarlıdır. Hədisi Əbu Davud, Beyhəqi, Əlbani və digər hədis imamları həsən və əməl edilməsi üçün etibarlı saymışlar.

Çünki mürsəl hədisə müxalif olacaq güclü bir dəlilin – öz mövzusunda ortada başqa bir hədisin olmadığı halda, onun mənasında digər müsnəd (sənədi tam) hədislər olarsa, mürsəl hədis onların sayəsində güclənər və hüccət sayılar.

Tavusun bu mürsəl rəvayətinə də, müxalif güclü bir dəlilin olmadığını, İbn Hulb və İbn Hucrun müsnəd hədislərinin bu mürsəli gücləndirdiyini nəzərə alsaq, gərək bu hədisə hər kəs əməl edə.

  • Həmçinin, əhli-beytdən olan Əli ibn Əbi Talib (Allah ondan razı olsun) və İbn Abbasın (Allah ondan razı olsun) təfsirlərinə əsasən, əl-Kəusər surəsinin ikinci ayəsində olan “Və-nhar” ləfzi sağ əlin sol əl üzərində sinəyə qoyulmasına deyilir (Təbəri 11/325, Buxari: “ət-Tərix əl-Kəbir” 6/437, Hakim 2/537, Beyhəqi 2/29-30; Bu əsərlərin sənədi zəif olsa da, yuxarıda qeyd etdiyim hədislərə şahid olması və onları gücləndirməsi baxımından əlverişlidir). Bu təfsirə əsasən, həmin ayənin mənası belədir: “Rəbbin üçün namaz qıl və əllərini sinədə bağla!”

Əllərin göbəkdən aşağı qoyulması barədə isə, Əlidən, Əbu Hureyrə və Ənəs ibn Məlikdən (Allah onlardan razı olsun) üç hədis nəql olunmuşdur (Əhməd: 875, Əbu Davud: 758, əl-Muhəllə 4/157). Lakin bu hədislərdən heç biri səhih deyil. Ənəs ibn Məlikin (Allah ondan razı olsun) rəvayəti tamamilə sənədsizdir. Əli və Əbu Hureyrənin (Allah onlardan razı olsun) rəvayət etdikləri hədisin sənədində isə, küfəli Abdurrahman ibn İshaq var. Bu ravi hədis əhlinin ittifaqı ilə zəifdir. Bunu Əhməd, Əbu Davud, Nəvəvi, İbn Həcər, Zeyləi, Şəukəni və digər hədis imamları bəyan etmişdir (Əbu Davud: 758, əl-Məcmu 3/313, Fəthul-Bəri 2/186, Nasbur-rayə 1/314, Neylul-əvtar 2/203).

Əbu Davud Məkkə əhlinə yazdığı məktubunda demişdir: “Əs-Sünən kitabımda şiddətli zəifliyi olan, sənədi səhih olmayan hədisləri bəyan etmişəm. Susduğum və barəsində heç bir şey qeyd eləmədiyim hədislərə gəldikdə isə, həmin hədislər etibarlı hədislərdir.”

Elə bu səbəbdəndir ki, Əbu Davud “əs-Sünən” əsərində, əllərin göbəkdən aşağı qoyulacağına dair Əli və Əbu Hureyrədən (Allah onlardan razı olsun) rəvayət olunan hədislər barədə danışmış və bu hədislərin zəifliyini bəyan etmişdir. Amma, əllərin sinə üzərinə qoyulacağına dəlalət edən Tavusun mürsəl rəvayəti barədə susmuş və heç bir şey deməmişdir. Elə adı çəkilən məktubunda mürsəl hədislərlə dəlil gətiriləcəyini də bəyan etmişdir.

İndi isə, bu məsələdə haqqa müvəffəq olmuş bəzi islam alimlərinin sözləri ilə tanış olaq:

— Hənəfi alimlərindən Məhəmməd Həyat əs-Sindi (vəfatı: miladi 1750-ci il) namazda əllərin sinədə bağlanacağına və göbəkdən aşağı qoyulmasının zəif olduğuna dair iki risalə: “Əd-Durra fi izhari ğişşi nəqdil-əydi təhtəs-surra” və “Fəthul-Ğafur fi vad əl-əydi aləs-sudur” risalələrini yazmış, və bu risalələrdə öz zamanında yaşayan digər Hənəfi alimi Məhəmməd Haşim əs-Sindiyə rədd vermişdir. Həmçinin, hənəfi məzhəbində, kişilərdən fərqli olaraq, qadınlar namazda əllərini sinə üzərində bağlayırlar ki, sünnətə müvafiq olan da məhz budur.

— Məliki alimlərindən Qazi İyad (vəfatı: hicri 544-cü il) “əl-İləm bi hudud və qavaidul-İsləm” adlı kitabında, “Namazın müstəhəbləri” (yəni, namazda sünnət olan, bəyənilən əməllər) bölümündə yazır: “Namazın iyirmi ədəd müstəhəbi var: … (və onlardan birisi də) Sinənin üst tərəfinə yaxın bir yerdə sağ əli, sol əlin üstünə qoymaqdır.”

— Şəfii alimlərindən Beyhəqi “əs-Sünən əl-Kübra”da, “əlləri sinəyə qoymaq sünnətdəndir” adlı bir bölüm açmış və orada əllərin göbəkdən aşağı qoyulmasının zəif və əsli olmayan hədislərə dayandığını bəyan etmişdir.

— Hənbəli alimlərindən İbn Qeyyim, “əs-Saləh və Hukmu tərikihə” kitabı, sh.160-da Allah rəsulunun (salləllahu aleyhi və səlləm) namazının formasını vəsf edərkən belə deyir: “…Sonra sağ əli ilə sol əlini tutar və onları sinəsinin üzərinə qoyardı…”

Allah daha yaxşı bilir!


Ər-Riyad şəhərindəki İmam Muhəmməd ibn Səud Universitetinin tələbəsi, Əbu Zeyd Həbibli.

tovhidinfo
Əbu Zeyd Həbibli

Ər-Riyad şəhəri İmam Muhəmməd ibn Suud adına İslam Universitetinin şəriət fakültəsinin tələbəsi.

Bütün materiallara bax