• Menyu
  • Menyu

Şeyxul-İslam Muhəmməd ibn ƏbdülVəhhab və onun dəvəti – 1ci hissə

tovhidinfo

Müqəddimə

Bismilləhir-rəhmanir-rəhim. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Peyğəmbərlərin ən şərəflisi olan Muhəmmədə, onun ailəsinə və səhabələrinə və Qiyamət gününə qədər onların yoluyla gedən hər kəsin üzərinə Allahın xeyir-duası və salamı olsun.

Allah Təala Qurani-Kərimdə  bizə ədalətli olmağı əmr edib buyurmuşdur:

       “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Əl-Maidə, 8.)

Başqa bir ayədə isə pak və nöqsansız olan Allah buyurur:

       “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (Əl-Hucurat, 6.)

Uca Allahın bu iki əzəmətli ayəsini oxuyan və mənası barədə düşünən kəs hər hansı, xüsusən də dinə aid olan məsələlərdə hər deyilən sözə inanmamalı, bunu araşdırmalı və Allahdan ona haqqı göstərməsini istəməlidir. Beləliklə, özü də bilmədən zalım olmaqdan, hər hansı bir insana və ya qövmə zülm etməkdən xilas olmuş olar, Allahdan qorxmaq da elə budur!

Hər birimiz Muhəmməd ibn ƏbdülVəhhab barədə eşitmişik, tövhid və sünnə əhli onu sevir, şirk və bidət əhli isə ona nifrət edirlər. Lakin ədalətli olsaydılar, şeyxin həyatına və kitablarına nəzər salıb görərdilər ki, o, İslam dininə özündən heç bir yenilik gətirməmişdir və kitablarının 2/3 hissəsi ayə və hədislərdən ibarətdir. Batil əqidələri və insanlara olan təəssübkeşlik onların şeyxə qarşı çoxsaylı iftiralar yaxmaqlarına və yalan ittihamlar etməklərinə səbəb olmuşdur.

Ən təəssüfləndirici isə, son vaxtlar bəzi özlərini əhli-sünnəyə nisbət edənlərin ya cahilliklərindən, ya da sifariş yerinı yetirərək şeyxə qarşı müxtəlif iftiralar və ədəbsiz formada ittihamlar etməsidir. Lakin onlar anlasalar ki, onların şirk və bidətlərdən qurtulub tövhid əhli olmasına səbəblərdən biri də elə şeyx Muhəmməd ibn ƏbdülVəhhabdır və bəlkə də onların etdiyi hər bir xeyir əmələ görə şeyxə də savab yazılır. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurub:

       “Kim İslamda yaxşı sünnə qoyarsa və ondan sonra insanlar ona əməl edərsə, əməl edənlərin əcri mislində ona da əcr yazılar.” (Muslim).

Ümid edirəm ki, bu məqaləni oxusalar, bu onların xətalarından qayıtmalarına səbəb olar və Allahdan istəyirəm ki,  onları da, bizi də haqqa müvəffəq etsin.

Öncə əhli-sünnətin alimlərə münasibətdə mənhəcini qısa nəzər salaq.

Allah Təala Qurani-Kərimdə bizə bilmədiyimiz məsələlərdə alimlərə müraciət edib, onlardan soruşmağı əmr edib belə buyurmuşdur:

      “Əgər bilmirsinizsə, zikr (elm) əhlindən soruşun”. (Əl-Ənbiyə, 7).

Başqa bir ayədə Allah Azzə və Cəllə buyurur:

       “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (Ən-Nisə, 59).

Təfsir alimləri ayədəki “əmr sahibləri”ni əmirlər və alimlər kimi təfsir etmişdirlər. İbn Kəsir bu ayənin təfsirində belə buyurur: “İbn Əbi Talhə İbn Abbasdan belə demişdir: “əmr sahibləri”: yəni fiqh və din əhli. Həmçinin, Mucahid, Əta, Həsən əl-Bəsri və Əbu əl-Aliyə də belə demişdirlər: “əmr sahibləri” : yəni alimlər. Və zahir olan odur ki, (Allah isə daha yaxşı bilir) bu ümumidir və əmirlər də,  alimlər də buna aiddir.”

Ayənin davamında isə Allah Təala buyurur: “Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!”

Yəni ixtilaf etdiyimiz zaman haqq bəyan olsun deyə, Qurana və Sünnəyə qayıtmalıyıq. Quranı və Sünnəni isə bizə öyrədən kimdir? Alimlər!

Hər cəhətdən kamil olan dinimizdə alimlərin məqamı uca, hörməti böyük, Allah qatında dərəcələri yüksəkdir. Allah Subhanahu va Təala buyurur:

       “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın”. (Əl-Mucədələ, 11).

Bu mövzuda olan hədislər də saysız-hesabsızdır, onlardan birini zikr etməklə kifayətlənirik. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur:

       “Alimin abiddən üstünlüyü bədr gecəsindəki ayın digər ulduzlardan üstünlüyü kimidir. Həqiqətən, alimlər peyğəmbərlərin varisləridir, peyğəmbərlər nə dinar, nə də dirhəm miras qoyurlar, onlar elm miras qoymuşdurlar və kim onu götürərsə, böyük bir pay götürmüş olar”. (Əbu Nueym “Hilyatul-övliya”, Əcurri “Əxləqul-uləma”, Xatıb əl-Bağdadi “Əl-fəqih vəl-mütəfəqqih”).

Lakin bütün bu o demək deyil  ki, alimlər xətadan və səhvdən məsumdurlar, çünki onlar da bəşərdir və bəşərdən məsum olan yalnız peyğəmbərlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub:

       “Hər bir Adəm oğlu xətakardır, xəta edənlərin ən yaxşısı isə tövbə edənlərdir”. (Əhməd, Tirmizi, İbn Məcə, Həkim və s.)

Lakin alimin ictihad edib xəta etməsində də onun üçün əcr vardır. Peyğəmbər sallallahu aleyhi və  səlləm belə buyurub:

       “Bir hakim hökm verib ictihadında doğru olarsa, ona iki əcr vardır, hökm verərkən ictihad edib xəta edərsə, ona bir əcr vardır”. (Muslim).

İmam ən-Nəvəvi (rahiməhullah) bu hədisin şərhində buyurmuşdur: “Alimlər demişdirlər: müsəlmanlar icma ediblər ki, bu hədisdə nəzərdə tutulan hakim alim, hökm verməyin əhlindən olandır. Və o, doğru hökm verərsə, ona iki əcr vardır: bir əcr ictihadına görə, o biri isə doğru olduğuna görə. Xəta etsə isə, ictihadına görə ona bir əcr vardır… Demişdirlər (alimlər): lakin hökm verməyin əhlindən olmayan isə, hökm vermək ona halal deyildir, hökm versə isə, ona əcr yoxdur, əksinə, günah vardır və onun hökmü keçmir, istər haqqa müvafiq olsun, istər olmasın…”

Bütün bunlardan aydın olur ki, alimin düzgün dedikləri ondan qəbul olunur, xəta etdikləri isə qəbul olunmur, lakin onun hörmətini saxlamaq şərti ilə. Saleh sələflərimizin mənhəci də elə budur. İmam Malik (rahiməhullah) buyurmuşdur: “Hər kəsin sözü qəbul da olunur, rədd də olunur, yalnız bu qəbrin sahibindən başqa.” (Peyğəmbəri, sallallahu aleyhi və səlləm, nəzərdə tutur).

Son olaraq, müsəlman bilməlidir ki, bir alimin rəyi və ya ictihadı ilə razılaşmırsa, ona qarşı ədəb çərçivəsindən kənara çıxmamalı, ona iftira etməməli, onu camatın gözündən salmamalı, onun ətini yeməməlidir, çünki alimlərin əti zəhərlidir və kim onların ətini yeyərsə, ya həlak olar, ya da, ən azından, xəstələnər. Və nə qədər alimin məqamı uca olarsa, o qədər də ətinin zəhəri güclü olar. Bəs bu alim şeyxul-islam, mucəddid (dini yeniləyən), bütün dünyaya tövhidi yayan və şirkin üzərində şanlı zəfər qazanan Muhəmməd ibn ƏbdülVəhhab olarsa necə?!

Ardı var…


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev

 

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax