• Menyu
  • Menyu

Peyğəmbərimizin həyatı | 2-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə.

2-Cİ HİSSƏ

Vəhyin başlanması

(Birinci hissəni buradan oxuya bilərsiniz)

Həmd olsun aləmlərin rəbbi Allaha. Allahın salavatı və salamı olsun Muhəmmədin, onun ailəsinin, səhabələrinin və qiyamət gününə qədər onlara ən gözəl şəkildə tabe olanların üzərinə. Bundan sonra:

O zaman ki, Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) qırx yaşına çatır, uca Allah onu aləmlərə rəhmət olaraq peyğəmbər göndərir.

Peyğəmbərliyin əlamətlərindən ilki Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) gördüyü yuxuların doğru çıxaraq gerçəkləşməsi idi.

Bu haqda Aişə (Allah ondan razı olsun) buyurur ki:

“Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinin ilk başlanması gördüyü yuxuların sübh çağı kimi gəlməsi idi…” (Sahih ət-Tirmizi: 3632)

Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) elçi kimi göndərilməmişdən öncə tək qalmağı sevirdi. Məkkədə, Hira mağarasına gedərək “inziva”-ya (təkliyə) çəkilərdi.

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki:

“Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Hira mağarasında olanda bir mələk gəlir və ona deyir ki, oxu! Deyir: dedim ki, mən oxuya bilmirəm. Tutub məni əldən düşənə kimi sıxdı. Sonra məni buraxdı və dedi: oxu! Dedim ki, mən oxuya bilmirəm. Məni ikinci dəfə də haldan düşənə qədər tutub sıxdı. Sonra buraxdı və dedi ki, oxu! Mən də dedim ki, mən oxuya bilmirəm. Sonra məni üçüncü dəfə də tutub haldan düşənə kimi sıxdı. Sonra buraxdı və dedi:

“1. Yaradan Rəbbinin adı ilə oxu!

  2. O, insanı qan laxtasından yaratdı.

  3. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.

  4. O, qələmlə yazmağı öyrətdi.

  5. İnsana bilmədiklərini öyrətdi.

(Əl-Ələq surəsi 1-5)

Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bununla şiddətli sarsılmış halda Xədicənin yanına daxil olur və deyir: “Məni sarıyın! Məni sarıyın!” Və onu sarıyırlar. Qorxusu getdikdən sonra Xədicəyə deyir ki, ey Xədicə mənə nə olub?! Sonra olanları ona danışır və deyir ki, mən özümə görə qorxdum. Xədicə isə dedi ki, Allaha and olsun ki, yox! Allah səni heç vaxt yardımsız qoymaz, sən qohumluq əlaqələrini qoruyursan, ən doğru olanı danışırsan, əlacsıza hər tərəfli yardım edirsən, qonaqlarına ən gözəl şəkildə ikram edirsən, müsibətə düçar olana kömək edirsən. Xədicə onunla birgə əmisi oğlu  Varaqa ibn Nofəl ibn Əsəd ibn Abduluzzanın yanına gedir. O, Xədicənin əmisi oğlu, atasının qardaşı oğlu idi. O, cahiliyyə dövründə Nəsraniliyi qəbul etmişdi, ərəb dilində kitab yazırdı, İncildən ərəbcə Allahın istədiyi qədər yazırdı. O, yaşlı bir kişi idi və artıq kor olmuşdu. Xədicə ona dedi ki, ey əmimin oğlu, dinlə, gör qardaşının oğlu nə deyir. O da, dedi ki, de görüm, ey qardaşımın oğlu, nə görürsən? Allah elçisi gördüklərini ona danışır. Varaqa ibn Nofəl deyir ki, ey qardaşım oğlu, bu “Nəmus”dur hansı ki, Musaya  enmişdir. Kaş ki, mən qövmün səni diyarından çıxaranda sağ olaydım. Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi ki, onlar məni çıxaracaqlarmı?! Varaqa dedi ki, bəli. Sənin dediyini deyən elə bir kəs olmayıb ki, ona düşmənlik edilməsin. Kaş ki, mən sənin vaxtında sağ olaydım, sənə var gücümlə kömək edərdim.”

(Səhih Muslim, 160)

İslamı ən birinci qəbul edən şəxs Xədicə bint Xuveylid olmuşdur. Allah ondan razı olsun. O, Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi hər şeyə dərhal iman etmişdir.

Kişilərdən isə, ən birinci islamı qəbul edən əbu Bəkr (Allah ondan razı olsun) olmuşdur. Əbu Bəkr ( Allah ondan razı olsun) ümmətin ən imanlısıdır, o, Allah elçisindən gələn xəbərləri ən birinci heç bir tərəddüd və şəkk etmədən qəbul edirdi. Ona görə də Allah elçisi onu “Siddiq” – yəni, tam səmimi, dosdoğru iman edən – adlandırmışdı.

Kiçiklərdən ən birinci islamı qəbul edən isə, Əli ibn Əbu Talib olmuşdur. O zaman onun cəmi on yaşı var idi. Allah ondan razı olsun.

Daha sonra bir çox kişi və qadın  islamı qəbul etdi və Allah elçisinin şərəfli səhabələri oldular. Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) üç il müddətində gizli olaraq “lə iləhə illəllah”a, yəni Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına dəvət edir. Insanları Allaha şərik qoşmaqdan çəkindirir.  Uca Allah öz elçisinə əmr etdi ki, islamı insanlar arasında yaysın.

O vaxt ki, uca Allah açıq dəvət etmək haqda ayələr endirir, Allah elçisi qövmünü açıq şəkildə tövhidə dəvət etməyə başlayır. Uca Allah belə buyurur:

“Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.”  (Hicr 94)

Həmçinin, Uca Allah buyurur:

Ən yaxın qohumlarını qorxut!  Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!” (Şüara 214- 215)

O, həmçinin, buyurur:

“Və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!” (Hicr 89)

Artıq Uca Allah bu əmrləri vəhy etdikdən sonra Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq dəvətə başlayır. Qövmünün çoxu isə, ona iman etmir, əksinə, Allah elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) qarşı düşmənçilik edirlər. Onlardan yalnız az bir qismi islamı qəbul edir. Allah Elçisinin əmisi Əbu Talib Allah elçisinə iman etməsə belə, ona yardım edir və müşriklərin Allah elçisinə bir zərər verməsinə icazə vermir. Qüreyşin başçıları yığışıb Əbu Talibin yanına gəlir və Allah elçisindən (Allahın salavatı və salamı onun üzərinə olsun) ona şikayət edirlər. Deyirlər ki, ey Əbu Talib, sənin qardaşın oğlu bizim ilahlarımıza qarşı çıxır, bizim dinimizi eyibləyir, atalarımızın azğınlıq üzərində olduğunu deyir. Sən də bizim üzərində olduğumuz üzərindəsən, o, sənə də müxalifdir. Ya onu bizdən uzaq et, ya da bizimlə onun arasına girmə. Əbu Talib onlarla yumşaq və gözəl üslubda danışaraq onları ondan uzaqlaşdırır.

Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) dəvətə davam edir. Allahın dinini açıq aydın sübutlarla bəyan edir, müşriklərin ibadət etdikləri bütlərin batil olduğunu elan edir. İbadətin, duanın, qurbanın  yalnız Allaha edilməli olduğunu insanlara çatdırır.

Bu hal Məkkə müşriklərini çox narahat edirdi. Onlar öz ilahlarına iman edib bütlərə ibadət edənlərin günü-gündən tək və bənzəri olmayan Allaha yönəldiklərini, yalnız Allaha ibadət edib, yalnız ondan kömək dilədiklərini görür, belə davam edəcəyi halda İslamın Məkkədə yayılacağından qorxuya düşürdülər. Qüreyşlilər islamı qəbul etmiş zəif müsəlmanlara əziyyət verməyə, onları müxtəlif yollarla sıxışdırmağa başladılar. Lakin artıq İslamın nuru onların qəlblərini aydınlatmışdı, onlar müşriklərin hər bir əzab əziyyətlərinə səbr edir, Allahın dinindən dönmürdülər. Allah elçisinə isə, müşriklər əmisi Əbu Talibə görə toxunmur, ona zərər verməkdən çəkinirdilər…

Ardı var…


 Mədinə İslam Universitetinin məzunu, Elçin Şunqarov.

tovhidinfo
Elçin Şunqarov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax