• Menyu
  • Menyu

İcma nədir?

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Dəyərli oxucular! Bu kiçik risaləmizdə əhli sünnənin ittifaq etdiyi bir məsdərdən danışacağıq. Onu da qeyd edək ki, Quran və Sünnə əhli sünnənin ilk dəlil qaynağı, məsdəridir. Yəni, birinci Quran, ikinci Sünnədir. Əhli Sünnənin məsdər kimi qəbul etdiyi üçüncü qaynaq icma, dördüncüsü isə qiyasdır. Bu günkü risaləmiz də məhz İcma haqqında olacaqdır inşəAllah.

İcma nədir?

Xülasə olaraq dedik ki, İcma Əhli Sünnənin məsdər olaraq qəbul etdiyi üçüncü dəlil qaynağıdır. İcmanın lüğəvi və istilahi mənasında bu sualın qısa cavabını tapa bilərsiniz.

İcma sözü ərəbcə lüğəvi cəhətdən “əzm və ittifaq” mənalarını verir.

İstilahi mənası isə: «Icma: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra bu ümmətin müctəhidlərinin dini bir məsələdə ittifaq etməsidir.» (Şeyx İbn Useyminin üstün gördüyü tərif)

Kiçik bir haşiyə:

Burada başqa istilahi təriflər də mövcuddur. Bir çox alimlər eynilə bu istilahi tərifə “eyni əsrdə olan alimlərin ittifaqı” sözünü əlavə etmişlər. Lakin, onlar da bu “inqiradul-asr” (əsrin keçməsi) məsələsinin necəliyində ixtilaf etmişlər deyə, biz bu tərifi qeyd etməklə kifayətləndik. Əslində bu kiçik məqalədə məqsədimiz icmanın Əhli sünnəyə görə hüccət (dəlil) olmasını göstərməkdir. Yoxsa, hansısa ixtilafları qabartmaq niyyətimiz yoxdur.

Bu tərifin şərhi və bu tərifdən anlaşılan məsələlər:

1. İttifaq sözü; söz, feil və etiqad arasında müştərək bir termindir. Əgər (alimlər) hansısa qövl (rəy və ya söz) üzərində ittifaq etsələr, bu da icma sayılır. Bunun kimi, əgər hansısa feil üzərində ittifaq etsələr, bu da icma sayılır. Necə ki, müctəhidlər bütünlüklə qarşılıqlı əkinçilik, ortaqlıq üzərində (bunun icazəli olması barədə) icma ediblər. Eləcə də əgər hansısa əqidə üzərində ittifaq etsələr, (bu, ümmətin icması olaraq qəbul ediləcəkdir) necə ki, çoxilahlılıq və xristiyanlardakı “üç ilah” etiqadının batil olmasında icma etmələri kimi.

2. İcmada mötəbər sayılan müctəhidlərin ittifaqıdır. Hansı ki, bu şəriət hökmləri üzərində dəlil hesab olunur. Bu məsələdə mütəfəkkirlərin və insanların (ümumi) çoxluğunun ittifaq etməsi əsas götürülmür. Bəzi alimlər insanların (ümumunun) çoxluğunun da bura daxil olduğunu desələr də, bu rəy batildir. Çünki, elmsiz insanlar şəriət məsələlərinə dəqiqliklə yanaşa bilmirlər.

3. Bu (icma sayılan) ittifaq bütün müctəhidlər tərəfindən olmalıdır. Əgər (müctəhidlərdən) əksəriyyət şəri bir hökm üzərində ittifaq etsələr, az bir qism isə buna müxalif olarsa, bu icma olmur və alimlərin əksərinin görüşünə görə hüccət sayılmır. (Əl-Ğazəli, “əl-Mustasfə”, səh, 117)

Alimlərdən bəziləri əksəriyyətin ittifaqının icma hesab oluna biləcəyini demişlər (Muhəmməd ibn Cərir, Əbu Bəkr ər-Razi və Əbul-Hüseyn əl-Xəyyat belə alimlərdəndir) Alimlərdən bəziləri isə, əksəriyyətin ittifaq etdiyi bir şəri hökmün icma olmasa da, hüccət olduğunu demişlər. Hər iki rəy də zəifdir. Çünki, ola bilər ki, doğru rəy azlıq təşkil edən tərəfdə olsun. Həmçinin, bu ona görədir ki, müxalif olduqda ittifaq gerçəkləşmədiyi üçün, icma da gerçəkləşmir. Çünki, bu ümmətin qorunması barədə olan hədislərin mənasına ziddir.

4. Bu müctəhidlər İslam ümmətindən olmalıdırlar. Keçmiş ümmətlərdən olan müctəhidlərin (hansısa hökm üzərində) ittifaqı icma hesab olunmur. Bu isə Məhəmməd (sallallahu aleyhi və səlləm) ümmətinin (bir hökmdə) ittifaq etdikləri zaman xətadan qorunmaları barədə olan xüsusi dəlillərin olmasına görədir.

5. Bu ittifaq Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra baş verməlidir. Çünki, Onun zamanında ittifaq etmələri icma yox, Sünnə ilə sabit olmuş sayılacaqdı. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onları təsdiqləsə, bu ittifaqla deyil, Sünnə ilə təsdiqlənmiş olacaq, yox əgər təsdiqləməsə, o zaman Peyğəmbərin inkar etdiyi üçün bu ittifaq (icma) da rədd olunmuş olacaq.

Ibn Useymin (Allah ona rəhmət etsin) «Əl-Usul min ilmil-Usul» kitabında demişdir:

İCMA BU DƏLİLLƏRƏ GÖRƏ HÜCCƏTDİR:

  1. Allahın bu kəlamı: «Beləcə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız.» (Əl-Bəqərə, 143) Və ayədəki: «İnsanlara şahidlər» bu şahidlik onların əməlləri üzərinə və əməllərinin hökmləri üzərinə şamil edilir. Şahidin isə sözü məqbuldur.
  2. Allahın kəlamı: «Əgər bir məsələdə mübahisə etsəniz, onu Allaha və Elçisinə qaytarın» (Ən-Nisa, 59) Bu dəlildir ki, onlar nə üzərində ittifaq ediblərsə, bu haqdır.
  3. Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) hədisi: «Ümmətim zəlalət üzərində icma etməz (cəm olmaz)» (Tirmizi, Kitəbul-Fitən vəl-Mələhim, 2167)
  4. «Ümmətin müəyyən bir məsələ üzərində cəm olması» dedikdə, bu, ya haqq olacaq, ya da batil. Əgər bu haqq olarsa, deməli bu hüccət (dəlil) sayılır. Əgər batil olarsa, necə mümkün ola bilər ki, Peyğəmbərimizin dövründən Qiyamət gününə kimi Allaha ən hörmətli ümmət olan bir ümmət Allahın razı qalmayacağı batil bir şey üzərində ittifaq etsin? Bu, mümkünsüzdür.

İCMANIN NÖVLƏRİ:

İcmanın (əsas) iki növü var: qəti və zənni.

QƏTİ İCMA: O şeylər ki, ümmətin bu barədə icması zəruri olaraq bilinir. Misal: Beş vaxt namazın vacibliyində və zinanın haramlığında icma edilməsi kimi. Bu növün sabit olmasını və hüccət sayılmasını heç kim inkar etmir. Buna müxalif olan (hökmdən) cahil deyilsə, təkfir edilir.

ZƏNNİ İCMA: O icma ki, yalnız dəlilləri (Quran və Sünnədən) bir araya yığmaq və izləməklə bilinir. Alimlər bu icma növünün sabit olmasında ixtilaf etmişlər. Bu rəylərdən ən üstünü şeyxul-İslam ibn Teymiyyənin görüşüdür. O, «Əl-Aqidətul-Vasitiyyə» kitabında demişdir:

«Həmçinin, icmaya saleh sələflərin üzərində olduğu şeylər də aid edilir. Hansı ki, onlardan sonra ixtilaf çoxalmış və ümmət yayılmışdır.»

(Şərhul-Aqidətil-Vasitiyyə, 2/328, ibnul-Covzi nəşr evi.)

Bil ki, bu ümmətin, açıq-aydın, nəsx olunmamış dəlilin əksi üzərində cəm olması qeyri-mümkündür. Çünki, bu ümmət yalnız haqq üzərində cəm olur. Əgər buna müxalif olduğunu zənn etdiyin icma görsən, bax − ya dəlil doğru deyil, ya aydın deyil, ya nəsx olunmuşdur, ya da məsələdə onun bilmədiyi bir ixtilaf vardır. (İbn Useymin)

QEYD: İcmanın növlərini ayırmaqda və adlandırmaqda araşdırmaçı alimlərin müxtəlif nahiyələrdən yanaşmalarına görə icmanın növlərinin təsnifatında və ya sadalanmasında əsərlərində müəyyən fərqlilik müşahidə etmək mümkündür. Ona görə də biz ümumi bölgünü qeyd etməklə kifayətləndik. Məsələn; sükuti icma – növünü bəzi alimlər zənni icmaya daxil edir, bəziləri isə ayrı bir növ olduğunu deyir. Həmçinin, bəzi araşdırmaçılar İcmanın növlərindən danışarkən: icməul-bəyani, icməus-sükuti, icməul-bəsit, icməul-murakkəb, icməul-muhassal, icməul-mənqul kimi təqsimatlar etmişlər. Biz isə, oxucuların müxtəlifliyini nəzərə alaraq və mövzu anlaşılan olsun deyə, Şeyx İbn Useyminin (Allah ona rəhmət etsin) bölgüsünü daha müvafiq bildik.

Mövzunu uzatmamaq və daha anlaşılan etmək üçün «sükuti icma»-ya xülasə toxunmaq istərdik. Artıq Saleh sələflərin icmasına qısaca toxunduq və onu da qeyd edək ki, burada Peyğəmbərdən (Allahın Ona salavatı və salamı olsun) sonra əsasən üç fəzilətli əsrdə yaşayan saleh sələflər (səhabə, tabein və ətbəu-tabein) nəzərdə tutulur. (Necə ki, bu icmanı şeyxul-islam ibn Teymiyyə də bildirmişdir)

Sükuti icmaya gəldikdə isə, bu deməkdir ki, «Bəzi müctəhidlərdən hansısa söz və ya fel sadir olsun, başqa müctəhidlər isə bunu bildikləri halda sussunlar.» (Ət-Təmhidul-Vadih fi Usulil-Fiqh, d. Mustafa Məxdum, dərslik, Mədinə Beynəlxalq İslam universiteti, səh 182)

Xülasə qeyd edək ki, cumhur alimləri «Sükuti icmanın» hüccət olduğunu demişlər. Bəzi alimlər isə, sükuti icmanın hüccət olmadığını demiş və bəzi mülahizələr irəli sürmüşlər.

İCMANIN ŞƏRTLƏRİ:

1) Sağlam yolla sabit olmalıdır, ya alimlər arasında məşhur olmalıdır, ya da icmanı nəql edən kimsə siqa (güvənilən), geniş məlumatlı biri olmalıdır.

2) Bu (üzərində icma olunan) məsələdə öncədən baş vermiş bilinən ixtilaf olmamalıdır. Əgər öncədən baş vermiş bir ixtilaf olarsa, bu icma sayılmır. Çünki, rəylər öz sahiblərinin vəfatı ilə batil olmur.
Həmçinin, icma özündən öncə baş vermiş ixtilafı aradan qaldırmır, sadəcə ixtilafın baş verməsinin qarşısını alır. Bu görüşün qüvvətli mənbəsi olduğu üçün racih (üstün) görüş sayılır. Həmçinin, deyilmişdir: Bu şərt deyildir. Keçmiş görüşlərdən birinə görə növbəti əsrdə də olsa, icma baş tutmuş olur və özündən sonrakılara hüccət olur.

Cumhurun rəyinə görə, eyni əsrdə icma edən nəsilin yox olması (انقراض العصر) şərt deyildir. Ona görə də icma əhli olanların mücərrəd ittifaqı ilə icma baş tutur. Nə onlara, nə də başqalarına bundan sonra icmaya müxalif olmaq icazəli deyildir. Çünki, dəlillər onu göstərir ki, icma özü hüccətdir və burada əsrin keçməsi şərt qoyulmamışdır. Əgər icma onların icma etdikləri saatda baş verərsə, bunu nə aradan götürə bilər ki?
Əgər bəzi müctəhidlər bir söz deyər və ya bir fel edərlərsə və bu da ictihad əhli ərasında məşhurlaşarsa, bunu inkar etməyə gücləri çatmazsa, bu hal üçün deyilmişdir ki, bu icma sayılır. Həmçinin, deyilmişdir: bu hüccət sayılır, amma icma sayılmır. Həmçinin, deyilmişdir: Əgər bu inkar edilmədən öncə o əsrdəkilər keçib getsələr, bu icma sayılır.

Qeyd: şeyxin də dediyi kimi, bu son rəy doğruya ən yaxın olan rəydir. Çünki, (eyni əsrdə olan) ictihad əhlinin inkar etməyə qadir olduqları halda bu məsələdə vəfat edincəyə qədər susmaları onların buna müvafiq olmalarına dəlildir.

(İbn Useymin, «Əl-Usul min ilmil-Usul» kitabı, səh 65-67.)


İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT:

1) Əl-İcma fiş-Şəriətil-İsləmiyyə, Ruşdi Ulyən.
2) Əl-Usul min ilmil Usul, şeyx ibn Useymin, səh 67.
3) Şərhu «Əl-Usul-Min ilmil-Usul» şeyx ibn Useymin, səh 518.
4) Məratibul-İcma – müqəddimə/ (dəru ibn Həzm)
5) Təmhidul-Vadih fi Usulul-Fiqh, dərslik, Mədinə Beynəlxalq İslam universiteti, d. Mustafa Məxdum, səh 177.

Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax