Mərhəmətli və rəhimli Allahın adı ilə
Bütün həmd və tərif Aləmlərin rəbbi Allahadır. Onun qulu və elçisi olan Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!
Sonra isə:
Məhərrəm ayı hicri ilinin ilk ayı və haram aylardan biridir. Allah Təala buyurmuşdur: “Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin”. (Ət-Tövbə, 36).
Qurtubi (Allah ona rəhm etsin) demişdir: “Allah Təala haram aylarını şərəfləndirmək üçün onları xüsusi qeyd etmiş və bu aylarda zülmü qadağan etmişdir. Baxmayaraq ki, zülm hər zaman qadağandır. Təfsir əhlinin çoxu bu rəydədir, yəni “bu dörd haram ayda özünüzə zülm etməyin”. İbn Abbasdan isə, rəvayət olunmuşdur ki, “bu aylarda özünüzə zülm etməyin”, yəni, bu on iki ayda.” (Əl-Cəmi liəhkəmil-Quran, 8/135).
Bu ayın fəzilətinə dəlillərdən biri də onun Allaha nisbət olunmasıdır, bu aya “Allahın ayı Məhərrəm” deyilir. Və əgər Allahın sifətlərindən olmayan, Ondan ayrı olan bir məxluq Allaha izafə edilərsə, bu məxluqun fəzilətinə və şərəfinə dəlalət edir. Buna misal olaraq, “Allahın evi”, “Allahın dəvəsi” və s. ifadələri göstərmək olar.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Həqiqətən, zaman dövr edərək Allahın göyləri və yeri yaratdığı gündə olduğu formasına dönmüşdür, il on iki aydan ibarətdir, onlardan dördü haram aylardır, üçü ardıcıldır: zilqadə, zilhiccə və məhərrəm və bir də rəcəb…” (Buxari, 4662; Muslim, 1679).
Hafiz İbn Kəsir (Allah ona rəhm etsin) demişdir: “…Haram ayları dörddür: üçü ardıcıl, biri tək. Bu həcc və ümrə ibadətlərini etmək üçündür. Həcc aylarından qabaq olan zilqadə ayı haram edilmişdir ki, bu ayda müharibə etməsinlər. Zilhiccə haram edilmişdir, çünki bu ayda həcc ibadəti ilə məşğul olurlar. Bundan sonrakı məhərrəm ayı da haram edilmişdir ki, bu ayda həccdən öz uzaq yerlərinə əmin-amanlıqla qayıda bilsinlər. İlin ortasında olan rəcəb isə, ərəb yarımadasının uzaq yerlərindən Kəbəni ziyarət edənlərin əmin-amanlıqla gəlmələri və vətənlərinə dönmələri üçün haram edilmişdir.” (Təfsirul-Quranil-Azim, 4/148).
Hafiz İbn Rəcəb (Allah ona rəhm etsin) demişdir: “Alimlər haram aylardan hansının ən fəzilətli olmasında ixilaf etmişdirlər. Həsən və başqaları demişdir ki, bunlardan ən əfzəli Allahın ayı Məhərrəmdir. Sonrakı alimlərin bir hissəsi də bunu tərcih etmişdir…” (Lətaiful-məarif, 87-88).
Məhərrəm ayında oruc tutmağın fəziləti:
Məhərrəm ayının orucu ramazan orucundan sonra ən əfzəl orucdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Ramazandan sonra ən əfzəl oruc Allahın ayı Məhərrəm(in orucudur), fərzdən sonra ən əfzəl namaz isə, gecə namazıdır”. (Muslim, 747).
İmam Nəvəvi (Allah ona rəhm etsin) demişdir: “Əgər deyilsə ki, hədisdə gəlir ki, ramazandan sonra ən əfzəl oruc məhərrəm ayının orucudur, bəs Peyğəmbər (salləllahu aleyhi və səlləm) necə şaban ayında məhərrəmdən daha çox oruc tutardı? Cavab: ola bilər ki, məhərrəmin fəzilətini yalnız həyatının sonunda bilmiş… və ya bu ayda Onun qarşısına səfər, xəstəlik kimi çox oruc tutmağa mane olan üzrlər çıxırdı”. (Səhih Muslimin şərhi, 7-8/ 296).
Aşura orucunun fəziləti:
Aşura məhərrəm ayının onuncu günüdür. Bu, Allahın Musanı və qövmünü xilas edib, fironu və qövmünü isə, batıraraq haqqı batil üzərində qalib etdiyi gündür.
İbn Abbas rəvayət edir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldi və yəhudilərin aşura günü oruc tutduğunu gördü və onlara dedi: “Oruc tutduğunuz bu gün nədir?” Dedilər: “Bu, əzəmətli bir gündür, Allah bu gündə Musanı və qövmünü xilas etmiş, fironu və qövmünü isə, batırmışdır, Musa da bu günü (Allaha) şükür olaraq oruc tutmuşdur, biz də bu gündə oruc tuturuq”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Biz Musaya sizdən daha haqlı və daha yaxınıq”. Və Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu günü oruc tutdu və buna əmr etdi”. (Buxari, 2004; Muslim, 1130).
İbn Abbas (Allah ondan və atasından razı olsun) demişdir: “Peyğəmbəri (salləllahu aleyhi və səlləm) görmədim ki, hansısa günü başqalarından üstün tutub o gün oruc tutmağı qəsd etsin, yalnız bu gün, aşura günü və bu aydan (yəni, ramazan ayı) başqa”. (Buxari, 2006).
Əbu Qatədə Əl-Ənsarinin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) ərafa gününün orucu barədə soruşuldu və dedi: “Keçən və gələn ilin günahlarına kəffarədir”. Və aşura gününün orucu barədə soruşuldu və dedi: “Keçən ilin günahlarına kəffarədir”. (Muslim, 2804).
Lakin, burada nəzərdə tutulan kiçik günahlardır. İmam Nəvəvi (Allah ona rəhm etsin) demişdir: “Daha düzgün və seçilmiş rəy odur ki, bütün kiçik günahlara kəffarə olur, nəzərdə tutulan odur ki, bütün günahları bağışlanır, böyük günahlardan başqa. Qazi İyad (Allah ona rəhm etsin) demişdir: “Əhli sünnənin məzhəbi odur ki, hədislərdə zikr olunmuş bu bağışlanma böyük yox, kiçik günahlar üçündür, böyük günahlar isə, yalnız tövbə və ya Allah Təalanın rəhməti ilə bağışlanır”.” (Əl-Məcmu şərhul-muhəzzəb, 6/431).
Aşura orucunun hökmü:
Aşura orucu əvvəllər vacib olmuş, sonra isə, ramazan ayının orucu vacib edilmiş və aşura orucu müstəhəb hökmündə qalmışdır. Buxari və Muslimin rəvayət etdiyi hədisdə belə deyilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əsləm qəbiləsindən bir kişiyə əmr etmişdir ki, insanlara elan etsin ki, kim yemək yemişsə, qalan gününü oruc tutsun; kim yeməmişsə, orucunu tutsun, həqiqətən, bugün aşura günüdür”.
Aişə anamız (Allah ondan razı olsun) demişdir: “Qureyş cahiliyyə dövründə aşura günü oruc tutardı və Peyğəmbər (salləllahu aleyhi və səlləm) də cahiliyyədə o günü oruc tutardı. Mədinəyə gələndə də o günü oruc tutdu və bunu (insanlara da) əmr etdi. Ramazan fərz olunduqda isə, aşura gününü tərk etdi və istəyən o gün oruc tutdu, istəyən də tərk etdi”. (Buxari, 2002; Muslim, 1125).
Aşura günüylə bərabər məhərrəm ayının 9-cu günü də (təsua günü) oruc tutmaq müstəhəbdir. Abdullah ibn Abbas (Allah hər ikisindən razı olsun) belə rəvayət edir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) aşura günü oruc tutub, insanlara da bunu əmr edəndə dedilər: “Ey Allahın elçisi, bu, yəhudi və nəsranilərin əzəmətləndirdiyi gündür”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “İnşəAllah gələn il olsa, doqquzuncu günü oruc tutarıq”. Lakin gələn il gəlmədən Peyğəmbər (salləllahu aleyhi və səlləm) vəfat etdi.” (Muslim, 2722).
Şafii, Əhməd, İshaq və başqaları demişlər ki, aşura günüylə bərabər 9-cu günü də oruc tutmaq müstəhəbdir, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) aşura günü oruc tutmuş, 9-cu gün oruc tutmağı isə, niyyət etmişdir.
Hafiz İbn Həcər (Allah ona rəhm etsin) “Gələn ilə qalsam, 9-cu gün oruc tutacağam” hədisinin şərhində demişdir: “Doqquzuncu günü oruc tutmağa niyyətlənməsinin mənası tək o günü yox, doqquzuncu günlə onuncu günü bərabər tutmaqdır. Bu ya ehtiyat üçün, ya da ki, yəhudi və xristianlara müxalif olmaq üçündür və ikinci (ehtimal) daha düzgündür. Allah daha yaxşı bilir”. (Fəthul-Bəri, 4/245).
Aşura orucunun üç forması var:
1) Doqquzuncu, onuncu və on birinci günləri oruc tutmaq. Çünki, bəzi rəvayətlərdə “Ondan bir gün əvvəl və bir gün sonra oruc tutun” (Əhməd, İbn Xuzeymə və s.) gəlmiş və bu rəvayətə bəzi alimlər həsən hökmü vermişdir.
2) Doqquzuncu və onuncu günləri oruc tutmaq. Və səhih hədislərin çoxu buna dəlalət edir.
3) Yalnız onuncu günü oruc tutmaq, baxmayaraq ki, bəzi alimlər buna məkruh demişdir.
Aşura matəmdirmi?
Sonda qeyd edək ki, aşura günü Huseynin (Allah ondan razı olsun) şəhid olduğu gündür. Əhli sünnə Hüseyni, əhli beytin digər üzvlərini olduğu kimi, sevir və onun Cənnət əhlindən olduğuna şahidlik edir. Lakin, bu münasibətlə xüsusi nə isə etmək, yemək bişirmək, qəbrləri ziyarət etmək, mərsiyə və ağı məclisləri keçirmək, özünü döymək, zəncirləmək və s. İslamda heç bir əsası olmayan xurafat və bidətlərdir. Hüseyndən öncə insanların ən şərəflisi, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm), vəfat etmiş, həmçinin onun böyük səhabələri şəhid olmuşdur: Ömər, Osman, Əli və s.! Uhud döyüşündə nə qədər səhabə kafirlər tərəfindən öldürülüb şəhid olmuşdur: Həmzə, Musab və s.! Allah hamısından razı olsun. Lakin, dinimizdən olmadığına görə, səhabələr və onlardan sonra gələn sələflərimiz bu böyük şəxsiyyətlər üçün matəm saxlamamış, ağlayıb ağı deməmiş, özlərini döyməklə Allahın onlara verdiyi əmanətə – sağlamlıqlarına – xəyanət etməmiş və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qadağan etdiyi, cahiliyyə dövrünün əməllərindən olan bu bidətləri etməmişdilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) əmisi Həmzənin şəhid olmasından sonra yeddi il yaşamış, lakin bir dəfə də olsun bu əməlləri etməmişdir. Əksinə, Allahın qədərinə qarşı üsyan olduğuna görə, ölü üçün səslə ağlamağı, dizlərə döyüb, yaxanı cırmağı şiddətlə qadağan etmişdir.
Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Zəlalət əhli aşura gününü matəm edib bu gündə ağlayır, ağı deyir, kədərli qəsidələr oxuyur, rəvayətlər danışırlar və bu rəvayətlərin çoxu yalandır. Bu rəvayətlərdən doğru olanlar isə, hüznü və təəssübkeşliyi təzələmək, islam əhli arasında nifrət, müharibə və fitnələrin salınmasından başqa bir şey deyildir. Bu, həmçinin, ötüb keçmişləri söyməyə və dünyada yalanın və fitnələrin çoxalmasına gətirib çıxarır… (Məcmuul-fətəva, 25/165-166).
Sonda, aləmlərin rəbbi Allaha həmd olsun!
Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.