• Menyu
  • Menyu

Sünnəyə tabeçilik – İmamların sözü səhih sünnəyə zidd olarsa, nə etməli? – 2ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Sələfilərin dörd imam və onların məzhəbləri haqqında mövqeyi:

İmam Şafii və imam Əhmədin öz dilindən

Aləmlərin Rəbbi olan Allaha həmd olsun və onun Peyğəmbəri Muhəmmədə Allahın salavatı və salamı olsun.

Sonra:

Əziz müsəlmanlar! Əhli-sünnə imamlarının sünnəyə, səhih hədisə olan münasibətini sizə təqdim etməkdə davam edirik. Keçən yazımızda sizə iki böyük sünnə imamı, Əbu Hənifə və Malikin qiymətli sözlərini təqdim etmişdik. həmin yazı ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:

(Birinci hissəni oxumaq üçün bu yazıya daxil olun)

İndi isə, buyurun, digər iki böyük imam, Şafii və Əhmədin dəyərli sözləri ilə tanış olun:

1.İmam Şafii (Allah ona rəhmət etsin).

İmam Şafiinin (Allah ona rəhmət etsin) bu barədə daha çox və daha gözəl sözləri vardır. Həmin sözlərə ən çox əməl edənlər də onun tabeçiləridir.

Bu sözlərdən:

  • “Elə bir kəs yoxdur ki, ona Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsindən nə isə gizli qalmasin. Mən Peyğəmbərin (ona Allahin salavatı və salamı olsun) dediyi sözə müxalif olan hər hansi bir söz desəm və ya bir qayda qeyd etmiş olsam da, bilin ki, doğru söz Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözüdür. Onun sözü, həm də mənim sözümdür.” (İbn Əsəkir: “Tərixu Diməşq”, 1/3/15, İbn əl-Qayyim: “İ`ləmul Muvaqqi`in”, 2/363,364, Əl Fulləni, “İqaz” səh. 100).
  • “Bütün müsəlmanlar icma ediblər ki, kimə Allahin rəsulundan (ona Allahın salavatı və salamı olsun) bir sünnət aydin olarsa, ona, halal deyil ki, o sünnəni kiminsə sözünə görə tərk etsin.” (Əl-Fulləni, “İqaz”, səh. 68).
  • “Əgər mənim kitabımda Allah rəsulunun (ona Allahin salavatı və salamı olsun) sünnəsinə müxalif bir şey tapsaniz, siz Allah rəsulunun (ona Allahin salavatı və salamı olsun) sözünü deyin və mənim dediyimi tərk edin!”

Başqa rəvayətdə:  Allah rəsulunun (ona Allahin salavatı və salamı olsun) sünnəsinə tabe olun və başqa heç kəsin sözünə baxmayın!” (İmam Nəvəvi, “əl-Məcmu” (1/63), Əl-Həravi, “Zəmmul-Kələm” 1/47/3, Əl-Xatib Əl-Bəğdədi, “əl-İhticəc biş-Şəfi`i”, 2/8).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:

“Bizim məzhəbimizdəki (Şafii məzhəbi) qədim alimlər, bir məsələdə hədisin varid olduğunu görərdilərsə və Şafii məzhəbinin rəyi də buna müxalif olardısa, bu zaman onlar, hədisə əməl edirdilər və o hədislə fətva verərək deyirdilər ki, ŞAFİİNİN (ALLAH ONA RƏHMƏT ETSİN) MƏZHƏBİ, HƏDİSƏ MÜVAFİQ OLANDIR.” (İmam Ən-Nəvəvi, “əl-Məcmu” kitabı, İbn əl-Qeyyim, “İ`ləmul Muvaqqi`in” 2/302,370, Əl-Fulləni, “İqaz” kitabı).

  • “Hədis səhih oldusa, o mənim məzhəbimdir.” (İmam Ən-Nəvəvi, “əl-Məcmu”, 1/63).
  • “Siz (müraciət tələbələrinədir) hədisi və raviləri məndən yaxşi bilirsiniz. Əgər bir kəsdə səhih hədis olduğunu bilsəniz, onu mənə bildirin! Kim olur olsun, istər kufəli, istər bəsrəli, istərsə də şamli olsun.  (Bildirin ki,) Mən onun yanina gedim və hədis səhihdirsə, onu götürüm.”(Əl-Xatib Əl-Bəğdədi, “əl-İhticəc biş-Şəfi`i”, 1/8, İbnu Əbi Hətim, “Ədəbuş-Şəfi`i” 94-95, Əbu Nueym, “Hilyətul-Əvliyə” 9/106).
  • “Hədis alimlərinə hər hansi bir məsələdə, Allah rəsulundan (ona Allahin salavatı və salamı olsun) mənim dediyim sözə müxalif səhih hədis varid olarsa, mən həyatimda da, öldükdən sonra da o məsələdən qayidiram.”
    (Əbu Nueym, “Hilyətul-Əvliyə” 9/107).
  • “Əgər mənim Peyğəmbərdən (ona Allah;n salavatı və salamı olsun) səhih olaraq varid olan sözə müxalif bir söz dediyimi görsəniz, bilin ki, artiq mənim ağlim getmişdir.” (İbn Əsəkir, səhih isnadla, 1/10/15, İbnu Əbi Hətim, “Ədəbuş-Şəfi`i”, 93, Əbu Nueym, “Hilyətul-Əvliyə” 9/106).
  • “Peyğəmbərdən (ona allahin salavati və salami olsun) mənim dediyim hər hansı bir sözə müxalif səhih hədis varid olarsa, Peyğəmbərin (ona Allahin salavatı və salami olsun) sözü daha öncə götürülməlidir, mənə təqlid etməyin!” (İbnu Əsəkir, səhih isnadla, 2/9/15, İbnu Əbi Hətim, “Ədəbuş-Şəfi`i”, səh. 93).
  • “Peyğəmbərdən (ona allahin salavati və salami olsun) varid olan hər bir hədis mənim də sözümdür, hətta onu məndən eşitməsəniz belə.” (İbnu Əbi Hətim, “Ədəbuş-Şəfi`i” səh. 93-94).
  • “Özünü elmə nisbət edən, yaxud insanların onu elmə nisbət etdiyi heç bir kəsdən eşitmədim ki, Peyğəmbərə (ona Allahin salavatı və salamı olsun) tabe olmağın və onun hökmünə təslim olmağn allah tərəfindən fərz buyurulmuş olmasına müxalif olsun. (Eşitmədim ki,) hər bir kəsin sözünün yalniz Allahın kitabı və sünnəsi ilə qəbul olunmasının vacib olmasına, hər bir sözün bu ikisinə tabe olmasına və bizim, bizdən sonra və əvvəl gələnlərin Allah rəsulundan (ona Allahin salavatı və salamı olsun) gələn xəbərləri qəbul etməyimizin fərz olmasına müxalif olsun”. (“İqazu himəm ulil-əbsar”, səh. 104).

4. İmam Əhməd ibn Hənbəl (Allah ona rəhmət etsin).

İmam Əhmədə gəldikdə isə, o, imamlar içində ən çox hədis toplayan və daha çox sünnədən tutunan idi.

Onun bu barədə sözlərindən bəziləri:

  • “Nə mənə, nə Məlikə, nə Şəfiiyə, nə Əvzəiyə nə də Səuriyə təqlid etmə, onlar haradan götürübsə, sən də oradan götür!” (Əl-Fulləni, “İqaz”, 113, İbn Əl-Qayyim, “İ`ləmul Muvaqqi`in”, 2/302).
  • “Əvzəinin rəyi, Məlikin rəyi və Əbu Hənifənin rəyi, hər biri bir rəydir. Mənə görə hamisi eynidir. Hüccət (dəlil) isə yalniz əsərlərdədir.” (Əbu Dəvud, “Məsəilul-İməm Əhməd”, 276, 277).
  • “Kim Allah rəsulunun (ona Allahın salavatı və salamı olsun) hədisini rədd etsə, o həlakın kənarındadı(İbn Abdil-Bərr, “əl-Сəmi”, 2/149).

Əziz müsəlmanlar! Gördüyünüz kimi, bu əzəmətli sözlər o imamların (Allah onlara rəhmət etsin) sözləridir. Onların hər biri bizə hədisdən möhkəm tutunmağı əmr etmiş və elmsiz şəkildə onlara təqlid etməkdən çəkindirmişdir.

O qədər açıq aydın deyilmiş sözlərdir ki, onları başqa hər hansı bir mənaya yozmaq mümkün deyildir.

Bu sözlərdən bizə aydın olur ki, kim sünnədə sabit olmuş bütün hədislərə tabe olarsa, hətta bu hədislər imamların bəzi sözlərinə müxalif olsa belə, o, nə onların məzhəbindən ayrılmış, nə də onların yolundan çıxmış sayılır. Əksinə, bununla o, onların hamısına tabe olmuş və möhkəm, qopmaz bir ipdən tutmuş olur. Amma Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) sabit olmuş bir sünnəni onların sözünə müxalif olduğuna görə tərk edən isə, belə deyildir. O, əksinə, bunu etməklə imamlara asi olmuş və onların yuxarıda keçən sözlərinə müxalif olmuş olur.

Allahu Təala “Ən-Nisə” surəsi, 65-ci ayədə buyurur:

Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.﴿

Həmçinin, Allah Təala “Ən-Nur” surəsinin 63-cü ayəsində buyurur:

Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə sarsıdıcı bir əzab üz verməsindən qorxsunlar. ﴿

Hafiz İbn Həcər demişdir:

“Kimə Allah rəsulunun (ona Allahın salavatı və salamı olsun) bir əmri çatar və onu bilərsə, ona vacibdir ki, onu, bütün ümmətə bəyan etsin və ona tabe olmağı əmr etsin, hətta bu əmr, ümmətdən olan hər hansisa bir böyük şəxsiyyətin rəyinə müxalif olsa belə.

Həqiqətən, Allah rəsulunun (ona Allahın salavatı və salamı olsun) əmrinə tabe olmaq və onu nümunə götürmək, bəzi məsələlərdə xəta ilə ona müxalif olanın əmrinə tabe olmaqdan daha üstündür. Buna görə də səhabələr (Allah onlardan razı olsun) və onlardan sonra gələnlər, hər bir səhih sünnəyə müxalif olana rədd edər və bəzən onlara qarşı rədlərində şiddətli olardılar. Onlara nifrət edərək yox, əksinə o şəxs (rədd olunan) onlar üçün sevimli və böyük şəxsiyyətdir. Lakin Allahın rəsulu (ona Allahın salavatı və salamı olsun) onlar üçün daha sevimli və onun əmri də hər bir kəsin əmrindən daha üstündür. Allah rəsulunun (ona Allahın salavatı və salamı olsun) əmri ilə başqasının əmri bir-birinə zidd olarsa, bu zaman Allah rəsulunun (ona Allahın salavatı və salamı olsun) əmri tabe olunmağa daha haqlıdır. Onun əmrinə müxalif olan o böyük şəxsiyyəti (ictihad edən imam) təzim etməkdə də bir maneə yoxdur. Əksinə o, özü də razıdır ki, onun əmri Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmrinə müxalifdirsə, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmri götürülsün (əksinə, o, özü bunu əmr etmişdir).” (Əl-Fulləni, “İqazul Himəm”, səh. 93).

Şeyx Albani (Allah ona rəhmət etsin) bunu izah edərkən demişdir:

“Necə onlar bununla razı olmasınlar, yuxarıda keçdiyi kimi, onlar bunu öz tabeçilərinə əmr etmiş və onları öz sözlərini tərk edib sünnəyə tabe olmağa məcbur etmişdirlər?! Əksinə, İmam Şəfi`i (Allah ona rəhmət etsin) öz tabeçilərinə əmr etmişdir ki, səhih sünnəni ona nisbət etsinlər, hətta o, özü onu götürməmiş olsa belə. Buna görə də, İbn Dəqiq Əl-İd (Allah ona rəhmət etsin) dörd məzhəb imamlarının səhih hədisə müxalif olduqları məsələləri böyük bir kitabda cəm edərkən kitabın əvvəlində belə demişdir:

Həqiqətən, bu məsələləri o müctəhid imamlara nisbət etmək haramdır və onlara təqlid edən fəqihlərə də bunu bilmələri vacibdir ki, bu məsələləri onlara nisbət edərək yalan danışmasınlar.“.“(əl-Fulləni, “İqazul Himəm”, səh. 99).

Əziz müsəlmanlar! İmamların bu əzəmətli sözlərini oxuduğumuz zaman bizə aydın olur ki, o hörmətli imamlara (Allah onlara rəhmət etsin) həqiqi tabeçilik edənlər elə məhz sələfilərdir. O imamlara (Allah onlara rəhmət etsin) kor-koranə təəssübkeşlik edənlər və insanları da buna dəvət edənlər isə, əslində, onlara tabeçilik yox, onlara ən birinci müxalif olanlardır.

Həmçinin, biz imamların (Allah onlara rəhmət etsin) o sözlərini oxuduğumuz zaman görürük ki, onlar insanları bacardıqları qədər Quran və Sünnədən möhkəm tutunmağa və buna müxalif olan hər bir sözü tərk etməyə çağırıblar. Hətta bu, öz sözləri olsa belə.

Lakin insanları kor-koranə təəssübkeşliyə çağıranlar, əslində onları Quran və Sünnənin nurundan uzaqlaşdırmaq istəyirlər, Quran və Sünnəni insanlara qaranlıq və başa düşülməsi mümkün olmayan bir şey kimi qələmə verirlər və deyirlər ki, “sənin ayə və hədisi başa düşməyin mümkün deyildir”.

QEYD: Şəkk yoxdur ki, burada Quran və Sünnəni götürərək əməl etmək dedikdə, mütləq olaraq alimlərin şərh və təfsirlərinə ehtiyacımızın olmaması qəsd olunmur. Əksinə, bizim alimlərin sözlərinə böyük ehtiyacımız var. Burada insanın öz imamının sözünü hər hansı bir səhih hədisə müxalif olduğu zaman tərk etməməsi və ya hər hansı bir ixtilaf zamanı imamının sözünü əsas olaraq götürməsi, yaxud da yeni baş vermiş bir hadisədə hökm vermək üçün yalnız ona qayıtması qəsd olunur.

Bir dəfə, insanları buna dəvət edənlərdən biri ilə söhbət etdim, o mənə dedi ki, bir insanın səhih hədisi oxuyaraq ona əməl etməsi doğru deyil. Mən ona sual verdim ki, sən Buxarinin səhih hədislər kitabını oxuyursanmı?

O, dedi: Bəli, oxuyuram.

Dedim: Onlara əməl etməyəcəksənsə, o zaman niyə oxuyursan?

Dedi: Bərəkət üçün oxuyuram.

Dedim: Hədislərin, əməl etmək niyyəti omadan, bərəkət üçün oxunmasına heç bir dəlil yoxdur (yəni hədislərin, Quran kimi hər hərfinə on savab yoxdur). O zaman niyə oxuyursan?

Gülərək cavab verdi ki: Əgər bir sələfi gəlib məndən dəlil tələb etsə, ona cavab vermək üçün oxuyuram…

Mən belə insanlara yalnız Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bir hədisini deyə bilərəm.

Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) gələn hədisdə Allah rəsulu (Ona Allahın salavatı və salamı olsun) demişdir:

“Elmi alimlərin yanında fəxr etmək, səfehlərlə mübahisə etmək və məclislərdə seçilmək üçün öyrənməyin! Kim belə edərsə, onun üçün cəhənnəm, cəhənnəm vardır”. (İbn Hibbən 77, Albani, “Sahihul-cəmi” 7370).


Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

tovhidinfo
Zubeyr Dinbazov

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu.

Bütün materiallara bax