• Menyu
  • Menyu

Sui-zənn qəlbin qeybətidir

tovhidinfo

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Təəssüflər olsun ki , insanlar arasında bir-birinə qarşı əsassız pis zənn etmək, pis fikirlərə düşmək çox yayılıb. Demək olar ki, bu bəladan çox az insan qurtula bilir. Şübhə yoxdur ki, bu, möminə yaraşmayan, naqis bir sifətdir. Bu işdə şeytan öz hiylələrini məharətlə işlədir və müsəlmanları bir-birinə qarşı pis fikirlərə, zənnlərə, düşüncələrə salır. Bunun da nəticəsində, qəlblər bir-birindən soyuyur, uzaqlaşır və araya kin, nifrət və həsəd kimi çirkin xislətlər girir, dostluqlar pozulur, qohumluq əlaqələri kəsilir, camaatın birliyi zəifləyir…

Qısası, şəriətin məqsədlərindən olan qardaş olmaq, camaat olmaq, bir olmaq kimi məqsədlər zərər görür. Bunun bir növ bəla, bir növ xəstəlik olduğunu danmaq qeyri-mümkündür. Belə olan halda, bu xəstəliyi necə müalicə etmək barəsində düşünmək lazımdır. Bir çox xəstəliklərin müalicəsi olduğu kimi, sui-zənn xəstəliyinin də əlacı var. İlk öncə baxaq görək sui-zənn nə deməkdir? İnsan necə olur ki, sui-zənnə düşür? Nə edək? Necə edək ki, bu əməli özümüzdən uzaqlaşdıraq?

“Sui-zənn” lüğətdə:
[Suu]: “Çirkin, pis, fahiş, bəyənilməyən və s.” kimi mənalar verir.
[Zənn]: “Dəqiq olmadan bilinən bir şey”  mənasına, bəzən isə, yəqinlik olan bir şey mənasına da gəlir.

“Sui-zənn”in istilahi (şər’i termin kimi) mənası:
İbnul-Qeyyim (Allah ona rəhm etsin) sui-zənnə tərif verərək belə buyurur: “Sui-zənn: qəlbin insanlara qarşı çirkin zənnlərlə dolmasıdır ki, dildən və əzalardan dolub daşır…” (“Ruh”, 1/237-238).

Sui-zənnin bir neçə növü var:

1) Haram olan  sui-zənn. Bu növ sui-zənn Allaha və möminlərə qarşı olan sui-zənndir. Allaha qarşı olan sui-zənn ən böyük günahlardandır. İbnul Qeyyim belə buyurur: “Allah qatında ən böyük günah, Ona qarşı olan sui-zənndir.” (Dərd və dəva, 1/138).
Möminlərə qarşı olan sui-zənnə gəldikdə isə, bu iki növdür:
Birinci növ: Nəbilərə qarşı olan sui-zənn; Bu, küfrdür. İmam Nəvəvi deyir ki: “Peyğəmbərlərə qarşı olan sui-zənn icma ilə küfrdür”. (Səhih Muslimin şərhi, 14/156-157).
İkinci növ: Zahirən dürüst, salamat olan müsəlmanlara qarşı olan sui-zənn. Bu isə, böyük günahlardandır.

2) İcazəli olan sui-zənn. İnsanlar arasında güvənsizliyi ilə məşhurlaşan və açıq-aşkar günahlar edən şəxs  və kafir haqqında olan sui-zənn. İbn Useymin (Allah ona rəhm etsin) belə buyurur: “Müsəlman haqqında sui-zənn etmək haramdır, ancaq kafirə gəldikdə isə, bunda heç bir problem yoxdur, çünki, o, bunun əhlidir. Həmçinin, əxlaqsızlıq və pozğunluq ilə tanınan insan haqqında da sui-zənn etməkdə problem yoxdur. Çünki, o da bunun əhlidir. Ancaq buna baxmayaraq, onların ailələrini izləmək bir insana yaraşmaz. Çünki, bu əməl cəsusluğa daxil ola bilər”. (“Əş-şərh Əl-mumti”, 5/300).

3) Müstəhəb olan sui-zənn. Bu, insanın öz düşməninə qarşı olan sui-zənnidir.

4) Vacib olan sui-zənn. Bu isə, şəri məsləhəti gerçəkləşdirmək üçündür. Şahidlərin və hədis ravilərinin cərhi kimi.

Bizim mövzumuz isə birinci növdə keçən, möminlər bərədə sui-zənn haqqındadır.

Baxaq görək Qurani-Kərimdə  bu  haqda nə deyilir?

Uca Allah  çox zənn edənləri qınayaraq belə buyurur: “Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki, zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir”. (Əl-Hucurat, 12).

Əs-Sədi (Allah ona rəhm etsin) bu ayənin təfsirində belə deyir: “Allah möminləri çox sui-zənn etməkdən çəkindirir, çünki, zənnin bəzisi günahdır: dəlilə əsaslanmayan  zənn kimi, sui-zənn kimi, hansı ki, özündə çoxlu haram söz və fellər cəm edir. Şübhə yoxdur ki, sui-zənnin qəlbdə qalması, sahibi üçün təkcə bununla bitmir və o yaraşmayan sözlər və fellər işlədir…”

Həmçinin, baxaq görək sünnədə zənn haqqında nə deyilir?

Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: “Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, cəsusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin! Ey Allahın qulları, qardaş olun!” (Buxari, 6064).

Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) zənni “ən yalan söz” adlandırdı və ondan  şiddətli şəkildə çəkindirdi.

Saleh sələflərin də sui-zənn barədə nə dediklərinə baxaq:

İbn Abbas (Allah ondan razı olsun) belə deyir: “Allah möminə möminin qanını, malını, namusunu və ona qarşı sui-zənn etməyi haram edib”. (“İhyə ulumid-din”, 2/177).

Ğazzəli (Allah ona rəhm etsin) demişdir: “Sui-zənn qəlbin qeybətidir”. (“İhyə ulumid-din”, 2/177).

Xattabi (Allah ona rəhm etsin) demişdir: “Günahların çoxunun mənşəyi zənndir”. (“Umdətul-qari”, 23/232).

Belə olan halda bəs biz necə edək ki, bu çirkin əməldən uzaq dura bilək?

Müsəlmana yaraşmaz ki, başqalarına çox fikir versin, onları izləsin, başqalarına aid bir işi qurdalayıb üstünü açsın, müsəlmana yaraşan özü ilə məşğul olmasıdır, öz xətalarını düzəltməsi, nəfsini islah etməsi, gözəl bir əxlaqa sahib olmağa çalışması və bunun üzərində sabit qalmasıdır. Əgər belə olarsa, onun başqalarına fikir verməyə, onlar haqqında sui-zənnə düşməyə vaxtı belə olmayacaq.

Yuxarıda qeyd olunan ayədən də açıq aydın göründüyü kimi, çox zənnə qapılmaq günahdır. Əgər bir insan qəlbinə sui-zənn  gəldiyini hiss edərsə , dərhal onunla mübarizə aparmalı, onu özündən bacardığı qədər uzaqlaşdırmalıdır, belə olan halda ona bir günah yazılmaz.

Aşağıda gələn nəsihətlər, bizə sui-zənnə düşməmək üçün yardımçı ola bilər:

1) İnsanın öz eyblərini qəbul etməsi və bunları aradan qaldırmağa, özünü islah etməyə çalışması. Bu, onu Allaha və onun qullarına qarşı təvazökar edir, nöqsanı başqalarında yox, özündə görməyə kömək edir.

2) Yuxarıda keçən ayə və hədisləri düşünməsi, bu əməl sahibinin günahının böyük və cəzasının şiddətli olduğunu düşünməsi.

3) İnsanların yaxşı cəhətlərinə baxması. Şübhəsiz ki, Adəm övladı xətakardır. İnsanların çoxunda şər və pislik olduğu kimi, xeyir və yaxşılıq da var. Hər hansı bir insanın pis bir tərəfinə görə, onun daha çox və daha böyük olan yaxşılıqlarını silib atmaq düzgün deyil. Uca Allah bizə adil olmağı əmr etmişdir.
İmam Əbu Həmid Ğazzəli belə demişdir: “Əgər sənin qəlbinə sui-zənn düşərsə, bil ki, bu şeytandan olan vəsvəsədir, sənə vacibdir ki, onu yalanlayasan, çünki, şeytan günahkarların ən böyüyüdür. Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa, bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz. (Hucurat,6). İblisi təsdiqləmək caiz deyil, hətta onda fəsada dair dəlil olsa belə, sən onun əksini düşün, zənnə qapılma…” (Nəvəvi “Əl-Əzkər”, 274).

4) Hər birimizin üzərinə vacibdir ki, möminlər haqqında pis bir xəbər eşitdikdə, onlara qarşı gözəl zənndə olaq.
Muhəlləb (Allah ona rəhm etsin) demişdir: “Allah möminin möminə  qarşı olan  zənninin  həmişə gözəl olmasını vacib edib. Uca Allah buyurur: “Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”– demədilər?” (Nur, 12). Allah möminlərə qarşı olunan sui-zənni , “açıq-aydın bir böhtan” adlandırdı və onlara qarşı gözəl zənndə olmağı vacib etdi.” (İbn Bəttalın Səhih Buxariyə şərhi, 9/261).

Həmçinin, insan gərək özü haqqında sui-zənnə düşülməsindən ehtiyat etsin və buna yol açacaq sözlərdən və əməllərdən  çəkinsin.
Safiyyə anamız (Allah ondan razı olsun) belə rəvayət edir: “Allah Elçisi (Allahın salavatə və salamı onun üzərinə olsun) etikafda idi, gecə onu ziyarət etməyə getdim və onunla söhbət etdim, sonra geri dönmək üçün durdum. O da (Allahın salavatı və salamı onun üzərinə olsun), məni yola salmaq üçün durdu. (Safiyyənin yaşadığı yer Usəmə bin Zeydin məskənində  idi). Bu vaxt ənsarlardan iki kişi keçirdi,  Allah Elçisini (Allahın salavatı salamı onun üzərinə olsun ) gördükdə sürətlərini artırdılar. Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara belə dedi: “Dayanın! Bu, Huyeyyin qızı Safiyyədir”. Onlar təəccüblə: “SubhənAllah, ey Allahın Elçisi!” dedilər. Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) isə, belə dedi: “Şeytan insanın qan damarlarında gəzir, qorxdum ki, sizin qəlbinizə bir pislik salar və ya dedi: bir şey salar”. (Buxari, 3281 və Muslim, 2175).

SubhanAllah! Allahın seçdiyi, keçmiş və gələcək günahlarını bağışladığı bir peyğəmbər, məxluqatın ən xeyirlisi, Ramazan ayının son on günü etikafda olduğu halda, özünə qarşı kiminsə pis zənnə düşməsindən ehtiyat etdi və onlarda şeytanın şübhə sala biləcəyi nöqtəni aradan qaldırdı.

İmam Nəvəvi (Allah ona rəhm etsin) belə buyurmuşdur: “Bu hədisdə faydalar var. Onlardan: Allah Elçisinin (Allahın salavatı salamı onun üzərinə olsun) ümmətinə olan şəfqətinin kamilliyi və onların xeyrini nəzərə alması və onların qəlblərinə və əzalarına qayğı göstərməsi. O, möminlərə qarşı rəhimli idi. Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) şeytanın onların qəlbinə vəsvəsə verərək həlak etməsindən ehtiyat etdi. Çünki, peyğəmbərlərə qarşı sui-zənn icma ilə küfrdür…” (Səhih Muslimin şərhi, 14/156-157).

Hədisdən də göründüyü kimi, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) ona qarşı sui-zənn edilməsindən ehtiyat etdi.
Belə olan halda, bəs biz başqalarında özümüzə qarşı sui-zənn yaradacaq  sözlərdən və əməllərdən necə çəkinməliyik? Yəqin ki, bu artıq bizə məlum oldu.
Allah bizləri sui-zənnə düşməkdən və insanların bizim haqqımızda sui-zənnə düşməsindən qorusun!

Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun.


Mədinə İslam Universitetinin tələbəsi, Elçin Şunqarov.

tovhidinfo
Elçin Şunqarov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax