• Menyu
  • Menyu

Qəza və qədərə iman və onun faydaları

tovhidinfo

İmanın əsasları – Qəza və qədərə iman

Mərhəmətli və Rəhimli Allahın adı ilə

İnsan iman gətirməlidir ki, Allah Təalə bütün keçmişdə baş verənləri və gələcəkdə baş verəcək hər şeyi: bizim başımıza nələr gələcəyini, ömrümüz boyu bizə nə qədər ruzi veriləcəyini, hansı əməlləri edəcəyimizi, nə qədər yaşayacağımızı əzəldən bilir. Allah Təalə Quranda belə buyurmuşdur:

“Allah Öz qullarından istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir.” (əl-Ənkəbut 62)

Həmçinin, insan iman gətirməlidir ki, Allah Təalə bütün baş verənləri əzəldən Öz yanında olan kitabda yazmışdır. O, buyurub:

“Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.” (YaSin 12)

Həmçinin, Allah Təalə Quranda buyurmuşdur:

“Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır.” (əl-Həcc 70)

Allah Təalə əzəldən müəyyən etdiyi hər hansı bir şeyin baş verməsini istədikdə, ona “Ol” deyər və o da olar.

“Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.” (YaSin 82)

Beləliklə, biz bildik ki, bütün baş verənləri əzəldən müəyyən edib yazan Allahdır. Eləcə də, əzəldən müəyyən edilən hər bir şeyin baş verməsini istədikdə, onu yaradan Allahdır. Allah Təalə Quranda buyurmuşdur:

“Həqiqətən də Biz, hər şeyi qədərə əsasən yaratdıq.” (əl-Qamər 54)

Başqa ayədə isə buyurmuşdur:

“Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır.” (əz-Zumər 62)

Allah Təalə insanları yaradıb ki, Ona itaət etsinlər. İbadəti və itaəti necə etmələrini də onlara bəyan edib və onlara bunu əmr edib. Həmçinin, Allah Təalə insanlara Ona asi olmağı qadağan edib və günah olan əməlləri onlara bildirib. Biz bilməliyik ki, Allah Təalə insanları yaradıb və onlara izin verib ki, onlar özləri seçim etsinlər və istədiklərini yerinə yetirə bilsinlər. Allah Təalə insanlara yaxşı işlər görməyi əmr edib və pis əməllərdən onları çəkindirib. Lakin insanları buna məcbur etməyib, əksinə, hər kəsə seçim verib ki, insanlar özləri istəyərək bunu yerinə yetirsinlər. Ona görə də kim Allahın əmrlərini könüllü şəkildə yerinə yetirərsə, Allah Təalə onun üçün mükafat hazırlamışdır. Kim də Allaha asi olar və Onun sözündən çıxarsa, o kəs əzab çəkməyə layiq olar. Beləcə, insanlar  öz istəkləri və seçimləri nəticəsində ya Cənnətə gedəcəklər, ya da Cəhənnəmə və Allah onların seçimlərini və məskənlərinin hara olacağını əzəldən bilir. Bir şeyi də bilmək lazımdır ki, bu seçim özü də Allahın müvəffəqiyyəti və hidayəti ilədir . Kim düzgün yoldadırsa, yaxşı əməl sahibidirsə, demək, Allah Təalə onu özbaşına buraxmayıb, ona hidayət verib. Həmçinin, kim düz yoldan azıbsa, pis əməl sahibidirsə, demək, o, Allah tərəfindən başlı-başına, köməksiz buraxılmışdır.

Qəza və qədərə iman gətirməyin insan üçün böyük səmərələri vardır:

  1. Qədərə iman gətirən insan bir iş görəndə Allaha bel bağlayır. Çünki o bilir ki, bu işi yerinə yetirmək üçün istifadə etdiyi vasitələri, həmçinin sonda o işin baş verib-verməyəcəyini Allah Təalə əvvəldən qədərdə müəyyən edib. Onun izni olmadan kainatda heç nə baş vermir.
  2. Qədərə iman gətirən insanın qəlbi rahat olur. Çünki o bilir ki, Allah Təalə əzəldən nə müəyyən edibsə, o, mütləq baş verməlidir və insanın başına bir müsibət gələrsə, deməli, bu olmalı idi və o müsibətin qarşısını heç kəs ala bilməyəcəkdi. Ona görə də, onun qəlbi rahat olur və Allahın bölgüsü ilə razı qalır. Həqiqətən də, kim qədərə iman gətirərsə, onun yaşayışı gözəl olar və o kəs daim rahatlıq içində yaşayar.
  3. Qədərə iman gətirən insan öz arzusuna çatdıqda özündən razı olmur. Onun əldə etdiyi xeyir, əslində, Allahın ona vediyi nemətlərdən biridir. Çünki əgər Allah əzəldən onun qədərinə bu xeyri əldə edəcəyini yazmasaydı, o nə qədər çalışsa da, onu əldə edə bilməyəcəkdi. Ona görə də, iman gətirən insan bir xeyir əldə etdikdə, dərhal ona görə Allaha şükür etməyə tələsir.
  4. Qədərə iman gətirən insan arzuladığı bir şeyi əldə edə bilməyəndə və yaxud onun başına bir müsibət gəldikdə təşvişə düşmür və ümidsizləşmir. Çünki ona üz verən şey Allahın əzəldən müəyyən etdiyi bölgüdür. Allah Təalə Öz mülkündə istədiyi kimi hökm verir. Onun hökmünü heç kəs ləğv edə bilməz. İman gətirən insan bunları bildiyi üçün başına gələnlərə səbir edir və Allahın mükafatına ümid edir. Allah Təalə buyurub:

“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir.” (əl-Hədid 22-23)

  1. Qədərə iman gətirən insan yalnız Allaha təvəkkül edir. Çünki o bilir ki, xeyir və zərər təkcə Allahın əlindədir. Əgər Allah insanın qədərinə hansısa xeyri və ya zərəri yazmayıbsa, heç kəs ona o xeyri və ya zərəri verə bilməyəcəkdir. Beləliklə, heç bir güc sahibinin gücü onu qorxutmaz və o, kimdənsə qorxub xeyir əməlləri heç vaxt tərk etməz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) İbn Abbasa nəsihət edərək belə demişdir:

 “Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar, onlar yalnız Allahın sənin qədərinə yazdığı xeyri sənə verə bilərlər. Əgər bütün insanlar bir yerə yığışsalar ki, sənə bir zərər versinlər, onlar yalnız Allahın sənin qədərinə yazdığı zərəri sənə verə bilərlər. Qələmlər qaldırılıb, səhifələr də quruyub.ˮ(Hədisi İmam Tirmizi və İmam Əhməd rəvayət ediblər).


© Tovhid.info heyəti

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax