“Allahdan başqasına sığınmaq şirkdir” fəsli
Mərhəmətli və Rəhimli Allahın adı ilə
- Allah Təalə buyurub:
“Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Cinlər isə daha da onların qorxusunu artırırdı”. (Əl-Cinn 6)
Ayənin qısa mənası:
Allah Təalə bu ayədə xəbər verir ki, bəzi insanlar qorxduqları şeylərdən əmin-amanlıqda olmaq üçün cinlərə pənah aparırdılar. Cinlər də əmin-amanlıq əvəzinə daha da onların qorxusunu artırırdılar. Bu Allahdan həmin insanlara cəza idi ki, onlar əmin-amanlıqda olmaq istəyirdilər, əksinə, daha da qorxuları artırdı.
Ayənin fəslə münasibliyi:
Allah Təalə bu surədə iman gətirən cinlər haqqında danışır ki, İslam dini onlara bəlli olduqda iman gətirdilər. Sonra isə, onlar cahilliyə dövründə insanların etdikləri şirk əməlləri qınayaraq xəbər verirdilər ki, onlar Allahdan başqasına sığınırdılar.
Ayələrdən çıxarılan faydalar:
1. Allahdan başqasına sığınmaq şirkdir. Çünki iman gətirən cinlər dedilər ki, “Bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.” (Əl-Cinn, 2). Bundan sonra isə, onlar şirki məzəmmət edərək dedilər ki: “Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Cinlər isə daha da onların qorxusunu artırırdı.” (əl-Cinn 6)
2. Muhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) bütün cinlərə və insanlara göndərilməsi.
3. Allahdan başqasına sığınmaq insana yalnız qorxu və zəiflik gətirir.
4. Allaha sığınmaq isə, insana güc və əmin-amanlıq gətirir.
- Xovlə bint Həkimin (Allah ondan razı olsun) belə deməsi rəvayət olunur:“Mən Allah elçisinin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm:“Kim bir yerə çatdıqda “əuzu bikəlimətil-Ləhit-təmməti min şərri mə xaləq” (tərc.: Allahın yaratdıqlarının şərrindən Onun tam kəlmələrinə sığınıram) deyərsə, həmin yerdən çıxıb gedənə qədər ona heç nə zərər verməz”.” (Muslim 2708)
Hədisin qısa mənası:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə fayda verən sığınmanı öyrədir və bildirir ki, insan bir yerə gəldikdə qorxduğu şeyi dəf etmək istəyirsə, qoy Allahın tam kəlmələrinə sığınsın. Əgər belə edərsə, nə qədər ki, həmin yerdə qalacaq, bütün bəlalardan əmin-amanlıqda olacaqdır.
Hədisdən çıxarılan faydalar:
1.Sığınmaq ibadətdir.
2.Şəriətlə icazəli olan, insanın Allaha, Onun adlarına və sifətlərinə sığınmasıdır.
3.Allahın kəlamı məxluq deyil. Bildiyimiz kimi, məxluqa sığınmaq şirkdir. Allahın insanlara Öz kəlamına sığınmağı əmr etməsi dəlildir ki, Allahın kəlamı məxluq deyil.
4.Bu duanın qısa olmasına baxmayaraq fəzilətli dua olması.
5.Bütün məxluqlar Allahın əlindədir. (Bütün kainatı idarə edən Allahdır.)
Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info