• Menyu
  • Menyu

Qurban bayramı

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Ramazan bayramı və Qurban bayramı namazları Quran, sünnət və müsəlmanların icması ilə sabitdir. İslamdan öncə müşriklər zaman və məkanla bağlı bayramlar qeyd edərdilər. İslam gəldikdə isə, bu bayramları ləğv etdi və onları Ramazan və Qurban bayramları ilə əvəzlədi. Bu da Uca Allaha iki əzəmətli ibadəti – ramazan orucunu tutmağı və həcc etməyi nəsib etdiyi üçün bir şükürdür.

Səhih olaraq rəvayət olunur ki, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə gəldiyi vaxt Mədinə əhlinin oynayıb əyləndikləri iki bayramları var idi, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara belə buyurur: “Artıq Allah sizin üçün bu iki bayramı onlardan daha xeyirliləri ilə əvəz etdi ‒ qurban bayramı və Ramazan bayramı”.

Bu iki bayramdan artıq yeni bayramlar əlavə etmək olmaz, doğum günü bayramları kimi və.s. Çünki bu Allahın qoyduğu şəriətə əlavə etmək, dində bidət çıxartmaq, Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnətinə müxalif olmaq və kafirlərə oxşamaqdır. Bunlar istər bayramlar, istər  günlər, istər aylar istərsə də illər adlandırılsın, fərqi yoxdur. Bunların heç biri İslamdan deyil, əksinə, cahiliyyə əməllərindəndir, kafir qövmləri, qərbi və başqalarını təqlid etməkdir. Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurub: “Kim özünü  bir qövmə bənzədərsə, o da onlardandır”. (Əbu Dəvud, İbn Hibbən).

Həmçinin Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurub: “Həqiqətən, ən doğru söz Allahın kəlamıdır, ən xeyirli yol Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) yoludur, işlərin ən şərlisi (dində) sonradan çıxarılanlardır və hər bir bidət də zəlalətdir”. (Muslim).

Bayram namazının şəriətdən olmasına dəlil:

Uca Allah belə buyurur : “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!”  (Kövsər,2).
Həmçinin Uca Allah buyurur: “(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!” (Əl-Əla, 14-15).

Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) və ondan sonra gələn xəlifələr bu əməldə davamlı olublar.

Bayram namazına çıxmaq kimin üçün sünnətdir?

Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) hətta qadınlara belə bayram namazına çıxmağı əmr etmişdir. Qadınlar bayram namazına gələrkən ətirlənmədən və zinət və ya şöhrət libası geyinmədən gəlməlidirlər.

Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) qıldığı ilk bayram namazı, hicrətin ikinci ilində qıldığı Ramazan bayramı namazı olub və bu dünyadan ayrılana qədər O, (Allahın salavatı və salamı onun üzərinə olsun)  bu əməlində davamlı olub.

Bayram namazının qılındığı yer:
Yaxşı olar ki, bayram namazı yaşayış yerinə yaxın olan açıqlıq bir ərazidə qılınsın. Çünki Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) daim bayram namazlarını Mədinənin qapısı önündə olan namazgahda qılardı. Əbu Səid ( Allah ondan razı olsun) belə rəvayət edir: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bayram namazlarını qılmaq üçün namazgaha çıxardı” ( Buxari və Muslim).
Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) üzrsüz olaraq məsciddə bayram namazı qıldığı rəvayət olunmayıb.

Bayram namazının qılınma vaxtı:
Günəş çıxdıqdan sonra bir nizə məsafədə yüksəldikdə bayram namazının qılınma vaxtı başlayır. Çünki Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bayram namazlarını bu vaxt qılardı. Bayram namazının qılınma vaxtı günorta namazının girmə vaxtınadək davam edir.
Ramazan bayramı namazını bir az gecikdirmək, Qurban bayramı namazını isə bir az tezləşdirmək  sünnətdir. Bu da  qurban kəsənlər üçün namazdan sonra, fitrə zəkatı verənlər üçün isə namazdan əvvəl vaxtın çox qalması üçündür.

Bayram namazının qılınma qaydası:
İlk olaraq, birinci rükətə başlayarkən təkbiratul-ehram gətirilir və istiftəh duası oxunur. Təkbiratul-ehram rükndür və mütləq deyilməlidir, digər təkbirlər isə sünnədir. Təkbiratul-ehramsız namaz olmur. Sonra ardıcıl olaraq altı dəfə təkbir gətirilir. Sonra əuzu-billəh gətirilir və fatihə surəsi və başqa bir surə oxunur.
Ikinci rükətə qalxdıqdan sonra isə, fatihəni oxumadan öncə beş təkbir gətirilir. İmam Əhməd Amr ibn Şueybdən o da atasından o da babasından rəvayət edir ki: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bayram namazında on iki təkbir gətirdi, yeddisini birinci rükətdə, beşini ikinci rükətdə.” (Isnadı həsəndir).
Buna baxmayaraq, təkbirlərin sayında başqa cür rəvayətlər də varid olub. İmam Əhməd (Allah ona rəhm etsin) demişdir: “ Səhabələr təkbirlərdə ixtilaf ediblər və hamısı da icazəlidir.”
Hər bir təkbirdə əllər qaldırılır. Çünki Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) təkbirlə bərabər əllərini də qaldırardı.
Bayram namazı iki rükətdən ibarətdir və imam hər iki rükəti səsli qıldırır. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) istisqa və bayram namazlarını səsli qılardı”. ( Dəraqutni).
Ümmət bu namazların səsli qılınmasında icma edib.

Bayram namazının bəzi sünnət və müstəhəbləri:
Ramazan bayramı namazına çıxmazdan öncə bir neçə xurma yemək sünnətdir, Qurban bayramı günü isə, namazı qılıb bitirənə kimi heç nə yeməmək sünnətdir. Bureydə (Allah ondan razı olsun ) deyir ki: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Ramazan bayramı namazına yemək yemədən çıxmazdı, Qurban bayramı günü isə bayram namazını qılmadan heç nə yeməzdi”. (İmam Əhməd və başqaları rəvayət ediblər).
Bayram namazına gedərkən təkbir gətirmək, ən gözəl libaslar geyinmək  də bayram namazının sünnətlərindəndir.

Bayram namazının rükətlərinin sayı:
Bayram namazı xütbədən öncə qılınan iki rükət namazdan ibarətdir. İbn Ömər (Allah ondan razı olsun) belə rəvayət edir: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun), Əbu Bəkr, Ömər və Osman (Allah onların hamısından razı olsun) bayram namazlarını xütbədən öncə qılardılar”. ( Buxari və Muslim).
Cümə namazında xütbənin namazdan öncə və bayram namazında isə, namazdan sonra olmasındakı hikmət, cümə xütbəsinin  cümə namazının şərtlərindən olduğu üçündür. Şərt isə şərti olduğu əməldən öncə gəlir. Bayram xütbəsi isə, bundan fərqli olaraq, sünnətdir.

Bayram namazı müsəlmanların icması ilə iki rükətdir, Buxari və Muslimdə və başqalarında İbn Abbasdan ( Allah ondan razı olsun) belə rəvayət  olunur: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Ramazan bayramı günü çıxdı və iki rükət namaz qıldı, nə bundan öncə nə də sonra namaz qılmadı”.

Bayram namazında əzan və iqamə:
Bayram namazında əzan və iqamə yoxdur. İmam Muslim  Cabirdən (Allah ondan razı olsun) rəvayət edir: “Allah Elçisi ilə (Allahın salavatı və salamı onun üzərinə olsun) birgə bir neçə dəfə bayram namazı qıldım, namaza xütbədən öncə əzan və iqaməsiz başladı”.

Bayram namazı ilə bağlı bəzi məqamlar:

  • Bayram namazına gedərkən yuyunmaq və gözəl paltar geyinmək. Malik ( Allah ona rəhm etsin) Muvattada Nəfidən ( Allah ondan razı olsun) rəvayət edir: “İbn Ömər ( Allah hər ikisindən razı olsun) Ramazan bayramı namazını qılmağa çıxmazdan öncə yuyunardı”. (İsnadı səhihdir).
    İbn Qeyyim ( Allah ona rəhm etsin) deyir: “Ibn Ömərdən sabit olub ki, o, bayram namazını qılmağa çıxmazdan öncə yuyunardı. Və məlumdur ki, Ibn Ömər ( Allah ondan razı olsun) sünnətə tabeçilikdə şiddətli idi”. (Zədul-Məad, 1\442).
    Həmçinin Ibn Ömərdən ( Allah ondan razı olsun) bayram namazlarına təzə paltar geyinməsi də sabit olub.
  • Bayram namazına gedərkən kişilərin yüksəkdən, qadınların isə səssiz təkbir gətirməsi. Abdullah ibn Ömər (Allah hər ikisindən razı olsun)  rəvayət edir: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Ramazan bayramı namazını qılmağa çıxarkən namazgaha çatana kimi təkbir gətirdi”. (Hədis səhihdir).
    Təkbir belə gətirilir: “Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, lə iləhə illəllahu vallahu Əkbər, Allahu Əkbər və lilləhil-həmd”
    Diqqət! Təkbirləri xorla, eyni vaxtda gətirmək bidətdir. Bu əməl nə Allah Elçisindən (Allahın salavatı və salamı onun üzərinə olsun), nə də səhabələrdən (Allah onlardan razı olsun) sabit olmayıb. Doğru olan isə, hər bir kəsin tək özünün təkbir gətirməsidir.
  • Bayram namazına piyada getmək. Əli ( Allah ondan razı olsun) belə ravayət edib: “ Bayram namazına gəzərək getmək sünnətdir”. (Tirmizi). İmam Tirmizi bu hədisin həsən olduğunu və  elm əhlinin çoxuna görə əməl olunduğunu bildirib. Bayram namazına, üzrlü hal istisna olmaqla, heç bir miniyə minmədən, gəzərək getmək müstəhəbdir.
  • Bayram namazına  gedərkən bir yoldan, qayıdarkən isə, başqa yoldan istifadə etmək. Cabirin (Allah ondan razı olsun) hədisinə görə : “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bayram günü yolunu fərqli edərdi”. (Buxari).
  • Bayram günü cümə günü ilə eyni günə düşərsə, bayram namazını qılana cümə namazı qılmaq  vacib deyil.
  • Bayram günü insanların bir-birilərinə “təqabbəl-Allahu minnə və minkum” (Allah bizdən və sizdən qəbul etsin) deməkdə heç bir problem yoxdur.

Bayram günü sevinc və fərəh günüdür.
Ənəs ( Allah ondan razı olsun) rəvayət edir: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə gələrkən Mədinə əhlinin oynayıb əyləndikləri iki günləri var idi, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “ Bu nə iki gündür?” Onlar dedilər:“ Biz cahiliyyə dövründə bu günlərdə oynayardıq”. Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi:Allah sizin üçün onları daha xeyirliləri ilə əvəz etdi, Qurban bayramı və Ramazan bayramı”.” ( Səhih sünən Əbu Dəvud).
Əziz müsəlmanlar! Bayram günü şəriətə müxalif əməllər etməkdən çəkinin! Bunlardan kişilərin paltarlarının balaqlarını uzatması, saqqallarını təraş etməsi, musiqiyə qulaq asmaq, harama baxmaq, qadınların açıq saçıq geyinməsi, qadın və kişilərin bir-birinə qarışıq halda olması kimi təmiz şəriətimizin qadağan etdiyi əməlləri misal çəkmək olar.

Sonda Aləmlərin Rəbbi olan Allaha Həmd olsun.

(Şeyx Saleh əl-Fovzanın rəsmi saytından).


Mədinə İslam Universitetinin tələbəsi, Elçin Şunqarov.

 

tovhidinfo
Elçin Şunqarov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax