• Menyu
  • Menyu

İnsanları güdmək olmaz

tovhidinfo

Mərhəmətli və rəhmli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!

Sonra isə:

İbn Abbasdan (radıyəllahu anhumə) rəvayət olunur ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim insanların istəmədikləri halda onların söhbətini dinləyərsə, Qiyamət günü onun qulaqlarına əridilmiş qurğuşun töküləcəkdir”. (Buxari 7042)

Hədisin şərhi:
Bu hədisdə insanların söhbətinə gizli qulaq asanlar, onların sözünü oğurlayanlar üçün şiddətli təhdid vardır. Məsələn, bir insan sakitcə durur və insanların etdiyi söhbəti dinləyir, halbuki, insanlar onun eşitmədiyini düşünürlər.
Hədisdə nəzərdə tutulan, gizlində söhbət edənləri dinləməkdir. Uca səslə danışan və öz danışıqlarına qulaq asılmasından ehtiyat etməyənlərin sözünü kim eşidərsə, onun üçün heç bir problem yoxdur. Amma səssiz durub insanların öz aralarında etdiyi gizli söhbətə qulaq asmaq istəyənin qulaqlarına əridilmiş qurğuşun töküləcəkdir.

Sual: Qurğuşunu kim tökəcək?
Cavab: Allah Təalənin əmr etdiyi kimsələr tökəcəklər. Uca Allah buyurur: “Onu tutub Cəhənnəmin ortasına sürüyün. Sonra əzab vermək üçün başına qaynar su tökün.” (Əd-Duxan 47, 48). Qurğuşuna gəlincə isə, o, yalnız əridilmiş halda tökülə bilər.

Bu hədisdən çıxarılan bir neçə fayda var:
1. İstəmədikləri halda insanların söhbətinə qulaq asmağın haram olması. Bunu səsgücləndirici cihazlar vasitəsilə, uzaqdan dinləməklə də həyata keçirmək mümkündür. Həmçinin qapı arxasında durub, edilən söhbətlərə qulaq asmaq, eləcə də insanlara yaxın bir yerdə əyləşib, özünü sanki Qurani Kərim və ya hər hansı bir kitab oxuyurmuş kimi göstərən, əslində isə onları pusan kəs də bura daxildir. Insanlar onun oxuduğunu zənn edib arxayın olurlar ki, bu adam bizə fikir vermir, onun bizimlə işi yoxdur. Insanın diktofon qoyub söhbətləri yazması da bura daxildir. Günümüzdə kiçik həcmli, kibrit qutusu boyda olan səsyazan aparatlar vardır.  Insanların xəbəri olmadan belə cihazlarla onların danışığını qeydə almaq da onların söhbətini oğurlamaq sayılır.  Qulaq asmağın yolları çoxdur.
Rəsulullah (sallallahu aleyhi və səlləm) xüsusi olaraq qeyd etmədi ki, kim belə bir söhbətə qulaq asarsa… Buna görə də qadağa, hər bir eşidilən söhbətə aiddir.

2. İstəmədikləri halda insanların söhbətini dinləmək, böyük günahlardandır. Çünki bunu edən kəs, Qiyamət günü qulaqlarına əridilmiş qurğuşunun töküləcəyi ilə hədələnib.

Sual: Bu məsələdə istisna olunan varmı?
Cavab: Bəli! Düşmənlərə gizlincə qulaq asmaq buna aid deyil. Çünki, bu icazəlidir. Rəsulullah (sallallahu aleyhi və səlləm) düşmənlərin nə etdiklərini bilmək üçün, onların yanına cəsuslar göndərərdi. Bu da ümumi olaraq hər bir kəsə deyil, yalnız aldatmasından və hiylə quracağından ehtiyat edilən düşmənə aiddir.

3.  Əgər insanların söhbətlərini dinləmək onların sevinməsinə səbəb olarsa, onlara qulaq asan günah qazanmır. Çünki bu, onların sevincini artırır. Həmçinin, əgər insanlar dinlə bağlı olan elmi bir məsələ haqqında gizlincə danışırlarsa, faydalanmaq məqsədi ilə bir kəs onlara qulaq asıb, sonra da etdikləri söhbətdən faydalandığını onlara xəbər verərsə, bu işdə də bir qəbahət yoxdur.

4. Əməlin qarşılığında verilən cəza və ya mükafat, edilən əməlin növünə uyğun olur. Yəni, dinləmək qulaq vasitəsilə olduğu üçün, əzab da qulağa veriləcək. Buna oxşar digər hədislər də var. Rəsulullah (salləllahu aleyhi və səlləm) səhabələrini lazımınca dəstəmaz almadıqlarını və bəzi əzalarını quru saxladıqlarını gördükdə dedi: “Odda yanan dabanlara vay olsun.” Müxalif olmağa dabanlar səbəb olduğu üçün, əzab da dabanlara olunacaq. Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “(Kişinin geyiminin) topuqdan aşağı düşdüyü hissə oddadır”.  Nə ilə şəriətə müxalif olmuşdursa, ona da əzab veriləcək.

Sual: İnsanlara baxmaq, onları dinləməyə qiyas edilə bilərmi?
Cavab: Doğru olan budur ki, bəli. Fərz etsək ki, bir kəs camaatdan uzaq bir məsafədə durub, əlindəki durbinlə onlara baxır. Əlbəttə ki, həmin insanlar heç kəsin onlara baxmasını istəmirlər. Bəzən insan öz zövcəsi ilə birlikdə olur və kiminsə onları görməsini arzulamır.  Bu da istəmədikləri halda insanların söhbətinə qulaq asmağın mislindədir. Amma cəza olaraq onun gözlərinə qurğuşunun töküləcəyini qətiyyətlə deyə bilmərəm. Çünki, əzabı qiyas etmək mümkün deyil. Hökmə gəlincə isə, şəkk yoxdur ki, bu da haramdır və böyük günahlardandır.

Sual: Əyləşdikləri halda onların şəklini çəkmək buna aiddirmi?
Cavab: Bəli, bu daha da pisdir. Çünki çəkilən şəkil yaddaşda qalır və yayılması mümkündür. Bu da, öz növbəsində daha böyük bir fitnəyə, bəlaya səbəb olur. Buna görə də, bir şəxsin icazəsi olmadan onun şəklini çəkmək icazəli deyildir. Hətta məlum olsa ki, şəkli çəkilən insan öz şəklinin çəkilməsinin icazəli olduğunu bildirib, yenə də ondan izn almamış onun şəklini çəkmək olmaz. Xüsusən də, bu kəs şəklinin çəkilməsini sevməyən bir adamdırsa, ondan icazə almaq mütləqdir.

5. Allah Təalənin adilliyinin kamil olması.  Günah edəni, etdiyi günaha görə cəzalandırır.

Sual: Hədisdən görünür ki, bu cəza insanların istəmədiyi halda onların söhbətinə qulaq asıb, onların sözünü yaymayan kəs üçündür. Elə deyilmi?
Cavab: Bəli, bu doğrudur. Əgər qulaq asdığı gizli söhbəti ifşa edib yayarsa, bu daha pis və daha şiddətlidir!


Muhəmməd ibn Salih Əl-Useymin, “Fəth zil-cələli vəl-ikram bişərh buluğil-məram, s.406).

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax