• Menyu
  • Menyu

Uşaq tərbiyəsinə aid tövsiyələr

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Həmd yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur. Allahın elçisinin, onun ailəsinin və səhabələrinin üzərinə Allahın salamı və xeyir-duası olsun.

Sonra isə:

Böyük islam alimi, imam İbn Qudəmə Əl-Məqdisi (Allah ona rəhmət etsin) buyurmuşdur:

“Bil ki, körpə valideyninin yanında əmanətdir. Onun qəlbi isə saf qiymətli daşlar kimidir. Belə bir qəlb hər bir naxışı qəbul etməyə hazırdır. Əgər xeyirə alışdırılarsa, onun üzərində də böyüyər. Onun ata-anası və tərbiyəçisi də bu savabdan öz nəsiblərini alarlar. Əgər o körpə şərə alışdırılarsa, onun üzərində də böyüyər. Bunun günahı da onun vəlisinin üzərinə olar. Ona görə də gərək uşağı (pisliklərdən) qorusunlar, təlim-tərbiyə versinlər və ona gözəl əxlaqları öyrətsinlər. Onu pis dostlardan qorusunlar. Onu naz-nemətlərə öyrəşdirməsinlər.

Ona bər-bəzəkli və dəb-dəbəli (həyatın) səbəblərini sevdirməsinlər ki, hətta böyüdüyü zaman ömrü bu şeyləri tələb etməklə zay olmasın.

Əksinə, ona ömrünün əvvəlindən nəzarət etməli, ona süd verməkdə və onun tərbiyəsində yalnız halal yeyən dindar, salehə bir qadından yararlanmalıdırlar. Çünki, haramdan əmələ gələn süddə bərəkət olmaz.

Əgər onda seçilən (xeyirli) xüsusiyyətlər izhar olmağa başlayarsa, hansı ki, bunun birincisi həyalı olmaqdır, bu nəcabətli olmağın əlamətidir ki, bu da yetkinlik çağında ağlın kamil olmasının müjdəçisidir. Bu cür olan uşağın tərbiyəsində onun həyası yardımçı olacaqdır.

Uşağa ən birinci qalib gələn sifətlərdən biri də çox yemək istəyidir. Ona görə də uşağa yemək ədəblərini öyrətmək lazımdır. Bəzi vaxtlar təkcə çörək yeməyə öyrəşdirilməlidir ki, o qarışıq yeməklərə öyrəşib bu cür yeməklərin mütləq gərəkdiyini düşünməsin (red- yəni, uşaq bilsin ki, mədəni bir növ qida ilə də doyurmaq mümkündür) və ona çox yemək çirkin görünsün. Bu da çox yeyənlərin heyvanlara bənzədilməsilə ola bilər.
Həmçinin, uşağa qarışıq və ipəkdən olan paltarlar deyil, ağ paltarlar sevdirilsin. Hətta, onda (ipək paltarların) qadına və qadına bənzərlərə aid olduğu qənaəti yaransın. Həmçinin, uşağı naz-nemətə öyrədilmiş uşaqlara qarışmaqdan uzaq tutmaq, sonra ona yazı masasında Quran, hədis və salehlərin sözlərindən öyrətmək ki, bununla da onun qəlbində saleh insanlara qarşı sevgi yaransın. Uşağa eşq haqqında olan şeirləri əzbərlətdirmək olmaz.

Nə vaxt ki, uşaqda yaxşı əməl və gözəl əxlaq büruzə verərsə, buna görə o təqdir olunmalıdır. O, sevindirən xüsusiyyətinə görə mükafatlandırılmalı və insanların içində təriflənməlidir. (red: bu üslub yalnız uşaqlara aid bir tərbiyə üslubu kimi qeyd olunmuşdur). Bəzi hallarda (az hallarda) buna müxaliflikləri baş verərsə, görməməzlikdən gəlinməli və bu (qınaqla) üzə çıxarılmamalıdır. Əgər bu əmələ yenidən qayıdarsa, o zaman onu gizlində danlamaq və insanlara onun nə etdiyini deyəcəyi ilə qorxutmaq lazımdır. Amma, danlamağı çoxaltmaq lazım deyil. Çünki, bu ona sözə qulaq asmamağı adiləşdirir. Qoy valideyn uşağın yanında sözünün heybətini qorusun.

Anaya gərəkən odur ki, uşağı atası ilə qorxutsun. Sabah vaxtı uşağın yatmasına mane olunmağı yaxşıdır. Çünki, bu tənbəllik meydana gətirir. Gecə yuxuna isə mane olunmalı deyil. Lakin, yumşaq yataqlara qadağa qoymaq yaxşıdır ki, əzaları möhkəmlənsin. Onun yatağında, geyimində və yeməyində sərtliyə öyrəşdirmək lazımdır(red: bu xüsusən də oğlan uşaqlarına aiddir).

Onu yeriməyə, hərəkət etməyə və idmana öyrəşdirmək lazımdır ki, tənbəllik ona qalib gəlməsin.
Həmçinin, atasının malik olduğu hansısa bir şeyə görə və ya yeməyinə, geyiminə görə dostları arasında fəxr etməyinə mane olmaq lazımdır.

Uşaq qaynayıb-qarışdığı insanlarla təvazökar olmağa və onlara ikram etməyə öyrəşdirilməli və onun özü mislində olan uşaqlardan nə isə götürməyinə icazə verilməli deyil. Ona öyrədilməlidir ki, götürmək aşağılıqdır. Yüksəklik isə əta etməkdədir. Ona qızıl və gümüş sevgisi çirkin göstərilməlidir.

Ona öyrədilməlidir ki, olduğu məclisdə tüpürməsin, fınxırmasın, başqasının yanında əsnəməsin, ayağını ayağının üstünə qoymasın, çox danışmağına mane olunsun. Ancaq cavab vermək üçün danışsın. Özündən böyük biriylə danışdığı zaman gözəl şəkildə dinləməyə öyrəşdirilsin. Özündən böyüklərə hörmət etsin.

Çirkin (əxlaqsız) sözlər söyləməsinə qadağa qoyulsun və bu cür danışan uşaqlarla qarışmasına mane olunsun. Çünki, uşaqları qorumaq (red: bu yolda ən mühüm işlərdən biri) onları pis dostlardan qorumaqdır.

O, təlim otağından çıxdıqdan sonra ona gözəl bir oyun təşkil olunması, bu oyunla da təlim-tərbiyənin yorğunluğundan dincəlməsi yaxşı olardı.

Necə ki, deyilmişdir: “qəlbləri zikr ilə rahatlandırın.”

Uşağa ata-anasına, müəlliminə itaət etməyi və onlara hörmətlə yanaşmağı öyrətmək lazımdır.

Yeddi yaşına çatdıqda ona namaz əmr olunmalıdır. Təharətli olmağı tərk etməyə öyrəşməsin deyə gərək ona bunu tərk etməyə icazə verilməsin.

Uşaq yalan danışmaqdan və xəyanət etməkdən qorxudulmalıdır.

Yetkinlik yaşına yaxınlaşdıqda isə işlər öhdəsinə verilə bilər.

“Muxtasaru Minhəcul-Qasidin”, səh. 200-203.


Tərcümə etdi: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax