• Menyu
  • Menyu

Qurbanlıq əhkamları

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Həmd aləmlərin rəbbi olan Allahadır. Allahın qulu və elçisi Muhəmmədə Onun salavatı və salamı olsun.

Sonra:

Həqiqətən, qurban İslamın şüarlarından biri və böyük bir ibadətdir. Allah Təala onu Quranda namazla birgə əmr etmiş, sünnə onun fəzilətini bəyan etmiş və Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə, bu ibadəti davamlı şəkildə yerinə yetirmişdir.

Qurban – Allaha ibadət niyyəti ilə qurban bayramı günlərində bayram səbəbiylə kəsilən heyvana deyilir.

Bu əzəmətli ibadət Quran, sünnə və müsəlmanların icmasıyla sabit olmuşdur.

Allah Təala buyurmuşdur: “Rəbbin üçün namaz qıl və qurban kəs”. (Əl-Kövsər, 2).

Həmçinin, belə buyurmuşdur: “De: mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin rəbbi Allah üçündür!” (Əl-Ənam, 162).

Başqa bir ayədə isə, Allah Təala buyurur: “Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər”. (Əl-Həcc, 34). Bu ayə ona dəlildir ki, Allah üçün qurban kəsmək bütün dinlərdə və ümmətlərdə olmuşdur.

Qurban ibadəti sünnədə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) həm sözüylə, həm əməliylə, həm də iqrarıyla sabit olmuşdur:

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim qurbanı namazdan sonra kəsmişsə, onun qurbanı tamamlanmış və müsəlmanların sünnəsinə isabət etmişdir”. (Buxari və Muslim).

Ənəs bin Məlik (Allah ondan razı olsun demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) qara qarışığı olan ağ rəngdə və buynuzlu iki qoçu öz əliylə kəsdi, (kəsərkən) “bismilləh, Allahu əkbər” dedi, ayağını da (heyvanın) boynunun üstünə qoydu”. (Buxari və Muslim).

Abdullah ibn Ömər (Allah hər ikisindən razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm)  Mədinədə on il qaldı,  (hər il) qurban kəsirdi”. (Əhməd və Tirmizi, sonuncu hədisi həsən saymışdır).

Əta bin Yəsər rəvayət edir: “Əbu Eyyub əl-Ənsaridən soruşdum: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında sizdə qurbanlar necə idi?” Dedi: “Kişi özünün ev əhlinin yerinə qoyun kəsərdi”.” (Tirmizi və  İbn Məcə, Tirmizi səhih demişdir).

Qurbanın şəriətdən olduğuna müsəlmanların icmasına gəldikdə isə, bunu İbn Qudəmə, İbn Həcər və başqa alimlər rəvayət etmişlər.

Lakin qurban kəsməyin hökmündə alimlər ixtilaf etmişlər. Əvzəi, Leys və Əbu Hənifənin məzhəbində qurban kəsmək vacib olsa da, cumhura görə bu, təkid olunmuş sünnətdir. Birinci rəy sahibləri vacibliyi imkanla əlaqələndirmişlər. Onlardan biri,  şeyxulislam İbn Teymiyyə demişdir: “Vacibliyində şərt odur ki, əsli ehtiyaclarından artıq, (qurbana çatacaq qədər) imkanı olsun, fitrə zəkatı kimi”. (Bax: “Məcmuul-fətəva”, 162-164).

Ən ehtiyatlı olanı da odur ki, müsəlman qadir olduğu halda qurban kəsməyi tərk etməsin.

Qurban bayramı günlərində qurban kəsmək qurbanın qiyməti qədər sədəqə etməkdən daha əfzəldir. Belə olmasaydı,  Peyğəmbər (salləllahu aleyhi və səlləm) və səhabələri qurban kəsməz, əvəzinə sədəqə verərdilər.

İnsan özü və ailəsinin adından qurban kəsə bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) qurban kəsərkən demişdir: “Allahım, bu Muhəmməd və Muhəmmədin ailəsinin yerinədir”. (Əhməd, İbn Məcə). Buna həm sağ olanlar, həm də ölənlər aiddir.

Qurban kəsməyin vaxtı:

Qurban, vaxtı şəriətdə təyin edilmiş bir ibadətdir. Vaxtından əvvəl və ya vaxtından sonra kəsilərsə, qurban sayılmaz. Üzrlü səbəbə görə qurbanı vaxtından gecikdirən isə, başqa ibadətlərdə olduğu kimi, qəza edir.

Qurban kəsməyin ilk vaxtı qurban namazından sonradı. Bu, bayram namazı qılanlara aiddir. Bayram namazı qılmayan müsafirlər və ya bayram namazı qılınmayan yerlərdə yaşayan müsəlmanlar isə, qurban bayramı günü bayram namazının bitmə vaxtını təxmin edərək qurbanlarını kəsməyə başlayırlar. Kim qurbanı namazdan öncə kəsərsə, kəsdiyi heyvan qurban sayılmaz, adi ət sayılar və onun əvəzinə namazdan sonra düzgün şəkildə başqa bir qurban kəsmək vacib olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim (heyvanı) namazdan öncə kəsibsə, bu, ailəsi üçün təqdim etdiyi bir ətdir və qurbana aidiyyatı yoxdur”. (Buxari və Muslim).

Qurban kəsməyin son vaxtı isə, təşriq günlərinin (11,12,13) sonuncusunun (13-cü gün) günəşinin batmasına qədərdir. Beləliklə, qurban dörd gün (bayram günü, 11-ci, 12-ci və 13-cü günlər) ərzində kəsilir. Qurbanı gündüz vaxtı kəsmək daha yaxşıdır, lakin gecə vaxtı da icazəlidir.

Qurban hansı heyvanlardan kəsilir?

Allah Təala buyurmuşdur: “Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər”. (Əl-Həcc, 34).

Burada nəzərdə tutulan heyvanlar dəvə, inək, qoyun və keçidir. Bunu İbn Kəsir demiş və Həsən əl-Bəsri, Qatədə və qeyrilərinı nisbət etmişdir.

Qurban ibadət olduğu üçün, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) gələn bu növlərdən başqa heyvanları qurban kəsmək icazəli deyildir. Bunlardan ən əfzəli dəvə, sonra inək, sonra qoyun, sonra keçi, sonra dəvənin 1/7, sonra isə inəyin 1/7dir. Və hər növdən ən yaxşısı isə, ən kök, əti ən çox olan və görünüşü  ən gözəl olandır.

Bir heyvanı neçə nəfər qurban kəsə bilər?

Bir qoyun və ya keçini yalnız bir nəfər kəsə bilər, dəvə və inəyi kəsməkdə isə, yeddi nəfərəcən şərik ola bilərlər. Cəbir (Allah ondan razı olsun) belə rəvayət edir: “Hudeybiyyə (sülhü) ilində Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə dəvəni yeddi nəfərin yerinə, inəyi də yeddi nəfərin yerinə kəsdik”. (Muslim).

Hər bir qurban kəsən şəxs, istər qoyun kəssin, istər dəvə və ya inəkdə başqalarıyla şərik olsun, istədiyi kəsləri öz qurbanının savabına şərik edə bilər. Hətta bu insanların sayı çox olsa belə. Çünki, Allahın lütfü genişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) qurbanlıq qoçu kəsəndə demişdir: “Bismilləh. Allahım, Muhəmməddən, onun ailəsindən və ümmətindən qəbul et”. (Muslim, 1967). Başqa hədisdə isə, belə gəlib: “İki qoç kəsərdi: biri özü və ailəsinin, o biri isə, bütün ümmətinin əvəzinə”. (Əhməd).

Qurban kəsilən heyvan neçə yaşında olmalıdır?

Qurban kəsiləcək dəvənin beş yaşı, inəyin iki yaşı, keçinin bir yaşı, qoyunun isə altı ayı tamamlanmalıdır. (Bax: Muslim, 1963).

Qurban kəsilən heyvan hansı eyblərdən salamat olmalıdır?

Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Qurbanlıq heyvanlarda dörd şey icazəli deyildir: “Taygözlüyü aşkar bilinən taygöz, xəstəliyi aşkar bilinən xəstə və ayağı sınıq, hansı ki, sümüyündə ilik yoxdur”. (Əhməd, Əbu Dəvud, Tirmizi, Nəsəi və İbn Məcə. Tirmizi bu hədisə “həsən, səhih” hökmünü vermişdir). İmam Məlikin rəvayət etdiyi hədisdə “ayağı sınıq, hansı ki, sümüyündə ilik yoxdur” ifadəsinin yerinə “zəif, hansı ki, sümüyündə ilik yoxdur” gəlmişdir.

Bu eyblər heyvana  yaxşı otlamağa, böyüməyə mane olur və ətinə təsir edir. Hədisdə keçən eyblərin mənasında olan və ya daha pis olan eyblər də qurbanlıq heyvanda olmamalıdır. Misal kimi hər iki gözü kor olan, gəzə bilməyən, əli və ya ayağı kəsilmiş olan və s. göstərmək olar. Əgər belə bir heyvan qurban kimi kəsilərsə, qurban sayılmaz.

Qulağında və ya buynuzunda kəsik olan, buynuzu dibindən qırılan, dişlərinin bəzisi tökülən və başqa bunu kimi kiçik eybləri olan heyvanı, dəvənin, inəyin və keçinin quyruğu kəsilmişini qurban kimi kəsmək bəyənilmir. Qoyunun quyruğunun (piy) yarısından çoxu və ya hamısı kəsilmiş olarsa, onu kəsmək olmaz, lakin yarısı və ya yarısından azı kəsilmiş olarsa, onu qurban kəsmək olar, lakin bəyənilmir. Həmçinin, heyvanın xayaları kəsilmiş olarsa, onu qurban kəsməkdə problem yoxdur, lakin cinsiyyət üzvü kəsilərsə, həmin heyvanı kəsmək bəyənilmir.

Kəsilmiş qurban necə paylanılmalıdır?

Allah Təala buyurmuşdur: “Öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismilləh desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!” (Əl-Həcc, 28).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə, belə buyurmuşdur: “Yeyin, yedizdirin və ehtiyata saxlayın”. (Buxari).

Bəzi səhabələrdən rəvayət olunan əsərlərə əsasən alimlər demişdirlər ki, qurban ətinin üçdə birini yemək, üçdə birini qohum-qonşuya paylamaq, qalan üçdə birini isə,  kasıblara sədəqə etmək müstəhəbdir.

Qurban kəsilmiş heyvanın ətini, dərisini, piyini və s. satmaq və ya heyvanı kəsən işçiyə pul əvəzinə vermək olmaz.

Qurban kəsmək istəyən kəs bilməlidir ki, zilhiccə ayı girəndən qurbanı kəsənə qədər nə saçından, nə də dırnağından kəsməməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Zilhiccənin hilalını gördünüzsə, sizdən biriniz qurban kəsmək istəyirsə, saçından və dırnaqlarından götürməsin”. (Muslim).

Və sonda, unutmayaq ki, hər bir ibadətdə olduğu kimi, qurbanda da bu iki mühüm şərtə riayət etməliyik:

  1. İxlas. Qurbanı yalnız Allah üçün kəsməliyik. Kiməsə göstərmək və ya eşitdirmək üçün, vəzifə, hörmət sahibi olmaq üçün, məxluqa yaxınlaşmaq üçün və ya dünya məqsədlərindən hər hansı biri üçün qurban kəsmək olmaz. “De: mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin rəbbi Allah üçündür!” (Əl-Ənam, 162).
  2. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsinə müvafiq olmaq. “Kim bizim əmrimiz olmayan bir şeyi edərsə, ondan rədd olunar”. (Buxari və Muslim, ləfz sonuncunundur).

Aləmlərin Rəbbi Allaha həmd olsun!

(Şeyx Muhəmməd bin Saleh Əl-Useyminin “Qurbanlığın və kəsimin əhkamları” kitabından).


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax