Mərhəmətli və Rəhimli Allahın adı ilə
Həmd yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur.
Allahın elçisinin, onun ailəsinin və səhabələrinin üzərinə Allahın salamı və xeyir-duası olsun.
Sonra isə:
Əziz müsəlmanlar! Son zamanlar sələfilər arasında baş verən ixtilaflar və parçalanma, həqiqətən, çox üzücü və olduqca pis bir haldır. Belə bir vəziyyətdə müsəlman Allaha sığınmalı, daim islah üçün dua etməli, hər bir sözünə və hərəkətinə daha çox fikir verməli və rabbəni alimlərin nəsihətlərinə qulaq asmalıdır.
Bunu əsas götürərək, sizə zamanımızın böyük alimlərindən olan şeyx Rabi ibn Hədi Əl-Mədxəlinin (Allah onu qorusun) çox gözəl və faydalı bir nəsihətini tərcümə etmək qərarına gəldik. Bu nəsihəti şeyx hicri təqvimi ilə 1425-ci ildə (miladi: 2004) Mədinə İslam Universitetində mühazirə verərkən etmiş, sonradan həmin mühazirə kitabça halında çap olunmuşdur. Həmin kitabçanın müxtəsər tərcüməsini sizə təqdim edirik:
Sevgi və birliyə çağırış, parçalanma və ixtilafdan çəkindirmə
Həqiqətən, həmd Allaha məxsusdur, Ona həmd edir, Ondan kömək istəyir və Ondan bağışlanma diləyirik. Nəfsimizin şərrindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi doğru yola yönəldərsə, onu azdıran olmaz və kimi azdırarsa, onu doğru yola yönəldən olmaz. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!” (Əli İmran, 102).
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.” (Ən-Nisə, 1).
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.” (Əl-Əhzəb, 70-71).
Həqiqətən, ən doğru söz Allahın kəlamıdır, ən xeyirli yol Muhəmmədin (salləllahu aleyhi və səlləm) yoludur. Ən şərli şeylər yeniliklərdir, hər bir yenilik bidətdir, hər bir bidət zəlalətdir, hər bir zəlalət isə, oddadır.
Bizim üçün Peyğəmbərimizdə və bütün peyğəmbərlərdə gözəl nümunə vardır.
“Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.” (Əl-Əhzəb, 21).
Bu gözəl nümunə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyi hər bir şeyi şamil edir. O, bizə əqidəsində nümunədir, onun etiqad etdiyinə etiqad edirik; ibadətində nümunədir, Allaha dini xalis tutaraq, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyinə tabe olaraq ibadət edirik. O, həmçinin, bizə gözəl əxlaqında da nümunədir, lakin bir çox dəvətçilər və cavanlar bunu unudurlar. Allah Təala Peyğəmbəri (salləllahu aleyhi və səlləm) tərifləyərək belə buyurmuşdur:
“Həqiqətən, sən böyük bir əxlaq üzərindəsən!” (Əl-Qaləm, 4).
Allaha dəvət edən, elm tələbəsi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əqidəsində, mənhəcində, əxlaqında Onun kimi olmağa çalışmalıdır. Əgər bir dəvətçidə bunlar tamamlanarsa və ya tamamlanmağa yaxın olarsa, onun dəvəti uğur qazanar.
Lakin, dəvətçi öz dəvətində bu əxlaqdan (səbr, hikmət, şəfqət, yumşaqlıq və s.) uzaqdırsa, bu, onun dəvətində açıq-aydın naqislikdir.
Elə insanlar var ki, əqidəsi və mənhəci düzgündür, lakin əxlaqlarında əqidəni də, mənhəci də itirirlər. Onlar haqq sahibi ‒ düzgün əqidə, düzgün mənhəc sahibidirlər, lakin əxlaqları və dəvətdəki üslubları dəvətə ziyan verir və dəvətin axırına çıxır.
Vallahi, sələfi dəvəti yaxın əsrdə və başqa zamanlarda yalnız elmli, hikmətli, həlim insanların əli ilə yayılmışdır. Onlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) məhnəci ilə getdilər, onu bacardıqları qədər tətbiq etdilər və Allah onların vasitəsi ilə insanlara fayda verdi və onların əxlaqlarına, elmlərinə, hikmətlərinə görə sələfi dəvəti dünyanın hər tərəfinə yayıldı.
Bu günlərdə isə, görürük ki, sələfi dəvəti geriləyir, zəifləyir. Bu, yalnız ona görədir ki, dəvət həmin insanların hikmətini itirib, hər şeydən öncə isə, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hikmətini, həlimliyini, rəhimliliyini, əxlaqını, şəfqətliliyini və yumşaqlığını itirib.
Aişə (Allah ondan razı olsun) bir yəhudini söydü, Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə ona belə dedi: “Ey Aişə, həqiqətən, Allah hər şeydə mülayimliyi sevir”. (Muslim, 2165).
Bugün bir alim bu hədisi gəncləri Allaha dəvətdə düzgün mənhəcə yönləndirərək zikr etsə, deyəcəklər ki, “bu təmyidir” (bidət əhlinə qarşı yumşaqlıq, səhlənkarlıq – tərc.).
Allaha dəvətdə zəruri olan bu yüksək əxlaqi keyfiyyətlər: hikmət, mülayimlik, yumşaqlıq, həlimlik, bağışlamaq – insanları düzgün dəvətə çəkən amillərdəndir və bunlar xatırlanarsa, nəticədə insanlar Allahın dininə dəstə-dəstə girərlər.
Bunlar isə uzaqlaşdırmaq, qaçırtmaq yolunu tutublar. Baxmayaraq ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub:
“Həqiqətən, sizin içinizdə qaçırdanlar var”. (Buxari, 7159; Muslim, 466).
Həmçinin, buyurur: “Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, qaçırtmayın”. (Buxari, 69; Muslim, 1732).
Qardaşlar, bunlar başa düşmürlər! Yoxsa ki, vallahi gərək Peyğəmbərə (salləllahu aleyhi və səlləm) “mumeyyi” (bidət əhlinə qarşı yumşaq olan – tərc.) damğası vursunlar! Səhabələrə, ümmətin alimlərinə “mumeyyi” desinlər!
Bu həlakedici sərtlik, hansı ki, sələfi dəvətini həlak edib, onları ilzam edir ki, mülayimliyə, hikmətə, yumşaqlığa çağıran Peyğəmbərin (salləllahu aleyhi və səlləm) özünə də “mumeyyi” desinlər. Allahdan bağışlanma diləyirik.
Vallahi onlar bunu istəmirlər və bunu qəsd etmirlər! Lakin dərk etmirlər! Və onlara vacibdir ki, indidən bu hökmlərə nələr bağlıdır, bunu dərk etsinlər.
Biz, vallahi, çalışıb-vuruşuruq, münazirə edirik, yazırıq, nəsihət edirik, mülayimlik ilə Allaha dəvət edirik və bizi “mumeyyi”lərdən sayırlar, istəmirlər “hikmət, yumşaqlıq, mülayimlik” deyək!
Biz artıq gördük ki, sərtlik sələfi dəvətini həlak etdi, əhlini parçaladı, nə edək?! Dedim ki, qardaşlar! Odların alışdığını gördükdə tərk edək ki, daha da alovlansın? Yoxsa bu şeyləri (mülayimlik, hikmət – tərc.) gətirək ki, yanğınları söndürsün?
Mən məcbur oldum, bu da mənim üzərimə vacib olandır, bunları əvvəllər də deyirdim, lakin bu dağılmanı, bu bəlanı görəndə bu şeylərə daha da diqqət yönəltdim. Deyirəm ki, sizin üzərinizə mülayimlik, yumşaqlıq, qardaşlıq, bir-birinə qarşı rəhimli olmaq vacibdir. Çünki bu sərtlik əhli sünnənin özünə qarşı çevrilib, artıq bidət əhlini tərk edib bu həlakedici sərtlik ilə əhli sünnəyə qarşı üz tutublar və bu sərtliyə zülm, batil və zalım hökmlər də qarışıb!
Sizi həlak edəcək, sələfi dəvətini, onun əhlini həlak edəcək bu yolu tutmaqdan çəkinin! …
Sonra, qardaşlar, iki şeyə diqqət edin:
Birincisi: bütün əhli sünnə arasında qardaşlıq.
Ey sələfilər, aranızda sevgi və qardaşlıq ruhunu yayın və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bizə bildirdiyi “Möminlər bir tikili kimidir, bir-birini saxlayırlar” (Buxari, 481; Muslim, 2586) və “Möminlər bir bədən kimidirlər, onun bir üzvü xəstələnsə, başqa üzvləri də ona qızdırma və yuxusuzluqla qoşularlar” (Buxari, 6011; Muslim, 2586) hədisləri həyata keçirin.
Belə olun, qardaşlar, parçalanmanın amillərindən uzaq dayanın, çünki o, vallahi, təhlükəli bir şər və zərərli bir xəstəlikdir.
İkincisi: kin-küdurətə, düşmənçiliyə, parçalanmaya və nifrətə aparan səbəblərdən çəkinin.
Bu şeylərdən uzaq durun, çünki bunlar bu günlərdə elə insanların əli ilə yayılıb ki, hallarını və məqsədlərini Allah bilir! Yayılıb, çoxalıb, bu ölkədəki (istər universitetdə, istər başqa yerlərdə) və dünyanın başqa ölkələrindəki gəncləri parça-parça edib.
Niyə? Çünki dəvət sahəsinə nə elmdə, nə də fəhmdə onun əhlindən olmayan kəslər girib.
Ola da bilər ki, düşmənlər sələfilərin içinə onları parçalayan, onları bölən kəsləri salıblar, bu da uzaq olan bir şey deyil, əksinə real olan bir şeydir.
Qardaşlığa həris olun və aranızda nifrət əmələ gəlsə, keçmişi unudub yeni, ağ vərəqlər çıxarın.
Qardaşlara deyirəm: kiminsə təqsiri varsa, onu yıxmaq, həlak etmək olmaz, bizdən kimsə xəta edirsə, onu həlak etmirik, əksinə, onu lütflə, hikmətlə müalicə edirik, ona qarşı sevgi, istək və başqa saleh əxlaqi xüsusiyyətlər göstəririk. Eyni zamanda, onu düzgün dəvətlə dəvət edirik ki, qayıtsın və əgər onda hansısa zəiflik qalarsa, tələsmirik, yoxsa ki, vallahi heç kim qalmaz! Heç kim qalmaz!
İndi bəzi insanlar sələfilərə hücum edirlər, hətta alimlərə belə çatıblar, onları “mumeyyi” adlandırıblar.
İndi demək olar ki, sahədə elə bir alim qalmayıb ki, ona tən etməsinlər. Və təbii ki, bu, ixvanul-musliminin yoludur və bidət əhlinin yoludur. Bidət əhlinin silahlarındandır ki, alimləri yıxmaqdan başlayırlar, bu hətta yəhudi, mason yoludur: bir fikri yıxmaq istəyirsənsə, onun alimlərini, şəxsiyyətlərini yıx! …
Mən bilirəm ki, siz məsum deyilsiniz, alimlər də məsum deyil, xəta edə bilərik. Lakin rafiziliyə, mötəzililiyə, cəhmiliyə və ya mövcud olan hizblərdən birinə – hizbiliyə girərsə, yalnız o zaman rədd olunur.
Sələfi isə, hansı ki, sələfilərlə dostluq edir, sələfi mənhəcini sevir, hizbləri, bidəti və onun əhlini xoşlamır və onda sələfi mənhəcinin başqa əlamətləri var, sonra bəzi nöqtələrdə zəifləyərsə, onunla mülayim davranırıq və onu tərk etmirik. Lakin ona nəsihət edirik, onu xilas edirik, ona səbr edirik və onu müalicə edirik, amma desək ki, kim xəta etdisə həlak oldu, beləcə heç kim qalmayacaq! …
Allahdan (təbərakə və təalə) istəyirəm ki, bizi və sizi sevdiyi və razı qaldığı işlərə müvəffəq etsin, bizi ixlaslı dəvətçilərdən və əməl edən alimlərdən etsin, bizi və sizi insanlardan və cinlərdən olan şeytanların hiyləsindən qorusun.
Allahdan istəyirəm ki, sizin qəlblərinizi birləşdirsin, sözünüzü haqq üzərində bir etsin və harda olsanız, hara getsəniz, sizinlə (insanlara) fayda versin. Allahdan istəyirəm ki, bunları həyata keçirsin.
Tərcümə etdi: Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.