Mərhəmətli və Rəhimli Allahın adı ilə
Aləmlərin Rəbbi olan Allaha həmd olsun, Peyğəmbərinə, ailəsinə, əshabına və qiyamətə qədər onlara gözəl şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun.
Hörmətli müsəlmanlar! Bildiyiniz kimi, ilk müsəlmanlar sözdə, əməldə, əxlaqda və davranışda səhih islam üzərində olublar. Aralarında əqidə ixtilafı olmamış, dəstələrə bölünməmişlər. Buna görə də, yəhudilərdən, nəsranilərdən, müşriklərdən və digər dinlərdən seçilmək üçün müsəlman adlanmışlar. Necə ki, Allah Təalə buyurur: “O (Allah) sizi müsəlman adlandırdı.” [Həcc surəsi, 79-cu ayə]
Müsəlmanlar səhih sünnə üzərində camaat şəklində olmuşlar. Lakin zaman keçdikcə, müsəlmanlar arasında əqidədə, əxlaqda və davranışda ixtilaflar baş verdi. Xəvaric, murciyə, rafizi, qədəri, əşari, maturudi və sair bidət tayfalar, təriqətlər ortaya çıxdı. Bu zaman islamı haqqı ilə həyata keçirənlərlə bidət tayfalarını fərqləndirmək üçün həqiqi islamı yaşayanlar bəzi adlarla çağırılmağa başladılar. Bu adların hər biri islama aid adlardır, həqiqi islama dəlalət edir. Bunların müqabilində olan digər bidət dəstələrinin adları isə, onların heç biri səhih islam əqidəsinə dəlalət etmir, nə yaxından nə də uzaqdan islamla heç bir əlaqəsi yoxdur.
İslamı haqqı ilə həyata keçirənlərin adlarından bəziləri Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) gələn dəlil ilə sabit olub, bəziləri isə, islamı doğru şəkildə həyata keçirdikləri üçün onlara verilib. Bu adların hər biri əhli bidətin adlarına, ləqəblərinə müxalifdir. Çünki bidət əhlinin adları və ləqəbləri ya hər hansı bir şəxsə nisbət olunur, onun adı ilə bağlıdır (misal üçün cəhmilər, əşarilər, matrudilər, cəfərilər, isamililər və s.), ya da onların üsullarından götürülmüş adlara və ləqəblərə nisbət olunur. Misal üçün murciyələr, xəvariclər, sufilər, qədərilər, mötəzilələr, batinilər və sair. Buna görə də, alimlər deyəndə ki, islamdan qeyrisinə nisbət olunmaq olmaz, qəsdləri bu adlar və ləqəblər olub. Çünki bu adların səhih islam əqidəsi ilə heç bir yaxınlığı yoxdur. Buna görə də, kiminsə özünü hansısa camaata və ya şəxsə nisbət etməsi icazəli deyil, bu şəxs nə qədər böyük olsa belə. Hər şeydə ona tabe olmaq və nümunə götürmək olmaz.
Bu xüsusiyyət yalnız Muhəmməd peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) aiddir. Bir gün Muaviyə (Allah ondan razı olsun) İbn Abbasa (Allah ondan razı olsun) belə deyir: “Sən Əli ibn Əbi Talibin milləti (camaatı) üzərindəsən? “İbn Abbas da belə deyir: “Mən heç Osmanın da milləti üzərində deyiləm. Mən Rəsulullahın milləti üzərindəyəm.” (1)
Deməli, bir müsəlmanın islama zidd olan, islama nisbət olunsa da, ona aidiyyatı olmayan heç bir camaata nisbət olunması caiz deyil.
İndi isə, gəlin bu adlar haqqında müxtəsər olaraq danışaq. Və qeyd etdiyim kimi, bu adlar şər’i adlardır, hər biri islama nisbət olunur və ona aid edilir. Bu adlar zamanından, məkanından, vaxtından asılı olmayaraq islam alimləri tərəfindən isbat olunmuş, iqrar olunmuş və islamı haqqı ilə həyata keçirənlərə verilmiş adlardır.
1-ci. Əhli sünnə və camaat. İslamı doğru şəkildə tətbiq edənlərə verilmiş ən məşhur addır. Bu ad Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) sabit olub ən çox işlənən addır. Əhli sünnə və camaat deyildikdə, Peyğəmbərin sünnətinə tabe olub, haqqa müvafiq olub ona mülazim olan kəslər nəzərdə tutulur. Deməli, bu ad mürəkkəb addır – iki hissədən ibarətdir. Sünnə deyildikdə, Peyğəmbərdən varid olan hər bir söz, əməl, Peyğəmbərin görüb təqrir etdiyi hər bir şey nəzərdə tutulur. Camaatın mənası isə, haqqa müvafiq olub ona mülazim olmaqdır. Alimlər camaat sözünü başqa cür də şərh ediblər, müctəhid alimlərin camaatı, səhabələr, bir iş üzərində cəm olan topluluq və sair kimi. Bu şərhlərin hamısı əhli sünnəyə şamil olunur. Çünki əhli sünnə həqiqi camaatdırlar. Və qeyd etdiyim kimi, bu adın dəlili Peyğəmbərdən səhih olaraq sabit olub. İrbad ibn Səriyədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə demişdir:
“Məndən sonra yaşayanlarınız çoxlu ixtilaflar görəcəklər. Mənim sünnətimə və hidayət üzərində olan raşidi xəlifələrin sünnətinə tabe olun, hər ikisindən azı dişlərinizlə möhkəm yapışın. Bütün (dində olan) yeniliklərdən çəkinin, çünki hər bir yenilik bidətdir, və hər bir bidət zəlalətdir.”(2)
Muaviyə ibn Əbi Süfyan (Allah ondan razı olsun) demişdir: Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bizə belə dedi:
“Sizdən öncə olan əhli kitab yetmiş iki millətə (firqəyə) bölündülər. Bu ümmət isə yetmiş üç millətə (firqəyə) bölünəcək, yetmiş ikisi cəhənnəmə, biri isə cənnətə düşəcəkdir. Bu, camaatdır.”(3)
Ənəs ibn Məlikdən (Allah ondan razı olsun ) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun ) belə demişdir:
“Bənu israil yetmiş bir firqəyə bölündülər. Ümmətim isə, yetmiş iki firqəyə bölünəcək. Hamısı cəhənnəmə düşəcək, birindən başqa. O da, camaatdır.”(4)
Başqa bir rəvayətdə isə, Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun ) soruşurlar ki, o firqə hansıdır? Deyir: ” Mənim və səhabələrimin getdiyi yol üzərində olanlar.”(5)
Demək, əhli sünnə və camaat – Peyğəmbərin sünnətindən tutunanlar, Peyğəmbərin, səhabələrin və onlara gözəl şəkildə tabe olanların getdiyi yol üzərində olanlar, haqq üzərində cəm olanlardır.
2-ci. Əl-firqatu ən-nəciyə, yəni nicat tapan firqə. Bu ad da öncəki hədisdən çıxarılmış bir addır. Necə ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurub ki, ümmət yetmiş üç firqəyə bölünəcək, hamısı odda, biri isə cənnətdə olacaqdır. “Nicat tapan firqə” adı da hədisin mənasından götürülüb.
Imam Abdul-Qadir Ceylani (v.t.hicri 561) belə buyurub: “Nicat tapan firqəyə gəldikdə, bu, əhli sünnə və camaatdır.”(6)
Bir çox bidət əhli bu adı özlərinə nisbət etsələr də, bu, yalnız bir iddiadır. Çünki onların üsullarına baxsaq, görərik ki, bir çox əqidə məsələlərində islamın əsaslarına müxalifdirlər. İstər ad və sifətlər mövzusunda, istər iman məsələlərində, istər tövhid məsələlərində, istər imamət məsələlərində, istərsə də sahabələr mövzusunda və s. Onlar necə bunu iddia edə bilərlər ki, səhabələrin üzərində olduqları əqidəyə müxalifdilər?! Çünki hədisdə qeyd olunduğu kimi, nicat tapan firqə Peyğəmbərin və səhabələnin üzərində olduğu yol üzərində olanlardır. Bu firqələr isə, səhabələrin getdiyi yola tamamilə müxalifdirlər. Nicat tapan firqənin sifətlərindən biri də səhabələrin yoluna tabe olmaqdır.
Xülasə, qeyd etdiyim kimi, bu ad əhli sünnənin alimləri, elm tələbələri və sıravi camaatı arasında ən çox yayılmış adıdır. Hətta bəzi alimlər öz əqidə kitablarında bu adda ünvan belə açmışlar.
3-cü. Ət- taifə əl-mənsura. Yəni, yardım olunan tayfa. Bu ad da Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) səhih sünnəsindən götürülmüş addır. Muaviyə ibn Qurra atasından, (Allah hər ikisindən razı olsun) o da, Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) belə rəvayət etmişdir:
“Ümmətimdən elə bir tayfa olacaq ki, onlara yardım olunacaq və qiyamətə qədər heç kəs onları köməksiz qoya bilməyəcək.”(7)
Muğirə ibn Şöbədən (Allah ondan razı olsun) rəvayət olunan hədis də isə, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə deyib:
“Ümmətimdən Allahın əmri gələnə qədər qiyamətə qədər haqq üzərində olan bir tayfa olacaqdır.” (Səhih Buxari, 7311)
Abdullah ibn Mubərak (v.t.hicri 181) belə demişdir: “Bunlar, mənə görə, hədis əhlidir.”(8)
İmam Əhməd (v.t.hicri 241) belə deyib:
“Bu tayfa hədis əhli deyilsə, o zaman kim olduğunu bilmirəm?!”(9)
Imam Buxari (v.t.hicri 256) deyib ki, “onlar elm əhlidirlər.”(10)
İmam Həkim (v.t.hicri 405) belə demişdir:
“İmam Əhməd qiyamətə qədər köməksiz qalmayan bu tayfa haqqında gələn bu xəbəri onların hədis əhli olduğunu təfsir etməklə yaxşı iş etmişdir. Salehlərin yolunu gedən, keçmiş sələfin əsərlərinə tabe olan, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) sünnəsi ilə bidət əhlini dəf edənlərdən bu təfsirə daha çox kim haqlı ola bilər?!”(11)
Burada hədis əhli deyildikdə əhli sünnə nəzərdə tutulur. Buna görə də, Qadi İyad (v.t.hicri 544) belə demişdir: “Belə deməklə İmam Əhməd əhli sünnəni və hədis əhlinin məzhəbini qəsd etmişdir.”(12)
4-cü və 5-ci. Hədis əhli və əsər əhli. Bu adlar da əhli sünnənin qədimdən indiyə qədər olan adlarındandır. Alimlər hədis əhli və əsər əhli deyəndə həm hədis elmi ilə məşğul olanları, eləcə də bidət əhlinin müqabilində olan əhli sünnəni nəzərdə tuturdular. Çünki əhli sünnə səhih hədislərə və saleh sələflərdən varid olan səhih əsərlərə tabe olurlar. Bu səhih hədis və əsərləri ancaq bidət əhli inkar edər. Çünki onlar hava və bidətlərinə müxalif olan hər bir hədis və səhih əsəri inkar edib qəbul etməzlər. Buna görə də, bidət və hava əhlinin zühur etdiyi zamanlarda alimlər əhli sünnəni onlardan fərqləndirən, ayıran bu adlardan istifadə etməyi zəruri bildilər. Necə ki, İmam Sabuni (v.t.hicri 449) öz əqidə kitabını belə adlandırıb: “Sələf, hədis əhlinin əqidəsi”. Və kitabında belə buyurur:
“Quran və sünnədən bərk sarılan hədis əhli (Allahn onların sağ olanlarını hifz etsin, ölənlərinə rəhmət etsin) Allahın tək olmağına, Peyğəmbərin də risalətinə və nübuvvatına şahidlik edirlər…”, sonra sözünə belə davam edir: “Allah əhli sünnəni (Allahın ad və sifətlərini) təhrif etməkdən, keyfiyyət (necəlik) verməkdən və Onu məxluqata bənzətməkdən qoruyub…”(13)
Əsər əhli adını da bir çox alimlər işlədib və bununla əhli sünnəni qəsd ediblər. Məsələn, Əbu Hatim ər-Razi (v.t.hicri 277) demişdir:
“Məzhəbimiz ( yəni getdiyimiz yol) Peyğəmbərə, səhabələrə və tabiinlərə ittiba etmək, tabe olmaqdır, həmçinin də, Əbu Abdullah Əhməd ibn Hənbəl kimi əsər əhlinin məzhəbindən bərk tutmaqdır.” (14)
Qeyd: Burada məzhəb deyildikdə, fiqhi məzhəb yox əqidə nəzərdə tutulur. Necə ki, bu qədim alimlərin istilahında işlənib.
Başqa yerdə isə, belə deyib:
“Əsər əhlinə tən etmək bidət əhlinin əlamətlərindəndir.” (15)
Həmçinin, İmam Səfərini (v.t.hicri 1188) belə demişdir:
“Onlar o kəslərdir ki, öz əqidələrini Allahın kitabından, Peyğəmbərin sünnətindən və saleh sələflər olan səhabə və tabeinlərədən varid olan səhih əsərlərdən götürürlər.”(16)
6-cı. Sələfilik və ya sələfilər. Bu ad da, saleh sələflərə nisbət olunduqlarına görə, əhli sünnəyə verilmiş adlardandır. Saleh sələflər deyildikdə isə, səhabələr, tabeinlər və onlara gözəl şəkildə tabe olan ətbəut-tabeinlər nəzərdə tutulur. Yəni, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) xeyirlə zikr etdiyi üç fəzilətli əsr. Necə ki, bu səhih hədisdə varid olmuşdur. Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə demişdir:
“Ən xeyirli insanlar mənim əsrimdə olanlardır, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlər.” (17)
Sələf sözü yeni bir termin və ya yeni bir istilahi kəlimə deyil. Mənası da “özündən öncəkilər” deməkdir. Necə ki, bu, lüğət kitablarında keçib. İşlədilməsi də ta qədimdəndir. Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) qızı Fatiməyə (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Mən sənin üçün necə də gözəl sələfəm.”(18)
Kim özünü saleh sələflərə nisbət edirsə, o sələfi adlanır. Və, sözsüz ki, təkcə nisbət olunmaq kifayət etmir. Həqiqi sələfi, saleh sələflərin əqidəsində, əxlaqında və davranışında olandır.
Qeyd etdiyim kimi, kiminsə özünü sələfi adlandırmasında heç bir qəbahət yoxdur. Çünki ərəb dilinə də nəzər yetirsək, (سلفي ) sələfi kəliməsindəki (ي ) “yə” (azərbaycan dilində “i”) şəkilçisi nisbət şəkilçisidir. Yəni, kimsə özünü kiməsə, hansısa bir bölgəyə nisbət etmək istədikdə, sonda “yə” şəkilçisini əlavə edir. Məsələn, bir kəsin özünə sünni və ya əşari, hənəfi və ya maliki, hənbəli və ya şafi, buxari və ya tirmizi (bölgə adlarıdır) deməsi kimi. Həmçinin, əhli sünnədən olan birisinə sələfi deyilməsi bəzilərinin iddia etdiyi kimi müasir dövrün elm əhli tərəfindən deyilməyib. Bu, keçmiş alimlərin dilində də işlənib. Buna bəzi misallar çəkək:
İbn Teymiyyə (v.t.hicri 728) belə demişdir:
“Sələfin məzhəbini (əqidəsini) izhar edib, ona nisbət olunmaqda heç bir qəbahət yoxdur. Əksinə, ondan bunu qəbul etmək ittifaqla vacibdir. Çünki sələfin məzhəbi haqdır.” (19)
İmam Zəhəbi (v.t.hicri 748) İmam Dəraqutni (v.t.hicri 385) haqqında belə demişdir:
“Bu kişi nə kəlam elminə, nə də cədəl elminə girməmişdi, əksinə sələfi birisi idi.”(20)
Həmçinin, Əbu Tahir Əs-Siləfinin tərcümeyi-halında belə demişdir:
“Siləfi “sələfi” kəliməsi ilə bərabər istifadə olunur. (sələfi də) sələfin məzhəbində olan kəsdir.” (21)
Əbu Bəkr Muhəmməd ibn Xaləf ibn Həyyən (v.t.hicri 306) İsməil ibn Həmməd ibn Əbi Hənifə haqqında belə demişdir:
“İsməil ibn Həmməd ibn Əbi Hənifə sələfi, doğru dürüst birisi idi.”(22)
Əhməd ibn Əhməd ibn Nemət Əl-Məqdisinin tərcümeyi-halında belə deyir:
“Sələfin əqidəsi üzərində idi.”(23)
Əbdul-Kərim əs-Səmani (v.t.hicri 562) demişdir: “Sələfi – bu, sələfə nisbətdir, sələfin məzhəbini qəbul etməkdir.”(24)
Əbul-Həsən ibn Əl-Əsir Əl-Cəzəri (v.t.hicri 630) Əbdul-Kərim Əs-Səmaninin sözünü nəql etdikdən sonra belə deyir:
“Camaat (yəni əhli sünnə) sələfiliklə tanınıb.”(25)
Həmçinin, İmam Səfərini (v.t.hicri 1188) sələfin məzhəbinin nə olduğunu və səhabə, tabein və onların ardıcıllarının adlarını zikr etdikdən sonra belə deyir: “Onların hər biri bir tək əqidə üzərində – sələfi-əsəri əqidəsi üzərindədirlər.”(26)
Numən ibn Mahmud ibn Abdullah Əbul-Bərakət Xeyrud-Din Əl-Əlusi (v.t.hicri 1317) İbn Teymiyyə haqqında belə demişdir:
“Çünki o, hörmətli imamlar kimi sələfi etiqadında olan birisi, ona tən edənlər isə, ad və sifətləri təvil edən xələflərdir.”(27)
Həmçinin, müasir alimlərimiz də bu addan çox istifadə ediblər. Onlardan da bu haqda bəzi misallar çəkmək istərdim.
İbn Bəzz belə demişdir:
“Sələf – üç xeyirli əsrin əhli olanlardır. Kim onların izi ilə gedərsə, mənhəci ilə gedərsə, o şəxs sələfidir. Və kim onlara müxalif olarsa, o şəxs xələfidir.”(28)
O, nicat tapan firqə barəsində soruşulduğu zaman belə deyib:
“Onlar sələfilər və sələf-salehin yolu ilə gedən hər bir kəs.”(29)
Muhəmməd ibn Saleh Əl-Useymin belə deyib:
“Sələf etiqadca əhli sünnə və camaatdır. Qiyamətə qədər onlardan sonra gələn kəs, əgər Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) və səhabələrin yolunda olarsa, şübhəsiz ki, o, sələfidir.”(30)
Həmçinin, belə deyib:
“Əsər əhli o kəslərdir ki, əsərlərə tabe olublar, Kitab, sünnə və səhabələrin sözlərinə tabe olublar. Bu da, ancaq sələfin yolunu gedən sələfi və əhli sələfdən başqa heç bir firqədə olmayan bir şeydir.”(31)
Həmçinin, şeyx İbn Əl-Useymin belə deyib:
“Bir kəsin sələfi, sünni yolundan əhli sünnənin məzhəbinə müxalif olan bidət yoluna keçməsi mütləq olaraq icazəli deyildir.“(32)
Şeyx Əhməd ibn Yəhyə Ən-Nəcmi sələfi adlanmaq barədə soruşulduqda belə demişdir:
“Mənhəcində, əqidəsində və əməlində sələfə tabe olan birisi üçün sələfi və ya əsəri deyə adlandırılması icazəli, mubah olan bir şeydi.”(33)
Şeyx Muqbil ibn Hədi Əl-Vadii sələfiliyə nisbət olunmaq və adlanmağın hökmü barədə soruşulduqda belə cavab verdi:
“İstər sələfiliyə, istərsə də sünnəyə nisbət oldun – hər ikisi gözəl işdi.”(34)
Şeyx Muhəmməd Nasiriddin Əl-Əlbəni belə deyib: “Əlavə olaraq demək olar ki, sələfi dəvəti Allahın peyğəmbərlərin sonuncusu və rəsulu olan Muhəmmədə (Allahın ona salavatı və salamı olsun) nazil etdiyi haqq islama dəvətdir.”(35)
Yenə Şeyx Əl-Əlbəni buyurur:
“Biz indiki vaxtda çoxlu ixtilaflar görürük. Onların yazılarından, yığıncaqlarından asılı olmayaraq, ixtilafa düşənlərin hər biri kitab və sünnə üzərində olduğunu iddia edir. Lakin günümüzdə yer üzündəki və islam sahəsindəki bu camaatlardan heç birini Rəbblərinin kitabını və peyğəmbərlərinin sünnəsini başa düşməkdə özlərinə sələfi-salehin mənhəcini seçən bir camaat tapmazsan. Bir camaatdan başqa. Onların müxtəlif adları olsa da, bir şeyə dəlalət edir. Bəzi ölkələrdə onlar (hədisdə) işarə olunan camaata nisbət olaraq adlanırlar və deyirlər ki, dəvətimiz sələfi-saleh dəvətidir və biz də özümüzü onlara nisbət edərək “biz sələfilərik, biz hədis əhlindənik” deyirik…“
Sonra şeyx sözünə belə davam edir:
“Bu camaatların çoxu, istər özlərini xələfdən olan camaatlara, və ya xələfdən olan dəstələrə və ya müəyyən tanınmış şəxslərə nisbət etsinlər, az qalırlar ki, sələf kəliməsini və sələfə nisbət olmağı inkar etməkdə birləşsinlər. Misal üçün, “biz sələfə tabe olanlarıq” və ya tək bir fərdin “mən sələfiyəm” deməsini inkar edirlər. Düşünürəm ki, əgər onlar (muxalif camaatlar) sələfə nisbət olunmağın mənasına diqqət yetirsəydilər, bu nisbəti inkar etməyə tələsməzdilər. Çünki bunun (sələfiliyin) mənası saleh sələflərə nisbət olunmaqdır, hansı ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) onların xeyirli olmasına mütəvatir hədisdə şahidlik edib və deyib ki:
“Ən xeyirli insanlar mənim əsrimdə olanlar, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlərdir.”(36)
Bu haqda digər müasir alimlərin sözünü də qeyd etmək olardı. Lakin oxucunu yormamaq üçün az bir qisimlə kifayətlənməyi zəruri bildim.
Bu nəqllərdən sənə aydın oldu ki – Allah məni və səni xeyrə müvəffəq etsin – sələfi salehə nisbət olnumaq yeni bir şey deyil. Əslində, bu, bir şərəfdir. Çünki, sən özünü ümumilikdə məsum olan bir zümrəyə, əqidəsi və mənhəci salamat olan bir zümrəyə nisbət edirsən. Və bu zümrənin başında Muhəmməd (Allahın ona salavatı və salamı olsun) durur, sonra da ona tabe olan səhabələr, tabeinlər və onlara gözəl şəkildə tabe olan ardıcılları. Və kimsə özünü məsum olmayan hər hansı bir camaata, dəstəyə, fiqhi məzhəbə və ya şəxsə nisbət etməyi icazəli bilirsə, qoy bilsin ki, sələfə nisbət olunmaq daha şərəflidir, fəxrdir və vacibdir.
Hər zamanda və məkanda əhli sünnənin müəyyən adları və ləqəbləri olub, hansı ki, bu adların hər birinin islama aid olduğunu həmin dövrün alimləri də şahidlik edib. Necə ki, risalədə bu adlara və nəqllərə rast gəldin. Ümmətin alimləri də, istər qədim vaxtın, istərsə də indiki dövrün alimləri olsun, bu adların şəri, islami adlar olduğuna ittifaq etmişlər. Ümmət isə, heç vaxt zəlalət üzərində cəm olmaz, necə ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bunu səhih hədisində qeyd etmişdir.
Son olaraq, Allahdan istəyirəm ki, Allah məni və sizi Muhəmmməd peyğəmbərin sünnəsində, saleh sələflərdən olan səhabə, tabein və onlara gözəl şəkildə tabe olan ətbəut-tabeinlərin yolunda sabit qalmağı nəsib etsin. Şübhəsiz ki, O, buna Qadirdir.
Bu risalədə haqqa müvafiq olduğum şeylər Allahdan, əgər xəta varsa, məndən və şeytandandır.
.و صلى الله و سلم على نبينا محمد و على آله و صحبه و من استن بسنته إلى يوم الدين
_______________________________________
(1) Şərh usul etiqad əhlis-sunnə, 1/94
(2) Sunən Əbi Davud, 4607
(3) Sunən Əbi Davud, 4597
(4) Sunən İbn Məcə, 3993
(5) Sünən ət-Tirmizi, 2641
(6) Əl-Ğaniyyətu litalibi tariqil-haqq, səh.65
(7) Sunən Ət-Tirmizi, 2192
(8) Xatib Əl-Bağdadi, “Şəraf əshabil-hədis”, səh.26
(9) İmam Əl-Həkim, “Mərifə ulum əl-hədis, səh.3
(10) İbn Həcər, “Fəthul-Bəri”, 13/293
(11) Mərifə ulum əl-hədis, səh.30
(12) “Səhih Muslim”-in şərhi, kitab əl-imara, 13/67
(13) Əqidətus-sələf əshabil-hədis, səh.3-4
(14) Şərh usul etiqad əhlis-sunnə, 1/179-180-181
(15) Öncəki məsdər
(16) Ləvamiul-ənvar, 1/64
(17) Səhih Buxari, 3651
(18) Səhih Buxari, 6285, Səhih Muslim, 2450
(19) Məcmu əl-fətəva, 4/149
(20) Siyar aləm ən-nubələ, 16/457
(21) Öncəki məsdər, 6/21
(22) Əxbərul-qudat, 2/167
(23) Siyar aləm ən-nubələ, 1/34
(24) Əl-Ənsəb, 7/104
(25) Əl-Lubəb fi təhzib əl-ənsəb, 2/126
(26) Ləvamiul-ənvar, 1/22
(27) Cələul-ayneyn fi muhəkəməti əl-əhmədeyn, səh.69
(28) Həməd ibn Abdil-Muhsin əl-Tuveyciri, “Vasitiyyə əqidəsi”-nə təliqindən, səh.203
(29) Məcmuatu rasəil liisləhil-fərd val-muctəmə, səh 162
(30) Vasitiyyənin şərhi, 1/54
(31) Şərh əl-aqidə əs-səfəriniyyə, 1/95
(32) Şeyxlə açıq görüşdən alınan səs yazısından
(33) Əl-Fətəva əl-cəliyyə, 1/37
(34) Ət-Tuhfətul-mehdiyyə, səh.37
(35) Təvəssül, növləri və əhkamları, səh.89
(36) Movsuətu Əl-Əlbəni fil-aqidə, 1/267-268
Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi, Vüqar Qurbanov.