• Menyu
  • Menyu

Zarafat etmək haqqında

tovhidinfo

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Zarafat etmək çox diqqətli olmağımız gərəkdiyi mövzulardandır. Bu əməlin xoş tərəfi olsa da, bəzən qəlb qırmağa, incikliyə və s. arzuolunmaz şeylərə də səbəb ola bilir. Allahın Elçisi Muhəmməd ( salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Mən də zarafat edirəm, (bu zaman) yalnız haqqı deyirəm.” (Təbərani, 12/391. Şeyx Albani bu hədisə ” səhih” demişdir).

Zarafatın faydaları və zərərləri var, faydasını götürüb zərərindən çəkinmək lazımdır. Zarafatın iki faydasını əl-Mərvərdi “Ədəbud-Din vəd-Dunyə” kitabında qeyd etmişdir:

1. Dostlar arasında ünsiyyətin yaranması, bir-birinə qaynayıb-qarışan insanların arasında sevgi, mehribançılıq yaranması;
2. Hər hansı bir nigarançılığı (kədəri və ya narahatlığı) və ya pis halı zarafatla dəf etmək.

ZARAFATIN ZƏRƏRLƏRİ

Bu barədə sələflərdən bəzilərinin və onlardan olan hikmət sahiblərinin sözləriylə kifayətlənəcəyik:
Ömər ibn Əbdül-Əziz (rahiməhullah) demişdir: “Zarafat etməkdən çəkinin! Çünki, bu bir yüngüllükdür ki, özüylə kin-küdurət gətirir!”

Səid ibnul-As öz oğluna nəsihət edərək demişdir: “Zarafatda ortayollu ol! Çünki, zarafatda həddi aşmaq dostluğu (ünsiyyəti) aradan qaldırır, səfehləri sənə qarşı cürətləndirir. Bu məsələdə qüsura yol verməyin dostları səndən uzaqlaşdırar. Səni dostsuz, yalnız qoyar.”

Bəzi hikmət sahibləri belə demişlər: “kimin zarafatı çoxalarsa, onun heybəti aradan qalxar, kimin müxalifliyi çoxalarsa, o adam (məclislərdə) olmadıqda (camaata) xoş olar.”
Bəziləri isə demişlər: “kimin ağlı azalarsa, çox zarafat edər.”
İbrahim ən-Nəxai demişdir: “Zarafat ya zəif olmaqdan, ya da aktiv olmaqdan yaranır”.
“Hikəmul-Mənsur” əsərində deyilmişdir: “Alovun taxtanı yandırıb yediyi kimi, zarafat da heybəti yeyir.”

Bütün bunları bildikdən sonra kiminlə və necə zarafat edəcəyimizi bilməli, zarafat zamanı seçəcəyimiz sözlərdə diqqətli olmalı, həqiqətən özümüzə yaxın saydığımız insanlarla bir qədər bizə uzaq olan insanları fərqləndirməliyik. Qəlb qıran, həddi aşan, inciklik yaradan ifadələrdən çəkinməliyik. Bununla da Allahın izniylə insanların kədərini dağıdacaq, arada mehribançılıq yaradacaq zarafata nail ola bilərik.

Çünki, Allahın Elçisi (salləllahu aleyhi və səlləm) ya xeyir danışmağımızı, ya da susmağımızı əmr etmişdir.

(Əsas mənbə: Əl-Mərvərdinin “Ədəbud-Dunyə vəd-Din” əsəri).


Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

 

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax