• Menyu
  • Menyu

Şeyx Muqbil ətrafında yaradılan bəzi ixvani-hizbi şübhələrinin dəf edilməsi

tovhidinfo

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Alimlərin xəta etdikləri məsələlərdə, sözlərdə öz hava və istəklərinə dəlil gətirən insan ancaq azğın birisi olar. Xüsusilə də, belə alimləri əslən qəbul etməyib, sanki yeni bir ideya ilə çıxış etdiklərini etiqad edəndə. Sələflərdən İmam Əhməd (Allah ona rəhmət etsin) buyurmuşdur:

«Kim alimlərin sözlərində rüxsət axtararsa, zındıqlaşar.»

Bu, o deməkdir ki, kim alimlərin sözündə özünün etmək istədiyi, danışmaq istədiyi bir şeylərə dəlil axtararsa, özünə sərf etdiyi üçün onların bəzi səhv sözlərinin dalıyca düşərsə, zındıq olar.
Bu məslək doğru olmayan, öz bidətlərini yaymaq istəyən, insanlara batili bəzəyərək haqq olaraq göstərmək istəyən munhərif, yolunu azmış kəslərin məsləkidir.

Samir Firdovsioğlu da belələrindəndir. Guya ki, Şeyx Muqbilin (Allah ona rəhmət etsin) bəzi sözlərini gətirməklə, “kimin Şeyxə müxalif olduğunu” demək istəyib.

İlk olaraq, onu deyim ki, biz əqidəmizi alimlərin sözləri üzərində qurmamışıq. Əqidəmiz Kitab və Sünnə üzərində qurulub. Alimlərdən kimin sözləri Kitab və Sünnəyə müvafiq olarsa, onu götürürük. Müxalif olduğu halda isə, sözlərini tərk edirik. Alimlər haqqa isabət etdikdə iki əcr qazanar, xəta etdikdə isə bir əcr. Bəs sən nə qazandın?! Alimlərin şaz, xətalı sözlərini öz bidətini yaymaq və bəzəmək üçün istifadə edib haqq olduğunumu hesab edirsən? Bu cür xətalı sözlərlə insanları çaşdırmaq, ixtilaf yaratmaq, müsəlmanların səfflərini parçalamaq isə, özü bir cinayətdir. Şeyx Muqbilin ixvanlar və camaat təbliğ haqqında nə vaxtsa dediyi sözləri gətirmək − bu, əslində, onları müdafiə etmək, əhli sünnə kimi göstərmək, öz batil mənhəcini insanlar arasında yaymaqdır.

Mən bu kiçik risalədə çox uzatmadan Şeyx Muqbilin ixvanlar, “təbliğ camaatı” və “hizbut-təhrir” barədə olan sözlərini, həmçinin, onun sələfilik barədə olan sözlərini qeyd edəcəm inşəAllah.
Bəli, ilk vaxtlarda bəzi alimlərə ixvanların və “təbliğ camaatı”nın halı aydın olmamışdır. Lakin, sonradan onların əsl hədəfini, batil əqidə və mənhəclərini bildikdən sonra, haqq olanı zikr etmişdirlər. Hətta tutaq ki, Şeyx Muqbil onları tərif edib, “təbliğ camaatı” necə mübarək bir dəstə ola bilər ki, əqidələri şirk üzərində bina olunub. Tövhidin hər üç növündə də şirkin çirkabına batıblar. Məgər şirkdə bərəkət olar?! Sünnəyə müxalif əməlləri isə, saysız hesabsızdır. Məgər bidətdə bərəkət olar?! Nə vaxtdan şirk və bidət mübarək bir məslək olub?!

İxvanlara gəldikdə isə, onlar şərrin bütün növlərini özlərində cəm ediblər. Aralarında hər cür tayfadan olan insanlar var. Hətta, aralarında nəsrani belə taparsan. (Necə ki, Həsən əl-Bənnanın katiblərindən biri nəsrani idi) Bunların arasında sufi, əşari, maturudi, rafizi, təkfirçi, təbliğ camaatı, hətta, qeyd etdiyim kimi xristian belə var. Bu “ixvanlar”a görə, kim olursan ol, əgər hakimiyyətə gəlməkdə, hakimlərə qarşı mövqeyimiz üst üstə düşürsə, sən də bizdənsən. Bir qaydaları var: “İttifaq etdiyimiz işlərdə cəm olaq, ixtilaf etdiyimiz işlərdə isə, bir-birimizə üzr tapaq”.

İndi siz deyin, qardaşlar, tövhid və əhli ilə, sünnət və əhli ilə düşmənçilik edən, tövhid və sünnədən danışdığın zaman sənin sözünü kəsən, özlərindən və məclislərindən qovan, “tövhid və əqidə məsələləri ümməti parçalayır” deyən təbliğ camaatı ilə, hakimlər barədə: “sus danışma” dedikdə, səni yaltaq, hakimlərin qulu nökəri adlandıran, alimlər barədə isə, sultan (və ya saray) alimləri, heyz alimləri deyən ixvanlarla, “hizbut-təhrir”lə, bu xəbis tayfalarla, hizbilərlə necə cəm olaq? Küfrü imandan, şirki tövhiddən üstün tutanlarla, necə birləşək? Batil yolu ilə – demokratik yollarla – hakimiyyətə gəlməyi üstün tutub, hakimiyyətə bu yolla gəlməklə “şəriəti tətbiq edəcəyik” şüarı altında kürsüyə gəlib, sonda sözünə xilaf olan bu yalançı, xəbis tayfa ilə necə cəm olaq? Mövcud olduqları, xəbis fikirlərini yaydıqları elə bir ölkə yoxdur ki, orada əmin-amanlıq pozulmasın, ölkə xarabaya çevrilməsin. Tunisdə, Liviyada, Suriyada və eləcə də, Misirin özündə insanları ayağa qaldırıb, sonda isə, onların qanının axıdılmasına, irzlərinin, namuslarının ayaq altında tapdalanmasına, mallarının-mülklərinin əllərindən alınmasına səbəb olan bu “xəbis tayfa” ilə necə cəm olaq? Əhli sünnədən, yəni sələfilərdən başqa hər kəsi özlərinə dost tutan, əhli sünnə cavanlarını haqq yoldan azdıran bir tayfa ilə necə cəm olaq?

Bu münkər, xəbis əməllərə göz yumub onlara qoşulan kimsə, tövhidə və sünnəyə xəyanət edən, onu təzim etməyib alçaldan bir kimsədir. Samir kimilər isti yorğan-döşəkdə oturub bədbəxt insanları mitinqlərə çağırmaqla onların müsibətlərə qərq olmasına səbəb olan kəslərdir. Bunlar xəvariclərin ən təhlükəli qollarından olan “qaidiyyə” firqəsindən olan munhərif kəslərdir. Özləri bir şey etmədiyi halda camaatı iğtişaşlara çağırıb, arxalarından da yalançı göz yaşları axıdan kimsələrdir.

Ey Şeyx Muqbilin bəzi sözlərinə əməl edib özünə dəlil gətirən kimsə! Bəs nəyə görə onun “məzhəbçilik” barədə olan sözlərini qeyd etmirsən? Halbuki, şeyx Muqbil “məzhəbçiliyə” qarşı ən sərt çıxış edən alimlərdəndir. Eləcə də, “ixvanlar” barədə sərt sözləri saysız-hesabsızdır.  Onda, şeyx Muqbilin Yusif Qardavi, Abdulməcid Zindani kimi ixvanlar barədə olan mövqeyini də zikr elə! Həmçinin, şeyxin sələfilik  barədə olan sözləri kifayət qədərdir. Müasir alimlər barədə olan sözləri də kifayət qədərdir. Sən isə, müasir alimlər və onların görüşlərindən danışanda, sanki bu mübarək alimlər yeni bir şey deyibmişlər kimi qələmə verirsən. Sən təqlidçi, onlar isə, müctəhid alimlər. Hardan bildin ki, onlar xəta ediblər? Axı sənə görə müctəhidin xətasını ancaq müctəhid bilə bilər. Bunlar da onu göstərir ki, sən alimlərin sözündə ancaq öz hava və istəyinə uyğun olanı götürüsən. Alimlərin zəllətlərinə (bəzən büdrəmələrinə) tabe olub haqqa arxa çevirirsən. Müasir alimləri gözdən salmaqla öz mənhəcini cavanlar arasında yaymaq istəyirsən.

Təsəvvür edin ki, müsəlmanların müasir alimlərə etimadı olmasa, onların ixvanlar və digər bidət əhli haqqında olan sözlərinə də etimad olunmayacaq. Beləliklə də, Samir kimilər öz xəbis ixvan mənhəcini müsəlmanlar arasında yayacaqlar. Bu əməlin başqa çirkin tərəfi isə, Allahın hikmət və ədalətinə tənə etməkdir. Yəni, Allah bu ümməti bu əsrdə haqqı deməyə cürət etməyən, qədim islam alimlərinə müxalif olan, hakimiyyət məsələsində (Samirin dediyi kimi) aşırıya gedən (yəni, yaltaq), cihad və əhlini yardımsız qoyan bir dəstə alimlərəmi həvalə edib?!

Əsla belə deyil! Ümmətin alimləri heç vaxt zəlalət üzərində cəm olmazlar. Bu, Allahın hikmətinə, ədalətinə və ümmətə olan rəhmətinə tənə etməkdir. Yaxşı, sən de görək kimdir sənin prizmandan baxan alimlər? Bəlkə Seyyid Qutubun, Həsən əl-Bənnanın və onların bənzəri olanların adlarını çəkəsən? Yaxud da, Nurəddin Yıldız və Abdullah Yolcu kimilərin…
Son olaraq sizi Şeyx Muqbilin bu munhərif tayfalar haqda sözləri ilə baş-başa buraxıram. Allah müsəlmanları yəhudilərin və qərbin əlində müsəlmanlara qarşı silah olan bu xəbis tayfalardan qorusun. Amin.

1. Sual: Amerikaya özlərini əhli sünnəyə nisbət edən şəxlər gəlirlər. Onlardan biri də Uqeyl əl-Muqtaridir. Məscidlərdə xütbə verir, sonda isə cəmiyyətlər üçün ianə (pul) yığır. Bunun hökmü nədir?

Cavab: “Əl-İxvanul-muslimin”in dəvəti maddiyyat, dünyavi dəvətidir, pul yığmaq üçün olan dəvətdir. (Yəni niyyətləri pul və dünyadır)… Sonra Şeyx sözünə belə davam edir:

“Haqq budur ki, onlar dəvəti pis göstəriblər. Ən çirkin olanı isə odur ki, ixvanlar və “Həkəmə cəmiyyət”i bu pullarla əhli sünnədən olan qardaşları ilə müharibə edirlər. Əhli sünnə cavanlarını (mənhəclərini) pulla dəyişirlər…
Biz ixvanlar haqqında saqqallarını qıxdıqları üçün danışmırıq. Yəmən xalqı içində onlardan şərli olanı da var. Yaxud da şalvar geyindikləri üçün deyil. Yəmən xalqı içində onlardan şərli olanı da var. Biz ona görə onlar haqqında danışırıq ki, onlar islam adı altında batili haqq kimi göstərirlər, əhli sünnədən olan qardaşları ilə müharibə aparırlar. Eləcə də, “Həkəmə cəmiyyət”i ixvanlarla köməkləşib əhli sünnə cavanlarına əziyyət verirlər…
Buna görə də, kim onlara malla yardım edirsə, əhli sünnə ilə müharibəyə dəstək vermiş olur.  Mən Uqeylə deyirəm: “Hanı sənin quburilər və sufilərə qarşı müharibən?”…” [Bax: Tuhfatul mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 76-78]

2. Sual: “Əl-İxvanul muslimun” mənhəc və fərdlər olaraq nicat tapanlar firqəsi, “taifə mansura” (hər ikisi əhli sünnənin adlarından sayılır və hədislərdə keçən vəsfləridir), əhli sünnə vəl-camaat adı altına daxildirlərmi, yoxsa əksinə?

Cavab: Mənhəc olaraq qurulmasından, işin əvvəlindən bidət bir mənhəcdir. Qurucusu da qəbirləri təvaf edən biri Həsən əl-Bənnadır. O, şiələrlə sünnilərin yaxınlaşmasına çalışan, mövludlar keçirən birisi idi. Bu mənhəc əvvəllindən bir bidət və zəlalət mənhəcdir. Amma, fərdlərə gəldikdə, onlara ümumi hökmü tətbiq edə bilmərik. Kim ki, bidətçi Həsən əl-Bənnanın fikirlərini bilərsə, sonra da bu fikirlərin ardınca gedərsə, o şəxs zəlalət əhlidir. Amma kim ki, bunu bilmirsə, onlara İslam və müsəlmanlara yardım etmək niyyəti ilə qoşularsa, həqiqi hallarını bilmirsə, beləsi haqqında bir hökm vermərik, lakin xəta edən birisi olduğunu hesab edərik. Beləsinə vacibdir ki, düşdüyü fikirlərə bir daha nəzər yetirsin… [Tuhfatul mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 96]

3. Deyirəm: Yəməndə olan “əl-ixvanul muslimin”in, “Həkəmə cəmiyyəti”nin üzvlərinin və “ihsan cəmiyyəti”nin sufilərə, şiələrə, komunistlərə, ibadilərə və xurafat əhli olan quburilərə olan rəddiyələri hanı?! Əksinə, onların ən böyük düşmənləri əhli sünnədir. Öz güclərini əhli sünnəni dağıtmaq üşün sərf etmişlər. Lakin, İzzət Sahibi olan Allah belə buyurmuşdur: “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! [Ali İmran, 160]

4. Əhli sünnəyə nəsihət edirəm ki, Kitab və Sünnədə mustəqim olsunlar, bütövlüklə Kitab və Sünnəyə yönəlsinlər və bunlarla (ixvanlar və onların mislində olanlarla) özlərini məşğul etməsinlər. Çünki, artıq onlar əriyib zay olublar. [Tuhfatul mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 166]

5. Bu qövm məcruh (cərh olunmuş) bir qövmdür. “İhya ət-turas” məcruh bir qövmdür.  Onlar dəvətçilərin arasında parçalanma yaratdılar. Eləcə də “Həkəmə cəmiyyəti” məcruh bir qövmdür. Eləcə də “ihsan cəmiyyəti”. Həmçinin, “əl-ixvanul-muflisun” (müflis ixvanlar) məcruh bir qövmdür. İlk olaraq bu mənhəcə (müvazənət qaydasına) sururilərdən, ixvanlardan, həkəmə cəmiyyətindən və ihsan cəmiyyətindən olan hizbilər dəvət ediblər.” [Tuhfatul mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 166]

6. Sual: Sənin ərəb torpaqlarında olan, Fələstində olan “İslam cihadı” və “Həmas” haqqında görüşün nədir?

Cavab: “Həmas” hərakatına gəldikdə, onların islama köməyi dəyməmişdir. Onların arasında şiə, hizbi, ixvanlar var. Yasir Ərafat insanları çox aldadıb, hansı ki, İsrailin əlində bir işçi idi. Sonda da Fələstini İsrailə satdı…
O ki, qaldı “həmas” camaatına, bu, hizbi bir camaatdır, nə yaxşılığı əmr edir, nə də münkərdən çəkindirir, (əvəzində) əhli sünnəyə inkar edir. Əgər onlar üçün qələbə hasil olsaydı, Əfqanıstanda edildiyi kimi edərdilər. Bir-birlərinin üzərinə top-tüfəng yönəldərdilər. Çünki, vahid bir qəlb kimi deyillər (yəni, bir deyillər).”  [Tuhfatul-Mucib alə əsilətil-hadir vəl-ğarib, 228]

Qeyd: Şeyx demək istəyir ki, onların qəlbləri ayrı olduqları üçün, Əfqanıstanda Sovetə qarşı qələbədən sonra parçalandılar, bir-biriləri ilə mübarizə apardılar. Həmas və digər hizbilərin də halı belədir. “Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır.” [Həşr, 14]

7. Bir başqa sualın cavabında belə deyir:
“Allahdan istəyirəm ki, Allah Yəməndən fitnələri və daxildə olan hizbiliyin şərrini uzaq etsin. Həmçinin, hizbilərə vacibdir ki, Allaha tövbə etsinlər. Mən bəzilərinin tövbəsinə də üzülürəm (yəni, inanmıram). Onların misalı xameleonun misalına bənzəyir. O, ağ yerdə gəzəndə ağ rəng, qara yerdə gəzəndə qara rəng, yaşıllıqda gəzəndə isə yaşıl rəng alır. İxvanlar da belədirlər, haldan hala dəyişib, müxtəlif rəng alırlar.” [Tuhfatul mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 323]

8. “Əl-İxvanul-muslimin”in dəvəti dəvətlər üçün bir müsibət, bəladır. Çünki, onların ən böyük düşmənləri əhli sünnədir. Onlar kommunistlərlə, bə’silərlə, nasirilərlə, ilmənilərlə (dünyavilik prinsiplərinə dəvət edənlər) və, habelə, rafizilərlə birləşirlər, lakin bir ixvanın sünni birisi ilə yardımlaşması mümkün deyil. Onlardan biri belə demişdir: “Əgər mənim əlimdə imkan olsaydı, kommunistlərdən qabaq (müharibə aparmaq üçün) sizdən başlayardım, ey əhli sünnə.”
Bu dediyimizə Əfqanıstanda Kunar əhlinin, Şeyx Cəmil (Allah ona rəhmət etsin) və onunla olanların başına gələnlər sübutdur (İxvanlar) Dəvəti məhv etdilər, dağıtdılar və kişilərini də boğazladılar.
(Beləliklə,) ixvanların dəvəti dəvət üçün bir bəla, müsibətdir. (İxvanların dəvəti) siyasi dəvətdir. Sünninin yanına sünni sifəti ilə  gəlirlər, əgər ona ehtiyacları olarsa. Bə’siyə ehtiyacı olanda bə’si sifəti ilə, kommunistlərə ehtiyacı olanda, kommunist sifəti ilə gəlirlər. [Tuhfatul mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 203-204]

9. İxvanların dəvətinin əsli quburi dəvəti üzərində qurulub. Necə ki, bunu qardaşımız əş-Şihhi “Hivarun hədi mə’a ixvani” adlı risaləsində qeyd edib. Bu risalə çox qiymətli risalədir. Bu risalədə qeyd edir ki, Həsən əl-Bənna qəbirləri tavaf edib, mövludlarda iştirak edirdi… Həmçinin, oxumuşam ki, onun xüsusi katibi nəsrani idi. [Tuhfatul mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 203]

Şeyx Muqbil (Allah ona rəhmət etsin) “Hizbut-Təhrir” barədə isə, belə demişdir:

1.Hizbut təhrir xəbis bir hizbdir, dəstədir.
İordaniyada yaranmış bir dəstədir, “ixvan”lardan  törənmiş, ayrılmış bir hizbdir. Onlara yazdılar ki, qayıdın yanımıza, lakin üz çevirdilər…
Onlar ancaq siyasətə etimad edirlər. Onlar nə elmə, nə əxlaqa etimad etməzlər. Fiqhi məsələlərdə də qadınlarla əl ələ görüşməyi caiz görürlər. Qadınlara başçı olmasını, şuranın məclisində ( parlament) olmasını caiz görürlər. Həmçinin, kafirin də şuranın məclisində olmasına icazə verirlər. Bu hizb maksimum zəlalətdə olan azğın bir hizbdir.
Mən “Hizbut-Təhrir”lə qürurlanan insanlara təəccüb edirəm və hər kəsə bu hizbdən uzaq durmağı və onlardan çəkindirməyi nəsihət edirəm. Əgər onların təvil etdiklərini üzr gətirməsəydik, onlara kafir deyərdik. Çünki, onlar qəbir əzabını inkar edirlər, məsih dəccalın gəlişini inkar edirlər. Başçıları isə deyir ki, tələbələri dərviş olmasınlar deyə onlara Quranı öyrətmirəm.” [Tuhfatul Mucib alə əsilətil-hadir va əl-ğarib, səh 141-142]

2. “Hizbut-Təhrirə gəldikdə isə, bu hizb azğın, munhərif, əqidədən azmış bir dəstədir. Haramları və qadınlarla əllə görüşməyi mübah görürlər. Onları maraqlandıran hakimiyyətə gəlməkdir. Bu hizb “əl-ixvanul-muflisin”dən də xəbis bir dəstədir. Bu dəstədən uzaq durmaq lazımdır. Bu hizbin müəssisi olan ən-Nəbhəniyə dedilər ki, nəyə görə cavanlarınıza Quranı öyrətmirsiz? Belə dedi: “Mən dərvişlər çıxartmaq istəmirəm.” Həmçinin, qadının da parlamentə girməyini caiz görüb.” [Tuhfatul mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 203]

“Təbliğ camaatı” barədə isə belə deyib:

1. “Camaat-təbliğ haqqında Şeyx Həmud ibn Abdullah ət-Tuveyciri “Camaat təbliğdən çəkindirmək barədə gözəl, aydın söz” adlı kitab yazıb və bu kitabı oxumağı tövsiyə edirəm. Həmçinin, qardaşımız Fəlih əl-Hərbi, eləcə də Ciddədən olan qardaşımız əş-Şərqavi camaat təbliğ haqda yazıblar. Onların şirkiyyətlərinin,  sufiliklərinin və zəlalətlərinin bəyanı haqqında çoxlu kitablar vardır. Dəvətləri meyyit dəvətdir. Meyyit dəvəti olmasaydı, kommunizm dövründə kommunist dövlətlərinə getməzdilər. Fransadan bir qardaşımız gəlmişdi, ona dedik ki, sizin ölkəyə Allaha dəvət üçün gələ bilərikmi? Bizə dedi ki, ancaq “camaat-təbliğ” adı ilə gəlməyi bacararsız. Çünki onlara izn verilib. Əgər onların dəvətləri Əbu Cəhlin zamanında olsaydı, (Əbu Cəhl) onlara inkar etməzdi. Onlar altı xislətə dəvət edirlər. Bu dəvət cahillik üzərində qurulmuşdur. Allah Subhənəhu va Təalə belə deyib: “De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. [Yusif, 108]

Onlarla şərab satan, heç bir şey bilməyən avam bir kəs belə dəvətə çıxır. Dəvətləri cahillik və zəlalət dəvətidir. Onlarla (dəvətə) çıxmağı məsləhət görmürəm. Onlara mane olunsaydı nə yaxşı olardı. [Tuhfatul-Mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 74-75]

2. Təbliğ camaatı bidətçi bir camaatdır. Onlar çox böyük işlər görürlər. Lakin onlar Hindistanda sufilik və bidətlər üzərində təsis edilmiş bir camaatdır. Həmin bidətlərdən birisi də, onların dəvət naminə səfərə çıxmaq üçün qırx gün və ya dörd gün təyin etmələridir. Bundan daha çirkin olanı isə, onların sufi fikirli olmalarıdır. Bu camaat ilə əlaqəli qardaşımız Səd ibn Abdullah əl-Husaynın, qardaşımız Nizalın, Fəlih əl-Hərbinin və pakısatanlı Məhəmməd ibn Əsləmin yazılarını oxumağı tövsiyə edirəm.
Amma, onların dəvət etmələrinə və hökümətin isə, onların dəvətlərinə mane olmamasına gəldikdə isə, bunun səbəbi onların dəvətlərinin xəstə bir dəvət olmasıdır. Biz onların dəvətləri barəsində “ölü dəvət” ifadəsini işlədəndə, onlar bu sözə görə qəzəbləndilər və bizə cavab olaraq dedikər ki, ölü hərəkət eləmir, amma biz isə hərəkət edirik.
Xülasə, onların dəvətləri xəstə bir dəvətdir. Çünki, bu dəvət yaxşılığı əmr edib, pisliklərdən çəkindirmir, tövhidə dəvət etmir, zalımların önündə durmağa dəvət etmir. Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə bir dəvət ilə dəvət aparsaydı, Əbu Cəhl və Əbu Ləhəb ilə əmin-amanlıq içərisində yaşayardı (və onlardan heç bir əziyyət belə görməzdi).
Bu dəvətin (“camaatut-Təbliğ”in) altı əsas prinsipi var. Onlar bu prinsiplərə muxalif ola bilməzlər. Əgər birdən kimsə muxalif olarsa, həmən onu öz camaatlarından uzaqlaşdırarlar. Həmçinin, əgər bu muxalif onların yaxın həmkarlarından birisi olsa belə, o dəvət apardığı, danışdığı yerdə onu tərk edib, ondan uzaqlaşarlar. Bir sözlə, onlar bidətçi bir camaatdır və onlara aldanmamaq lazımdır. [ Ğaratul əşrita, 1/431]

3. Sual: Bizdə (İngiltərədə) ixvanlar, sururilər, çoxlu təbliğ camaatı var. Sələfilər isə, azdır. Sələfilər bu camaatlarla necə rəftar etsinlər?

Cavab: Bu haqda fikirimiz əvvəldə keçdi. Bu da ondan ibarətdir ki, onlardan uzaq durmaq lazımdır. Amma camaat-təbliğ, bu haqda hörmətli şeyx Hamud ət-Tuveycirinin “Camaat-təbliğdən çəkindirmək haqqında gözəl aydın söz” adlı kitabı əldə etməyinizi tövsiyə edirəm. [Tuhfatul-Mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 153-154]

Şeyx Muqbilin bu sözlərindən gördün ki, Şeyx Kitab və Sünnə üzərində olmayan heç bir dəstə və camaatlarla, habelə cəmiyyətlərlə yardımlaşmağı icazəli bilmir. Əksinə, onların bidətlərini bildikdən sonra yenə də onları müdafiə edib onlarla olanları zəlalət əhli adlandırır.
O ki, qaldı Muhəmməd Surura, onun halı da eynilə qeyd olunan şəxslər və camaatlardan geri qalmır. Şeyxin onu və camaatı haqqında tənqidi fikirləri kitablarında və kasetlərində olduqca çoxdur. Məqalə uzun olmasın deyə, bu haqda bir şey yazmıram. Geniş məlumat almaq istəyən “Tuhfatul-Mucib alə əsilət əl-hadir va əl-ğarib” adlı kitaba nəzər sala bilər. Ümumiyyətlə, oxucu fikir versə, görər ki, bu məqalənin demək olar ki, əksər mənbəsi həmin kitabdır. Çünki, bu kitab şeyxin şəxslər və camaatlar barədə olan son görüşlərini özündə cəm edib.

Amma sələfiliyə gəldikdikdə Şeyx Muqbil heç zaman bu addan imtina etməyib. Əksinə, bu ada nisbət olunmağın gözəl bir iş olduğunu deyib.

1. Sual: Sələfiliyə nisbət olunmağın və bu adla adlanmağın hökmü nədir?

Cavab: Gözəl bir işdir, istər sələfiliyə istərsə də sünnəyə nisbət olunsun. Bəzi insanlar deyirlər ki, sünnəyə nisbət olma, çünki, bidətçilər var. Xeyir belə deyil. Sünni kimdir? Sünni o kəsdir ki, kitab və sünnəyə sələfi salehin fəhmilə mültəzim olub. Buna görə də, mən sələfiyəm və ya sünniyəm və ya əhli hədisəm deməyin gözəl bir işdir. Bu  nisbət hizbilik nisbəti kimi deyil. Deyir mən ixvanam. Özünü kimə nisbət edirsən? (Deyir) Həsən əl-Bənnəyə. (Başqa birisi) mən təbliğiyəm. Özünü kimə nisbət edirsən? (Deyir) Muhəmməd İlyasa…[ət-Tuhfatul əl-məhdiyyə, səh 37, əl-Qovlul ən-nəqiy fi marifəti mə’na sələfi” kaseti]

2. Başqa bir sualda “mən sələfiyəm” sözümüzün mənası barədə soruşulduqda belə deyib:

Cavab: “Sələfi”-onlar sələfi salehin fəhmilə kitab və sünnəyə tabe olanlardır. [https://youtu.be/5iafm6goWIg]

Şeyx Muqbil demişdir: “Sələfi dəvətinin təsisçisi Rasulullahdır (sallallahu aleyhi va səlləm)” [əl-Burkən linəsfi cəmiəti əl-imən, səh 36]

Gördüyünüz kimi, bu ada nisbət olunmaq ən şərəfli və gözəl bir işdir. Dövrümüzün bir çox alimləri bu ada nisbət olmağı gözəl bir əməl adlandırmışlar. Lakin, hər nisbət olunan sələfi olurmu? Cavab: xeyr. Həqiqi sələfi Kitab və Sünnəyə sələfin fəhmilə tabe olandır. Sələfilik islam, islam da sələfilikdir. Bu ada tənə etmək islama tən etməkdir. Dövrümüzün alimləri bu adın əhli sünnənin adlarından olduğunu qeyd ediblər. Bu addan ancaq hizbi və bidət əhli olan kəslər qaçar. Çünki, onların heç biri Kitab və Sünnətə sələfin fəhmi ilə baxmayıblar. Biz də ona görə sələfiyik ki, özümüzü sələfi-salehə nisbət etmişik. Onlar da səhabə, tabein və onlara gözəl şəkildə tabe olanlardır. Onlar haqqında Peyğəmbər  (sallallahu aleyhi va səlləm) belə demişdir: “Ən xeyirli insanlar mənim əsrimdə olanlar, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlərdir.” 
[Səhih əl-Buxari, 3651]

Bu nisbət necə də gözəl və necə də şərəflidir!

Bu haqda geniş oxumaq istəyən bu linkə − http://tovhid.ixlasla.com/eqide/442-ehli-sunnenin-adlari  “Əhli sünnənin adları və sələfi adlanmaq olarmı” başlıqlı məqaləmə baxa bilər.

O ki qaldı Samirin sonda verdiyi iki suala, cavab odur ki, bir çox şeyxlərə bu dəstələrin halı tam bəlli deyildi. O camaatlar da öz növbəsində “şəriətə dəvət edirik” şüarı ilə çıxış edirdilər. Məsələn; ixvanların bəzi şeyxləri ilk dəvətlərində demokratiyaya, bunun fəsadlarına qarşı bəzi kitablar yazıblar. Eləcə də kommunistlərlə və müstəşriqlərlə mübarizədə bəzi fəallıqları olub. Eləcə də, digər camaatlar. Lakin, sonradan əsas hədəfdən yayındıqda və məqsədlərinin yalnız hakimiyyət və dünya olduqları, tutduqları mənhəcin Quran və Sünnəyə müxalif olduqlarını alimlər görəndə, onlardan təhzir etdilər. Eləcə də bəziləri yalan danışaraq, təlbis edərək, alimlərin yanına gələrək güya tövbə etdiklərini, xəta etdiklərini bildirdilər. Bununla da bəzi alimləri aldatdılar. Necə ki, bunu elə Şeyx Muqbil ixvan və hizbi olan Abdurrahman ibn Abdulxaliq haqqında deyib. Həmçinin, bəziləri şeyxin dediyi kimi, onların tələbələrindən olublar. Amma sonradan hizbi cəmiyyətləri ilə əlaqə qurduqdan sonra, pulla, dünya ilə aldandılar və mənhəclərini dəyişdilər, sonda da əhli sünnəyə qarşı mübarizəyə başladılar. Bu haqda şeyx “Tuhfatul-mucib alə əsilət əl-hadir va əl-ğarib” adlı kitabda kifayət qədər danışıb. Lakin, yalanın ömrü uzun olmur. Halları bəlli olan kimi, alimlər öz sözlərini dedilər.
Amma, tərif etdikləri zaman olan hallarına gəldikdə isə, üzürlüdürlər. Çünki, bu alimlər onların bəzi hallarını bilsələr belə, bu şeylərin dinə zidd olduğunu da inkar etmirdilər. Eləcə də Şeyx Muqbil kimi alimlərin üsulları əhli sünnənin üsullarının üzərində idi. Sadəcə olaraq, hallarını tam bilmədikləri üçün təhzir və təbdidən çəkiniblər. Bu da, alimlərin necə “vəra” əhli olduğuna, söz dedikləri zaman tələsməyib təmkinli olduqlarına bir işarədir. Şeyx Muqbil də onların halından xəbərdar olan kimi, Yəmən dövləti onların xain, murdar əməllərinə şahid olan kimi, onları ən sərt şəkildə tənqid edib, onlardan təhzir etmişdir. İstər bu hizbi dəstələr olsun, istər onları maliyələşdirən və onlara dəstək olan cəmiyyətlər olsun, istərsə də fərdi dəvətçi şəxslər olsun. Lakin kim ki, onların halından və bidətlərindən xəbərdar olub, lakin yenə də zəlalət üzərində israr edərsə, onun halı başqadır. Necə ki, Şeyx Muqbil özü bunu qeyd edir. Təkrar olsa da, yenə şeyxin sözünü qeyd edirəm.

“…Hər kim ki, bidətçi Həsən əl-Bənnanın fikirlərini bilərsə, sonra da bu fikirlərin ardınca gedərsə, o şəxs zəlalət əhlidir…” [Tuhfatul mucib alə əsilət əl-hadir va əl-ğarib, səh 96]

Son olaraq, bir şeyi də qeyd edim. Samir Firdovsioğlunun da, məslək yoldaşları kimi, sələfi − əhli sünnə şeyxlərinə qarşı kinayəli və ədəbsiz sözləri onun həqiqətdə alimlərə olan təqdirinin nə qədər aşağı olduğunu bir daha göstərir. Şeyx Muqbil heç bir “mənhəc testi”ndən keçməyib. O özü bu “test”dən sənin kimilərini imtahan edib. İnan ki, o qədər kəsilənlər oldu bu testdən! Bir başqa mənhəc yoldaşın demişkən, “sinifdə qaldılar.”
Özün də deyirsən ki, Şeyx bəzi fikirlərindən tövbə edib. Barı sən də ən azından onun tövbə etdiyi fikirlərdən tövbə et. Şeyxi tövbəyə, haqqa müvəffəq edən Allaha həmd və sənalar olsun.

Hakimiyyət məsələlərinə gəldikdə isə, növbəti məqalələrdə bu haqda da əhli sünnənin mövqeyini Allahın izni ilə bəyan edəcəyik..

.و صلى الله وسلم على نبينا محمد وعلى آله وصحبه ومن استن بسنته إلى يوم الدين. آمين


Mədinə İslam Universitetinin məzunu, Vüqar Qurbanov.

tovhidinfo
Vüqar Qurbanov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax