• Menyu
  • Menyu

Şəvval orucu ilə bağlı 14 məsələ – Sual və cavab

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Şəvval orucunun fəziləti:

Sual: Şəvvalın altı gününün orucunun hansı savabı var?

Cavab: Əbu Əyyub Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:

«Kim Ramazan orucunu tutub, sonra ardınca altı gün də şəvvaldan oruc əlavə edərsə, bir ili oruc tutmuş kimidir».

(Muslim, 1164).

Sövbən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:

«Ramazanın orucu on aya bərabərdir, şəvvalın altı gününün orucu isə iki aya bərabərdir. Bu da bir il edir».

(Nəsai, 2873, Albani səhih deyib).

Şəvval orucunun hökmü:

Sual: Şəvval orucunun hökmü nədir?

Cavab: Əksər alimlərin rəyinə görə şəvvalın altı gününün orucu təkid olunmuş sünnətlərdəndir, vacib deyil. Çünki Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) Ramazanı tutub sonra şəvvaldan da altı gün tutan kimsənin bir ilin oruc savabını qazandığını bəyan etmişdir. Buna görə də, bəzi fəqihlərin buna məkruh deməsinin heç bir dəlili yoxdur.

İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:

«Əbu Əyyubun (Allah ondan razı olsun) hədisinə görə şəvvalın altı gününün orucu müstəhəbdir».

(Məcmu, 6/227).

Şəvval orucunda olan faydalar və səmərələr:

Sual: Şəvval orucunun nə kimi faydaları var?

Cavab: Şəvval orucunun  faydalarından bəzisi bunlardır:

1. “Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnətini yerinə yetirmək

2.  Ramazandan sonra şəvvaldan altı gün oruc tutmaqla insan bir ilin savabını qazanmış olur

3. Şəvval orucu fərz namazından sonra qılınan sünnət namazı kimidir. Qiyamət günü qulun fərzlərində olan naqislik onun sünnətləri ilə doldurulacaq.

4. Ramazandan sonra şəvval orucunu tutmaq Ramazan orucunun qəbul olmasının əlamətidir. Belə ki, Allah qulun əməlini qəbul edərsə, onu başqa saleh əmələ müvəffəq edər. Belə bir deyim var: “Yaxşı əməlin savabı ondan sonra başqa yaxşı əməl etməkdir”.

5. Ramazan orucunu tutanlar əməllərinin bu dünyadakı mükafatını bayram sevinci ilə almış olurlar. Bayramdan sonra oruc tutmaları bir növ bu mükafat üçün şükür etmək kimidir.”

(İbn Rəcəb, Lətaif Məarif 390-394, məna ilə).

Şəvval orucuna müstəqil niyyət etmək:

Sual: Şəvval orucunda gecədən niyyət etmək lazımdır?

Cavab: Şəvval orucunu tutmaq üçün gecədən niyyət etmək lazımdır. Çünki şəvval orucu qeydlə olan sünnətlərdən sayılır. Buna dəlil Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sözüdür:

«Kim fəcrdən əvvəl oruca niyyət etməyibsə, onun orucu yoxdur».

(Nəsai, 2342, Albani səhih deyib).

Bu haqda Şeyx  İbn Useymindən (Allah ona rəhmət etsin) soruşulduqda belə cavab vermişdir :

“Şəvval orucunda mütləq gecədən niyyət etməlidir ki, o günün savabını qazana bilsin”.

(Fətava İbn Useymin, 19/184).

Şəvval orucunu tutmağın qaydası:

Sual: Şəvval orucunun savabını necə tutduqda qazanmaq olar?

Cavab: “Mömin şəvval ayı ərzində istədiyi vaxt tuta bilər. İstəsə ayın əvvəlində, istəsə ortasında, istəsə axırında tutar. Həmçinin,  istəsə ardıcıl, istəsə də ara verərək tuta bilər”

(Fətava İbn Bazz, 15/390).

Şəvval orucunu tutmağın əfzəl forması:

Sual: Şəvval orucunu necə tutmaq əfzəldir?

Cavab: “Əgər ayın əvvəlindən ardıcıl tutarsa, bu, daha əfzəldir”.

(Fətava İbn Bazz, 15/390).

“Əfzəl olan odur ki, şəvvalın altı gününün orucu bayramdan həmən sonra, ardıcıl olaraq tutulsun”.

( Fətava İbn Useymin, 20/20).

Ramazandan qəzası qalanın şəvval orucunu tutması:

Sual: Ramazandan qəzası qalan qəza orucunu tutmadan şəvvalı tutsa həmin savabı qazanırmı?

Cavab: “Müsəlman şəvval orucunun savabını yalnız Ramazanı kamil şəkildə tutduqdan sonra qazana bilər”.

(Fətava İbn Useymin, 20/18).

Şəvval orucunu Ramazanın qəzası ilə bir niyyətlə tutmağın hökmü:

Sual: Ramazanın qəzası ilə şəvvalın orucuna birgə niyyət edib tutmaq olarmı?

Cavab: Xeyr, ikisini bir niyyətdə cəm edərək tutmaq olmaz. Çünki hər biri ayrıca məqsədli ibadətdir, biri o birinin altına daxil olmaz. Həmçinin, şəvval orucu Ramazana nisbətdə namazdan sonrakı sünnət kimdir. Ona görə də, ayrıca niyyətə ehtiyacı var. Bu haqda Şeyx İbn Bazdan (Allah ona rəhmət etsin) soruşmuşlar:

“Bir qadın Ramazan qəzası ilə şəvvalın orucunu cəm edib tuta bilərmi? Yoxsa birinci qəzanı tutub sonra şəvval orucunu tutmalıdır?”

Cavab: “Bəli, birinci qəzanı, sonra altı günün orucunu tutur. Əgər şəvval ayında qəzasını tutandan sonra altı gününün orucunu da tutarsa, bu, böyük xeyirdir. Lakin kimsə ikisinə niyyət edib bir tutarsa, o, şəvval orucunun savabını qazanmır. Çünki şəvval orucunun ayrı günlərdə müstəqil niyyətə ehtiyacı var”.

(Fətava Nur alə darb, 230 kaset).

“Şəvval orucunu Ramazanın qəzası yerinə tutmaq səhih deyil. Çünki bu altı gün ramazana tabedir və onun Ramazana olan nisbəti fərz namazından sonra qılınan sünnət kimidir”.

(İbn Useymin, Nur alə darb, 175).

Ramazanın qəzasını bitirib ara vermədən şəvval orucunu tutmağın hökmü:

Sual: Ramazanın qəzasını bitirdikdən sonra ara vermədən şəvval orucuna başlamaq olarmı?

Cavab: “Doğru olan görüşə görə, problem yoxdur”.

( Fətava İbn Bazz, 15/396).

Şəvval orucunu zilqədə ayında turmağın hökmü:

Sual: Şəvval orucunu tuta bilməyən onu zilqədə ayında tuta bilərmi?

Cavab: “Əgər insanın Ramazan ayından üzrlü səbəbə – xəstəlik, səfər, yaxud qadının nifas olmasına görə çoxlu qəzası qalıbsa və bu qəzaları şəvvalda tutanda onun şəvvalın altı gününü tutmağa vaxt qalmazsa, o şəxs altı günü zilqədə ayında tutur.

Lakin kimsə şəvvalın əvvəlində qəzasını tutmaqda səhlənkarlıq edib ayın axırına saxlasa, sonra da şəvval orucunu zilqədədə tutmaq istəsə, bu, ondan sayılmır”.

(İbn Useymin, Liqa məftuh, 117).

Şəvval orucunu hər il tutmağın hökmü:

Sual: Əgər müsəlman bir il şəvval orucunu tutarsa, ondan sonrakı illərdə də ona tutmaq vacib olur?

Cavab: “Əgər insan bəzi illər tutub sonrakı illərdə tərk edərsə, heç bir günah yoxdur. Çünki şəvval orucu sünnətdir, vacib deyil”.

( Fətava İbn Useymin, 20/21).

Şənbə gününü şəvval orucunu tutmağın hökmü:

Sual: Altıncı günü şəvval orucunu  tutmaq olarmı?

Cavab: “Əgər altıncı günü sünnədə gələn bir orucla üst-üstə düşərsə, məsələn, ağ günlərin orucu, ərafa orucu, aşura orucu, şəvvalın altı gününün orucu kimi, bu halda, altıncı gün oruc tutmaqda bir problem yoxdur. Çünki onu xüsusiləşdirib tutmayıb, sünnədə gələn bir oruc üçün o günü oruc tutmuşdur”.

(Fətava İbn Useymin, 20/57).

Şəvval orucunu həftənin birinci və dördüncü günü tutmağın hökmü:

Sual: Şəvvalın altı gününün orucunu həftənin birinci və dördüncü günün orucu ilə bir niyyət edib tutmaq olarmı?

Cavab: “Əgər şəvval orucu həftənin birinci və dördüncü gününün orucu ilə üst-üstə düşərsə, həmin şəxs iki savab qazanmış olur: həm şəvvalın savabını, həm də birinci və dördüncü günün orucunun savabını qazanmış olur”.

( Fətava İbn Useymin, 20/18-19).

Şəvval orucunu tam tuta bilməyənin hökmü:

Sual: Şəvval orucunun üç ya dörd gününü tutan savab qazanırmı?

Cavab: “Bəli, savab qazanır, lakin hədisdə keçən “bir ili oruc tutmuş kimidir” savabını qazanmır”.

(İbn Useymin, Nur alə darb, 75 ci kaset).


Mədinə İslam universitetinin tələbəsi, Emin Hacıyev.

tovhidinfo
Emin Hacıyev

Mədinə İslam Universitetinin şəriət fakültəsinin məzunu, hazırda əqidə qismində doktorantura təhsili alır.

Bütün materiallara bax