• Menyu
  • Menyu

Tövhid kitabının müxtəsər şərhi – 9cu fəsil

tovhidinfo

Ağacdan, daşdan və buna bənzər şeylərdən xeyir-bərəkət uman kimsə haqqında

Mərhəmətli və Rəhimli Allahın adı ilə

“Siz tapındığınız Lat və Uzzəni gördünüzmü? Həmçinin üçüncü olan Mənəti də? Məgər oğlanlar sizin, qızlar Onundurmu? Onda bu ədalətsiz bölgü olardı! Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.” (Ən-Nəcm 19-23).

Ayələrin qısa mənası:
Allah Təalə müşriklərin ibadət etdiyi bütlər barədə onlarla mübahisə edir və onların ədalətsiz bölgüsünə görə onları qınayır. Çünki onlar özlərini qız övladlarından uzaq tuturdular, amma bunu, Allaha nisbət edirdilər (Özləri üçün qız övladı istəmirdilər, lakin iddia edirdilər ki, mələklər Allahın qızlarıdır). Sonra Allah Təalə onlardan bu bütlərə ibadət etmələrinə dair dəlil gətirmələrini tələb etdi və bildirdi ki, əsassız zənn və nəfsi istəklərə uymaq heç vaxt buna dəlil sayıla bilməz. Bu məsələdə dəlil, yalnız elçilərin gətirdiyi açıq-aydın dəlillər ola bilər. Onların gətirdiyi dəlillər də, tək Allaha ibadət etməyin və bütlərə ibadəti tərk etməyin vacibliyinə dəlalət edir.

Ayələrin fəslə münasibliyi:
Bu ayələrdə ağacdan və daşdan xeyir-bərəkət ummağın haram edilməsi və bu əməlin şirk sayılması vardır. Ayədə adları keçən bu bütlərə ibadət edənlər etiqad edirdilər ki, bu bütlərə təzim və dua etməklə xeyir bərəkət gələcək. Ona görə də qəbirlərdən xeyir-bərəkət ummaq, onların Latdan xeyir-bərəkət ummaları kimidir. Çünki Lat Həccə gələnlər üçün yemək bişirən saleh kişinin qəbri idi. Ağaclardan və daşlardan xeyir-bərəkət ummaq isə, Uzzəyə və Mənətə ibadət etmək kimidir. Çünki Uzzə Məkkə və Taif arasında bitən akasiya ağacı idi, Mənət isə Məkkə və Mədinə arasında “Muşəlləl” deyilən yerdə büt idi.

Ayələrdən çıxarılan faydalar:
1. Ağaclardan və daşlardan xeyir-bərəkət ummağın şirk olması.
2. Şirki puça çıxarmaq və tovhidi bərqərar etmək üçün müşriklərlə mübahisə etməyin şəriətə uyğun olması.
3. Biz şeyin hökmü, zənn və nəfsi istəklərlə deyil, yalnız Allahın nazil etdiyi dəlillərlə sübut olur.
4. Allah Təalə elçiləri göndərməklə və kitablar nazil etməklə bu dini çatdırıb.

Əbu Vaqid əl-Leysidən rəvayət olunur ki, o, belə demişdir: “Biz, Allahın elçisi (sallallahu aleyhi və səlləm) ilə Huneynə çıxmışdıq və o zaman az bir vaxt idi ki, biz İslamı qəbul etmişdik. Müşriklərin “Zətu-ənvət” deyilən bir sidr ağacı var idi. Onlar bu ağacın yanında ibadət edirdilər və öz silahlarını ondan asırdılar. Biz həmin sidr ağacının yanından keçərkən belə dedik: “Ey Allahın elçisi, bəlkə onların Zətu ənvət ağacı kimi bizim üçün də bir Zətu ənvət ağacı edəsən?!” Allahın elçisi (sallallahu aleyhi və səlləm) təəccüblənərək dedi: “Allahu Əkbər! Həqiqətən də bu, əvvəlkilərin yoludur. Canım əlində olan Allaha and olsun ki, sizin bu sözünüz, İsrail övladlarının Musaya dedikləri sözə oxşayır. “Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız.” (əl-Əraf 138). Siz, mütləq əvvəlkilərin yolunu tutub gedəcəksiniz.” (Hədisi İmam Tirmizi rəvayət edib və səhih adlandırıb).

Hədisin qısa mənası:
Əbu Vaqid təəccüblü və ibrətli bir hadisə barədə xəbər verir. Bir gün onlar Allahın elçisi ilə birlikdə Həvazin qəbiləsi ilə döyüşə çıxmışdılar.Onlar İslam dininə təzə girmişdilər və şirk məsələsi hələ onlara gizli qalmışdı. Onlar, müşriklərin ağacdan xeyir-bərəkət umduqlarını gördükdə, Allahın elçisindən, onlar üçün də belə bir ağac etməsini istədilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların bu sözünə təəccüblənərək, Allaha təzim edərək və onların etdiyi əməli pisləyərək “Allahu Əkbər” (Allah ən böyükdür) dedi. Bir zaman İsrail övladları bütə ibadət edən qövmü gördükdə Musaya belə dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız. (əl-Əraf 138) Peyğəmbər (sallallahu aleyhi və səlləm) xəbər verdi ki, onların bu sözü, qövmünün Musaya dedikləri sözə oxşayır və bu, onların yolu ilə getmək deməkdir. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) xəbər verdi ki, bu ümmət, yəhudi və nəsranilərin yoluna tabe olacaq, onların etdiyi əməlləri edəcəklər. Bunun xəbər verilməsində məqsəd, bu əməli məzəmmət etmək və ondan çəkindirməkdir.

Hədisin fəslə münasibliyi:
Bu hədis dəlalət edir ki, ağacdan və bu kimi şeylərdən xeyir-bərəkət ummaq şirkdir və Allahdan başqasını ilahlaşdırmaqdır.

Hədisdən çıxarılan faydalar:
1.Ağaclardan, daşlardan və bu kimi şeylərdən xeyir-bərəkət ummaq şirkdir.
2.Batil əməllərə adət edən insan doğru yola gəldikdə, onun qəlbində o batildən nəyinsə qalmamağına arxayın olmaq olmaz.
3.Bütlərə ibadət etməyə aparan səbəblər, onlara təzim etmək, onların yanında ibadət etmək və onlardan xeyir-bərəkət ummaqdır.
4.İnsan bəzən bir şeyi gözəl hesab edir və düşünür ki, bu, onu Allaha yaxınlaşdıracaq. Əslində isə bu əməli, onu Allahdan daha da uzaqlaşdırır.
5.Müsəlman kəs öz dini haqqında nalayiq sözlər eşitdikdə və ya təccüblənərkən “Subhənallah” və ya “Allahu Əkbər” deməlidir.
6.Bu ümmətdə şirkin baş verəcəyi barədə xəbər verilmişdir, doğrudan da, artıq bu, baş verib.
7.Peyğəmbərin, doğrudan da, peyğəmbər olmasının əlaməti: Onun xəbər verdiyi kimi oldu və bu ümmətdə şirk baş verdi.
8.İnsanın özünü yəhudilərə, nəsranilərə və cahillərə oxşatmasının qadağan edilməsi. Əgər onlarda olan bir şeyin bizim dinimizdə də olmasına dəlil varsa, bu, istisnadır.
9.Bir şeyin hökmü, ona verilən ada görə deyil, onun həqiqi mahiyyətinə görədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların bunu “Zətu ənvət” adı ilə adlandırmalarına fikir vermədi, əksinə onların bu tələbini, eyni ilə İsrail övladlarının tələbi kimi saydı.


Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax