Allahdan başqası üçün qurban kəsilən yerdə Allah üçün qurban kəsilməz.
Mərhəmətli və Rəhimli Allahın adı ilə
- Allah Təalə buyurub: “Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevir.” (ət-Tövbə 107-108).
Bu fəslin “Tövhid kitabı” ilə münasibliyi:
Bu fəsil əvvəlki fəslin davamıdır. Bundan öncəki fəsildə Allahdan başqası üçün qurban kəsməyin hökmü bəyan edildi. Bu fəsildə isə, Allahdan başqası üçün qurban kəsməyə aparıb çıxaran yolların, eləcə də, bu əməli edənlərə oxşamağın qadağan edilməsi vardır.
Ayənin qısa mənası:
Allah Təalə Öz elçisinə münafiqlərin tikdiyi “dırar” məscidində namaz qılmağı qadağan etdi. Çünki onların bu məscidi tikməkdə məqsədi Qubə məscidinə zərər vurmaq, Allaha və Onun elçisinə küfr etmək idi. Münafiqlər öz əməllərinə bəraət qazandırmaq və batil inanclarını gizlətmək ümidi ilə Allahın elçisindən xahiş etmişdilər ki, o məsciddə namaz qılsın. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların bu məqsədini bilmirdi, bu səbəbdən də onların istəyini yerinə yetirəcəyinə və həmin məsciddə namaz qılacağına dair söz vermişdi. Allah Təalə ona bu vədi yerinə yetirməyi qadağan etdi və onu Qubə məscidində, başqa təfsirçilərə görə Mədinədə, Peyğəmbər məscidində namaz qılmağa həvəsləndirdi. Sonra Allah Təalə adı çəkilən bu məscidin camaatını tərifləyərək bildirir ki, onlar şirkdən və murdar şeylərdən təmizlənən kimsələrdir və Allah Təalə bu vəsflə vəsf olunanları sevir.
Bu ayənin “Tövhid kitabı”ilə münasibliyi:
Əgər Allaha asilikdən ötrü tikilən məsciddə ibadət etmək qadağan edilibsə, həmçinin, buna qiyas edərək demək olar ki, Allahdan başqası üçün qurban kəsilən yerdə Allaha ibadət etmək olmaz. Necə ki, bu məsciddə namaz qılmaq olmaz, eləcə də Allahdan başqasına qurban kəsmək üçün nəzərdə tutulan yerlərdə Allah üçün qurban kəsmək icazəli deyil.
Ayələrdən çıxarılan faydalar:
1.Allaha asilik üçün tikilən məsciddə namaz qılmaq qadağan edildiyi kimi, Allahdan başqasına qurban kəsilən yerlərdə də Allah üçün qurban kəsmək icazəli deyil.
2.Əməlisaleh, çirkabdan təmizlənən camaatla namaz qılmağın müstəhəb olması.
3.Allahın məhəbbət sifətinin sübutu. Allahın sevməsi, Onun digər sifətləri kimi Özünə layiq olan şəkildədir.
4.Bu ayə dəstəmazı tam almağa və nəcasətdən təmizlənməyə həvəsləndirir.
5.Niyyətin hətta yerlərə də təsir edə bilməsi.
6.Şirkə aparıb çıxaran yolların qarşısını almaq şəriətə uyğun əməldir.
- Sabit ibn Dahhəkin belə deməsi rəvayət olunur:
“Bir kişi Buvanə deyilən yerdə heyvan kəsməyi nəzir demişdi. O, bu haqda Peyğəmbərdən soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona dedi: “Həmin yerdə cahilliyə dövründə ibadət edilən bütlərdən olubmu?” Dedilər ki, xeyr! O, dedi: “Bəs əvvəllər o yerdə cahilliyə bayramlarından hansısa keçirilirdimi?” Onlar: “xeyr” – dedilər. Allahın elçisi (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Get öz nəzrini yerinə yetir. Həqiqətən də, nə Allaha asilikdə, nə də Adəm övladının sahib olmadığı bir şeydə nəzir yerinə yetirilmir”.” (Əbu Davud 3313).
Hədisin qısa mənası:
Hədisi rəvayət edən kəs danışır ki, bir kişi Allaha itaət etmək və Ona yaxınlaşmaq məqsədi ilə müəyyən bir yerdə Allah üçün qurban kəsməyi özünə vacib etmişdi. O, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib, bu nəzri həyata keçirib-keçirməməsi haqda ondan soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) həmin yerdə müşriklərin ibadət etdiyi məbud olub-olmadığını, həmçinin, müşriklərin o yeri təzim edib oraya toplanırdılarmı deyə, o yer barədə soruşub araşdırdı. Nəhayət Peyğəmbər (sallallahu aleyhi və səlləm) o yerdə bu təhlükəli şeylərdən heç birinin olmadığını bildikdə, fətva verdi ki, o, öz nəzrini yerinə yetirsin. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) icazəli olmayan nəzri də bəyan etdi ki, əgər insan asiliyi və ya sahib olmadığı bir şeyi nəzir deyərsə, onu yerinə yetirməsi icazəli deyil.
Bu hədisin fəslə münasibliyi:
Əgər bir yerdə əvvəllər cahilliyə bütlərindən biri olubsa və ya orada cahilliyə bayramları keçirilibsə, sonradan orada bu şeylər olmasa belə, həmin yerdə Allah üçün qurban kəsmək olmaz.
Hədisdən çıxarılan faydalar:
1.Əgər bir yerdə əvvəllər müəyyən bir büt olubsa, sonradan o büt orada olmasa belə, həmin yerdə nəzri yerinə yetirmək olmaz.
2.Əgər əvvəllər bir yerdə cahilliyə bayramları keçirilibsə, sonradan bu şeylər olmasa belə, həmin yerdə nəzri yerinə yetirmək olmaz.
3.Fətva verən kəsin əvvəlcə sual verən adamı sorğu-sual edib araşdırması.
4.Şirkə aparıb çıxaran yolu bağlamaq.
5.Ibadətlərində və bayramlarında müşriklərə oxşamağı tərk etmək lazımdır, hətta insanın məqsədi onların məqsədinə uyğun olmasa belə.
6.Müşriklərin öz bütləri üçün qurban kəsdikləri və öz bayramlarını keçirdikləri yerdə Allah üçün qurban kəsmək günahdır.
7.Bir insan günah etməyə nəzir deyibsə, onu yerinə yetirməsi icazəli deyil.
8.Əgər nəzir deyən adam sahib olmadığı bir şeyi nəzir deyərsə, onu yerinə yetirməməlidir. Məs: “Mən Allah üçün filankəsin köləsini azad edəcəm” deməsi kimi.
9.Əgər insanın dediyi nəzir asilik deyilsə və o sahib olduğu bir şeyi nəzir deyibsə, onu yerinə yetirməsi vacibdir.
10.Nəzir ibadətdir və onu Allahdan başqası üçün etmək icazəli deyil.
Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info