• Menyu
  • Menyu

Tövhid kitabının müxtəsər şərhi – 1ci fəsil

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

  • Allah Təalə buyurub: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” (Əz-Zəriyət 56).

Ayənin qısa mənası: Allah Təala xəbər verir ki, O, cinləri və insanları yalnız Özünə ibadət etsinlər deyə yaradıb. Bu da onların yaradılışında olan hikməti bildirir. İnsanlar arasında ağanın öz köləsindən istədiyi şeyləri, ruzi gətirməyi, yemək verməyi Allah Təala cin və insanlardan istəmir. O, qulları üçün yalnız xeyir istəyir.

Ayənin bu fəslə münasibliyi: Bu ayə Tövhidin vacibliyini bildirir. Tovhid ibadət etməkdə Allahı təkləşdirməkdir.

Ayədən çıxarılan faydalar:
1. Tək Allaha ibadət etməyin bütün cin və insanlara vacib olması.
2. Cinlərin və insanların yaradılışında olan hikmətin bəyan edilməsi.
3. Yaradanın ibadət olunmağa daha layiq olması. Yarada bilməyənin isə ibadətə layiq olmaması. Bu ayə bütlərə və başqa şeylərə ibadət edənləri təkzib edir.
4. Məlum olur ki, Allahın məxluqlara ehtiyacı yoxdur, məxluqatın isə Ona ehtiyacı var. Çünki Allah yaradan, onlar isə yaradılanlardır.
5. Allahın fellərində hikmətin olması.

  • Allah Təalə buyurub: Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik.” (Ən-Nəhl, 36).

Ayənin qısa mənası: Allah Təala xəbər verir ki, O, bütün insanlara tək Özünə ibadət etməyə, Ona şərik qoşmağı tərk etməyə çağıran elçilər göndərib. Adəm övladları arasında ilk dəfə şirk Nuh peyğəmbərin (aleyhissələm) zamanında baş vermişdi. O vaxtdan başlayaraq Allah Təala elçilər göndərirdi. Bu elçilərin sonuncusu isə Muhəmməd (sallallahu aleyhi və səlləm) oldu.

Ayənin fəslə uyğunluğu: Tək Allaha ibadət etməyə çağırmaq və Ona şərik qoşmaqdan çəkindirmək bütün elçilərin və onların yolu ilə gedənlərin əsas vəzifəsi olub.

Ayədən çıxarılan faydalar:
1. Elçilərin göndərilməsində olan hikmət, tək Allaha ibadət etməyə çağırmaq, Ona şərik qoşmaqdan çəkindirməkdir.
2. Şər`i əhkamlarının müxtəlif olmasına baxmayaraq, bütün peyğəmbərlərin dini bir olub. Onların dini yalnız Allaha ibadət etmək, Ona şərik qoşmağı tərk etməkdir.
3. Bütün ümmətlərə elçilər gəlib və dəlillər çatıb.
4. Tövhidin şəninin uca olması, çünki o, bütün ümmətlərə vacib edilib.
5. “Lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq olan ilah yoxdur) kəlməsində inkar və təsdiq olduğu kimi, bu ayədə də var. Ayədən görünür ki, bu iki şey olmasa təkləşdirmək mümkün olmur. Yalnız inkar etmək təkləşdirmək sayılmadığı kimi, yalnız təsdiq etmək də təkləşdirmək sayılmır.

  • Allah Təala buyurub: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.” (Əl-İsra 23).

Ayənin qısa mənası: Allah Təala xəbər verir ki, O, elçilərin vasitəsi ilə əmr və tövsiyə edib ki, yalnız Ona ibadət edilsin və övlad öz ata-anasına yaxşılıq etsin, onlara pislik etməkdən çəkinsin. Çünki insan balaca və zəif ikən böyüyüb güclənənə qədər valideynləri onu tərbiyə edib bəsləyiblər.

Ayənin bu fəslə münasibliyi: Allahı təkləşdirmək, haqların ən üstün olanı, vaciblərin ən vacibidir. Çünki Allah Təala bu ayədə birinci onunla başladı. Məlumdur ki, başlayarkən ən mühüm olanla başlanılır, sonra ondan daha aşağı olan məsələlərə keçilir.

Ayədən çıxarılan faydalar:
1. Allahı təkləşdirmək, Allahın əmr etdiyi vaciblərin və qulun üzərinə düşən haqların ən birincisidir.
2. Lə iləhə illəllah (Allahdan başqa ibadət olunmağa layiq olan məbud yoxdur) kəlməsində inkar və təsdiq var. Bu da onu bildirir ki, təkləşdirmək (tövhid), yalnız bu iki şeylə olur: Allahdan başqasına ibadət etməyi inkar etmək və yalnız Allaha ibadət etməyi təsdiqləmək.
3. Ata-ananın haqlarının böyüklüyü. Çünki Allah Təalə Öz haqqından sonra onların haqqını zikr etdi. Allahın haqqı birinci dərəcəli, valideyn haqqı isə ondan sonra gələn haqdır.
4. Ata-anaya yaxşılıq etməyin vacibliyi. Yaxşılıq etmək deyərkən, istisnasız bütün yaxşılıqlar nəzərdə tutulur. Çünki, Allah Təala yaxşılığın hansısa növünü xüsusi olaraq qeyd etmədi.
5. Ata-ananın üzünə ağ olmağın haram olunması.

  • Allah Təala buyurub: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!” (Ən-Nisa 36).

Ayənin qısa mənası: Allah Təala Öz qullarına tək ona ibadət etməyi əmr edir və Ona şərik qoşmağı qadağan edir. O, ibadətlərdən duanı, namazı və ya başqa bir ibadəti istisna etmədi. Deməli bütün ibadətlər Allah üçün edilməlidir. Həmçinin, şirkin hansısa növünü də istisna etmədi. Qadağa şirkin bütün növlərinə aiddir.

Ayənin bu fəslə münasibliyi: Bu ayə Tovhidin əmr olunması və şirkin qadağan edilməsi ilə başlayıb. Həmçinin bu ayədə tovhidin izahı var. Tövhid − tək Allaha ibadət etmək və Ona şərik qoşmağı tərk etməkdir.

Ayədən çıxarılan faydalar:
1. Tək Allaha ibadət etməyin vacibliyi, çünki Allah Təala ilk növbədə onu əmr etdi.
2. Allaha şərik qoşmağın haram olması, çünki Allah Təala onu qadağan edib. Şirk haramların ən şiddətli olanıdır.
3. İbadətin səhih olması üçün şirkdən çəkinmək şərtdir. Çünki Allah Təala Özünə ibadət etməyi əmr etməklə yanaşı, şərik qoşmağı da qadağan etdi.
4. Şirk haramdır − istər az olsun, istərsə də çox; istər böyük şirk olsun, istərsə də kiçik.
5. İbadət etməkdə başqasını Allaha şərik qoşmaq olmaz. Allahla yanaşı nə bir mələyə, nə peyğəmbərə, nə Allah dostlarından olan saleh bir kimsəyə, nə də hansısa bütə ibadət etmək olmaz. Çünki “Heç bir şeyi Ona şərik qoşmayın!” sözü hər bir şeyi əhatə etməsinə dəlildir.

  • Allah Təala buyurub: “De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz.” (Əl-Ənam surəsi 151-153).

Ayələrin qısa mənası: Müşriklər öz ağıllarına uyaraq və şeytan onları yoldan çıxartdığı üçün, Allahdan qeyrisinə ibadət edirdilər, Allahın onlara verdiyi ruzini özlərinə haram edirdilər, bütlərə yaxınlaşmaq üçün öz övladlarını öldürürdülər. Allah Təala Öz peyğəmbərinə əmr edir ki, o, müşriklərə desin: Gəlin, sizin Xaliqiniz, Sahibiniz olan Allahın doğrudan da sizə nəyi haram etdiyini deyim. Bunlar güman və zənn ilə deyil, Allahın vəhyi ilə əmr olunub və Allahın sizə tövsiyə etdiyi (əmr və vacib etdiyi) on vəsiyyətin içindədir:
1. Allah Təala tövsiyə edir ki, Ona heç nəyi şərik qoşmayasız. Bu qadağa ümumən şirkin hamısına aiddir, Allaha şərik qoşula bilən bütün məbudları, həmçinin şirk ola bilən bütün əməlləri əhatə edir.
2. Sizə ata-ana ilə gözəl davranmağı tövsiyə edir. Valideynlərlə gözəl davranmaq onlara yaxşılıq etməklə, onların qayğısına qalmaqla, onları qorumaqla, günah olmayan işlərdə onlara itaət etməklə və onları alçaltmağı, özündən aşağı baxmağı tərk etməklə olur.
3. Sizə yoxsulluq səbəbindən övladlarınızı öldürməməyi tövsiyə edir. Yəni qızlarınızı diri-diri torpağa basdırmayın, kasıblıqdan qorxaraq oğlan uşaqlarınızı öldürməyin, çünki sizə də, onlara da ruzini Mən verirəm. Övladlarınızın ruzisini siz vermirsiniz, siz heç özünüzü belə ruziləndirmirsiniz.
4. Sizə tövsiyə edir ki, nə aşkarda, nə də gizlində olan yaramaz işlərə − günahlara yaxınlaşmayın.
5. O kəslər ki, onları öldürməyi Allah haram edib (iman gətirən kəsi və müsəlmanlarla əhd bağlayan kafiri), Allah sizə tövsiyə edir ki, haqsız yerə onları öldürməyin. İslam dinində öldürülən adamın qisasını alaraq onun qatilini öldürmək, evləndikdən sonra zina edən kəsi öldürmək və İslamı qəbul etdikdən sonra dinin dəyişib mürtəd olan kəsi (Şəriət məhkəməsi ilə) öldürmək icazəlidir.
6. Sizə yetimin (atası ölən həddi buluğa çatmayan uşağın) malına yaxınlaşmamağı tövsiyə edir. O maldan yalnız qoruyub saxlamaq, onu çoxaltmaq və uşaq həddi buluğa çatdıqdan sonra ona qaytarmaq məqsədi ilə istifadə etmək olar.
7.“Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik.” Yəni, aldığınız və verdiyiniz zaman bacardığınız qədər ədalətli olun.
8. “Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun.” Yəni əməllərdə ədalətli olmağı əmr etdikdən sonra, söz söyləyərkən həm yaxınlarla, həm də yaxın olmayan kəslərlə ədalətli olmağı əmr etdi.
9. “Allah qarşısındakı əhdə sadiq qalın.” Yəni , Allahın sizə verdiyi tövsiyəyə əməl edin, əmrlərini yerinə yetirməklə, qadağan etdiyi şeylərdən çəkinməklə Ona itaət edin, Allahın kitabına və Rəsulunun sünnəsinə əməl edin.
10. “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar.” Yəni Allah bu ayələrdə sizə qadağaları tərk etməyi və vacibləri yerinə yetirməyi tövsiyə edir. Qadağaların ən böyüyü Allaha şərik qoşmaq, vaciblərin ən böyüyü isə tək Allaha ibadət etməkdir. Doğru yol da elə budur.

Ayələrin fəslə münasibliyi: Allah Təala bu ayədə qadağan etdiyi əməllərin bir neçəsini zikr edir və ilk növbədə Ona şərik qoşmağı qadağan etməklə başlayır. Şirkin qadağan edilməsi, onun əksini − tövhidin əmr olunmasını gərəkdirir. Bu da bildirir ki, tövhid, vaciblərin ən vacib olanı, şirk isə haramların ən haram olanıdır.

Ayələrdən çıxarılan faydalar:
1. Allaha şərik qoşmaq haramların içində ən haram olanıdır. Tövhid isə vaciblərin ən vacibidir.
2. Ata-ananın haqlarının böyüklüyü.
3. Haqsız yerə bir insanı öldürməyin haram olması, xüsusən də əgər öldürülən kəs qohumlardan olarsa, bu daha pisdir.
4. Yetimin malını yeməyin haram olması və onun islahı üçün çalışmağın şəriətlə bəyənilən əməl olması.
5. Qohum və ya yad bir kimsə olmasından asılı olmayaraq hər bir insana qarşı həm sözlə, həm də əməllə ədalətli olmağın vacibliyi.
6. Verilən əhdə vəfalı olmağın vacibliyi.
7. İslam dininə əməl etməyin və ondan başqa olan şeyləri tərk etməyin vacibliyi.
8. Hər hansı bir şeyi halal və ya haram etmək yalnız Allahın haqqıdır.

  • İbn Məsuddan rəvayət olunur ki, o belə demişdir: “Kim Muhəmmədin (sallallahu aleyhi və səlləm) üzərində möhürü olan vəsiyyətinə baxmaq istəyirsə, qoy Allahın bu sözünü oxusun: “De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz.” (əl-Ənam, 151-153). (Buxari 2856, Muslim 30).

Əsərin qısa mənası: İbn Məsud zikr edir ki, əgər Allahın elçisi vəsiyyət etmiş olsaydı, yalnız Allahın etdiyini tövsiyə edərdi. Həqiqətən də Allah Təalə bu ayədə olanları tövsiyə edib və hər bir ayəni “Allah bunları sizə tövsiyə etmişdir” sözü ilə bitirmişdir. İbn Məsudun bunu deməsinə səbəb İbn Abbasın bu sözü olmuşdur: “Həqiqətən də ən böyük müsibət Allahın elçisinin bizim üçün vəsiyyət yazmasına mane olan şey olmuşdur. İbn Məsud da xatırlatdı ki, onların əlində Qurandan onlara kifayət edəcək tovsiyələr var. Əgər Allahın elçisi vəsiyyət etmiş olsaydı, yalnız Allahın etdiyi tövsiyəni edərdi.

Əsərin fəslə münasibliyi: Məlum olur ki, Allahın kitabında olan bu tövsiyələr, həmçinin, Allahın elçisinin tövsiyələridir, çünki o, yalnız Allahın tövsiyə etdiyini tövsiyə edirdi.

İbn Məsudun sözündən çıxarılan faydalar:
1. Bu on tövsiyənin mühümlüyü.
2.  Allahın rəsulu yalnız Allahın tövsiyə etdiyini tövsiyə edirdi. Allahın etdiyi hər bir tövsiyə eləcə də Allahın rəsulunun tövsiyəsidir.
3. Səhabələrin elminin dərinliyi və Allahın kitabını dəqiq başa düşmələri.

  • Muaz ibn Cəbəldən belə deməsi rəvayət olunur:

“Mən uzunqulağın üzərində, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) arxasında əyləşmişdim və O, mənə dedi: “Ey Muaz, sən Allahın qulları üzərində və qulların da Allahın üzərində olan haqqını bilirsənmi? “Dedim ki, Allah və Onun elçisi daha yaxşı bilir. O, dedi: “Allahın qulları üzərində olan haqqı odur ki, qulları Ona ibadət etsinlər və heç bir şeyi Ona şərik qoşmasınlar. Qulların Allahın üzərində olan haqqı isə odur ki, Ona heç nəyi şərik qoşmayana əzab verməsin.” Dedim: Ey Allahın elçisi, mən insanları müjdələyimmi? O, dedi: “Xeyr, onlara bu xəbəri vermə, çünki onlar arxayın olarlar. “” (Buxari 2856, Muslim 30).

Hədisin qısa mənası: Peyğəmbər (sallallahu aleyhi və səlləm) Allah Təalanı təkləşdirməyin qullara vacib olmasını və bunun fəzilətini bəyan etmək istədi və bunu sual-cavab formasında öyrətdi ki, öyrənən daha yaxşı başa düşsün və bu, onun qəlbində yer tuta bilsin. O, Muaza tövhidin fəzilətini bəyan etdikdə, Muaz bu xəbəri insanlara çatdırmaq üçün izn istədi ki, onlar sevinsinlər. İnsanların bunu bildikdən sonra arxayın olmalarından və saleh əməlləri azaltmalarından qorxaraq Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu qadağan etdi.

Hədisin fəslə münasibliyi:
Bu hədisdə tövhidin izahı var. Tövhid tək Allaha ibadət etmək və Ona heç nəyi şərik qoşmamaqdır.

Hədisdən çıxarılan faydalar:
1. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) təvazökarlığı.
Çünki özü uzunqulağa minmişdi və özündən əlavə başqasını da götürmüşdü. Bu cür etməsi təkəbbürlü insanların etdiyi əməlin əksidir.
2. Heyvanın taqəti çatdıqda insan özü ilə yanaşı onun üzərinə əlavə adam da mindirə bilər.
3. Sual-cavab yolu ilə bir kəsi öyrətmək.
4. İnsan bilmədiyi bir şey haqda soruşularkən yaxşı olar ki, cavabında “Allah daha yaxşı bilir” desin.
5. Allahın qulları üzərində olan haqqının bilinməsi. Allahın haqqıdır ki, qullar Ona ibadət etsinlər və heç nəyi Ona şərik qoşmasınlar.
6. Kim Allaha şərik qoşmaqdan çəkinməzsə, zahirən Allaha ibadət etdiyini göstərsə də belə, əslində Allaha ibadət etmiş sayılmır.
7. Tək Allaha ibadət etməyin və tövhidə bağlı olan kəslərin fəziləti.
8. Tövhidin təfsiri tək Allaha ibadət etmək və Ona şərik qoşmağı tərk etməkdir.
9. Müsəlmanın sevinməsinə səbəb olan bir xəbəri ona çatdırıb onu müjdələməyin bəyənilən bir əməl olması.
10. Məsləhət olunan yerdə elmi gizlətməyin icazəli olması.
11. Elm öyrənən bir kəsin öz müəllimi ilə ədəbli olması.


Şeyx Saleh ibn Fovzan Əl-Fovzanın “Əl-muləxxasu fi şərhi kitəbit-tövhid” kitabından.
© www.tovhid.info

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax