• Menyu
  • Menyu

Peyğəmbərimizin həyatı | 1-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə.

1-Cİ HİSSƏ

Vəhydən öncəki mərhələ

Həmd olsun aləmlərin rəbbi Allaha. Allahın salavatı və salamı olsun Muhammədin, onun ailəsinin, səhabələrinin və qiyamət gününə qədər onlara ən gözəl şəkildə tabe olanların üzərinə. Bundan sonra:

Həqiqətən uca Allah insanları yaratmış və onları başlı-başına buraxmamışdır. Onlara elçilər göndərmiş və kitablar endirmişdir. Uca Allahın insanlara göndərdiyi elçilərin sonuncusu və ən şərəflisi Muhəmməddir (Allahın salavatı və salamı onun üzərinə olsun).

O, aləmlərin rəbbi Allahın seçilmiş qulu və  elçisi olaraq, Allahın əmrlərini və qadağalarını insanlara ən gözəl və kamil şəkildə çatdırmış, uca Allahın ona verdiyi vəzifəni yerinə yetirmişdir (Allahın salavatı və salamı onun üzərinə olsun).

Allahın izni ilə, aləmlərə rəhmət olaraq göndərilmiş Muhamməd (Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında bəhs etməyə çalışacağıq. Hər bir müsəlmana vacibdir ki, öz peyğəmbərini tanısın. Heç şübhə yoxdur ki, bu haqda yazmaq çox məsuliyyət tələb edən işlərdəndir və asan deyil. Niyyətimiz bizlərə islam nurunu, haqqı çatdıran Allahın elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında insanlara, müxtəsər olsa da, məlumat verməkdir. Uca Allahdan bizə bu işdə yardım etməsini və bizi haqqa müvəffəq etməsini diləyirik.

Bu yazıda Abdul-Məlik İbn Hişəmin (Allah ona rəhm etsin) “Siratu İbn Hişəm” adı ilə bilinən kitabından istifadə edilmişdir.

Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) nəsəbi:
Adı: Muhəmməd.
Atasının adı: Abdullah.
Anasının adı: Əminə.
Babasının adı: Abdulmuttalib.

Atası Abdullah onun (Allahın salavatı və salamı onun üzərinə olsun) doğumundan öncə vəfat etmiş və o, dünyaya yetim olaraq gəlmişdir.

Allah elçisinin ata tərəfdən babası Abdulmuttalib o zaman Məkkədə əsas qəbilə olan Qüreyş qəbiləsinin başçısı idi.

Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) doğum tarixində ixtilaf vardır. İbn İshaq onun həftənin ikinci günü, Rabiul-Əvvəl ayının on ikisi, fil ilində doğulduğunu deyir.

Həmçinin əz-Zubeyir, Allah elçisinin  (Allahın salavatı və salamı onun üzərinə olsun) Ramazan ayında doğulduğunu deyir. Uca Allah ən doğrusunu bilir. Amma Fil ilində doğulmasında ixtilaf yoxdur.

Fil ili – Həbəşilərin fillərlə təchiz olunmuş böyük bir ordu ilə Kəbəni dağıtmaq üçün Məkkəyə gəldikləri və Uca Allahın dəstə-dəstə quşlar göndərərək onları darmadağın etdiyi ildir. Quşlar ağızlarında və ayaqlarında kiçik daşlar gətirərək Allahın evi Kəbəni dağıtmaq istəyən həbəşi kralı Əbrəhənin fil ordusunun üzərinə ataraq, onları məhv etmişdilər. Bu səbəblə, həmin il “fil ili” olaraq adlandırılmışdır.

Bu haqda uca Allah Qurani Kərimdə xüsusi bir surə endirmişdir.

“Mərhəmətli və Rəhmli Allahın adı ilə! 

  1. Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
  2. Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?
  3. Onların üzərinə qatar-qatar quşlar göndərdi.
  4. O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.
  5. Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.” (“Fil” surəsi)

Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) doğulduqdan sonra “Bəni Sad ibn Bəkr” qəbiləsindən olan Həlimə adlı bir qadına, ona süd əmizdirməsi üçün verilir.

Allah elçisi süd anası Həlimənin yanında olarkən, onun yanına ağ geyimli, yanlarında buzla dolu qızıldan qab ilə iki kişi gələrək onun sinəsini yarmış, ürəyini çıxarıb yararaq, içərisindən laxtalanmış qara qan çıxarmışlar və sonra ürəyini və qarnını buzla yuyaraq əvvəlki halına qaytarmışlar.

Bu hadisəni Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə xəbər verir:

“Mən atam İbrahimin duası və İsanın müjdəsiyəm. Anam mənə hamilə olanda görür ki, özündən bir nur çıxır və bununla Şamın sarayları işıqlanır. Mən “Bəni Sad ibn Bəkr” qəbiləsində süd əmizdirilmişəm. Bir gün qardaşımla evin arxasında heyvanlarımıza baxarkən iki kişi gəldi. Onların əyinlərində ağ paltarlar var idi. Özləri ilə içi buzla dolu qızıl bir qab gətirmişdilər. Sonra məni tutub qarnımı yardılar, sonra ürəyimi çıxarıb onu yardılar. Ürəyimin içindən qara laxta qan çıxarıb atdılar. Sonra ürəyimi və qarnımı təmiz olana kimi o buzla yudular…” (Şeyx Albani hədisə səhih demişdir. Bax: “Sahihus-Siratin-Nəbəviyyəh”, 16)

Bu hadisədən qorxuya düşən Həlimə, uşağı öz anasına qaytarmışdır.

Daha sonra Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) anası Əminə ilə qalmışdır. Artıq altı yaşına gəldikdə anası Əminə vəfat etmiş və babası Abdulmuttalib onu öz himayəsi altına almışdır.

Babası Abdulmuttalib Allah elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) qarşı çox qayğıkeş idi.

Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) səkkiz yaşına gəldikdə babası Abdulmuttalib vəfat edir və əmisi Əbu Talib Onu öz himayəsinə götürür. Əbu Talib tacir idi və ticarət etmək üçün vaxtaşırı Şama gedirdi. Allah elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) öz himayəsinə götürdükdən sonra, onu da özü ilə səfərlərə aparırdı.

Bir gün Əbu Talib Şama ticarət üçün yola düşür və Allah elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) də özü ilə aparır. Ticarət karvanı Şam torpaqlarında olan Busraya yetişdikdə, orada dayanırlar. Orada öz kilsəsi olan Bəhira adlı bir keşiş var idi və onda nəsranilərin (xaçpətrəstlərin) elmi var idi və daim öz ibadətgahında olurdu. Tacirlər hər zaman buradan keçər, lakin bu keşiş onlarla heç vaxt əlaqə qurmazdı.

Ancaq bu dəfə karvan onun kilsəsinə yaxın bir yerdə durduqda, o, kilsədə olarkən Allah elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) görmüş, karvan orada durarkən bir buludun insanlar arasında Allah elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) kölgələndirdiyini izləmişdir.

Sonra kilsədən çıxır və onlara xəbər göndərir ki, onlar üçün yemək hazırladıb  və hər kəsin – kölə, azad, böyük və kiçiyin, gəlməsini istəyir. Hər kəs yeməyə toplanır, yalnız Allah elçisindən başqa. Onu, yaşının kiçik olması səbəbi ilə, ağacın altında karvanın yanında saxlamışdılar. Keşiş Bəhira onlara diqqətlə baxır və bildiyi sifətdə aralarında heç kimin olmadığını görərək deyir: “Ey Qüreyş toplumu, içinizdən mənim bu yeməyimdən yeməyən qalmasın”.

Bu zaman ona deyirlər ki, hər kəs gəlib, sadəcə bir kiçik oğlan qalıb, onu da karvanın yanında saxlayıblar. Bəhira deyir ki, belə etməyin, onu da çağırın, sizinlə bərabər o da yemək yesin. Sonra onu da gətirib özləri ilə oturdurlar. Bəhira ona diqqətlə baxır və bildiyi əlamətləri Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) üzərində görür. İnsanlar getdikdən sonra Bəhira Allah elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun)  onun həyatı, yuxusu, işləri və s. haqda suallar verir. Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) verdiyi cavablar Bəhiranın bildiyi əlamətlərlə üst-üstə düşür.

Daha sonra Bəhira onun kürəyinə baxır və peyğəmbərlik möhürünü də görür. Daha sonra Bəhira Əbu Talibə deyir ki, mənim bildiyim əlamətləri yəhudilər də bilirlər. Əgər onu görsələr, tanıyacaqlar və ona bir zərər toxundurarlar. Sənin bu qardaşın oğlunun şəni böyükdür, tez onu qaytar öz diyarına. Bundan sonra Əbu Talib ticarətini tamamlayaraq tez Məkkəyə qayıdır. Beləcə, Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisi Əbu Talibin himayəsi altında boya-başa çatır. Allah elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allah cahiliyyət pisliklərindən qoruyaraq kamilliyə doğru aparır. Nəticədə, Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) qövmünün ən əxlaqlı, ən gözəl, ən doğru danışan, ən etibarlı fərdinə çevrilir. Bu üstün keyfiyyətləri özündə cəm etdiyi üçün qövmü onu “Əmin”  (yəni, etibarlı, güvənilən) adlandırırdı.

Artıq Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) iyirmi beş yaşına çatdıqda Xədicə anamızla evlənmişdir. Xədicə, şərəfli və mal-mülk sahibi olan tacir bir qadın idi. O zaman ki, Allah elçisinin  (Allahın salavatı və salamı onun üzərinə olsun) etibarlı, əmanət sahibi, gözəl əxlaqlı, doğru danışan olması xəbəri Xədicəyə çatır, Allah elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) adam göndərərək onun malı ilə Şama ticarətə getməsini təklif edir və ona digər tacirlərə verdiyindən daha çox qarşılıq verəcəyini bildirir. Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu qəbul edir və Xədicənin malı və ona aid Meysəra adlı bir kölə ilə Şama ticarətə yollanır.

Sonra Məkkəyə geri dönür və gətirdiyi malları sataraq Xədicəyə böyük qazanc gətirir.

Xədicənin (Allah ondan razı olsun) köləsi Meysəra Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) üstün keyfiyyətləri haqqında ona xəbər verir. Xədicə anamız da, Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə ailə qurmaq istədiyini ona xəbər göndərərək bildirir. Və beləcə, Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Xədicə ilə evlənir. Bu evlilikdən onların altı övladı dünyaya gəlir.

Onlardan dördü qızdır:

1) Zeynəb
2) Ruqeyyə
3) Ummu Kulsum
4) Fatimə

İkisi isə, oğlandır:

5) Abdullah
6) Əl-Qasim

Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) əl-Qasimə görə, Əbul-Qasim, yəni, “Qasimin atası” kunyəsini daşıyırdı. Əl-Qasim və Abdullah, hər ikisi kiçik yaşlarında vəfat etmişlər.

Ardı var…


 Mədinə İslam Universitetinin məzunu, Elçin Şunqarov

tovhidinfo
Elçin Şunqarov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax