• Menyu
  • Menyu

Şeyxul-İslam Muhəmməd ibn ƏbdülVəhhab və onun dəvəti – 2ci hissə

tovhidinfo

Muhəmməd ibn ƏbdülVəhhabın müxtəsər tərcümeyi-halı

Muhəmməd ibn ƏbdülVəhhab ibn Süleyman ibn Əli ət-Təmimi hicri tarixinin 1115-ci ilində (miladi ilə 1703) ər-Riyad yaxınlığında yerləşən əl-Uyeynə şəhərində alim ailəsində anadan olmuşdur. Babası Süleyman ibn Əli X1 əsrin (hicri) Nəcd məntəqəsində böyük alimlərdən biri və bir neçə şəhərin qazisi olmuşdur. Atası ƏbdülVəhhab ibn Süleyman da Uyeynənin qazisi olmuşdur. Həmçinin, əmisi və qardaşı da dövrünün tanınmış elm adamlarından olmuşdurlar.

Bütün bunlar Muhəmməd ibn ƏbdülVəhhabın hələ uşaqlıqdan dinə və elmə böyük rəğbət göstərməsinə səbəb olmuşdur. Belə ki, yaşıdları vaxtlarını oyunlarda, əyləncələrdə keçirdikləri halda, o, artıq on yaşında Qurani-Kərimi əzbərləyir. Sonra isə digər şəriət elmlərini və xüsusən də atasından hənbəli fiqhini öyrənir. On iki yaşında ilk həccini edir.

Şeyx Muhəmməd ibn ƏbdülVəhhabın elmə olan hərisliyi onu Məkkə, Mədinə, Bəsrə kimi elm mərkəzlərinə səfər etməyi və oradaki islam alimlərindən elm almağa sövq edir. Bu şəhərlərdə o, hədis, fiqh, ərəb dili elmlərinin incəliklərinə yiyələnir və Abdullah ibn Seyf, Muhəmməd ibn Həyat Əs-Sindi, Muhəmməd Əl-Məcmui kimi alimlərdən elm alır.

Ərəb yarımadasının Muhəmməd ibn ƏbdülVəhhabın dəvətindən öncəki halını Nəcd tarixçiləri İbn Bəşər və İbn Ğannəm belə vəsf edirlər:

“O zaman Nəcddə və digər yerlərdə şirk geniş yayılmış və ağaclara, daşlara, qəbrlərə etiqad, qəbrlərin üzərində tikililər, onlarla təbərrük etmək, onlara nəzir demək, cinlərdən kömək istəmək və onlara qurban kəsmək, xəstələri şəfa tapsın deyə evlərin küncündə cinlər üçün yemək qoymaq, onların fayda və zərər verdiyinə inanmaq, Allahdan qeyrisinə and içmək və s. böyük və kiçik şirkdən olan etiqadlar çoxalmışdır. Həmçinin, insanlar ölüləri müqəddəsdirmiş, qədim bütpərəstlik adətlərini diriltmişdir, Quranı tərk etmiş, zəkatı, orucu, həcci unutmuş, hətta qiblənin harda olduğunu belə bilmirdilər.”

Tarixçilər o dövrdə Ərəb yarımadasında insanların Zeyd ibn Xəttabın və başqa səhabə və saleh insanların qəbrinə, bəzi dirilərə, daşlara, ağaclara dua etməsini, onlara qurban kəsib, nəzir deməsini və s. təkcə Allaha aid olan ibadət növlərini sərf etməsini öz kitablarında qeyd etmişlərdir. İnsanların cahilliyi o həddə çatmışdır ki, qadınlar adi bir palma ağacına gəlib ondan tezliklə onlara ər yetirməsini istəyirdilər. Allah Təala buyurur:

De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!” (Əl-Maidə, 76.)

Bütün bunları müşahidə edən və qəlbi insanları Allahın dininə qaytarmaq, onları şirk bataqlığından xilas etmək istəyi ilə alışıb-yanan Məhəmməd ibn ƏbdülVəhhab insanları tövhid əqidəsinə dəvət etməyə başlayır. Dəvətinin əsas hədəflərindən: Allahı ibadətdə təkləşdirmək; şirkin bütün növləriylə mübarizə aparmaq, həmçinin şirkə vəsilə olan yolları bağlamaq; əsli İslamdan olmayan, dinə sonradan gətirilmiş yeniliklərdən insanları çəkindirmək; həyatın bütün nahiyələrində islam şəriətini tətbiq etmək və s. bu kimi hədəfləri sadalamaq olar.              Tezliklə, fitrətlərinin təsdiq etdiyi tövhidə susamış çox sayda insan onun dəvətini qəbul edərək bu dəvətə qoşulurlar. Bu dəvətə cavab verən və Muhəmməd ibn ƏbdülVəhhaba yardım edənlərdən biri də Əd-Dir’iyyənin əmiri Muhəmməd ibn Səud olur. Və hicrinin 1157-ci ilində (miladi: 1744) iki Məhəmməd arasında bağlanılmış ittifaqla Birinci Səudiyyə Dövlətinin əsası qoyulur.

Muhəmməd ibn ƏbdülVəhhabın dəvətində istifadə etdiyi üslublar: insanlara dinin üsullarını və şəriət elmlərini öyrətmək; tövhidə  aid risalələr yazıb, onları müxtəlif ölkələrə göndərmək; insanlara dini öyrətmək üçün qonşu ölkələrə dəvətçilər göndərmək; islam alimlərinə və ölkə başçılarına dəvətə kömək etməyə çağıran məktublar göndərmək və s.

Şeyxul-islam Muhəmməd ibn ƏbdülVəhhab müxtəlif şəriət elmlərində və əsasən, tövhid mövzusunda yazılmış bir çox kitab və risalələrin müəllifidir. Bunlardan ən məşhuru isə, ən çox tədris olunan, şərh olunan kitablardan biri olan “Kitəbut-tövhid”dir.

Muhəmməd ibn ƏbdülVəhhab hicrinin 1206-cı ilində (miladi: 1791) vəfat etmişdir. Allah ona və bütün islam alimlərinə rəhmət etsin.

Ardı var…


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

 

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax