• Menyu
  • Menyu

Şeyx Əbdül-Əziz ibn Bəz – “Peyğəmbərin mövludunu keçirməyin hökmü”

tovhidinfo

Müqəddimə

Mərhəmətli və rəhmli Allahın adı ilə. Həmd və səna aləmlərin rəbbi Allaha məxsusdur. Allahın elçisi Muhəmmədə, onun ailəsinə və səhabələrinə və qiyamət gününəcən onun sünnəsi üzərində olanlara Allahın xeyir-duası və salamı olsun.

Sonra isə:

Mövlud (ərəbcə “movlid”) bir kəsin doğulduğu zamana və ya məkana deyilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Fil” ilində Məkkədə doğulmuşdur və səhih hədisdən bizə məlumdur ki, onun mübarək doğuluşu 1-ci gün olmuşdur. Buna görə də, biz müsəlmanlara hər 1-ci gün oruc tutmaq müstəhəb olmuşdur. Lakin doğulduğu ay və gün barədə isə, tarixçilər böyük ixtilafa düşmüşdür.  Bəziləri rabiul-əvvəl, bəziləri ramazan, bəziləri səfər və s. aylarda doğulduğunu demişlər. Həmçinin, doğulduğu gün barədə də yekdil rəy yoxdur.

Bəzi alimlər demişdir ki, Allah Təalanın Peyğəmbərin (salləllahu aleyhi və səlləm) doğulduğu tarixi qoruyub bizə bəyan etməməsi ona işarədir ki, bu tarixlə heç bir ibadət bağlı deyil. Əgər bizə bu tarixdə ibadət etmək, onu bayram etmək əmr olunsaydı, Allah və Rəsulu (salləllahu aleyhi və səlləm) bunu bizə çatdırardı.

Hər il rabiul-əvvəl ayının on ikisi keçirilən mövlud bayramlarına gəldikdə isə, bunu ilk dəfə fatimilər (batini şiələr) hicrətin dördüncü əsrində icad etmiş, sonradan isə cahil sünni müsəlmanlar bunu onlardan götürmüşdülər.

Zamanımızda isə, bu bidət əməl o qədər geniş yayılmışdır ki, hər bir müsəlman ölkəsində çoxsaylı müsəlmanlar bu “bayramı” keçirmək üçün məscidlərə, məclislərə yığışır və bu məclislərdə bir çox dinə zidd olan əməllər edirlər.

Bu səbəbdən sizə ötən əsrin böyük islam alimi, Səudiyyə Ərəbistanının müftisi olmuş şeyx Əbdül-Əziz bin Abdullah bin Bəzin (Allah ona rəhm etsin) “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) mövludunu keçirtməyin hökmü” adlı risaləsinin tərcüməsini təqdim edirik. Müvəffəqiyyət isə, yalnız Allahdandır!

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) mövludunu keçirtməyin hökmü

Həmd Allaha məxsusdur, Allahın elçisinin, onun ailəsinin, səhabələrinin və onun hidayətiylə doğru yol tutanların üzərinə Allahın xeyir-duası və salamı olsun.

Sonra isə:

Bir çox insan Peyğəmbərin (salləllahu aleyhi və səlləm) mövludunu keçirtmək, bunun əsnasında onun üçün ayağa qalxmaq, ona salam vermək və mövlud mərasimlərində edilən başqa əməllər barədə sual vermişdir.

Cavab odur ki, nə Peyğəmbərin (salləllahu aleyhi və səlləm), nə də başqasının mövludunu keçirtmək icazəli deyildir, çünki bu, dinə sonradan daxil edilmiş bidətlərdəndir. Bunu nə Peyğəmbər (salləllahu aleyhi və səlləm), nə raşidi xəlifələr, nə başqa səhabələr (Allah hamısından razı olsun), nə də fəzilətli əsrlərdə yaxşı işlər görməkdə onların ardınca gedənlər etməmişdir. Halbuki, onlar özlərindən sonra gələnlərə nisbətdə sünnəni daha yaxşı bilənlər, Peyğəmbəri (salləllahu aleyhi və səlləm) daha kamil sevgi ilə sevənlər və onun şəriətinə daha yaxşı tabe olanlar idilər.

Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə dediyi sabit olmuşdur:

“Kim bizim bu işimizə (dinə) ondan olmayan bir yenilik gətirərsə, o, rədd olunar”. Yəni: özünə qaytarılar (ondan qəbul olunmaz – tərc.). (Buxari, Muslim).

Başqa bir hədisdə isə, belə buyurmuşdur:

“Mənim sünnətimlə və məndən sonra hidayət üzərində olan raşidi xəlifələrinin sünnəti ilə gedin, ona sarılın və ondan azı dişlərinizlə yapışın. Dində yeniliklərdən çəkinin, çünki hər bir yenilik bidətdir və hər bir bidət də zəlalətdir”. (Qadi İyad, “Əş-Şifə”).

Bu iki hədisdə dində bidətlər gətirməyə və onlara əməl etməyə dair şiddətli qadağa vardır.

Allah Təala açıq-aydın kitabında buyurmuşdur:

“Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (Əl-Həşr, 7).

Allah (azzə və cəllə), həmçinin, belə buyurmuşdur:

“Qoy onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə sarsıdıcı bir əzab üz verməsindən qorxsunlar.”(Ən-Nur, 63).

Yenə də belə buyurmuşdur:

“Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.” (Əl-Əhzəb, 21).

Başqa bir ayədə Allah (subhənəhu və təalə) buyurmuşdur:

“Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin, yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur”. (Ət-Tövbə, 100).

Digərində isə, belə buyurmuşdur:

“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Əl-Məidə, 3).

Bu mənada olan ayələr çoxdur.

Belə mövludları dinə gətirmək o deməkdir ki, Allah Təala bu dini ümmət üçün kamil etməyib və Peyğəmbər (salləllahu aleyhi və səlləm) ümmətin əməl etməli olduğu şeyləri bizə çatdırmayıb. Sonrakılar isə, gəlib bunun onları Allaha yaxınlaşdırdığını iddia edərək Allahın şəriətinə Onun izn vermədiyi yeniliyi gətiriblər. Şəkk yoxdur ki, bunda böyük bir təhlükə, Allaha və Rəsuluna (salləllahu aleyhi və səlləm) etiraz vardır. Artıq Allah (subhənəhu və təalə) qulları üçün dini kamil etmiş və neməti onlar üçün tamamlamışdır.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə, şəriəti bizə açıq-aydın təbliğ etmişdir, çatdırmışdır. Cənnətə aparan və cəhənnəmdən uzaqlaşdıran elə bir yol yoxdur ki, onu ümmətə bəyan etməsin. Səhih hədisdə Abdullah ibn Amr (Allah hər ikisindən razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:

“Allahın göndərdiyi elə bir peyğəmbər yoxdur ki, ümməti üçün xeyir bildiyi şeylərə onları yönəltmək və şər bildiyi şeylərdən onları çəkindirmək onun üzərində haqq olmasın”. (Muslim).

Məlumdur ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) peyğəmbərlərin ən üstünü və sonuncusudur. Və əgər mövludlar keçirtmək Allahın razı olduğu dindən olsaydı, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu ümmətə bəyan edərdi və ya həyatında bunu edərdi və ya onun səhabələri (Allah onlardan razı olsun) bunu edərdi. Bunların heç biri baş vermədikdə, aydın olur ki, bunun İslama heç bir aidiyyatı yoxdur. Əksinə, bu, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ümmətinə qadağan etdiyi bidətlərdəndir, necə ki, bu yuxarıdakı hədislərdə zikr olunmuşdur.

Bu hədislərin mənasında başqa hədislər də gəlmişdir. Məsələn, Peyğəmbər (salləllahu aleyhi və səlləm) cümə xütbəsində deyərdi:

“Sonra isə: Həqiqətən, ən yaxşı söz Allahın kitabı, ən yaxşı yol Muhəmmədin (salləllahu aleyhi və səlləm) yoludur, ən pis şeylər isə, yeniliklərdir, hər bir bidət də zəlalətdir”. (Muslim).

Bu babdan olan ayə və hədislər çoxdur.

Artıq bir çox alim zikr olunan və başqa dəlillərə əməl edərək  mövludları inkar etmiş, onlardan çəkindirmişlər.

Sonra gələnlərdən bəziləri isə, buna müxalif olaraq, münkər əməllər işləmədən, Peyğəmbər (salləllahu aleyhi və səlləm) barədə həddi aşmamaq, qadınların kişilərə qarışmaması, musiqi alətlərindən istifadə etməmək və pak şəriətin inkar etdiyi başqa şeyləri etmədən mövlud keçirtməyi icazəli bilmiş və bunu yaxşı bidətlərdən zənn etmişdirlər.

Şəri qayda isə belədir ki, insanlar ixtilaf etdiyi şeyləri Allahın kitabına və Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnətinə qaytarmalıdır. Allah Təala belə buyurmuşdur:

“Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, o şeydə Allaha və (Onun) Elçisinə qayıdın.” (Ən-Nisə, 59).

Həmçinin, buyurmuşdur:

“İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək yalnız Allaha aiddir”. (Əş-Şura, 10).

Bu məsələni, mövlud keçirtməyi, Allah Təalanın kitabına qaytardıq və gördük ki, o, bizə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyi şeylərdə ona tabe olmağı əmr edir və  Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qadağan etdiyi şeylərdən bizi çəkindirir. Və bizə xəbər verir ki, Allah Təala bu ümmət üçün dinini artıq kamil etmişdir. Mövlud keçirtmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyi bir şey deyil, demək, bu, Allahın bizim üçün kamil etdiyi və bizə onda Peyğəmbərə (salləllahu aleyhi və səlləm) tabe olmağı əmr etdiyi dindən deyil.

Mövlud keçirtmək məsələsini Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnətinə də qaytardıq və gördük ki, nə bunu etmiş, nə bunu etməyə əmr etmiş, nə də səhabələri bunu etmişdir. Bununla da bildik ki, bu, dindən deyildir, əksinə, dinə salınmış bidətlərdəndir, həmçinin, yəhudi və nəsranilərin bayramlarında onlara bənzəməkdir.

Bununla da, ən kiçik bəsirəti, haqqa rəğbəti və haqqı tələb etməkdə ən az insafı olan hər kəsə aydın olur ki, mövludlar keçirtmək İslam dinindən deyildir, Allah Təalanın və Onun Peyğəmbərinin (salləllahu aleyhi və səlləm) qadağan etdiyi və tərk etməyi əmr etdiyi bidətlərdəndir.

Ağıllı insana yaraşmaz ki, başqa ölkələrdə bunu edən insanların çoxluğuna aldansın, çünki haqq onun edənlərin çoxluğu ilə yox, yalnız şəri dəlillər ilə bilinir. Necə ki, Allah Təala buyurur:

“Onlar dedilər: “Yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin! ”” (Əl-Bəqərə, 111).

Başqa bir ayədə Allah (azzə və cəllə) buyurmuşdur:

“Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar.” (Əl-Ənam, 116).

Sonra, bu mövlud mərasimlərinin çoxu, bidət olmaqla yanaşı, başqa münkər əməllərdən də xali olmur: qadınların kişilərə qarışması, musiqi alətləri və nəğmələr, sərxoşedici və uyuşdurucu maddələrdən istifadə və digər şərli əməllər. Hətta bunlardan daha pis olan böyük şirk də baş verir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) və digər övliyalar barədə həddi aşmaq, onlara dua etmək, onlardan kömək, mədəd istəmək, onların qeybi bidiklərinə etiqad etmək. Bu və digər küfür əməllər – Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və övliya adlandırdıqları digərlərinin mövludlarını bayram etdikdə insanların çoxunun etdikləridir.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhih hədisdə belə buyurmuşdur:

“Dində həddi aşmaqdan çəkinin! Sizdən əvvəlkiləri yalnız dində həddi aşmaq həlak etmişdir”. (Əhməd, Nəsəi, İbn Məcə, Hakim).

Başqa bir hədisdə buyurmuşdur:

“Nəsranilərin Məryəm oğlu İsa ilə etdikləri kimi siz də məni təriflədikdə həddinizi aşmayın. Mən yalnız Onun quluyam, deyin ki, Allahın qulu və elçisi”. (Buxari).

Qəribə olan odur ki, bir çox insanlar belə bidət şənliklərində iştirak etməkdə çalışqan, həvəsli olur, onları müdafiə edir, Allahın ona vacib etdiyi cümə, camaat namazlarından isə, yayınır. Onlara əhəmiyyət vermir, bununla böyük bir münkər etdiyini də düşünmür. Şəkk yoxdur ki, bu, imanın zəifliyindən, bəsirətin azlığından və qəlbləri bürüyən müxtəlif növ günah və asiliklərdəndir. Allahdan özümüz və digər müsəlmanlar üçün afiyət, salamatçılıq istəyirik.

Həmçinin, bəziləri zənn edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) mövludda iştirak edir, ona görə də onu salamlayaraq ayağa dururlar. Bu isə, ən böyük batil və ən pis cəhalətdəndir, Peyğəmbər (salləllahu aleyhi və səlləm) qiyamət günündən əvvəl qəbrindən çıxmır. Heç bir insanla əlaqə qurmur və onların yığıncaqlarında iştirak etmir, qiyamət gününə qədər qəbrindədir, ruhu isə, ən uca “illiyyin”də, cənnətdə, Rəbbinin qatındadır. Allah Təala buyurub:

“Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz. Sonra da Qiyamət günü dirildiləcəksiniz”. (Əl-Muminun, 15-16).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə, belə demişdir:

“Qiyamət günü ilk qəbri yarılan (qəbirdən çıxan) mənəm, ilk şəfaət edən və ilk şəfaəti qəbul edilən mənəm”. (Muslim).

Rəbbindən onun üzərinə ən əfzəl xeyir-dua və salam olsun!

Bu ayəti-kərimə və hədisi-şərif, həmçinin, bunların mənasında olan digər ayə və hədislər dəlalət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) və başqa ölülər qəbirlərindən yalnız qiyamət günü çıxacaqlar. Bu, müsəlmanların alimlərinin icma etdiyi, barəsində ixtilaf olmayan məsələdir. Hər bir müsəlman bu şeylərə gərək diqqət etsin, cahillərin və onların oxşarlarının icad etdiyi, Allahın barəsində heç bir dəlil nazil etmədiyi bidət və xurafatlatdan uzaq olsun. Kömək Allahdan istənilir, təvəkkül Ona edilir və güc-qüvvət yalnız Allahdandır!

Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat və salam deməyə gəldikdə isə, bu ən əfzəl ibadətlərdən və saleh əməllərdəndir. Allah Təala buyurur:

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (Əl-Əhzəb, 56).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur:

“Kim mənə bir salavat deyərsə,  buna görə Allah ona on salavat deyər”. (Muslim).

Salavat hər vaxt deyilə bilər, hər namazın axırında deyilməsi  təkid olunmuşdur, hətta bir çox alimə görə hər namazın son təşəhhüdündə vacibdir. Bir çox başqa yerlərdə isə, təkid olunmuş sünnətdir: azandan sonra, Peyğəmbər (salləllahu aleyhi və səlləm) zikr olunanda, cümə günü və gecəsi. Necə ki, bunlara bir çox hədislər dəlalət edir.

Allahdan istəyirik, bizi və digər müsəlmanları dinini başa düşməyə və onda sabit qalmağa müvəffəq etsin və hamımıza sünnəyə mülazim olub bidətdən uzaq durmaq üçün lütf etsin, həqiqətən, O, səxavətli və kərimdir!

Peyğəmbərimiz Muhəmmədin, onun ailəsi və səhabələrinin üzərinə Allahın xeyir-duası və salamı olsun!

Şeyx Əbdül-Əziz bin Abdullah bin Bəz (Allah ona rəhm etsin).


Tərcümə etdi: Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax