• Menyu
  • Menyu

Rəbbimiz kimdir?

tovhidinfo

Mərhəmətli və rəhmli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!

Sonra isə:

Hər bir insan müəyyən yaş həddinə çatdıqda beynində bir çox suallar yaranır: Mən bu həyata haradan gəlmişəm? Nə üçün gəlmişəm? Hara gedəcəyəm? Məni və ətrafımdakıları kim yaradıb? Bu kainatın sahibi və onu idarə edən kimdir? Bu kimi bir çox suallar…

İnsan müstəqil şəkildə bu suallara cavab tapa bilmir. Əsrlər boyu insanlar bu sualları cavablandırmaq üçün əsası olmayan rəvayətlər, əfsanələr uydurmuş, bununla da həm özlərini, həm də insanları çaşqınlığa salmışlar. Hətta müasir elm belə bu kimi sualların qarşısında aciz qalır. Bu suallara düzgün cavabı isə yalnız və yalnız Allahın haqq dinə yönəltdiyi kəs tapa bilər. Çünki bu suallar qeybi məsələlərdir və bunları yalnız Allahın Öz elçilərinə və peyğəmbərlərinə vəhy etdiyi haqq din vasitəsi ilə öyrənmək mümkündür.
Ona görə də, insana vacibdir ki, haqq dini tapsın, onu öyrənsin və ona iman gətirsin. Yalnız bu halda onun içindəki şəkk-şübhə yox olar və o, düzgün yola hidayət tapar.

Səni kim yaradıb?
Ey insan! Bir ətrafına nəzər sal! Gör səni nələr əhatə edir? Ucu-bucağı görünməyən səma, sayı-hesabı bilinməyən ulduzlar, səndən milyonlarla kilometr uzaqda olan, lakin istiliyinə tab gətirə bilmədiyin günəş, uca dağlar, hər birinin xüsusiyyəti müxtəlif olan okeanlar, dənizlər, çaylar, müxtəlif forması, rəngi, dadı olan bitkilər və meyvələr, hər növü cüt yaradılmış heyvanlar, quşlar və digər məxluqat!
Bu kainat özü-özünü yarada bilməz, heç nədən də peyda ola bilməz! Mütləq bütün bunları yaradan olmalıdır! Görün müqəddəs kitabımız olan Qurani-Kərimdə Uca Allah biz insanları hansı suallarla qarşı-qarşıya qoyur:
“Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?! Yoxsa göyləri və yeri yaratdılar?!” (Ət-Tur, 35).
Gördüyünüz kimi, burada 3 sual var:
1. Heç nədən yaranmışıq?
2. Özümüz özümüzü yaratmışıq?
3. Yerləri və göyləri biz yaratmışıq?

Əgər bu sualları “Xeyr” cavabı ilə cavablandırsaq, o zaman təsdiq etməyimiz labüddür ki, bizi, yerləri, göyləri və bütün kainatı yaradan var.

Rəbbimiz kimdir?

Rəbbimiz Allahdır. O, Əbədi yaşayandır, Ölməzdir. Ondan başqa hər bir şey fanidir. O, bütün yaratdıqlarının Qəyyumudur. Göylərdə və yerdə nə varsa, hamı Allaha möhtacdır. Allah istəməsəydi, heç bir şey mövcud olmazdı. O, yenilməz qüvvət və qüdrət sahibidir. Nə isə istədikdə ona yalnız “Ol!” deyər, o da olar. Allah Təalə göyləri və yeri altı gündə yaradıb . Nə yorulub, nə də ki, nöqsanlara yol verib. Istəsəydi, onları bir anda yaradardı. O, Hikmət sahibidir. Uca, Böyük, Güclü, Hər şeyə Qadir olan Allah pak və nöqsansızdır.

Allah hər şeyi görür və eşidir.İstər ucadan danış, istər astadan, Allah səni eşidir. Əzalarınla etdiyin hərəkəti, qəlbində baş verənləri bilir. Gecə vaxtı, qaranlıqda, istər bütün bədəninlə hərəkət et, istərsə də əlini, ayaqını tərpət, hər bir halda O səni görür. Allah, gözlərin xaincəsinə baxışını və kökslərdə nələrin gizləndiyini bilir. Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Onun elmi və istəyi olmadan heç bir şey hərəkət edə bilməz. Allah bütün nöqsanlardan, eyblərdən uzaqdır. Səmaları, orada olan ulduzları, planetləri yaradan Odur. Yeri və Yer üzündə olan dənizləri, çayları, ağacları, dağları, istifadə etdiyimiz əşyaları, yediyimiz, içdiyimiz ruzini Yaradan Allahdır. Allah Təalə Güclüdür, hər şeyə Qalib gələndir. Elə bir məxluq yoxdur ki, Allahın hökmü altında olmasın və onu öldürməklə ona qalib gəlməsin. Məxluq nə qədər əzəmətli, güclü olsa da, Allahın əzəmətinin və gücünün qarşısında zəlil olur. Allah hər şeyi bilir. Gizlində və aşkarda baş verənləri, insanın ürəyində fikirləşdiyini, quruda və dənizin dibində olanları bilir. Ağacdan düşən hər bir yarpaqdan Allahın xəbəri var. Onun icazəsi olmadan heç nə baş vermir. Torpaqın altında, qaranlıqlarda əkilmiş toxumdan, növbənöv bitkilərdən xəbərdardır. Ana bətnində olan qız uşağıdır və ya oğlan, nə zaman dünyaya gələcəyini, xəstə və ya sağlam olacağını Allah bilir. İnsan danışmamışdan öncə, nə danışmaq istədiyini O bilir. Allah Təalə hər şeyə nəzarət edir. Hansı halda olursa olsun, məxluqların halını bilir. Göydə və yerdə nə varsa, istər böyük həcmli, istərsə də qarışqadan balaca olsun, Allahdan gizli qalmır.

Allah Təalə hər şeydən Ucadır. Ərşin üzərindədir. Onun tayı bərabəri, bənzəri yoxdur. O, Əzəmətlidir, Yenilməz qüvvət sahibidir. Uca Allah Mərhəmətlidir, Rəhmlidir. Bizdə olan nemətlər, Onun rəhmətinin əlamətidir. O, mülk sahibidir.Bizə verilən ruzi, sağlamlıq, övladlar, gecə və gündüzün olması, növbənöv bitkilərin yetişməsi, elçilərin göndərilməsi, kitabların nazil edilməsi Allahın rəhməti sayəsindədir. Valideyn öz övladına necə rəhm edirsə, Allah Təalə Öz qullarına qarşı bundan qat-qat rəhmlidir. Bütün nemətlər Allahın rəhməti sayəsindədir. Bizdən yan keçən hər bir bəla, Allahın rəhmətinin əlamətidir.

Allah Təalə bağışlayandır. Günahlar nə qədər çox olsa da Allah onları bağışlayır, lakin tövbə etməyə tələsmək gərəkdir. Allah günahları bağışlayır, eyblərin üstünü örtür. İlahi (qüdsi) hədisdə Uca Allah buyurub. “Ey Adəm övladı, əgər sən mənim dərgahıma yer dolu günahla gəlsən və Mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşsan, Mən də bir o qədər məğfirətlə gələrəm.” (Ət-Tirmizi).

Allah hər şeyi Yaradan, hər şeyə Qadir olandır. Göyləri və Yeri tərpənməsinlər deyə, tutub saxlayır.Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Allahın izni ilə səmalar yüksəkdə qalır. Yoxsa yer üzünə düşüb onu məhv edərdi. Allah Təalə Hikmət sahibidir, heç bir şeyi boş yerə yaratmayıb. Heç bir ibadəti əyləncə, oyun-oyuncaq olaraq əmr etməyib. Əvvəldə də, axırda da hökm Onundur. Allah Təalənin heç nəyə ehtiyacı yoxdur. Əksinə bütün məxluqlar Ona möhtacdır. Əgər Allah səni yaratmasaydı, bu gün sən burada olmazdın. Əgər sənin ruzini, nəfəs aldığın havanı yaratmasaydı, sən məhv olardın. Allah Təalə göyləri və yeri yaradıb, məxluqlara nemətlər bəxş edib. Uca Allah digər bir  ilahi hədisdə buyurub: “Ey qullarım! Əgər sizdən əvvəlkilər və sonuncular, insanlar və cinlər bir yerə toplaşsalar və Məndən istəsələr, Mən də onların istədiklərini versəm, bu, Mənim yanımda olanlardan, iynəni dənizə batırıb çıxardıqdan sonra dənizdən nə isə əksiltdiyi kimi əksildər.” (Muslim).

Uca Allahın nə şəriki var, nə övladı var, nə də ki köməkçisi. İbadət olunmağa, qarşısında zəlil olmağa, təzim olunmağa, əmrinə tabe olunmağa təkcə O layiqdir. Allahdan başqa yaradan, kainatı idarə edən yoxdur. Ona görə də sən, ey müsəlman, ibadətini yalnız Onun üçün et. İnsanın gizlində saxladığını, aşkara çıxardığını, nə baş verib, nə baş verəcək, hamısını O bilir. Hətta bir iş baş verməyib, və verməyəcək də, amma Allah bilir ki, o baş versəydi necə olardı. İşləri idarə edən Odur. Əmr verən, Qadağan edən, İzzətləndirən, Zəlil edən, Öldürən, Dirildən, Hidayət verən Odur. Allahın hökmünün qarşısını alan, əmrinə qarşı çıxan tapılmaz. Göylərdə və yerdə nə varsa Ona məxsusdur. Dönüş də Onadır. Allah Öz dostlarını dünyada rüsvayçılıqdan qoruyur. Qiyamət günü isə onları alçaldıcı əzabdan qoruyacaq. O, insanların əməllərinə baxır, hər bir kəsə nəzarət edir. Heç kim Ondan gizli qalmır. Mütəkəbbirdir və təkəbbürlü olmaq Ondan başqa heç kəsə yaraşmaz. Kim bu sifətdə Ona şərik olmaq istəsə, Allahın ona qəzəbi tutar və ona nifrət edər. İstədiyini yaradır və ona istədiyi kimi surət verir.

Ruzi verəndir və Onun xəzinələri tükənməz. Bu dünyada həm mömini, həm də kafiri istədiyi qədər ruziləndirir. Axirətdə isə yalnız tövhid əhlinə, Ona itaət edənlərə verəcəkdir. Bu dünyada olan ən dəyərli nemət hidayət neməti, iman neməti, faydalı elm, saleh əməl, hikmətli olmaq nemətidir. Allah Öz dostlarını dünyada da, axirətdə də ucaldır, düşmənlərini isə hər iki dünyada da alçaldır. Uca Allah Adildir, heç kəsə zülm etmir. Qullarına qarşı Lətifdir. Onları salamat edir, onlara iman bəxş edir, onları əfv edir. Uca Allah gizlində və aşkarda olanları bilir. Qullarının nə etdiklərindən Xəbərdardır. Nə edirlər, necə edirlər, harada edirlər, nə zaman edirlər- hamısını bilir. Allah Təalə Həlimdir, qulu günah etdikdə, onu dərhal cəzalandırmır. Ona möhlət verir ki, bəlkə tövbə edər və Allah onun tövbəsini qəbul edər, O, tövbələri qəbul edəndir. Bütün məxluqlarına yardım edir. Çətinlikdə olan Allahdan yardım istəyərsə, onu o çətinlikdən xilas edər. Kim səmimi olaraq Allahdan sığınacaq diləyərsə, Allah ona kifayət edər. Allah Cəmildir,( Gözəldir). Adlarında, sifətlərində, fellərində kamil olan gözəllik Ona məxsusdur. Uca Allah pisliyin müqabilində yaxşılıq edir. İnsanlar ona asi olurlar, Allahı qoyub, məxluqlara ibadət edirlər, amma Allah onlara olan nemətlərini kəsmir, ruzisini verməyə davam edir. İnsanlar günahlar edirlər, Allah Təalə onların günahlarını bağışlayır. Peşmançılıq çəkənin, tövbə edənin tövbəsini qəbul edir, nöqsanları, xətaları əfv edir.

İnsanın yaradılışı, ruzisi, əcəli Allaha aiddir. Öldükdən sonra Allaha qaytarılacaq. Dua edənə cavab verir, Ondan istəyənin istəyini verir. O, hər şeyi əhatə edir. Qullarına ruzi verir, nemətlər bəxş edir, onları əfv edir, onlara mərhəmət göstərir, onlara qarşı Həlimdir. Həqiqətən də şükr, həmd və təriflər Ona məxsusdur.


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax