Tövhidin fəziləti və günahları yuması haqqında fəsil
Mərhəmətli və Rəhimli Allahın adı ilə
- Allah Təalə buyurub: “İman gətirdikdən sonra imanlarına zülm qarışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmiş kəslər də məhz onlardır.” (Əl-Ənəm 82).
Ayənin qısa mənası:
Allah Təalə xəbər verir ki, ibadətləri ixlasla – yalnız Allah üçün edənlər və tövhidlərini şirkə qarışdırmayanlar Qiyamət günü qorxunc və xoşagəlməz şeylərdən əmin-amanlıqda olanlar və dünyada doğru yolla gedənlərdir.
Ayənin fəslə uyğunluğu:
Bu ayə tövhidin fəzilətini və onun günahları yumasını bildirir.
Ayədən çıxarılan faydalar:
1. Tövhidin fəziləti və onun dünyada və Axirətdə olan səmərəsi.
2. Şirk zülmdür. Əgər böyük şirk olarsa, Allaha imanı puç edir. Kiçik şirk olduqda isə Allaha imanı naqisləşdirir.
3. Allaha şərik qoşmaq bağışlanmır.
4. Allaha şərik qoşmaq həm dünyada, həm də axirətdə qorxuya səbəb olur.
- Ubədə ibn Samitdən rəvayət olunur ki, Allahın Elçisi (sallallahu aleyhi və səlləm) belə dedi: “Kim şahidlik etsə ki, Allahdan başqa ibadət olunmağa layiq olan məbud yoxdur, təkdir və Onun şəriki yoxdur və Muhəmməd Allahın qulu və elçisidir, İsa Allahın qulu, elçisi və Allahın yaratdığı və Məryəmə göndərdiyi ruhdur, Cənnət haqqdır və Cəhənnəm haqqdır, o kəsin etdiyi əməlləri nəzərə alaraq Allah Təalə onu Cənnətə daxil edəcək.” (Buxari 3435, Muslim 28).
Hədisin qısa mənası:
Allahın elçisi (sallallahu aleyhi və səlləm) tövhidin fəzilətini və şərəfini bizə bəyan edərək xəbər verir ki, kim mənasını bilərək şəhadət kəlməsini deyər və bu şəhadətin tələb etdiyinə həm zahirən, həm də qəlbən əməl edərsə, iki hörmətli peyğəmbərə – İsa və Muhəmmədə (sallallahu aleyhimə və səlləm) münasibətdə həddi aşmadan və dərəcəsini azaltmadan təsdiq etsə ki, onlar Allahın qulu və elçisidir və rububiyyət tövhidindən onlara məxsus olan bir şey yoxdur, Cənnətə və Cəhənnəmə yəqinliklə inanarsa, şirkdən aşağı olan günahlardan hansınısa etsə belə, o kəsin dönüş yeri Cənnət olacaq.
Hədisin fəsləə münasibliyi:
Bu hədisdə tövhidin fəziləti bəyan olunur. Tövhid Cənnətə girmək üçün və günahların yuyulması üçün səbəbdir.
Hədisdən çıxarılan faydalar:
1. Tövhidin fəziləti və Allah Təalənin tövhidə görə günahları yuması.
2. Allahın rəhmətinin genişliyi və yaxşılıq etməsi.
3. Peyğəmbərlərə və saleh insanlara münasibətdə ifrata varmamağın və onların dərəcəsini azaltmamağın vacibliyi. Nə onların fəzilətini inkar etmirik, nə də onlara münasibətdə həddi aşıb, bəzi cahil və azmış kimsələrin etdiyi kimi ibadətlərin bəzisini onlar üçün etmirik.
4. Tövhid əqidəsi bütün küfr olan dinlərə-yəhudiliyə, nəsraniliyə, bütpərəstliyə və ateistliyə muxalifdir.
5. Tövhid əhlindən olan günahkarlar Cəhənnəmdə əbədi qalmayacaqlar.
- Buxari və Muslimin İtbəndən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allahın rəsulu (sallallahu və səlləm) deyib:
“Həqiqətən də Allah Onun Üzünü diləyərək (ixlasla) Lə İləhə İlləllah kəlməsini deyən kəsə Cəhənnəm odunun toxunmasını qadağan etmişdir. (Buxari 420, Muslim 33).
Hədisin qısa mənası:
Allahın elçisi (sallallahu aleyhi və səlləm) xəbər verir ki, kim “Lə iləhə illəllah” kəlməsini ixlasla, şirki inkar edərək deyərsə, bu kəlmənin tələb etdiyinə zahirdə və batində əməl edər və bu hal üzərində ölərsə, o kəsə od toxunmaz.
Hədisin fəslə münasibliyi:
Bu hədisdə tövhidin fəzilətinə açıq-aydın dəlil var. Kim tövhid üzərində ölərsə, bu əməli onun oddan xilas olmasını və günahlarının yuyulmasını vacib edər.
Hədisdən çıxarılan faydalar:
1. Tövhidin fəziləti, onun oddan xilas etməsi və günahları yuması.
2. Qəlbdə etiqad etmədən sadəcə dillə tələffüz etmək iman üçün kifayət etmir. Bu hal münafiqlərin halıdır.
3. İman gətirmək üçün dillə tələffüz etmədən təkcə qəlbdə etiqad etmək kifayət etmir. Bu hal haqqı bilib, inkar edənlərin halıdır.
4. Kamil tövhid əhlinə odun dəyməsi qadağandır.
5. Əməl Allahın Üzü üçün (ixlasla) və Allahın elçisinin (sallallahu aleyhi və səlləm) sünnəsinə uyğun olmasa, fayda verməyəcək.
6. “Lə iləhə illəllah” kəlməsini deyib, Allahdan başqasına dua, ibadət edən kəsə bu kəlmə fayda verməyəcək. Bu hal qəbirlərə ibadət edənlərin halıdır. Onlar “Lə iləhə illəllah” deyirlər və ölülərə dua edirlər, onlara yaxınlaşmaq istəyirlər.
7. Allah Təalənin Üz sifətinin isbat edilməsi. Bu sifət Allahın ucalığına və əzəmətinə yaraşan şəkildədir.
- Əbu Səid Əl-Xudridən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə deməsi rəvayət olunur:
“Musa dedi: “Ey Rəbbim! Mənə elə bir şey öyrət ki, onunla Səni zikr edim və Sənə dua edim”. O, dedi: “Ey Musa, “Lə iləhə illəllah” de!” Musa dedi: “Ey Rəbbim, Sənin bütün qulların bunu deyir”. Allah Təalə dedi: “Ey Musa! Əgər yeddi qat səma və Məndən başqa orada məskunlaşanlar və yeddi qat yer tərəzinin bir gözünə, “Lə iləhə illəllah” isə digər gözünə qoyulsaydı, “Lə iləhə illəllah” onlardan ağır gələrdi”.”
(İbn Hibban və Hakim rəvayət ediblər və Hakim hədisin səhih olduğunu deyib).
Hədisin qısa mənası:
Musa (əleyhissələm) öz Rəbbindən istəyir ki, Onu zikr etməsi və Ona yaxınlaşması üçün zikr öyrətsin. Allah Təalə onu “Lə iləhə illəllah” kəliməsini deməyə yönəltdi. Musa aleyhissələm başa düşürdü ki, insanlar bu zikri çox edirlər, o sadəcə istəyirdi ki, Allah Təalə xüsusi olaraq ona bir zikr öyrətsin və o, bununla başqalarından seçilsin. Allah Təalə bu zikrin fəzilətini ona bəyan edərək onu bu zikri etməyə yönəltdi və bildirdi ki, fəzilətdə bu zikrə bərabər olan başqa bir şey yoxdur.
Hədisin fəslə münasibliyi:
Bu hədisdə tövhid kəliməsinin fəziləti bəyan edilir və bildirilir ki, fəzilətdə bu kəliməyə bərabər olan bir şey yoxdur.
Hədisdən çıxarılan faydalar:
1. “Lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq olan ilah yoxdur) kəliməsinin fəzilətinin böyüklüyü. Çünki bu kəlimə özündə tövhidi və ixlası əhatə edir.
2. Musanın (əleyhissələm) fəziləti və onun Allaha yaxınlaşmağa həris olması.
3. Allaha ibadət yalnız Allahın şəriəti ilə olur. İnsanın özündən hansısa ibadəti uydurmağa haqqı yoxdur. Çünki Musa (əleyhissələm) öz Rəbbindən istədi ki, Allahı zikr etmək üçün ona zikr öyrətsin.
4. Bir şeyə ehtiyac nə qədər çox olarsa, o şey daha çox mövcud olar. “Lə iləhə illəllah” kəliməsinə bütün aləmlərin ehtiyacı var, ona görə də bu, ən çox zikr olunan və ən asan olan zikrdir.
5. Allah səmaların üzərindədir. (“Əgər yeddi qat səma və Məndən başqa orada məskunlaşanlar…”).
6. “Lə iləhə illəllah” kəliməsini söylədikdə, tam tələffüz etmək lazımdır. Bəzi cahillərin etdiyi kimi, təkcə “Allah” kəliməsini deyib bununla kifayətlənmək olmaz.
7. Əməllər tərəzisinin isbat edilməsi və bunun doğru olması.
8. Bəzən peyğəmbərlərin də ehtiyacı olur ki, onlara “Lə iləhə illəllah” kəliməsinin fəziləti bildirilsin.
9. Yerlərin sayı da göylərin sayı kimi yeddidir.
- Tirmizinin rəvayət etdiyi və həsən adlandırdığı hədisdə Ənəsin (Allah ondan razı olsun) belə deməsi rəvayət olunur:
Mən Allahın elçisinin (sallallahu aleyhi və səlləm) belə deməsini eşitdim:
“Allah Təalə demişdir: “Ey Adəm oğlu! Əgər sən Mənim dərgahıma yer dolu günahla gəlsən, sonra Mənə heç bir şeyi şərik qoşmadan Mənimlə qarşılaşsan, Mən də bir o qədər məğfirətlə (bağışlamaqla) gələrəm”.” (ət-Tirmizi 3534).
Hədisin qısa mənası:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz Rəbbi haqda xəbər verir ki, Allah Təalə Öz qullarına müraciət edərək Öz lütfünün və rəhmətinin geniş olduğunu bildirir. Və bəyan edir ki, günahlar nə qədər çox olur olsun, nə qədər ki o günahlar şirkdən aşağıdır, Allah Təalə onları bağışlayır. Bu hədis Allahın bu sözü kimidir: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmağı bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar.” (Ən-Nisə 48).
Hədisin fəslə münasibliyi:
Bu hədis tövhidin savabının çoxluğunu və günahların nə qədər çox olmasına baxmayaraq tövhidin onları yumasını bildirir.
Hədisdən çıxarılan faydalar:
1. Tövhidin fəziləti və onun savabının çoxluğu.
2. Allahın lütfünün, səxavətinin, rəhmətinin, əfvinin genişliyi.
3. Bu hədisdə, şirkdən aşağı olan böyük günahı edən kəsləri kafir adlandıran xavariclərə rədd var.
4. Allah Təalənin ona layiq olan şəkildə danışmaq sifətinin sübutu.
5. Hədisdə “Lə iləhə illəllah” kəlməsinin mənası izah edilir. Onun mənası şirkin azını da, çoxunu da tərk etməkdir. Bu sözü sadəcə dillə demək kifayət etmir.
6. Qiyamət günü dirilməyin, haqq-hesab olunmağın və əməllərin qarşılığının verilməsinin sübut olunması.
Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
Tovhid.info heyəti