Mərhəmətli və Rəhimli Allahın adı ilə
BİDƏTİN TƏRİFİ:
LÜĞƏVİ CƏHƏTDƏN (ərəb dilindəki mənası): Bidət sözü ərəbcə “əl-bəd`u” sözündəndir. Bu isə: keçmişdə bənzəri olmayan bir şeyi icad etməkdir. Sözdə “yenilik” mənası verir.
İSTİLAHİ MƏNASI (şəri termin olaraq) isə: Dindən olmayan bir şeyi dinə gətirmək və ya dində yenilik etməkdir.
BİDƏT İKİ QİSMƏ BÖLÜNÜR:
1) Dünyəvi məsələlərdə bidət etmək;
2) Dini məsələlərdə bidət etmək.
1) Dünyəvi məsələlərdə bidət etmək mübahdır (yəni nə günahdır, nə savab). Çünki, insanların təbii ehtiyaclarını ödəmək üçün olan şeylərin əsli mübahdır. Buna müasir kəşflər və s. daxildir.
2) Dində edilən bidətlər isə, haramdır. Çünki, bunda əsas tövqifidir, yəni hər hansı bir şeyin dindən olduğunu, ibadət olduğunu iddia edənin mütləq şəkildə dəlili olmalıdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurmuşdur:
«Kim bizim əməlimizə uyğun olmayan bir yenilik gətirərsə, o şey rədd olunar.» (Buxari və Müslim)
Başqa bir rəvayətdə isə: «Kim bizim əməlimizə uyğun olmayan əməli edərsə o şey rədd olunar.» (Səhih Muslim)
BİDƏTİN NÖVLƏRİ:
Dində bidət etmək iki növə bölünür:
Birinci növ: Sözdə olan etiqadi bidətlər; məsələn: cəhmiyyələrin, mötəzilələrin və rafizilərin (dildə dedikləri etiqadi) bidətləri və etiqadları kimi.
İkinci növ: İbadətlərdə yol verilən bidətlərdir. Məsələn: Allaha Onun şəriətində varid olmayan bir yolla ibadət etmək… Bu da bir neçə qismə bölünür:
BİRİNCİ QİSM:
İbadətin əslində edilən bidət; məsələn: şəriətdə əsli olmayan yeni bir ibadət forması icad etmək, (namazın əsil qılınış forması bəlli olduğu halda) yeni bir namaz forması (qiyamsız və ya rukusuz və ya səcdəsiz və ya bunlardan hamısını cəm edən formada yeni namaz tərzi), yeni oruc forması (oruc gün çıxandan batana qədər olduğu halda, bir kəsin iki gün dalbadal heç nə yemədən oruc tutması və ya iki gündən bir iftar etməsi və ya yemək yeməsi, lakin oruc saydığı günlərdə müəyyən bir qidadan imtina etməsi kimi) və üslubu ki, şəriətdə buna dəlil yoxdur. Və yaxud da hər il təkrarlanan bir şeyi qeyd etmək, (Peyğəmbərin) doğum gününü qeyd etmək, yəni, mövlud keçirmək və s.
İKİNCİ QİSM: İbadətə edilən əlavə ilə edilən bidət; məsələn; Dörd rükətli zöhr və ya əsr namazına beşinci rükəti (qəsdən) artıraraq qılmaq.
ÜÇÜNCÜ QİSM: İbadətin əda edilmə formasında (sifətində) edilən bidət ki, bu da ibadəti şəri cəhətdən icazə verilməyən vəsfdə əda etməkdir.
Məsələn: zikrləri camaat şəklində xorla və ya musiqi sədaları altında etmək. Həmçinin, ibadətlərdə nəfsinə şiddətli davranaraq bununla Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsindən çıxmaq həddinə çatmaq.
DÖRDÜNCÜ QİSM: Hər hansı bir ibadətə şəriətdə dəlil olmayan müəyyən bir vaxt təyin etmək. Məsələn: Şaban ayının ortasını (yarısını) və xüsusi bir gecəsini, oruclu və qiyamda keçirmək. Baxmayaraq ki, qiyamın (namaza, ibadətə durmağın) və orucun əsli icazəlidir. Lakin, bunu hansısa vaxtlardan birinə təyin etmək üçün dəlil tələb olunur.
DİNDƏ BİDƏT ETMƏYİN BÜTÜN NÖVLƏRİNİN HÖKMÜ:
Din adına edilən bütün bidətlər haram edilmişdir və zəlalətdir. Buna dəlil Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu hədisidir:
«(Din adına çıxarılmış) yeniliklərdən çəkinin! Çünki, (dində edilən) hər bir yenilik bidətdir. Hər bir bidət isə zəlalətdir.» (Tirmizi rəvayət etmiş və “həsən səhihdir” demişdir). Həmçinin, bu hədis:
«Kim bizim əməlimizə uyğun olmayan bir yenilik gətirərsə, o şey rədd olunar.» (Buxari və Müslim).
Başqa bir rəvayətdə isə:
«Kim bizim əməlimizə uyğun olmayan əməli edərsə, o şey rədd olunar.» (Səhih Muslim)
Beləcə, hər iki hədis də dəlalət edir ki, din adına edilən hər bir yenilik bidətdir. Hər bir bidət isə, rədd olunmuşdur, zəlalətdir. Bunun mənası odur ki, ibadətdə və etiqadda edilən bidətlər (yeniliklər) haramdır. Lakin, bu haramlıq bidətin növünə görə dəyişir:
1)Bundan bəzisi açıq-aydın küfrdür: qəbirləri orada dəfn olunanlara yaxınlıq məqsədilə təfav etmək, onlara qurbanlar kəsib nəzirlər etmək, birbaşa onlara dua etmək və onlardan yardım istəmək kimi və bəzi mötəzilə və cəhmiyyələrin ğulatlarının (ifrata varmışları) sözləri kimi. Qeyd etmək lazımdır ki, bu növ bidətə düşən şəxs cahil ola bilər və ona haqq bəyan edilməlidir.
2) Bundan bəzisi isə, şirkə aparan yollardan, vəsilələrdəndir; buna qəbirlər üzərində bina etmək və onun yanında namaz və dua etməyi misal çəkmək olar.
3) Bundan bəzisi, etiqadi fisqdir (fasiqlikdir, fasiq − günahkar müsəlman). Buna da xəvariclərin, qədərilərin və murciələrin şəri dəlillərə müxalif olan söz və etiqadlarını misal çəkmək olar.
4) Bundan bəziləri isə günahdır; buna heç evlənməmək, günəş altında duraraq oruc tutmaq və şəhvətdən qurtulmaq üçün özünü sonsuzluğa (cinsi məhrumiyyətə) mübtəla etməyi misal çəkmək olar.
DİQQƏT: Hər kim bidəti gözəl və pis bidətə bölürsə, o kimsə Peyğəmbərin (sallallahu aleyhi və səlləm): «Hər bir bidət zəlalətdir» sözünə müxalif söz demiş və xəta etmişdir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bütün bidətlər haqqında hökm verərək onu zəlalət adlandırmışdır. “Gözəl bidət var” deyən isə, sanki, “hər bir bidət zəlalət deyildir, gözəl bidət də var” demək istəyir.
Hafiz ibn Rəcəb «Qırx hədis» kitabının şərhində demişdir:
“Peyğəmbərin (sallallahu aleyhi və səlləm) : «Hər bir bidət zəlalətdir» kəlamı “cəvamiul-kəlim”dir. (Yəni, qısa kəlamla, böyük mənalar ifadə etmək qəbilindəndir). Bundan (bu zəlalətdən) heç bir bidət xaric deyildir. Bu kəlam dinin əsaslarından olan əzəmətli bir əsasdır və digər kəlamına (hədisinə) bənzəyir: «Kim bizim əməlimizə uyğun olmayan bir yenilik gətirərsə, o şey rədd olunar.»
Beləcə, dində əsli, dəlili olmadan hər bir çıxaılan və dinə nisbət edilən yenilik bu kəlama qayıdır ki, o da zəlalətdir. Bu, istər etiqadi məsələlərdə, istər də zahiri və batini söz və ya əməllərdə olsun, din bundan uzaqdır.” (Cəmiul-ulum vəl-hikəm, s. 233)
O kimsələrin gözəl bidətin (və ya yaxşı bidət) mövcudluğu haqqında heç bir dəlilləri yoxdur. Yalnız Ömərin (radiyəllahu anhu) təravih namazını məsciddə camaatla qılmaqları haqqında «Bu nə gözəl bidətdir!» deməsini dəlil gətirə bilərlər ki, buna da bir azdan aydınlıq gətirəcəyik inşəAllah!
Həmçinin, onlar demişlər: “Sələflərin inkar etmədikləri bəzi hadisələr olmuşdur, məsələn: Qurani-Kərimin bir kitabda cəm edilməsi, hədislərin yazılması və cəm edilməsi və s.
BU ŞÜBHƏNİN CAVABI:
Ömərin (radiyəllahu anhu) “Bu nə gözəl bidətdir!” sözünə gəldikdə, bu sözün şəriətdə əsli vardır və bu bidət deyildir. Bununla lüğəvi bidət qəsd olunmuş, şəri bidət qəsd olunmamışdır. O şeyin ki, şəriətdə əsli var, ona qayıdılır. Əgər deyilsə ki, o bidətdir, əslindən bu şəri yox, lüğəvi bidətdir. Çünki, bidət şəri cəhətdən “şəiətdə əsli olmayan şeydir”. Qurani-Kərimin bir kitabda cəm edilməsinin şəriətdə əsli vardır. Çünki, Peyğəmbər (sallalahu aleyhi və səlləm) Quranın yazılmasını əmr edirdi, lakin ayrı-ayrı yazılmışdı. Beləcə, səhabələr (Allah onlardan razı olsun) Quranı qorumaq məqsədilə onu bir kitabda cəm etdilər.
Təravih namazını isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ramazanda bir neçə gecə camaatla qılmışdır. Sonra isə, onlara fərz olunmasından ehtiyatlanaraq qılmamışdır. Sonra da səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərin (sallalahu aleyhi və səlləm) sağlığında və vəfatından sonra da Ömər ibnul-Xəttabın (radiyəllahu anhu) onları bir imamın arxasında cəm edənə qədər ayrı-ayrı topluluqlar şəklində bu namazı qılmışlar. Necə ki, bir vaxtlar eynilə təravih namazı qılmaq üçün Peyğəmbərin (sallallahu aleyhi və səlləm) arxasında dayanmışdılar. Bu isə, dində bidət etmək deyildir.
Hədislərin yazılmasının da, həmçinin, şəriətdə əsli vardır. Peyğəmbər (sallalahu aleyhi və səlləm) ehtiyac olduqda bəzi səhabələrə hədislərin bəzisini yazmağı əmr etmişdir. Əbu Hureyra (radiyəllahu anhu) Peyğəmbərin (sallalahu aleyhi və səlləm) dövründə onun hədislərini yazırdı. Peyğəmbərin (sallalahu aleyhi və səlləm) dövründə olan hədis yazma qadağası ümumi şəkildə bir qadağa idi ki, bu, Quranın ondan olmayan yazılarla qarışmaq qorxusuna görə idi. Peyğəmbər (sallalahu aleyhi və səlləm) vəfat etdiyi zaman isə, bu ehtimal aradan qalxmış oldu. Çünki, artıq Quran tamamlanmış və Peyğəmbərin (sallalahu aleyhi və səlləm) vəfatından öncə əzbərlənmişdi. Müsəlmanlar da bundan sonra hədisləri itməkdən qorumaq üçün onu cəm etdilər. Allahın kitabını və Peyğəmbərin (sallalahu aleyhi və səlləm) sünnəsini yazaraq itməkdən qoruyan o müsəlmanları Allah xeyirlə mükafatlandırsın!
(Bu yazı şeyx Saleh ibn Fovzan ibn Abdullah Əl-Fovzanın “Tövhid əqidəsi” kitabından bəzi dəyişikliklər edilərək tərcümə edilmişdir.)
Hazırladı: Mədinə İslam Unniversitetinnin tələbəsi, Sahib Əsədov.