• Menyu
  • Menyu

Tövhid kitabının müxtəsər şərhi – 3cü fəsil

tovhidinfo

“Kim tövhidi haqqıyla doğruldarsa, hesabsız Cənnətə girər” fəsli

Mərhəmətli və Rəhimli Allahın adı ilə

  • Allah Təalə buyurub: “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi.” (ən-Nəhl 120).
  • Başqa ayədə buyurub: “O kəslər ki, Rəbbinə şərik qoşmazlar.” (əl-Muminun 59).

Birinci ayənin mənası:

Allah Təalə bu ayədə Öz sevimli dostu İbrahimi (aleyhissələm) bu dörd sifətlə vəsf edir:
Birinci vəsf: İbrahim (aleyhissələm) xeyirdə nümunə idi. O, səbr etməkdə və yəqinlikdə ən yüksək dərəcədə idi. Məhz bu iki şeylə dində imamlığa çatmaq olur.
İkinci vəsf: O, Allaha müti, itaətkar, Allaha ibadət etməkdə davamlı idi.
Üçüncü vəsf: O, şirkdən üz döndərib, Allaha tərəf üz tutmuşdu.
Dördüncü vəsf: O, şirkdən uzaq idi və müşrikləri tərk etmişdi.

Birinci ayənin fəslə münasibliyi:

Allah Təalə Öz sevimli dostu İbrahimi (aleyhissələm) bu sifətlərlə vəsf edir, hansı ki bu sifətlər, tövhidi həyata keçirməyin son həddidir. Bizə də əmr olunub ki, İbrahimi (aleyhissələm) özümüzə nümunə götürək. “İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır.” (əl-Mumtəhənə, 4).

İkinci ayənin fəslə münasibliyi:

Allah Təalə bu ayədə Cənnətə girmək üçün hamını qabaqlayan möminləri vəsf edir və tərifləyir. Onların vəsf olunduğu sifətlərin ən əzəmətlisi odur ki, onlar öz Rəblərinə istər aşkar olsun istər gizli, heç nəyi şərik qoşmurlar. Kim belə edərsə, tövhidi həyata keçirmiş olar və Cənnətə haqq-hesabsız və əzabsız daxil olar.

Hər iki ayədən çıxarılan faydalar:
1. Atamız İbrahimin (aleyhissələm) fəziləti.
2. Bu əzəmətli sifətlərdə onu nümunə götürmək.
3. Tövhidi həyata keçirmək üçün lazım olan sifətlərin bəyan edilməsi.
4. Şirkdən və müşriklərdən uzaq durmağın vacibliyi.
5. Möminlərin tövhidi həyata keçirməklə vəsf olunmaları.

  • Husayn ibn ƏbdurRahməndən rəvayət olunur ki, o belə demişdir:
    “Mən Səid ibn Cubeyrin yanında idim və o dedi: “Sizlərdən hansınız dünən gecə göydən düşən ulduzu gördü?”
    Dedim ki, mən. Sonra dedim ki, doğrusu mən namazda deyildim, sadəcə məni əqrəb sancmışdı.
    O dedi: “Bəs sən nə etdin?
    Dedim ki, özümü ruqyə (xəstəyə Quran və ya dua oxumaqla müalicə) etdirdim.
    O dedi: “Bunu etməyə səni nə sövq etdi?”
    Dedim ki, Şəbinin bizə danışdığı hədis.
    Dedi: “O sizə nə danışıb ki?”
    Mən dedim: “O bizə danışmışdı ki, Bureydə ibn Husayb belə dedi:
    “Ruqyə yalnız gözdəyməyə və ya sancılmaya görə edilir.”
    O dedi: “Eşitdiyi dəlilə əməl edən kəs necə də gözəl bir iş görmüşdür. Amma İbn Abbas isə bizə danışıb ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir:
    “Mənə ümmətlər göstərildi. Mən elə peyğəmbər gördüm ki, onunla kiçik bir dəstə var idi. Elə peyğəmbər gördüm ki, onunla bir və ya iki kişi var idi. Elə peyğəmbər də gördüm ki, onunla bir nəfər belə yox idi. Birdən mənə böyük kütlə göründü. Mən elə hesab etdim ki, onlar mənim ümmətimdir, sonra mənə deyildi ki, bu, Musa və onun qövmüdür. Sonradan böyük bir kütlə gördüm və mənə deyildi ki, budur sənin ümmətin. Onların içində yetmiş min nəfər vardır ki, onlar haqq-hesabsız və əzabsız Cənnətə girəcəklər. Sonra o qalxdı və evinə daxil oldu. İnsanlar isə o kəslər haqqında fikirlər söyləməyə başladılar. Onlardan bəziləri dedi ki, ola bilsin onlar Allahın elçisi (sallallahu aleyhi və səlləm) ilə yoldaşlıq edən kəslərdir. Bəziləri isə dedi ki, ola bilsin ki, onlar İslamda doğulublar və Allaha heç nəyi şərik qoşmayıblar. Və başqa şeylər də söylədilər. Allahın elçisi (sallallahu aleyhi və səlləm) çıxdıqda, onlar bu haqda ona xəbər verdilər. O isə dedi:
    “Onlar o kəslərdir ki, özlərinə ruqyə etməyi başqasından istəməzlər; özlərinə damğa vurmaqla müalicə etməyi başqasından istəməzlər; “tətayyur” etməzlər (bəd əlamətlərə inanmazlar) və yalnız öz rəbblərinə təvəkkül edərlər.”
    Ukkaşə ibn Mihsan qalxdı və dedi:
    “Allaha dua et ki, məni o kəslərdən etsin.”
    O, dedi: “Sən onlardansan.”
    Sonra başqa bir kişi qalxdı və dedi ki, Allaha dua et, məni də onlardan etsin.
    O (sallallahu aleyhi və səlləm), dedi:
    “Bunda Ukkaşə səni qabaqladı.”” (Buxari 3410. Muslim 220).

Hədisin qısa mənası:
Husayn ibn ƏbdurRahmən, Səid ibn Cubeyrin evində baş verən, gecə ulduzun düşməsi ilə əlaqəli olan söhbəti bizim üçün vəsf edir. Husayn xəbər verir ki, o, ulduzun düşməsini gördü, çünki o, həmin vaxtda yatmamışdı. O, qorxdu ki, orada olanlar onun namaz qıldığı üçün həmin vaxt yatmayıb, ulduzu gördüyünü düşünərlər və etmədiyi bir ibadəti, sanki edibmiş kimi fikir yaratmaq istəmədi. Sələflər ixlaslı olmağa bu cür həris idilər. Sonra o, oyaq qalmasının əsl səbəbini xəbər verdi və bildirdi ki, onu əqrəb sancmışdı. Söhbət, onun bu sancılmaya qarşı nə etməsinə gəlib çıxdı. O isə xəbər verdi ki, onu, ruqyə etməklə müalicə etdi. Səid ondan etdiyi əməlin doğruluğunu təsdiqləyən
şəri dəlil istədikdə, o, ruqyənin icazəli olması barədə Allahın elçisindən (sallallahu aleyhi və səlləm) gələn hədisi danışdı. O da onun dəlilə əməl etməsinin doğru bir əməl olduğunu bildirdi. Sonra isə onun etdiyindən daha yaxşı olan bir halı zikr etdi. Bu hal, Allaha təvəkkül edib insanın onlara ehtiyacı olduğu halda məkruh şeyləri tərk edərək tövhidi kamilləşdirməyə çalışmaqdır. Bu hal Cənnətə haqq-hesabsız və əzabsız daxil olan yetmiş min nəfərin halıdır. Allahın elçisi (sallallahu aleyhi və səlləm) onları vəsf edərək buyurdu ki, onlar tövhidi layiqincə həyata keçirmək üçün ruqyə və od vurmaqla müalicə olunmağı tərk edərlər və bundan daha güclü olan səbəbi – Allaha təvəkkül etməyi seçərlər, heç kəsdən ruqyə özünü ruqyə etməsini və ya bundan daha üstün olan bir şeyi istəməzlər.

Hədisin fəslə münasibliyi:
Bu hədisdə tövhidi haqqı ilə həyata keçirməyin mənası vardır, həmçinin bildirilir ki, buna görə Allah yanında mükafat vardır.

Hədisdən çıxarılan faydalar:
1. Sələflərin fəziləti. Onlar səmavi ayətlərdən hər hansı birini gördükdə (ulduz düşməsi və s. – tərc.) ona adi bir şey kimi baxmırdılar. Əksinə, onlar bilirdilər ki, bu, Allahın nişanələrindən bir nişanədir.
2. Sələflərin ixlaslı olmağa hərisliyi və riyakarlıqdan uzaq durmalarının şiddətli olması.
3. Hər hansı bir rəyin doğru olmasına dair dəlil istəmək və sələflərin dəlilə əsaslanmağa diqqət yetirmələri.
4. Dəlil gəldikdə ona əsaslanmağın və elmə əməl etməyin şəriətə uyğun olması. Kim ona çatan dəlilə əməl edərsə, gözəl bir iş görmüş olar.
5. Elmi nəzakətlə və hikmətlə çatdırmaq.
6. Ruqyə etməyin şəriətlə icazəli olması.
7. Şəriətdə olan bir şeyə əməl edən adamı etdiyindən daha üstün olan bir əmələ yönəltmək.
8. Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) fəziləti. Çünki ümmətlər ona göstərilmişdi.
9. Peyğəmbərlər onlara tabe olanların sayına görə fərqlənirlər.
10. Hədisdə çoxluğu bəhanə gətirənlərə və yalnız sayca çox olanların haqq yolda olduğunu iddia edənlərə rədd vardır.
11. Haqq yolda olanlar az olsalar belə, haqqa tabe olmağın vacibliyi.
12. Musanın (aleyhissələm) və onun qövmünün fəziləti.
13. Bu ümmətin fəziləti. Çünki bütün ümmətlər arasında öz peyğəmbərinə tabe olmaqda sayca çox olan ümmət bu ümmətdir.
14. Tövhidi layiqincə həyata keçirməyin fəziləti və onun mükafatı.
15. Fayda əldə etmək üçün və haqq bəlli olsun deyə şəri dəlillərlə elmi mübahisə etməyin icazəli olması.
16. Sələflərin (bizdən əvvəlkilərin) elmlərinin dərinliyi. Onlar başa düşdülər ki, hədisdə zikr olunan insanlar o yüksək dərəcəyə yalnız hansısa əməllə çatıblar.
17. Sələflərin xeyrə həris olmaları və saleh əməllərdə bir-biri ilə yarışmaları.
18. Kimdənsə ruqyə etməyi və damğa vurmağı istəməyi tərk etmək tövhidi həyata keçirməkdən sayılır.
19. Sağlığında ikən fəzilətli bir insandan dua etməsini istəmək olar.
20. Hədisdə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) peyğəmbərlik əlamətlərindən bir əlaməti vardır. O xəbər vermişdi ki, Ukkaşə haqq-hesabsız və əzabsız Cənnətə gedən yetmiş min nəfərdən biri olacaq. Doğrudan da o, riddə döyüşlərində şəhid olaraq öldürülmüşdü.
21. Ukkaşə ibn Mihsanın fəziləti.
22. Boyun qaçırmaq üçün mövzudan yayınmağın icazəli olması və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gözəl əxlaqlı olması. O, digər kişiyə demədi ki, sən onlardan deyilsən.
23. Əvvəlcədən tədbir görərək bəzi səbəblərin qarşısını almaq. Əks halda isə, layiq olmayan bir adam qalxar, sonra da ona etiraz edilər və istədiyindən imtina edilə bilər. Allah daha yaxşı bilir.


Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax