• Menyu
  • Menyu

Tövhid kitabının müxtəsər şərhi – 6cı fəsil

tovhidinfo

“Tövhidin və lə iləhə illəllah şəhadətinin izahı” fəsli

Mərhəmətli və Rəhimli Allahın adı ilə

  • Allah Təalə buyurmuşdur:
    “Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir.” (əl-İsra 57).

Bu fəslin tövhid kitabı ilə münasibliyi:
Kitabın müəllifi (Allah ona rəhmət etsin) bundan öncəki fəsillərdə tövhid və onun fəziləti barədə, həmçinin insanları tövhidə çağırmaq və onun əksi olan şirkdən qorxmağın vacibliyi barədə danışmışdır. Bu fəsildə isə, o, tövhidin mənasını izah edir. Çünki bəzi insanlar onun mənasını səhv başa düşürlər. Onlar elə hesab edirlər ki, tövhid dedikdə, Allahı yalnız rububiyyət tövhidində (tərc:Allahın etdiyi işlərdə: Yaratmaqda, hər şeyə sahib olmaqda, kainatı idarə etməkdə, ruzi verməkdə və s.) təkləşdirməkdir. Əslində isə tövhid, Allahı ibadətdə təkləşdirmək və Ona şərik qoşmaqdan uzaq olmaqdır.

Ayənin qısa mənası:                                                                                                      Allah Təalə bu ayədə xəbər verir ki, müşriklərin dua edib çağırdıqları mələklər, peyğəmbərlər, saleh insanlar özləri, Allaha yaxınlaşmaq üçün can atırlar, onlar Allahın rəhmətinə ümid edirlər və Onun əzabından qorxurlar. Əgər onlar belə edirlərsə, deməli onlar da Allahın qulları sırasına daxildirlər. Allahın o saleh qulları öz hallarını düşünürdülər, Allaha yalvarıb, Ona dua edirdilər, ibadətləri yerinə yetirməklə Allaha yaxınlaşırdılar. Ona görə də insan yalnız Allaha dua etməli, öz ehtiyaclarını Allahdan istəməlidir. Onun peyğəmbərləri, mələkləri, saleh insanları Allaha tay tutub, onlara dua etməsi doğru deyildir.

Ayənin fəslə münasibliyi:
Bu ayə dəlalət edir ki, tövhidin və “lə iləhə illəllah” şəhadətinin mənası, müşriklərin etdikləri əməllərdən uzaq durmaq, saleh insanlara dua etməmək, bəlanın aradan qalxması üçün Allahla öz aralarında onları vasitəçi tutmamaqdır. Bu əməllər böyük şirk sayılır.

Ayədən çıxarılan faydalar:
1.Ayədən məlum olur ki, bəlanın sovuşması üçün və ya bir xeyir əldə etmək üçün Allahın övliyalarına, saleh insanlara dua edib onlardan bu şeyləri istəmək doğru deyil. Çünki o çağırılan insanlar heç özlərinə bir xeyir verməyə və ya öz başlarına gələn bəlanı aradan qaldırmağa malik deyillər. Özləri üçün bunu edə bilmirlərsə, deməli başqaları üçün də bunu edə bilməzlər.
2.Peyğəmbərlərin və saleh insanların Allahdan şiddətli şəkildə qorxmaları və Onun rəhmətinə ümid etmələri.

  • Allah Təalə buyurmuşdur:
    Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O, məni doğru yola yönəldəcəkdir”. (ən-Nəhl 26-27).

Ayənin qısa mənası:
Allah Təalə Öz qulu, elçisi və sevimli dostu olan İbrahim (aleyhissələm) haqqında xəbər verir ki, o, atasının və qövmünün ibadət etdiyi məbudlardan yalnız onu yaradan Allahı istisna etdi, digər məbudlardan isə, özünü uzaq tutdu. O, tək olan, şəriki olmayan Allaha ibadət edirdi.

Ayənin bu fəslə münasibliyi:
Bu ayə dəlalət edir ki, tövhidin və “lə iləhə illəllah” şəhadətinin mənası tək Allaha ibadət etmək və Ona şərik qoşmaqdan uzaq olmaqdır. Çünki İbrahimin (əleyhis-salam) “İlləlləzi fətarani” (Yalnız məni yaradandan başqa!) sözündə eyni ilə şəhadətin “İlləllah” (Allahdan başqa) hissəsində olduğu kimi təsdiq vardır. “İnnəni bəraun” (Mən sizin ibadət etdiklərinizdən uzağam) sözündə isə, şəhadətin “lə iləhə” (həqiqi ilah yoxdur) hissəsində olduğu kimi inkar vardır.

Ayədən çıxarılan faydalar:
1. “Lə iləhə illəllah” şəhadətinin mənası ibadətləri yalnız Onun üçün edib, Ondan başqasına ibadət etməkdən uzaq durmaqla Allahı təkləşdirməkdir.
2. Müşriklərin dinindən uzaq olduğunu izhar etmək.
3. Şəriətlə əmr olunub ki, insan, yaxınları olsa belə, Allahın düşmənlərindən (tərc: onların Allahı qəzəbləndirəcək əməllərindən) uzaq durmalıdır.

  • Allah Təalə buyurumuşdur:
    “Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı rəbb qəbul etdilər. Halbuki, onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa (ibadətə layiq) ilah yoxdur. O, onların şərik qoşduqları şeylərdən uzaqdır”. (ət-Tövbə 31)

Ayənin qısa mənası:
Yəhudilər və nəsranilər öz alimlərindən və rahiblərindən məsləhət alırdılar, onlar isə, Allahın halal etdiyi şeylərə haram, haram etdiyi şeylərə halal deyirdilər. Yəhudilər və nəsranilər halalı haram, haramı halal etməkdə öz alimlərinə və rahiblərinə itaət edirdilər və, beləliklə, onları Rəbb dərəcəsində tuturdular. Çünki bir şeyi halal və ya haram etmək yalnız Rəbbə məxsusdur. Həmçinin, nəsranilər, İsa peyğəmbərə (aleyhissələm) ibadət edirdilər və iddia edirdilər ki, o, Allahın oğludur. Allah Təalə Öz kitabında əmr etmişdir ki, onlar tək Allaha ibadət və itaət etsinlər. Onlar isə, Allahın kitabını tərk etdilər və ona əməl etmədilər. Allah Təalənin bu ayədə verdiyi xəbərdə, onların etdikləri əməllərə qarşı inkar vardır. Onların etdikləri bu əməldə şirk olduğu üçün, Allah Təalə Özünü, şirki əhatə edən bu əməldən uzaq tutmuşdur.

Bizim əlavə:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayənin mənasını, əvvəllər nəsranilərin alimlərindən olmuş, lakin sonradan İslamı qəbul etmiş bir səhabiyə izah etmişdir. Bir zaman Adiy ibn Hatim Allahın elçisinin (sallallahu aleyhi və səlləm) yanına daxil olarkən, onun bu ayələri oxuduğunu eşidib belə dedi: “Onlar axı o kəslərə ibadət etmirdilər” Allahın elçisi (sallallahu aleyhi və səlləm) belə buyurdu: “Əksinə, o kəslər halal olan şeyləri bunlar üçün haram, haram olan şeyləri də halal edirdilər. Bunların da bu işdə onlara tabe olmaları, onlara ibadət etmələridir”. (Tirmizi 309)
Əlavə bitdi.

Ayənin fəslə münasibliyi:
Bu ayədən məlum olur ki, tövhidin və “Lə iləhə illəllah” şəhadətinin dəlalət etdiyi mənalardan biri də, Allahın halal etdiyi şeyləri halal hesab etmək, haram etdiyini də haram hesab etməklə Allaha itaət göstərməkdir. Kim bu işdə Allahdan başqasına itaət edər, o kəsin halal dediyi şeyləri halal, haram dediyi şeyləri haram hesab edərsə, artıq o kəsi Allaha şərik qoşmuşdur.

Ayədən çıxarılan faydalar:
1. Tövhidin və “Lə iləhə illəllah” şəhadətinin dəlalət etdiyi mənalardan biri də, Allahın halal etdiyi şeyləri halal, haram etdiyi şeyləri də haram hesab etməklə yalnız Ona itaət göstərməkdir.
2. Kim halalı haram, haramı halal etməkdə məxluqlardan birinə itaət edərsə, o, həmin kəsi Allaha şərik qoşmuş sayılır.
3. Nəsranilər etiqad edirlər ki, İsa peyğəmbər Allahın oğludur. Bu ayədə onların bu etiqadlarının batil olmasını sübut edən cavab vardır. Həmçinin, ayədən məlum olur ki, İsa peyğəmbər (aleyhissələm) Allahın quludur.
4. Allah Təalənin pak və nöqsansız olub, şərik qoşulmaqdan uzaq olması.

  • Allah Təalə buyurmuşdur:
    “İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə, Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.” (əl-Bəqərə 165)

Ayənin qısa mənası:
Allah Təalə bu ayədə Özünə şərik qoşanların dünyadakı halını zikr edir və onların axirətdəki dönüş yeri barədə danışır. Belə ki, onlar Allahdan başqalarını Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirdilər. Daha sonra Allah Təalə Onu təkləşdirən möminlər barədə xəbər verir ki, onlar Allahı müşriklərdən çox sevirlər. Həmçinin, demək olar ki, möminlərin Allaha olan sevgisi, müşriklərin öz məbudlarına olan sevgisindən daha üstündür. Çünki möminlər bu sevgi ilə yalnız Allahı sevirlər, müşriklər isə, bu sevgi ilə həm Allahı, həm də başqalarını sevirlər. Müşriklər, Allaha şərik qoşduqlarına görə Qiyamət günü başlarına gələcək qorxunc və şiddətli əzabı gözləri ilə görəcəklər. O zaman onlar anlayacaqlar ki, güc və qələbə, qoşduqları şəriklərə deyil, yalnız Allaha məxsusdur. Allah Təalə xəbər verir ki, əgər onlar Qiyamət günü başlarına gələcək bu şeyləri bilsəydilər, mütləq öz azğınlıqlarına son qoyardılar. Lakin onlar buna iman gətirmirlər və bu şeyləri heç təsəvvür etmirlər.

Ayənin fəslə münasibliyi:
Bu ayə tövhidi və “Lə iləhə illəllah” şəhadətini açıqlayan dəlillərdəndir. Çünki bu ayədən məlum olur ki, kim Allahdan başqasını Ona tay tutaraq Allahı sevdiyi kimi onu sevərsə, artıq Allaha şərik qoşmuşdur. Bu məhəbbətin elə növüdür ki, insanı sevdiyinə ibadət etməyə, onun qarşısında özünü aşağı tutmağa və boyun əyməyə sövq edir. Bu ayədən məlum olur ki, tövhid dedikdə, bu cür məhəbbətdə Allahı təkləşdirmək də qəsd olunur.

Ayədən çıxarılan faydalar:
1.Tövhidin və “Lə iləhə illəllah” şəhadəyinin mənası sevdiyinin qarşısında özünü aşağı tutmağı və ona boyun əyməyi tələb edən məhəbbətdə Allahı təkləşdirməkdir.
2.Müşriklər Allahı böyük məhəbbətlə sevirlər, lakin bu sevgi onları İslam dininə daxil etmədi. Çünki onlar başqalarını da bu cür sevib, onları Allaha şərik qoşurdular.
3.Allaha şərik qoşmaq zülmdür (ədalətsizlikdir).
4.Müşriklərin Qiyamət günü cəza çəkəcəkləri barədə xəbərdar olunmaları.

  • Səhih Muslimdə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə deməsi rəvayət olunur:
    “Kim “Lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq olan ilah yoxdur) deyər və Allahdan qeyri ibadət olunanları inkar edərsə, onun malı və qanı toxunulmaz olar. Onu haqq-hesaba çəkmək isə Qüdrətli və Böyük Allaha aiddir.” (Muslim 23; Əhməd 472.)

Hədisin qısa mənası:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə bəyan edir ki, insanın canı və malı yalnız bu iki şeylə toxunulmaz olur:
1. “Lə iləhə illəllah” şəhadətini demək.
2. Allahdan başqa ibadət olunanları inkar etmək.
Bir insanda bu iki şeyi gördükdə, ondan əl çəkmək və qəlbində olanları Allaha həvalə etmək vacibdir. Əgər o insan qəlbində sadiq olubsa, Allah Təalə onu Nəim cənnətləri ilə mükafatlandıracaq. Yox, əgər o kəs münafiqlərdən olubsa, Allah ona ağrılı-acılı əzab verəcəkdir. Amma dünyada isə, hökm zahirdə olana görə verilir.

Hədisin fəslə münasibliyi:
Bu hədis “Lə iləhə illəllah” şəhadətində olan mənanı açıqlayan ən böyük dəlillərdəndir. Bu kəlmənin mənası Allahdan başqa ibadət olunanları inkar etməkdir.

Hədisdən çıxarılan faydalar:
1. “Lə iləhə illəllah” şəhadətinin mənası Allahdan qeyri ibadət olunanları – bütləri, qəbirləri və s. inkar etməkdir.
2. “Lə iləhə illəllah” şəhadətini sadəcə dillə deyib, Allahdan qeyri ibadət olunanları inkar etmədikcə insanın canı və malı toxunulmaz olmur.
3. Kim tövhidə əməl edər və onun ayinlərinə zahirən riayət edərsə, o şəxsdə buna əks olan şeylər aşkar olunmadıqca ondan əl çəkmək (onu müsəlman kimi qəbul edib islamında ittiham etməmək – tərc.) vacibdir.
4. Kafir hətta döyüş meydanında İslamı qəbul edərsə, buna əks olan şeylər görünmədikcə ondan əl çəkmək vacibdir.
5. İnsan bəzən “Lə iləhə illəllah” deyir, lakin Allahdan başqa ibadət olununanları inkar etmir
6. Dünyada hökm zahirdə olana görə verilir. Amma Axirətdə isə, hökm niyyətlərə və məqsədlərə baxılaraq verilir.
7. Müsəlmanın malı və qanı toxunulmazdır. Haqlı yerə olması (zinakarın daşqalaq edilməsi, qisas olaraq qatilin öldürülməsi və s. kimi şəri hökümlər – tərc.) isə istisnadır.


Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax