Mərhəmətli və Rəhimli Allahın adı ilə
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın sonuncu elçisi olan Muhəmmədə, onun ailəsinə, səhabələrinə və Qiyamətə qədər onun sünnətinə tabe olanlara Allahın xeyir-duası və salamı olsun.
Sonra isə:
Əziz müsəlmanlar! Zalım və ya günahkar hökmdara qarşı çıxmağın haram olması əhli sünnətin etiqadının əsaslarından və onları batil firqələrdən fərqləndirən əsas əlamətlərdən biridir. Bu mövzuda əhli-sünnət imamlarından bir çoxu icma nəql etmişdir. Onlardan bəzilərini bu yazıda sizə təqdim edirik:
1. İmam Şafinin tələbələrindən və yaxın dostlarından olan İmam Əl-Muzəni (hicri 175-264) əhli-sünnətin əqidə əsaslarına dair yazdığı məşhur risaləsi olan “Şərh əs-Sünnə”- də belə deyir:
“(Əhli-sünnətin əqidə əsaslarından biri də) Allah qatında sevilən əməllərdə əmr sahiblərinə itaət etmək, münkər olan işlərdə isə itaət etməməkdir.
Həmçinin, onlar həddi aşdıqları və zülm etdikləri təqdirdə, onlara qarşı çıxmamaqdır…” (səh.85)
Və sonra, 88-ci səhifədə (risalənin sonuna yaxın) belə deyir:
“Bütün bu deyilənlər keçmişdə hidayət imamlarının üzərində icma etdikləri məsələlərdir”.
2. İmam Əbu Hatimin (h.195-227) oğlu Əbdur-Rahmən ibn Əbi Hatim öz atasına və İmam Əbu Zuraya (vəfatı: h. 264) dinin əsli (üsulu) məsələlərində əhli-sünnətin məzhəbinin və bütün İslam diyarlarında görüşdükləri sünnət imamlarının əqidələrinin nə olduğu barədə sual vermiş və sualın cavabında deyilənlər isə, iki dahi əhli-sünnət imamından nəql olunan “İki böyük imamın İmam Əbu Hatim və İmam Əbu Zuranın əqidəsi” adı ilə məşhurlaşmışdır. Həmin risalənin əvvəlində deyilir:
“Bütün məmləkətlərdə Hicazda, İraqda, Şamda, Yəməndə görüşdüyümüz alimlərin məzhəbi bu idi:..” Və sonra bu iki imam bütün məmləkətlərdə yaşayan sünnət əhli alimlərin ittifaqla dedikləri və inandıqları əqidə əsaslarını bir-bir sadalayır və rəhbərlərə itaət məsələsinə gəldikdə belə deyirlər:
“Rəhbərlərə qarşı çıxmağı, fitnə zamanı savaşmağı caiz görmürük. Allahın bizim üzərimizə əmir təyin etdiyi kəslərə itaət edir və onları dinləyirik, əlimizi bu itaətdən geri çəkmirik. Sünnətə və camaata tabeyik. Alimlərin şazz rəylərindən, təfriqəçilik və ixtilafdan isə, uzaq dururuq”. (İmam Lələkəi “Şərh Usuli etiqadi əhlis-sünnə” 1/176-177)
3. Həmçinin, belə bir icma imam İbn Əl-Munzirdən (h. 241-318) də nəql edilmişdir. O, demişdir: “Hədis alimləri rəhbərin zülmünə qarşı səbr etmək və ona qarşı qiyam etməmək məsələsində icma ediblər.” (Fəth əl-Bəri 5/124, Subul əs-Sələm 2/379)
4. İmam Əbul-Həsən Əl-Əşarinin (h. 260-324) ən son qələmə aldığı və sələfin əqidəsi üzərində yazdığı kitablarından biri və ən asası olan “Risalə li əhlis-suğur bi-bəb əl-əbvab” kitabında əhli-sünnətin üzərində ittifaq etdiyi etiqad əsaslarını zikr edir, və 45-ci icmada belə yazır:
“Əhli-sünnət, müsəlmanların rəhbərlərinə itaət və onları dinləmək üzərində, və həmçinin, istər xoşluqla və istərsə də güc yolu ilə müsəlmanların işlərinə rəhbərliyi əlinə keçirmiş yaxşı və ya zalım hər bir rəhbərə itaət üzərində icma ediblər.” (Risalə li əhlis-suğur bi-bəb əl-əbvab: 168)
5. İmam İbn Batta (h.304-387) deyir:
“Bu ümmətin əvvəlindən bu günümüzəcən gəlib-getmiş elm və fiqh əhlindən olan alimlər, abidlər və zahidlər icma ediblər ki,… Allaha asilik olan işlərdən başqa, bütün işlərdə hətta həbəşi (həbəşistanlı) bir qul belə olsa, əmirə itaət edib, onu dinləmək vacibdir. Çünki, asilik olan işlərdə məxluqa itaət etmək caiz deyil”. (Əl-İbənə əs-Suğra: 279)
6. İmam İbn Əbi Zeyd Əl-Qayravani (h.310-386) öz məşhur “Əqidə”-sində (əvvəlində) belə demişdir:
“Ümmətin üzərində icma etdiyi və əksinin isə, bidət və zəlalət olduğu dinin əsasları bunlardır:..” Sonra isə, əhli-sünnətin üzərində ittifaq etdiyi əqidə əsaslarını sadalayır və rəhbərlərə itaət barədə belə deyir:
“Üzərində icma olunan məsələlərdən biri də, istər xoşluqla və istərsə də güc yolu ilə hakimiyyətə gələn, yaxşı və ya zalım olsun fərq etməz, müsəlmanların rəhbərlərini dinləyib, onlara itaət etməkdir. İstər adil olsunlar, istərsə də zalım, fərq etməz, onlara qarşı çıxmırıq”. (Kitab əl-Cəmi 107-117)
7. İmam Ən-Nəvəvi (h.631-676) demişdir:
“Zalım və fasiq olsalar belə, rəhbərlərə qarşı çıxmaq və onlarla savaşmağa gəldikdə isə, bu müsəlmanların (burada qəsdi əhli-sünnədir) icması ilə haramdır. Hədislər bu qeyd etdiyim mənaya dəlalət edir. Əhli-sünnət icma edib ki, rəhbər fasiqliyinə görə düşürülmür. Amma bizim məzhəbin alimlərindən bəzilərinin fiqh kitablarında qeyd edilən və həmçinin mötəzililərdən də nəql edilən “rəhbər fasiqliyinə görə öz yerindən düşürülə bilər” sözünə gəldikdə isə, bu söz bu sözü deyənin xətasıdır və bu söz icmaya muxalifdir”. (“Səhih Müslim”-in şərhi 12/229)
Ər-Riyad şəhərindəki İmam Muhəmməd ibn Səud Universitetinin tələbəsi, Əbu Zeyd Həbibli.