• Menyu
  • Menyu

Təqlid nədir? Onu məzhəb və din olaraq götürmək icazəlidirmi?

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

İmam Əş-Şəukəni (Allah ona rəhmət etsin) demişdir:

“Təqlid lüğətdə, “qilədə” (boyun bağı) sözündən götürülmüşdür. Hansı ki, insan onunla başqasını bağlayır. Həmçinin, bura qurban üçün kəsiləcək heyvanın boğazına, başqa heyvanlardan seçilsin deyə, nəsə bağlamaq da daxildir. Sanki, təqlidçi təqlid etdiyi hökmü, kimə təqlid edirsə onun boynuna bağlayır (yəni o hara gedirsə onunla gedir). Təqlidin istilahi (şəri) mənası isə, o, başqasının sözünə dəlilsiz şəkildə əməl etmək deməkdir.” [İrşədul Fuhul: səh. 234].

Şeyx Albani (Allah ona rəhmət etsin) “Əlhədisu huccətun binəfsihi” kitabında (səh. 71) bu tərifi qeyd etdikdən sonra buyurur: “Artıq bu usuli (yəni usulul-fiqhdən olan) nəql bizə iki mühüm məsələni bildirir.

Birinci: Təqlid faydalı elm deyildir.

İkinci: Təqlid “ammi”-nin (şəri elmi olmayan sıravi insan) və cahilin vəzifəsidir.

Bu iki məsələnin üzərində bir az dayanmaq, onlara Kitab və Sünnə işığında ayrı-ayrılıqda nəzər salmaq və alimlərin bu barədə olan sözlərinə baxmaq lazımdır. Sonra isə, onlara tabeçilik etdiklərini iddia edənlərin hallarına nəzər salacağıq.

Təqlidə gəldikdə, o, elm deyildir. Çünki Allah Təalə Qurani-Kərimdə bir çox yerdə təqlidi məzəmmət etmişdir. Buna görə də, ümmətin keçmiş imamları ardıcıl şəkildə bundan çəkindirmişdirlər. Əndəlüsün imamı İbn Abdil-Bərr (Allah ona rəhmət etsin) möhtəşəm  “Cəmiu bəyənil ilm va fədlihi” kitabında bunu açıqlayan bir bölüm açmışdır. O, xülasə olaraq bunu demişdir:

“TƏQLİDİN FƏSADI, ONUN İNKAR OLUNMASI VƏ TƏQLİDLƏ İTTİBANIN (alimlərin görüşlərindən haqqa daha yaxın olanı götürmək) ARASINDAKI FƏRQ BÖLÜMÜ:

Allah Təalə öz kitabında bir çox yerdə təqlidi məzəmmət etmişdir.

Allahu Təalə buyurur:

((اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللَّهِ))

((Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, rəbblər qəbul etdilər.)) [ət-Təubə 31]

 Huzeyfə (Allah ondan razı olsun) və başqalarından rəvayət olunmuşdur ki, onlar belə demişdirlər:

“Onlar keşişləri və rahibləri Allaha şərik qoşaraq onlara ibadət etmirdilər. Lakin, onların halallaşdırdıqları və haramlaşdırdıqları şeylərdə onlara tabe olurdurlar.”

Adiyy ibn Hətim (Allah ondan razı olsun) demişdir:

“Allah Rəsulunun (Ona Allahın Salavatı və Salamı olsun) yanına gəldim və mənim boynumda xaç var idi. O, (Ona Allahın Salavatı və Salamı olsun) mənə dedi:

“Ey Adiyy, bu bütü boynundan at!”

Mən də onu atdım və Peyğəmbərin (Ona Allahın Salavatı və Salamı olsun) yanına gəldim, O, bəraə (tövbə) surəsini oxuyurdu, ta ki, bu ayəyə gəlib çatdı:

((اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللَّهِ))

((Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, rəbblər qəbul etdilər.)) [ət-Təubə 31]

 Mən dedim ki, ey Allahın Rəsulu, biz onları özümüzə ilah götürməmişdik. Peyğəmbər (Ona Allahın Salavatı və Salamı olsun) dedi:

“Əksinə! Onlar sizə haram buyrulmuş şeyləri halallaşdırdıqları zaman siz də halallaşdırmırdınızmı? Və Allahın halal buyurduğunu onlar haramlaşdırdığı zaman siz də haramlaşdırmırdınızmı? Dedim ki, bəli (elə edirdik). O, dedi: “Bu, elə onlara ibadət etməkdir”.

Həmçinin, Allah Təalə demişdir:

وَكَذَٰلِكَ مَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي قَرْيَةٍ مِنْ نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُقْتَدُونَ (23))

((قَالَ أَوَلَوْ جِئْتُكُمْ بِأَهْدَىٰ مِمَّا وَجَدْتُمْ عَلَيْهِ آبَاءَكُمْ

((Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər.(23)  Peyğəmbər dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?”)) [əz-Zuxruf 23-24]

Onların atalarına uymaları, onların hidayəti qəbul etmələrinə mane oldu. Onlar dedilər:

((قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ))

((Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”.))[əz-Zuxruf 24]

Allahu Təalə küfr əhlini eyibləyərək, məzəmmət edərək buyurur:

((مَا هَٰذِهِ التَّمَاثِيلُ الَّتِي أَنْتُمْ لَهَا عَاكِفُونَ (52) قَالُوا وَجَدْنَا آبَاءَنَا لَهَا عَابِدِينَ))

((“Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”(52)Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– demişdilər.)) [əl-Ənbiyə 52-53]

Bunun kimi, atalara və başçılara təqlid etməyi məzəmmət edən ayələr çoxdur. Alimlər təqlidin batil olduğunu bildirmək üçün bu ayələri dəlil gətirmişdirlər. Onların (bu ayələrin onlar üçün nazil olduğu kəslərin) kafirlər olması, onların bu ayələri (təqlidin batil olmasına) dəlil olaraq gətirmələrinə mane olmamışdır. Çünki, buradakı oxşatma, onların birinin küfr, o birinin iman gətirməsi məsələsində olmamışdır. Lakin, onların aralarındakı oxşarlıq, onların hərəsinin təqlid olunana dəlilsiz təqlid etmələri baxımındandır. Bir kişiyə təqlid edərək küfr etməsi, başqasına təqlid edərək günah işləməsi və bir başqasına təqlid edərək məsələnin bir tərəfində xəta etməsi kimi. Hər biri dəlilsiz təqlidə görə qınanılırlar. Çünki, bunların hər biri bir-birinə oxşayır. Günahlar müxtəlif olsa belə. [Cəmiu bəyənil-ilm va fədlihi 2/109-114]

İndi isə, gəlin yuxarıda keçən Adiyy ibn Hətimin (Allah ondan razı olsun) hədisi barədə Şeyxul-isləm Ibn Teymiyyənin (Allah ona rəhmət etsin) sözlərinə nəzər salaq.

Şeyxul-isləm Ibn Teymiyyə (Allah ona rəhmət etsin buyurur) demişdir:

“O kəslər ki, Allahı qoyub rahiblərini və keşişlərini ilah tutaraq Allahın haram buyurduğunu halallaşdırmaqda və halal buyurduğunu da haramlaşdırmaqda onlara itaət etdilər, iki cür olurlar:

Birinci: (Rahiblərə və keşişlərə itaət edənlər) bilirlər ki, onlar (rahiblər və keşişlər) Allahın dinini dəyişiblər, özləri də onlara dəyişildiyi halda tabe olurlar və onların Rəsullarının dininə müxalif olduqlarını bildikləri halda onlara tabe olaraq Allahın haram buyurduğunun halal və halal buyurduğunun da haram olmasını etiqad edirlər. Artıq Allah və Rəsulu bunun şirk olduğunu demişdir, hətta onlar üçün namaz qılıb səcdə etməsələr belə. (Beləliklə,) kim dinə müxaliflikdə başqasına, onun dinə müxalif olduğunu bildiyi halda tabe olarsa, Allah və Rəsulunun dediyini qoyub onun dediyini etiqad edərsə, o da, onlar kimi müşrik olar.

 İkinci: O kəslər ki, onlardan Allahın haram buyurduğunu halallaşdırmaq və halal buyurduğunu da haramlaşdırmaq imanı və etiqadı sabit olmuşdur, lakin onlar başqalarına Allaha asilikdə itaət etmişdirlər. Necə ki, bir müsəlman, bəzi asilikləri, onların asilik olduğunu bilə-bilə edir. Onların hökmü onların mislində olan günahkarların hökmü kimidir.

 Sonra, həmin halalı haramlaşdıran və haramı halallaşdıran şəxs əgər muctəhidlərdəndirsə, qəsdi Allahın Rəsuluna tabeçilikdirsə, lakin, eyni zamanda haqq ona gizli qalıbsa və bacardığı qədər (dinində) Allahdan qorxmağa çalışıbsa, Allah onu bu xətasına görə cəzalandırmayacaqdır. Əksinə, ona Rəbbinə itaət edərək ictihad etdiyinə görə,  savab verəcəkdir.

 Lakin kim onun Allahın Rəsulunun gətirdiyində (dində) xəta olduğunu bilərsə, sonra o xətada ona tabe olarsa və Rəsulun sözündən kənara çıxarsa, onun da Allahın məzəmmət etdiyi həmin şirkdən payı vardır. Xüsusən də, o, bunun Rəsula müxalif olduğunu bildiyi halda, əli və dili ilə öz havasına tabe olarsa və ona yardım edərsə, bu şirk sayılır və belə edən kəs də cəzalandırılmağa layiqdir.

 Amma muctəhidə tabe olan şəxs haqqı təfsilatı ilə bilməkdən aciz qalarsa və təqliddə bacardığı qədər çalışarsa (yəni hər kəsə təqlid etməzsə, yalnız etimad olunan imamlara təqlid edərsə), o, xəta etsə də, cəzalandırılmır.

 Amma, kim onun mislindəkiləri tərk edib, bir şəxsi, onun haqlı olduğunu bilmədən, havasına görə, təqlid edərsə, dili ilə, əli ilə ona kömək edərsə, bax bu, cahiliyyə əhlindəndir. Hətta tabe olduğu kəs doğru olsa belə, onun (tabe olanın) əməli doğru deyil. Əgər tabe olduğu kəs xəta edibsə, o (təqlid edən) günahkar olur.”  [Məcmu əl-fətava 7/70-72. İxtisarla].

Şeyx Rabi (Allah onu qorusun) Şeyxul-isləmin (Allah ona rəhm etsin) sözünü şərh edərək deyir:

“Yəni, hətta tabe olduğu kəs haqq üzərə olsa belə, o, ona hüccətsiz və burhansız, sadəcə o filankəsdir deyə, tabe olursa, günahkardır. Hətta tabe olduğu kəs haqq üzərə olsa belə.

 İnsana vacibdir ki, Allaha qarşı ixlaslı olsun. Haqqı axtarsın, haqq əhlinə tabe olsun, haqqa və əhlinə kömək etsin. Mömindən tələb olunan budur. 

 Bu əsirdə parçalanma, dəstələrə bölünmə yayılıb, fitnələrlə doludur və fəlakətlər çoxalıb.

Bu, ümmətin dini və dünyası üçün çox təhlükəlidir. [Əl-Məcmu 1\431] “

İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunmuşdur ki, o, belə demişdir:

“Çalış alim və yaxud da tələbə ol! Amma bunların arasında imməa (hər kəsə mən səninləyəm deyib, bir rəy üzərində sabit qalmayan kəs) olma!” [Cəmiu bəyənil-ilm va fədlihi]

Başqa rəvayətdə isə gəlmişdir ki, o, belə demişdir:

“Biz cahillikdə bir kəs yeməyə dəvət olunduğu zaman onun arxasına düşüb gedəni “imməa” adlandırırdıq. Indi isə, “imməa” sizin içərinizdə, dinində başqa kişilərin arxasınca gedəndir (yəni təqlidçilər)” [Cəmiu bəyənil-ilm va fədlihi]

İbn Əsir demişdir:

“Burada dinində hər kəsə təqlid edən qəsd olunur. Yəni o, öz dinini dəlilsiz və düşüncəsiz şəkildə başqasının dininə tabe edir” [Ən-Nihəyə 1/412]

İbn Abbas (Allah ondan razı olsun) demişdir:

“Alimin xətalarına görə, ona tabeçilik (kor-koranə təqlid) edənlərə vay olsun!”. Ona dedilər; bu necə olur? O, dedi: “Alim öz görüşü ilə bir söz deyir, sonra görür ki, Allah Rəsulunun (Ona Allahın Salavatı və Salamı olsun) hədisini ondan yaxşı bilən var, bu zaman öz sözünü tərk edir, sonar da tabeçilər (ona kor-koranə təqlid edənlər) onun arxasınca gedir (yəni alim xəta etdikdə onlar da xəta ilə gedirlər)”.

İbn Əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

“Təqlidlə fətva vermək caiz deyildir. Çünki təqlid elm deyildir. Elmsiz fətva vermək də haramdır. Təqlidin elm olmaması məsələsində insanlar arasında ixtilaf yoxdur və təqlidçiyə də alim adı verilmir.” [İləmul-muvaqqiin 1/51]

İmam Əş-Şəukəni (Allah ona rəhmət etsin) demişdir: “Həqiqətən təqlid cahillikdir, elm deyildir” [İrşədul fuhul səh.236]

 Qeyd: Məqalənin çox uzun olmaması üçün, bu iki mühüm məsələnin birincisi ilə kifayətlənirəm. Gələn məqalədə isə, Allahın izni ilə, “Elm dedikdə mütləq olaraq nə başa düşülür və təqlid kimə caizdir?” mövzusu olacaq.

Allahdan yardım istəyirəm.

Sonda, Allahın Salavatı və Salamı onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!


Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

tovhidinfo
Zubeyr Dinbazov

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu.

Bütün materiallara bax