• Menyu
  • Menyu

Tövhid kitabının müxtəsər şərhi – 12-ci fəsil

tovhidinfo

Allahdan başqası üçün nəzir demək şirkdir

Mərhəmətli və Rəhimli Allahın adı ilə

  • Allah Təalə buyurub:

    “Onlar vəd etdikləri nəzri verər.” (Əl-İnsan, 7).

    Başqa ayədə belə buyurub:

    “Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəzri, şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.” (Əl-Bəqərə, 270).

Ayələrin qısa mənası:

Allah Təalə bu ayələrdə nəzirlərini yerinə yetirən kəsləri tərifləyir ki, onlar özlərinə itaəti vacib etdikdə bu nəziri yerinə yetirirlər. Həmçinin, xəbər verir ki, O, bizim verdiyimiz hər bir sədəqəni, yerinə yetirdiyimiz hər bir nəzri bilir və hər kəsə niyyətindən və məqsədindən asılı olaraq etdiyinin əvəzini verəcəkdir.

Ayələrin fəslə münasibliyi:

Bu iki ayə dəlalət edir ki, nəzir ibadətdir. Çünki Allah bu ayələrdə nəzirlərini yerinə yetirən kəsləri tərifləyir. Allahın bir kəsi tərifləməsi, ya onun hansısa əmri yerinə yetirdiyinə görə, ya da qadağadan çəkindiyinə görə olur. Həmçinin, Allah Təalə xəbər verir ki, O, bizim xərclədiyimizi də, nəziri yerinə yetirməyimizi də bilir və etdiyimizin qarşılığını verəcəkdir. Bundan başa düşülür ki, nəzir ibadətdir. İbadəti isə Allahdan başqası üçün etmək şirkdir.

Ayələrdən çıxan faydalar:

1.Nəzir ibadətdir və onu Allahdan başqası üçün etmək şirkdir.

2.Allahın hər şeyi bilməsinin isbatı.

3.Əməllərə görə qarşılığın verilməsi.

4.Bu ayələr nəzir dedikdə onu yerinə yetirməyə həvəsləndirir.

  • Səhih hədisdə Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın elçisi (sallallahu aleyhi və səlləm) belə deyib:

    “Kim Allaha itaət edəcəyini nəzir deyibsə, itaət etsin. Allaha asilik etməyə nəzir deyən kəs isə, Ona asilik etməsin.” (Buxari, 6696)

Hədisin qısa mənası:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə namaz qılmağı, sədəqə verməyi və ya başqa bu kimi itaətlərdən birini nəzir deyən kəsə əmr edir ki, bu itaəti yerinə yetirsin.

Allahdan başqası üçün qurban kəsmək, qəbrin yanında namaz qılmaq və ya qəbirləri ziyarət etmək üçün səfərə çıxmaq kimi asilikləri nəzir deyən kəsə isə, nəzrini yerinə yetirməyi qadağan edir.

Hədisin fəslə münasibliyi:

Bu hədis dəlildir ki, nəzir həm itaət, həm də asilik ola bilir. Həmçinin, ona dəlalət edir ki, nəzir ibadətdir. Kim Allahdan başqası üçün nəzir deyərsə, artıq ibadətdə Allaha şərik qoşmuş olar.

Hədisdən çıxarılan faydalar:

1.Nəzir ibadətdir, onu Allahdan başqası üçün etmək şirkdir.

2.İtaət etməyi nəzir dedikdə, onu yerinə yetirmək vacibdir.

3.Asiliyi nəzir dedikdə, onu yerinə yetirmək haramdır.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax