• Menyu
  • Menyu

Xəlifə Ömərin “Bizə Allahın kitabı yetər” sözünün mahiyyəti

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə.

Ömər ibnul-Xəttab (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ vəfatına yaxın «Bizə Allahın kitabı yetər» demişdir, bunu necə anlayaq?

Bu şübhənin cavabı:

Bu cümlə Peyğəmbərin ﷺ çətin vəziyyətində, xəstə yatağında hansısa yazı yazıb əziyyətə düşməməsi üçün idi. Ömər Peyğəmbərin ﷺ halından narahat idi. Əslində, məsələ sadədir. Ömər (Allah ondan razı olsun) həmin vəziyyətdə yazı yazılmasını doğru hesab etmirdi. Ərəblər yazıya “kitabə” deyirlər. Yəni, Peyğəmbərin ﷺ bu ağır vəziyyətində belə bir yazıya lüzum yoxdur. O, bununla ümumən hədisləri yazmağı yox, həmin andakı yazını qəsd edirdi. Bunun sübutu da Ömərin həyatı boyunca sünnəyə sadiqlik etməsidir. Əslində, o çətin vəziyyətə deyilən bu cümlə “bizə indi hansısa bir yazı yazmaq  lazım  deyil, Quranda yazılanlar doğru yolu göstərir” mənasına gəlir, söhbət doğru yoldan  gedir. Çünki, hamı bilir ki, Quran hidayət kitabıdır, şəriətin bütün təfsilatının olduğu kitab deyil. Hədislərdə isə bu təfsilat vardır. Eyni zamanda Quran və Sünnə (hədislər) bir-birini tamamlayır, hədislər də quranı izah edir. Bu cümlə heç də «bizə Quran bəsdir, hədis lazım deyil» anlamında deyil, «Bizə doğru yol göstərən Quran bəs edir. İndi isə hansısa yazıya ehtiyac yoxdur» kimi anlaşılmalıdır.

Həmçinin, səhabələr bu xəstəliklə Peyğəmbərin ﷺ konkret olaraq öləcəyini bilmirdilər. Çünki, bu hadisədən sonra Peyğəmbər dörd gün yaşadı. Əgər o, istəsəydi, yenə yazmaq istədiyini yazardı. Haqqı bəyan etməmək Peyğəmbərə yaraşmaz – alimlər bu fikri qəti şəkildə demişlər. Peyğəmbərin ﷺ sağ olduğu növbəti günlərdə bu yazını yazmaması bu yazının elə də mühüm olmaması və Onun Ömərlə razılaşıb onu təsdiqləməsi anlamına gəlir. Çünki, Peyğəmbər haqqı gizlədə bilməzdi.

Birincisi: Bəzi rəvayətlərdə Ömərin (Allah ondan razı olsun) «Allahın kitabı bizə bəsdir» deməsi Peyğəmbəri qəsd etməklə olmamışdır, bu xitab onun «yazıya gərək yoxdur» rəyini dedikdə etiraz edənlərə xitabən dediyi söz idi. O cümlədən də, Peyğəmbərin ﷺ sağlığında Onun əmrinə əsasən hədislər Quranla qarışmasın deyə yazılmırdı.

İmam Nəvəvi demişdir: “Ömərin «bizə Allahın kitabı bəsdir» deməsi peyğəmbərin ﷺ əmrinə qarşı deyil, onunla mübahisə edən kimsəyə dediyi söz idi”. (Şərh Səhih Muslim 11/93)

İkincisi: Həmçinin, məlumdur ki, o, həyatı boyu Peyğəmbərin ﷺ sünnəsini yaymışdır və o, Peyğəmbərdən 539 hədis rəvayət etmişdir. (Bax: İbn Muləqqin, «əl-İləm bi-Fəvaidi Umdətil-Əhkəm» kitabı) Belə olduğu halda onun hədisləri qəbul etməməsi absurd fikirdir. O, Peyğəmbərin ﷺ sünnəsinə o qədər həris biri idi ki, hətta Peyğəmbərin təravih namazını insanlar ixtilaf etdiyi üçün dayandırmasına baxmayaraq, o, yenidən təravih namazını, Peyğəmbərin ﷺ bu sünnəsini əhya etmiş (diriltmiş) oldu.

Hətta o, sünnəyə (hədislərə) əməl etməyə o qədər həris idi ki, Peyğəmbərin ﷺ vəfatından sonra ona bir fiqhi məsələyə aid eşitmədiyi hədisi ona deyirlər və o, dərhal həmin hədisə əməl edərək öz etdiyi əməli tərk edir. Yəni, öz bildiyini deyil, səhabənin “Peyğəmbər mənə belə-belə yazdı” deməsiylə dərhal öz rəyindən dönür. Ömər ibnul-Xəttab (Allah ondan razı olsun) hesab edirdi ki, qanpulu yalnız kişinin öz qan qohumlarına aiddir, həyat yoldaşına aid deyil. Lakin, Dahhək İbn Sufyən ona: Peyğəmbər ﷺ mənə yazdı ki, «Əşim əd-Dabəbinin diyətinin mirasından onun həyat yoldaşına pay verməliyəm» dedikdə Ömər öz rəyindən qayıtdı. (Əbu Davud rəvayət etmişdir)

Bu rəvayətdən də görünür ki, Ömər Peyğəmbərdən eşitmədiyi bir hədisi eşitdikdə öz rəyindən belə dönürdü.

Səhih əl-Camidə (1834) səhabi Əbu Zərin belə dediyi rəvayət olunur: «Mən peyğəmbərin belə dediyini eşitdim: Allah – azzə və cəllə – haqqı Ömərin dilində etmişdir, o da haqqı deyər.»

Həmçinin, Ömər İbn əl-Xəttabın (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: «Sizin yanınıza (bəzi) qövmlər gələcək, onlar sizinlə Quran barədə şübhələr gətirib mübahisə edəcəklər. Onlara sünnələr ilə cavab verin. Çünki, sünnə əhli Allahın kitabını daha yaxşı bilir.» (Zəmmul-Kəlam və Əhlih, Abdullah əl-Ənsari, no: 171)

Ömər ibnul-Xəttabın Peyğəmbərin ﷺ sünnəsinə olan qayğısı, sünnəni yayması, tətbiq etməsi barədə rəvayətlər olduqca çoxdur. Onun həyatı bütünlüklə buna dəlalət edir. Belə olduqda, bu rəvayətdən çıxarılan şübhənin batil olduğunu görmək olar.

Həmçinin, Ömər İbn əl-Xəttabın (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ vəfatından sonra onun hədislərini, xüsusən də eşitmədiyi hədisləri başqa səhabələrdən öyrənməsi və buna əməl etməsi də Ömərin sözünün onun qəsd etmədiyi yanlış mənalara yozulduğunun sübutlarından biridir.

Üçüncüsü: Ehtimal olunur ki, Ömərin (Allah ondan razı olsun) bu sözü deməsi səhabələrin öyrəşdiyi ilkin əmr ilə bağlıdır. Onlardan bəziləri soradan hədis yazmağın icazəli  olmasını bilir, bəziləri isə yəqinliklə bilmirdilər. Çünki, Peyğəmbərin ﷺ müəyyən məqamlarda hədis yazmağa icazə verməsinə bütün səhabələr şahidi olmamışdılar.

İlkin əmr isə Quranın hədislərlə qarışmasının qarşısını almaq məqsədilə hədislərin yazılmasının bir müddət dayandırılması idi. Bu hadisədə Peyğəmbərin Qurandan başqa bir şey yazmaq istəməsini hədislərin yazılmasına növbəti dəfə icazə verməsi kimi də hesab etmək olar. Biz Ömərin (Allah ondan razı olsun)  sözünü yalnış anlayıb hədisləri inkar edənlərə sual verərək deyirik ki, bəs siz nə üçün  Peyğəmbərin özünün son anında Qurandan başqa  bir yazı olan hədisi yazmaq istəməsini hədis yazmaq qadağasının aradan qalxdığına dəlil kimi götürmək istəmirsiniz?! Baxmayaraq ki, bundan öncə də peyğəmbərin hədis yazmağa icazə verməsinə dəlillər vardır. (Dəlillərin bir qismi ilə tanış olmaq üçün bu keçiddəki məqaləni oxuya bilərsiniz.)

Dördüncüsü: Ömərin (Allah ondan razı olsun) fikri hədislərə qarşı deyil, sırf həmin məqamda yazılacaq yazıya qarşı idi. Bunu təsdiqləyən amillər:

a) Ömərin özünün Peyğəmbərin ﷺ hədislərini yayması amili.

Buna dəlillər çoxdur, gəlin birini qeyd edək.

İpəyin haram olması barədə hədis Ömər ibnul-Xəttabdan rəvayət olunur. O, valilərindən biri olan İbn Fərqada bu barədə məktub yazmış və Peyğəmbərin ipəyi qadağan etməsini bildirmişdir. Hədisin Buxari və Muslimdəki ləfzində: Ömər ibnul-Xəttab (Allah ondan razı olsun) dedi ki, Peyğəmbər ﷺ belə deyib: «İpək geyinməyin, çünki hər kim onu bu dünyada geyinərsə, axirətdə (cənnətdə) geyinməz» (Buxari, 7/150, Libas kitabı; Bu hədisi Müslim də rəvayət edib) deyə gəlir. Bu barədə hədislər çoxdur. Yuxarıda Ömərin Peyğəmbərdən 539 hədis rəvayət etməsini də qeyd etmişdik. Yüzlərlə hədisləri burada qeyd etməyə ehtiyac görmürük.

b) Ömərin (Allah ondan razı olsun) sonradan bilmədiyi hədisləri belə tapıb öyrənməsi, özünün də o hədislərə əməl etməsi amili;

Ömər (Allah ondan razı olsun) insanlara hədis rəvayətini qadağan etmirdi. Sadəcə onlara rəvayətləri dəqiqləşdirməyi tələb edirdi. Bununla da, o, rəvayətlərə daha çox yəqin olurdu. İnsanlara isə Peyğəmbərdən ﷺ eşitdiklərini danışmağı qadağan etmirdi. Onun Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) eşitdiyi hədisi dəqiqləşdirməsi də bu qəbildən idi. Əbu Musa əl-Əşari qapı arxasından «icazə almaq» barədə hədisi danışdıqda Ömər onun bu rəvayəti eşitdiyinə dair şahid tələb edir, sonra isə başqa bir səhabi (Ubey İbn Kəb) (Allah ondan razı olsun) gəlib şahidlik edir, Ömər isə deyir: «Mənə bu hədis çatmamışdı, çünki, mənim (həmin vaxtlar) bazarda ticarət etməyim bu hədisi eşitməyimə mane olmuşdu.» (Səhih Müslim, Kitəbul-Ədəb, Bəbul-İsti’zən)

Yəni, o dövrdəki bir çox müsəlmanların peşəsinin ticarət olduğu kimi Ömər (Allah ondan razı olsun) də bir müddət ticarətlə məşğul olmuşdu. Bu rəvayətdə o, demək istəyir ki, ticarətlə məşğul olmaq onun Peyğəmbərdən daha çox hədis eşitməsinə mane olduğu kimi bu hədisi də eşitməyinə mane olmuşdu.

Bu hədisdəki faydalardan biri də Ömərin eşitmədiyi bir hədisə görə təəssüf hissi keçirməsidir. Görün, indi o, bir çox eşitmədiyi hədislərə görə necə təəssüflənirdi?

Bu hal isə normal idi, çünki bütün səhabələrin gecə-gündüz Peyğəmbərin ﷺ yanında olub hədisləri daim eşitmək imkanları yox idi. Onlardan bəziləri müxtəlif peşələrdə işləyir və ailələrini dolandırmalı idilər. Ona görə də Peyğəmbərdən onun zövcələri (Allah onlardan razı olsun) çox rəvayət etmişdilər. Çünki, çox vaxt Peyğəmbəri ﷺ görmək və eşitmək imkanları olurdu.

Xülasə, Peyğəmbərin ﷺ xəlifələri (Allah onlardan razı olsun) onun sünnətini öyrənməyə və yaymağa həris idilər. Bunda heç bir şəkk ola bilməz. Biz bu barədə rəvayətləri çoxalda da bilərdik, sadəcə uzunçuluq olmasın deyə bu qədəri ilə kifayətlənirik. Nəticə olaraq aydın olur ki, xəlifə Ömər ibnl-Xəttab (Allah ondan razı olsun) daim Quran və Sünnənin xidmətində olmuş, insanları daim bu iki məsdərdəki xeyirlərə yönəltmişdir. Səhabələrin sözlərindən onların qəsd etmədikləri batil mənaları çıxarmaq haramdır.

İstifadə edilmiş mənbələr:

Səhih əl-Buxari.

Səhih Muslim.

Sunən Əbi Davud.

Sahih əl-Cami, Albani.

Zəmmul-Kəlam və Əhlih, Əl-Həravi, Abdullah əl-Ənsarinin təhqiqi ilə.

Difəan anis-Sunnə, Abdul-Ğani Abdul-Xaliq.

Şərh Riyadis-Salihin, imam ən-Nəvəvi.

əl-Quraniyyun, nəşə’uhum, aqaiduhum, ədillətuhum, Ali Muhəmməd Zeynu.


Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax