• Menyu
  • Menyu

Sünnəyə tabeçilik – İmamların sözü səhih sünnəyə zidd olarsa, nə etməli? – 1ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Sələfilərin dörd imam və onların məzhəbləri haqqında mövqeyi:

İmam Əbu Hənifə və imam Malikin öz dilindən

Aləmlərin Rəbbi olan Allaha həmd olsun və onun Peyğəmbəri Muhəmmədə Allahın salavatı və salamı olsun.

Sonra:

Əziz müsəlmanlar, İslam dininin gözəlliklərindən biri də, alimlərin haqlarını bilmək və onları qorumaqdır.

Peyğəmbərimiz Muhəmməd (Ona Allahın salavatı və salamı olsun) demişdir:

“Böyüyümüzə hörmət etməyən, kiçiyimizə rəhm etməyən və alimimizin haqqını bilməyən bizdən deyildir.” (İmam Əhməd, “Musnəd”).

Bir çox Quran və Sünnə nurundan uzaq düşmüş, Quran və Sünnəni müsəlmanlara qaranlıq və başadüşülməz bir şey kimi qələmə verən insanlar, sələfilərin, Əhli Sünnənin səhabələrdən sonra ən hörmətli və məşhur imamlarından olmuş dörd imam: Əbu Hənifə, Malik, Şafii, Əhməd ibn Hənbəl (Allah onlara rəhmət etsin) – haqqında olan mövqeyini pis qələmə vermiş və onlara hörmət etmədiklərini, onları alçaltdıqlarını və onları öz imamlarından hesab etmədiklərini qeyd etmişlər.

Lakin bu, ən böyük yalandır və insanları doğru yoldan yayındırmaqdan başqa bir şey deyildir.

Həmçinin, siz sələfilərin etimad etdiyi kitablara nəzər salsanız, bunun nə dərəcədə yalan və açıq-aydın iftira olduğunu görərsiniz.

Əziz müsəlmanlar, əksinə, o kitablara nəzər salsanız, görərsiniz ki, bu hörmətli imamlara (Allah onlara rəhmət etsin) həqiqi surətdə tabe olanlar onlar yox, elə məhz sələfilərdir.

Onlar yalnız özlərinin o imamlara tabe olduqlarını iddia edirlər. Lakin, həqiqətdə isə, onlar özləri bu imamların (Allah onlara rəhmət etsin) məzhəblərindən tam uzaqdadırlar.

Onlar bu imamlara tabeçilik yox, kor-koranə təəsübkeşlik edirlər.

Sual: Kor-koranə təəssübkeşlik dedikdə nə qəsd olunur?

Cavab: Bir şəxsin hər hansı bir məsələdə öz imamının rəyinə müxalif açıq-aydın səhih hədis gəldiyi zaman, onun öz imamının sözünü tərk etməməsi və Peyğəmbərin (Ona Allahın Salavatı və Salamı olsun) hədisini rədd etməsinə kor-koranə təəssübkeşlik deyilir.

Hansı ki, siz o imamların (Allah onlara rəhmət etsin) aşağıda gələn öz sözlərinə diqqət yetirsəniz, onların  öz tabeçilərini bu əməldən şiddətli şəkildə çəkindirdiyini görərsiniz.

1.İmam Əbu Hənifə (Allah ona rəhmət etsin):

Dörd imamın birincisi olmuş imam Əbu Hənifə Nu`mən ibn Səbitdən (Allah ona rəhmət etsin), onun tələbələri Peyğəmbərə (Ona Allahın Salavatı və Salamı olsun) tabeçilik və imamların sözlərinin sünnəyə müxalif olduğu təqdirdə onu tərk etməyin lazım olması barədə növbə-növ sözlər rəvayət etmişlərdir.

  •  “HƏDİS SƏHİH OLDUSA, O MƏNİM MƏZHƏBİMDİR” (İbnu Abidin, “əl-Həşiyə”, 1/63).

İbnu Abidin, İbnul-Həmməmin şeyxi olmuş İbnu Şəhnənin “Şərhul-Hidəyə” kitabından nəql edir ki, o, belə demişdir:

 “Əgər hədis səhih olarsa və bu səhih hədis məzhəbə müxalif olarsa, bu zaman hədisə əməl olunar, və bu, onun məzhəbi olar. İmam Əbu Hənifəyə təqlid edən bir insan da, bu səhih hədisə əməl etməsi ilə hənəfi məzhəbidən çıxmış sayılmaz. İmam Əbu Hənifədən səhih olaraq varid olmuşdur ki, o, belə demişdir: “HƏDİS SƏHİH OLDUSA, O MƏNİM MƏZHƏBİMDİR”.

Bu sözü İmam İbnu Abdil-Bərr və başqa imamlar İmam Əbu Hənifədən rəvayət etmişlərdir.

Şeyx Albani (Allah ona rəhmət etsin) demişdir:

“Bu da o imamların (Allah onlara rəhmət etsin) elmlərinin və təqvalarının kamilliyindəndir. Beləki, onlar bununla işarə edərək bildirmişdirlər ki, onlar Sünnəni tam olaraq əhatə etməmişdirlər. Artıq bunu İmam Şafii (Allah ona rəhmət etsin) açıq şəkildə qeyd etmişdir. (Bu barədə aşağıda gələcək).

Bəzən onlardan, onlara çatmayan bir Sünnəyə müxaliflik baş verə bilər. Bu zaman onlar bizə sünnəni götürməyimizi və həmin sünnəni onların məzhəbindən hesab etməyimizi əmr etmişdirlər (Allah onların hamısına rəhmət etsin).” (“Sıfətu Salətin-Nəbiy”, səh. 42).

  •  “HEÇ BİR KƏSƏ HALAL DEYİL Kİ, BİZİM HƏR HANSI BİR SÖZÜMÜZÜ, ONU HARDAN GÖTÜRDÜYÜMÜZÜ BİLMƏDİYİ HALDA GÖTÜRSÜN.” (İbnu Abidin, “Həşiyə aləl-Bəhrir-Raiq”, 6/293).

Burada Şeyx Albani (Allah ona rəhmət etsin) buyurur:

“Əgər onların yuxarıda keçən bu sözləri, onların dəlilini bilmədən danışanlar üçün deyilmişdirsə, görəsən o imamlar, dəlilin onların sözünə müxalif olduğunu bildikləri halda yenə də onların sözləri ilə fətva verənlərə nə deyərdilər?! Bunu yaxşı düşün! Həqiqətən, təkcə bu, onların kor-koranə təqlidlərini sındırmaq üçün kifayətdir!” (“Sıfətu Salətin-Nəbiy”, səh. 42).

İmam Əbu Hənifə (Allah ona rəhmət etsin) başqa bir rəvayətdə demişdir: “Mənim dəlilimi bilmədən, mənim sözümlə fətva verənə haram olsun.”

Başqa rəvayətdə isə, əlavə edərək demişdir: “Həqiqətən biz bəşərik, bu gün bir söz deyirik və sabah o sözdən qayıdırıq.”

Həmçinin, başqa rəvayətdə də belə demişdir: “Vay sənin halına ey Yaqub! (yəni tələbəsi Əbu Yusufu qəsd edir) Məndən eşitdiyin hər şeyi yazma! Ola bilsin mən bu gün bir rəy (doğru) gördüm, sabah isə o rəyi tərk etdim və sabah bir rəyi (doğru) gördüm, o biri gün  isə, o rəyi tərk etdim.”

Burada Şeyx Albani (Allah ona rəhmət etsin) buyurur:

“Bu, ona görədir ki, imam çox vaxt öz rəyini qiyas üzərində qurur, sonra ona daha güclü bir qiyas görsənir və yaxud da ona Peyğəmbərin (Ona Allahın Salavatı və Salamı olsun) hədisi çatır, bu zaman o hədisi götürür və əvvəl dediyi sözü tərk edir”. (“Sıfətu Salətin-Nəbiy”, səh. 42).

Şə`rani (Allah ona rəhmət etsin) demişdir:

“Bizim və hər bir insaflı insanın İmam Əbu Hənifə (Allah ondan razı olsun) haqqında etiqadı odur ki, əgər o, şəriətin tam şəkildə yığılaraq kitablarda yazıldığı və hafizlərin səfərlər edərək hədisləri cəm etdikləri vaxta qədər yaşasaydı və o hədislərin hamısı ona çatsaydı, o hədisləri götürərdi, etdiyi bütün qiyasları tərk edərdi və başqa məzhəblərdə olduğu kimi, onun məzhəbində də qiyas az olardı. Lakin, onun yaşadığı əsrdə şəriətin dəlilləri ayrı-ayrı şəhərlər və kəndlərdə yaşayan tabein və ətbəut-tabeinlərdə olduğuna görə, zərurətdən, onun məzhəbində qiyas başqalarına nisbətən daha çox oldu.

Başqa imamlardan fərqli olaraq, onun əlində kifayət qədər dəlil olmadığına görə, o, bu qiyasları etməyə məcbur qalmışdır.” (“əl-Mizən”, 1/62).

Sonra Şeyx Albani (Allah ona rəhmət etsin) buyurur:

“Əgər Əbu Hənifənin (Allah ona rəhmət etsin) qəsdi olmadan Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bəzi səhih hədislərinə müxalif olmasında üzrü bu idisə, həqiqətən də, bu, qəti olaraq qəbul olunan bir üzürdür. Çünki, Allahu Təala heç bir kəsi bacarmadığı bir yüklə yükləməz. Belə olduğu təqdirdə, bəzi cahil insanların etdiyi kimi o imama (Allah ona rəhmət etsin) tən etmək caiz deyildir. Əksinə, onunla ədəbli olmaq vacibdir. Çünki, o, müsəlmanların imamlarından olan bir imamdır, hansı ki, onların əli ilə bu din qorunmuş və bizə gəlib çatmışdır.

 O, (Allah ona rəhmət etsin) hər bir halda savab qazanmışdır − istər doğru, istərsə də xəta etsin.

Həmçinin, onu uca tutanlara da caiz deyildir ki, onun hədislərə müxalif olan sözlərindən tutunsunlar. Çünki, o sözlər onun məzhəbindən deyildir. Necəki, onun bu barədə sözlərini gördünüz. Onlar bir vadidə, onlara kor-koranə təqlid edənlər isə, başqa bir vadidədirlər. Haqq isə, bu ikisinin arasındadır.

“Ey Rəbbimiz bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də sən Şəfqətlisən, Rəhimlisən.”. (“Sıfətu Salətin-Nəbiy”, səh. 43).

  • “ƏGƏR MƏN ALLAHIN KITABINA VƏ PEYĞƏMBƏRİN (ONA ALLAHIN SALAVATI VƏ SALAMI OLSUN) XƏBƏRİNƏ MÜXALİF BİR SÖZ DEYƏRƏMSƏ, BU ZAMAN MƏNİM SÖZÜMÜ TƏRK EDiN!” (əl-Fulləni, “əl-İqaz”, səh. 50).

Şə`rani (Allah ona rəhmət etsin) demişdir:

“Əgər desən ki, bəs imamım öldükdən sonra, imamıma çatmamış, (lakin) səhih olaraq (mənə) gəlib çatan hədislər necə?

Cavab: Sənə vacib olan odur ki, o hədislərə əməl edəsən. Çünki, sənin imamın o hədisləri görsəydi, bəlkə də sənə əmr edərdi ki, o hədisləri götürəsən.

Həqiqətən, imamların hər biri şəriətin əlində bir əsirdirlər. Kim bunu edərsə, artıq iki əli ilə xeyirə nail olmuş olar. Kim də desə ki, “mən yalnız imamımın götürdüyü hədisi qəbul edirəm…”, o, çox xeyirləri itirmiş olar. Necə ki, indi məzhəb imamlarına kor-koranə təqlid edənlər də bu haldadırlar.

Onlar, imamların vəsiyyətinə əməl edərək onlardan sonra, səhih olaraq gələn hər bir hədisi götürsəydilər, onlar üçün daha doğru olardı.

Həqiqətən, bizim o imamlar haqqında etiqadımız budur:

Onlar yaşayaraq onlardan sonra gələn səhih hədisləri görsəydilər, o hədisləri götürərdilər və etdikləri hər bir qiyası və hədisə müxalif olan sözlərinin hər birini tərk edərdilər.” (“əl-Mizən”, 1/26).

2.İmam Malik ibn Ənəs (Allah ona rəhmət etsin):

Hicrət diyarının (Mədinənin) imamı olmuş İmam Məlik ibn Ənəsin (Allah ona rəhmət etsin) bu barədə sözlərinə gəldikdə isə, o, belə demişdir:

  • “MƏN SADƏCƏ BİR BƏŞƏRƏM, XƏTA DA EDƏ BİLƏRƏM, DOĞRU DA SÖYLƏYƏ BİLƏRƏM. SİZ MƏNİM RƏYİMƏ BAXIN, KİTAB VƏ SÜNNƏYƏ MÜVAFİQ OLAN HƏR ŞEYİ GÖTÜRÜN VƏ KİTAB VƏ SÜNNƏYƏ MÜVAFİQ OLMAYAN HƏR ŞEYİ TƏRK EDİN!” (İbnu Əbdil-Bərr, “əl-Cəmi” 2/32).
  • “PEYĞƏMBƏRDƏN (ONA ALLAHIN SALAVATI VƏ SALAMI OLSUN) SONRA HƏR BİR KƏSİN SÖZÜ GÖTÜRÜLƏ DƏ, TƏRK OLUNA DA BİLƏR, YALNIZ PEYĞƏMBƏDƏN (ONA ALLAHIN SALAVATI VƏ SALAMI OLSUN) BAŞQA.” (İbnu Əbdil-Bərr, “əl-Cəmi” 2/91).

Şeyx Albani (Allah ona rəhmət etsin) demişdir:

“Sonradan gələn alimlərə görə məşhur olan budur ki, onlar bu sözü İmam Məlikə nisbət etmişdirlər və bunu İbnu Əbdil-Hədi “İrşədus-Səəlik” kitabı, 1-ci cild, 227-ci səhifədə səhihləşdirmişdi.” (“Sıfətu Salətin-Nəbiy”, s.42).

  • İbn Vəhb (Allah ona rəhmət etsin) demişdir:

“Eşitdim ki İmam Məlikdən (Allah ona rəhmət etsin) dəstəmaz alarkən ayaq barmaqlarını təxlil etmək (əllə barmaqların arasına su çatdırmaq) barədə soruşuldu. O, dedi: “İnsanlara bunu etmək caiz deyildir.”

Mən gözlədim ki, insanlar onun ətrafından azalsın, sonra ona dedim: “Bizdə bu barədə hədis var.”

O, dedi: “Hansı hədisdir o?”

Dedim: “Leys ibn Səd, İbn Ləhiə və Amr ibn əl-Həris bizə Yəzid ibn Amr əl-Məafiridən, o da, Əbu AbdurRahmən əl-Hubulidən rəvayət etmişdir ki, Mustəvrad ibn Şəddəd əl-Quraşidən (Allah ondan razı olsun) belə dedi: “Gördüm ki Allah Rəsulu (ona Allahin salavatı və salami olsun) balaca barmağı ilə ayaq barmaqlarının arasını təxlil edirdi”.

İmam Məlik (Allah ona rəhmət etsin) dedi: “BU GÖZƏL HƏDİSDİR. MƏN BU HƏDİSİ HEÇ VAXT EŞİTMƏMİŞDİM.”

BUNDAN SONRA İMAM MƏLİK (ALLAH ONA RƏHMƏT ETSİN) BU BARƏDƏ SORUŞULDUQDA, AYAQ BARMAQLARININ ARASINI TƏXLİL ETMƏYİ ƏMR EDİRDİ.” (İbn Əbi Hətim: “əl-Cərh və ət-Tədil”, səh. 31-32).


Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

tovhidinfo
Zubeyr Dinbazov

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu.

Bütün materiallara bax