• Menyu
  • Menyu

Tövhid kitabının müxtəsər şərhi – 15ci fəsil

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

  • Uca Allah buyurub:
    “Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar? Bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər.” (əl-Əraf, 191-192).

Ayələrin qısa mənası:
Uca Allah müşrikləri qınayır ki, onlar heç bir şey yaratmayan, ibadət olunmağa haqqı çatmayan, nə özlərinə, nə də onları çağıranlara üz verən pisliyi sovuşdurmağa qadir olmayan məbudlara ibadət edirlər. Əgər bu məbudların halı belədirsə, demək, onları köməyə çağırmaq batildir. Çünki aciz məxluq heç vaxt Yaradan və hər şeyə Qadir olan Allaha ortaq ola bilməz.

Ayələrdən çıxan faydalar:
1. Şirkin kökündən batil olması. Çünki şirk insanın öz qəlbini aciz olan məxluqlara bağlamasıdır
2. Yaradan kimdirsə, ibadət olunmağa da haqqı çatan yalnız odur.
3. Rububiyyət tovhidinə aid olan dəlilləri uluhiyyət tovhidinə də dəlil gətirmək olar.
4. Haqqa yardım etmək və batili susdurmaq üçün müşriklərlə mübahisə etməyin şəriətə uyğun olması.

  • Uca Allah buyurub:
    “Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.” (Fatir, 13-14).

Ayələrin qısa mənası:
Uca Allah müşriklərin Allahdan başqa çağırdıqları məxluqların – mələklərin, peyğəmbərlərin, bütlərin və başqa məbudların halı barədə xəbər verir ki, əslində, onların özləri aciz və zəifdirlər. Çünki dua etməyin müəyyən şərtləri var və bu məxluqlarda həmin şərtlərin heç biri yoxdur. Bu şərtlər:
Birinci: Dua edilən kəs ondan istənilən şeyə sahib olmalıdır.
İkinci: Ona dua edənləri eşitməlidir.
Üçüncü: Ona dua edənlərə cavab verməyə qadir olmalıdır.
Əgər dua edilən kəsdə bu şərtlərdən biri olmasa, ona dua etmək batildir. Bəs onda bu şərtlərin heç biri olmasa necə?!

Ayələrin fəslə münasibliyi:
Bu ayələrdə şirkin batil olmasına qəti dəlil və müşriklərə rədd vardır.

Ayələrdən çıxan faydalar:
1. Bu ayələr şirkin batil olmasına qəti bir dəlildir.
2. Dua edilən kəsdə bu şərtlərin olması vacibdir:
– Ondan istənilən şeyə sahib olmalıdır.
– Dua edənin duasını eşitməlidir.
– Dua edənə cavab verməyə qadir olmalıdır.
3. Əqidə güman, zənn və kor-koranə təqlid üzərində deyil, dəlillər və yəqinlik üzərində qurulmalıdır.
4. Allahın bütün işlərin aqibətini bilməsinin sübutu.

  • Səhih hədisdə Ənəsin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur:
    “Uhud döyüşü günü Peyğəmbərin (sallallahu aleyhi və səlləm) alnı yarılmışdı və qabaq dişi sınmışdı. Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə dedi:
    “Öz Peyğəmbərini yaralayan bir qövm necə xoşbəxt ola bilər?!” Bu səbəbdən ayə nazil oldu:
    “Bu işin sənə aidiyyəti yoxdur”.” (Əli İmran, 128). (Buxari, Muslim).

Hədisin qısa mənası:
Ənəs (Allah ondan razı olsun) Uhud döyüşündə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) başına gələn imtahan barədə danışırdı ki, o gün düşmənlər onun dəyərli bədənini iki yerdən yaralamışdılar. Bu hadisədən sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) sanki Qureyş kafirlərinin artıq heç vaxt xoşbəxt olmayacaqlarını düşünərək ümidini üzmüşdü. Bu səbəbdən ona deyildi ki, “Bu işin sənə aidiyyəti yoxdur” (Əli İmran, 128). Yəni, işlərin aqibəti və qulların hökmü yalnız Allahın əlindədir. Sən isə, ancaq özünə aid olan işlə məşğul ol və dəvətinə davam et.

Hədisin fəslə münasibliyi:
Bu hədis dəlildir ki, övliyaları və salehləri Allaha şərik qoşmaq batildir (doğru deyil və fayda vermir). Çünki Allahın elçisi (sallallahu aleyhi və səlləm) heç özündən zərəri dəf edə bilmədi, insanların işlərinin ona aidiyyəti yox idi, ondan başqaları bunu necə edə bilərlər ki?!

Hədisdən çıxan faydalar:
1. Salehləri və övliyaları Allaha şərik qoşmaq batildir. Çünki qulların işlərinin Allahın elçisinə bir aidiyyəti yox idi (yəni, onun işi ancaq bu dini çatdırmaq, insanları xeyrə çağırmaq idi. Onları azdırmaq və ya doğru yola yönəltmək, onların işlərini idarə etmək və onları haqq-hesaba çəkmək Allaha aiddir.) Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanların işindən heç nəyə sahib deyildisə, ondan başqaları əlbəttə ki, insanlar üçün heç nə edə bilməzlər.
2. Peyğəmbərlərə də xəstəliklər və bəlalar üz verir.
3. İbadəti yalnız Allah üçün etməyin vacibliyi. Çünki qulların işləri yalnız Ona aiddir.
4. Allahın yoluna dəvət edərkən əziyyətlərə səbr etməyin və dözməyin şəriətdən olması.
5. İnsan şirkdən aşağı hansı günahı etsə belə, yenə də Allahın rəhmətindən ümidini üzməsi qadağan olunub.

  • Buxarinin “Səhih”-ində İbn Ömərdən rəvayət olunur ki,
    Allahın elçisi sübh namazının sonuncu rükətində rukudan qalxarkən “Səmiallahu limən həmidəh, Rabbənə və ləkəl həmd” sözlərini dedikdən sonra belə dedi:
    “Allahım, filankəsə və filankəsə lənət elə!”
    Bu səbəbdən Allah bu ayəni nazil etdi:
    “Bu işin sənə aidiyyəti yoxdur”. (Ali İmran, 128)

Rəvayətlərin birində isə deyir ki, o, Safvən ibn Umeyyə, Suheyl ibn Umar, Həris ibn Hişəm üçün bəddua edirdi və bu ayə nazil oldu:
“Bu işin sənə bir aidiyyəti yoxdur.” (Ali İmran, 128)

Hədisin qısa mənası:
İbn Ömər xəbər verir ki, o, Allahın elçisinin namazda kafirlərdən olan bəzi şəxslər üçün bəddua etdiyini eşitmişdi. Həmin şəxslər Uhud döyüşü günü Peyğəmbərə əziyyət vermişdilər. Peyğəmbərin bu duasından sonra Allah ayə nazil etdi ki, “bu işin sənə bir aidiyyəti yoxdur”. (Ali İmran 128) Sonradan Allah həmin kafirləri tövbəyə müvəffəq etdi və onlar Allaha və Onun elçisinə iman gətirdilər.

Hədisin fəslə münasibliyi:
Bu hədis göstərir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) nə özündən, nə də səhabələrdən müşriklərin əziyyətini dəf edə bilmədi, üstəlik, o, hər şeyə qadir olan, hər şeyin sahibi olan Allaha sığındı. Bunlar hamısı göstərir ki, qəbirpərəstlərin övliyalar və salehlər barədə olan inancı batildir.

Hədisdən çıxan faydalar:
1. Ehtiyacları ödəmək və sıxıntıları aradan qaldırmaq üçün övliyalara və salehlərə qəlb bağlamaq batil bir işdir.
2. Namazda müşriklərin əleyhinə bəddua etməyin icazəli olması.
3. Hədis dəlildir ki, namazda istər yaxşı dua, istərsə də bəddua etdikdə müəyyən şəxslərin adını çəkmək namaza zərər vermir.
4. Açıq-aydın görünür ki, imam həm “Səmiallahu limən həmidəh”, həm də “Rabbənə və ləkəl həmd” deməlidir.

  • Səhih Buxaridə Əbu Hureyradan rəvayət olunur ki, o, belə demişdir: “Uca Allah “Ən yaxın qohumlarını xəbərdar et” (Şuəra, 6) ayəsini nazil etdikdə, Allahın elçisi (sallallahu aleyhi və səlləm) qalxdı və belə dedi:
    “Ey Qureyş toplumu (və ya buna bənzər sözlər), özünüzü xilas edin, mən sizi Allahdan (Allahın əzabından) heç bir şeylə xilas edə bilməyəcəm.
    Ey AbdulMuttalibin oğlu Abbas, mən səni Allahdan (Allahın əzabından) heç bir şeylə xilas edə bilməyəcəm.
    Ey Rasulullahın bibisi Safiyyə, mən səni Allahdan (Allahın əzabından) heç bir şeylə xilas edə bilməyəcəm.
    Ey Muhəmmədin qızı Fatimə, mənim malımdan nə istəyirsən istə, amma Allahdan (Allahın əzabından) mən səni heç bir şeylə xilas edə bilməyəcəm”.” (Buxari, 2753. Muslim, 206).

Hədisin qısa mənası:

Əbu Hureyra xəbər verir ki, Uca Allah kitabında Peyğəmbərə öz qohum-əqrəbasını xəbərdar etməyi əmr etdikdə, o, öz Rəbbinin əmrini yerinə yetirərək qalxdı və Qureyş camaatını səsləyərək çağırdı. Həmçinin öz əmisini, bibisini və qızını xüsusi olaraq çağırıb onları xəbərdar etdi ki, onlar gərək Allahı təkləşdirsinlər və Ona itaət etsinlər ki, özlərini Allahın əzabından qurtara bilsinlər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara çatdırdı ki, əgər onlar iman gətirməsələr, Peyğəmbər onları Allahın əzabından heç cür xilas edə bilməyəcək. Əgər onlar iman gətirməsələr, sadəcə Peyğəmbərə qohum olmaları onlara heç bir fayda verməyəcək.

Hədisin fəslə münasibliyi:
Bu hədis dəlildir ki, Peyğəmbərdən və başqa insanlardan yalnız onların dünya işlərində qadir və ya malik olduqları şeyləri istəmək olar. Yalnız Allahın qadir olduğu şeyləri isə Allahdan başqa heç kəsdən istəmək olmaz. Bu hədisdə sıxıntıları aradan qaldırmaq və ehtiyacları ödəmək üçün ölülərdən yardım diləyən qəbirpərəstlərə rədd vardır.

Hədisdən çıxan faydalar.
1. Bu hədisdə yalnız Allahın qadir olduğu şeyləri məxluqlardan uman, onlara qəlbini bağlayan, peyğəmbərlərə və salehlərə ibadət edən qəbirpərəstlərə rədd vardır.
2. İnsanlardan yalnız onların qadir olduqları şeyləri istəmək olar.
3. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öz Rəbbinin əmrini yerinə yetirməyə və Onun risalətini çatdırmağa tələsməsi.
4. İnsanın Allahın əzabından qurtarması hansısa şəxslərin nəslindən olmaqla deyil, yalnız iman gətirmək və saleh əməllər görməklə olur.
5. Peyğəmbərə ən yaxın olanlar, istər ona qohum olsun, istərsə də yad, ona itaət edən və onun yoluna tabe olan kəslərdir.
6. İman, saleh əməllər və doğru etiqad olmasa, sadəcə Peyğəmbərə qohum olmaq insana fayda vermir.


Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.

© www.tovhid.info

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax