• Menyu
  • Menyu

Onların elmə həvəsi belə idi…

tovhidinfo

Rəhimli və Mərhəmətli Allahın adı ilə

1. “Səhihul-Buxari” kitabının yazılıb ərsəyə gəlməsində 3 səbəb qeyd olunmuşdur. Bunlardan ən məşhuru budur: O, (Buxari rahiməhullah) şeyxi  İshaq ibn Rahuyənin elm məclisində oturduğu zaman şeyxi belə dedi: “Nə olardı, sizlərdən biri peyğəmbərin (səllallahu aleyhi və səlləm) sünnəsindən səhih olanları cəm edən bir kitab yazardı!..” Beləcə, bu söz İmam Buxarinin qəlbində təsir yaratdı və mütləq şəkildə ən mötəbər sünnə kitabı olan bu möhtəşəm kitabı, “Səhih əl-Buxari”ni  yazdı!…(Hədyus-Səri, səh. 9).

2. Böyük alim İmam Zəhəbinin (rahiməhullah) hədis elmini öyrənməyə təşviq olunması da bircə cümlə ilə olmuşdu. O, özü haqqında imam Bərzəlinin onun yazısını (xəttini) gördüyü zaman belə dediyini rəvayət edir: “Doğurdan da sənin yazın (xəttin) mühəddislərin (hədis alimlərinin) xəttinə oxşayır!”  Sonra  imam Zəhəbi belə deyir: “Bundan sonra Allah mənə hədis elmini sevdirdi!…” Fikir verin ki, b i r c ə  c ü m l ə  İmam Zəhəbiyə necə böyük təsir etdi!? O, hədis imamlarından, hədis hafizlərindən və cərh-tədil alimlərindən birinə çevrildi.

3. İbn Teymiyyə (rahiməhullah) haqqında rəvayət olunur ki, o, Nur surəsinin təfsirində belə demişdir: “Quranda olan bütün sifət ayələrinin təfsirində səhabələr arasında heç bir ixtilaf yoxdur. Səhabələrdən rəvayət olunan təfsirlərə və hədislərə baxdım, bu haqda Allahın istədiyi qədər kiçik və böyük olmaqla yüzdən çox kitabda axtardım və bu vaxta qədər görməmişəm ki, səhabələrdən biri sifət ayələrindən və ya hədislərindən birini  bilinən, anlaşılan mənadan başqa bir tərzdə yozsunlar!”(Nur surəsinin təfsiri, səh.210).
Baxın, sübhənAllah! Alimlərin elmə və onu araşdırmağa həvəsləri necə böyükdürsə, bircə məsələni bilmək üçün lazım gəldikdə 100-dən çox kitaba baxa bilirlər! Biz isə bir-iki kitabla hara getdiyimizi, nə əldə edəcəyimizi düşünürük! Odur ki, yüksək nəticələr üçün alimlərdən ibrət alıb çox çalışmaq lazımdır!

4. Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Tabəri. Bu alimin halı çox qəribə idi. Əgər onun yazdığı vərəqlərin sayı onun ömrünün günlərinin sayına bölünərsə, bu hər günə 60 vərəqdən çox edir! Bu çox qəribədir… O, tələbələrinə 30 000 vərəqdə (hələ o dövrün vərəqləri qəsd olunur) İslam tarixi və ya Quran təfsiri yazmalarını tövsiyyə edir. Onlar dedilər: Bu uzun müddət alar, (belə bir kitabı daşımaq) bir miniyin belini qırar!  O isə cavabında dedi: “Allahu Əkbər! Sizin (elmə olan) həvəsləriniz ölmüşdür! Elə isə 3000 vərəq gətirin!” (Təzkiratul-Huffaz, 2/712).

5.  İmam Nəvəvi (rahiməhullah) 45 yaşında vəfat etməsinə baxmayaraq, cildlərlə kitabların müəllifi olmuşdur. Qısa müddətdə çoxlu sayda kitabları yazmaq onu gündə 12 dərsdə (elm məclisində) oturmaqdan yayındırmırdı!  Kitabxanalarda onun müəllifi olduğu 20 cilddən çox kitabı tapmaq olar! 5 il ərzindəki gündəlik elm proqramı isə, o qədər sıx olmuşdu ki, hətta, 5 il gecələri belə oxuduğu və elə oxuduğu masanın üzərində yatdığı rəvayət olunur! Lakin, Allahın onun elminə verdiyi bərəkəti isə, bu ümmətdən heç kəs danmamışdır. “Çünki, elm rahat bədənə gəlmir!” Bu məşhur deyim sələflər arasında çox məşhurdur.

6.  İmam Ibn Həcər əl-Asqalani (rahiməhullah) isə Səhih əl-Buxarinin şərhi olan “Fəthul-Bəri” adlı irihəcmli, məşhur əsərin müəllifidir. Buxarini şərh etmək bu ümmətin üzərində olan bir borc idi ki, onu Hafiz ibn Həcər yerinə yetirmişdir. İbn Xaldun vaxtilə belə demişdi: “Buxarini şərh etmək bu ümmətin üzərində olan bir borcdur!” Əbul-Xeyr əs-Səxavi onun sözü üzərinə belə demişdir: “Əgər ibn Xaldun ibn Həcərin Buxariyə yazdığı şərhi görsəydi çox sevinib qürur duyar  və bilərdi ki, o borc artıq layiqli şəkildə ödənmişdir!” (İmam Buxarinin həyatı, səh. 123).
Hafiz ibn Həcər onlarla kitabın müəllifidir. Buna baxmayaraq, o, tədris edib elm öyrətmək, fətva vermək və moizələr etməyə də vaxt tapırdı. Onun elm yolundakı həvəsi çox yüksək idi. Hətta ondan rəvayət olunur ki, o, “Əməllər niyyətlərə görədir” hədisin isnadını 100 isnaddan çox isnadla araşdırmışdır. Hətta, onun zöhr və əsr namazı arasında bir oturuma “Mu’cəmut-Tabərani əs-Sağir” kitabını oxuduğu rəvayət olunmuşdur. O çox yüksək həvəs sahibi olmuşdur ki, Allah da onunla ümməti faydalandırmışdır. Bütün bunlar Allahın müvəffəqiyyəti ilədir!…

Allahdan istəyirik ki, bizim hər birimizə elmdə yüksək həvəs və əzm versin!
Sonda həmd olsun aləmlərin Rəbbinə!


Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax