• Menyu
  • Menyu

Peyğəmbərin öz oğulluğunun zövcəsiylə evlənməsi şübhəsinə cavab

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Birinci məsələ: Zeyd ibn Harisə Peyğəmbərin öz belindən gələn doğma övladı olmayıb.

İkinci məsələ: Peyğəmbərlə Zeydin oğulluq-atalıq bağları bu ayə ilə kəsilmişdir (Əhzab, 5)

– Mühüm bir qeyd də odur ki, Peyğəmbər Zeydi İslamdan əvvəlki dönəmdə oğulluğa götürmüşdü. Lakin, Allahın Qurani-Kərimdə nazil etdiyi ayəsindən sonra (Əhzab, 5) bu oğulluğa nisbəti aradan qalxmışdır. Zeydin öz doğma atası isə Harisə ibn Şərahil olub, Muhəmməd Peyğəmbər deyil. Əhzab surəsində deyilir ki:

«Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır.» (Əhzab, 5)

Üçüncü məsələ: İslamda icazə verilən evliliklərdən biri də (nəsranilərin, bəzi qərəzli şərqşünasların və ateistlərin şübhə kimi gətirdikləri) oğulluğa götürülən şəxsin boşadığı qadınla gözləmə müddəti bitdikdən sonra evlənməkdir. Bu məsələ Qurani-Kərimdə icazəli və sabit olsa da, din düşmənləri dindən bixəbər insanları çaşdırmaq, şübhəyə salmaq üçün əllərindən gələni edir və bunu Peyğəmbərə qınaq kimi gətirməyə çalışırlar. Baxmayaraq ki, Qurani-Kərimdə bu məsələyə dəqiqliklə aydınlıq gətirilmişdir. Bu ayədə:

«Öz belinizdən gələn oğullarınızın (boşadıqları) arvadları ilə evlənmək (qadağan edildi)» (Əhzab, 37) deyilir. Yəni, öz doğma oğullarınızın (boşadığı) qadınlarla evlənmək qadağan edildi. Amma, doğma övladı olmayan, sonradan övladlığa götürülmüş kimsələrə qan qohumluğu olmadığından, həqiqi övlad olmadıqlarından dolayı onların boşadıqları qadınlarla evlənməyə Qurani-Kərimdə bu ayədə icazə verilmişdir:

«Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın.» (Əhzab, 37)

Artıq qeyd edildi ki, Zeyd ibn Harisə Peyğəmbərin öz belindən gələn övladı deyildi. Sadəcə ona bir vaxta kimi himayəçilik etmişdi.

Peyğəmbər Zeydə: «Sən bizim qardaşımız və yaxın adamımızsan» – deyib. Allah da Quranda buyurub ki: «Onlar (övladlığa götürdükləriniz) sizin din qardaşlarınız və yaxınlarınızdırlar.» (Əhzab, 5)

Dördüncü məsələ: İslamın əvvəlində oğulluğa götürdükdə atalığa ata kimi nisbət olunmağa icazə vardı. Əhzab surəsi 5-ci ayə bunu nəsx etdi (hökmdən saldı) və bundan sonra hər bir oğulluğun atalığına deyil, öz doğma atasına nisbət olunması fərz oldu.
Ona görə də Zeyd Məhəmmədin oğlu yox, doğma atası olan Harisənin oğludur.

Beşinci məsələ: Həmçinin, Əhzab surəsi 37-ci ayəyə əsasən, bu cür evlilik Qurani-Kərimdə nəinki Peyğəmbərə, həmçinin, bütün müsəlmanlara icazəli edilmişdir. Lakin, din düşmənləri müsəlmanların dini savadsızlıqlarından istifadə edərək yalnız Peyğəmbəri bu məsələyə görə sanki, günah bir iş tutmuş kimi qələmə verdikdə, bəzi müsəlmanlar bu hiyləni hiss etmirlər. Onlar bilməlidirlər ki, bu evlilik əcnəbi şəxsin (qohum olmayan şəxsin) başqa bir əcnəbi şəxslə evliliyi qəbildəndir, bu nəinki Peyğəmbərə, hətta, bütün müsəlmanlara icazəlidir. Elə Əhzab surəsi 37-ci ayədə dəqiqliklə izah olunan məsələ də budur.

Altıncı məsələ: Zeynəbə (Allah ondan razı olsun) gəldikdə isə; O uşaqlığından Peyğəmbərə qohum olub, onun doğma bibisi qızı olub. Allah Zeynəbi göyün yeddi qatından yuxarıdan gələn əmrlə Peyğəmbərlə evləndirib: «Səni onunla evləndirdik.» deyə ayədə varid olmuşdur. (Əhzab, 37)

Zeynəb şərəfli, alicənab bir xanım idi. Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) Zeynəbi birdən-birə görməsi və bundan sonra onunla evlənmək istəməsi yalan və iftiradır. Bu barədə olan rəvayət də uydurmadır. Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) Zeynəbi körpəliyindən tanıyırdı. Onu dəfələrlə görmüşdü. Çünki, onun doğma bibisi qızı idi və qohum düşürdülər. Peyğəmbərin Özü elə Zeynəbi Zeydlə evləndirmişdi. Hətta, ilk öncə Zeynəb Zeydlə evliliyə razılıq vermir. Lakin, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) Zeynəbə Zeydlə evlənməsini məsləhət görərək: «Onunla evlən» deyir. Bundan sonra bu Quran ayəsi nazil olur:

«Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.»
(Əhzab, 36)

Bu ayədən sonra isə Zeynəb Peyğəmbərə bildirir ki, Zeydlə evlənməyə razıdır və nigah baş tutur. (İbn Kəsirdən ixtisarla. 3/645)

Bütün bunlar Allahın əmri ilə gerçəkləşdi.

Yeddinci məsələ: Sual ola bilər ki, nəyə görə Peyğəmbər elə birinci dəfədən Zeynəblə evlənmədi, əksinə, Zeydi Zeynəblə evləndirdi?

Cavab: Dedik ki, Peyğəmbər Zeynəbi doğulmamışdan görmüşdü və onu birinci dəfə görmürdü. Onunla qohum olduğu üçün onu dəfələrlə görmüşdü. Həmçinin, Zeydlə Zeynəbi evləndirərkən də Zeynəbi ilk dəfə görməmişdi. Necə ki, bir uydurma rəvayətdə bu barədə söhbət açılmışdır. Ona görə də deyirik ki, əgər Peyğəmbərin Zeynəbə meyli olsaydı, onunla ilk dəfədən özü evlənərdi və beləcə Zeynəbin Zeydlə evlənməsinə səbəb olmazdı. Deməli, bu Allahın əmri ilə olan bir evlilik idi. (bax, əhzab surəsi, 36)

Peyğəmbər Zeyd ilə gəldikdə (Zeynəbi Zeydə istəmək üçün) həqiqətdə Zeynəbin istəyi və arzusu Peyğəmbərlə evlənmək idi. Qardaşı da onu Peyğəmbərlə evləndirmək istəyirdi. Lakin, Peyğəmbər Zeynəbi Zeydlə evləndirmək istəyəndə Zeynəb və qardaşı razılaşmasalar da Qur’an ayəsi (Əhzab, 36) nazil olduqdan sonra buna razılaşdılar.

(Radduş-Şubuhəət həvlən-Nəbi, İməd əş-Şərbini, səh 256)

Səkkizinci məsələ: Zeyd ibn Harisə ilə Zeynəbin (Allah hər ikisindən razı olsun) boşanma səbəbinə gəldikdə isə, Zeyd öz seçimi və istəyi ilə Zeynəbi boşayır. Zeyd zövcəsini boşamaq üçün Peyğəmbərin yanına məsləhət almağa gəldikdə Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) ona: «Zövcəsini yanında saxlamasını və Allahdan qorxmasını» məsləhət görür. Lakin, Allah vəhy yoluyla öz Elçisinə bildirmişdi ki, Zeyd öz zövcəsini boşayacaq və Zeynəb Peyğəmbərin zövcəsi (həyat yoldaşı) olacaq. Peyğəmbər bu xəbəri insanlara bildirmir və fitnə olacağından ehtiyatlanarkən bu ayə nazil oldu:

«Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir.» (Əhzab, 37)

(Daha ətraflı bax, Cəmiul-Bəyən, İbn Cərir ət-Təbəri, 22/11; Fəthul-Bari, 8/524)

Doqquzuncu məsələ: Başqa qadınların çox olmasına baxmayaraq Peyğəmbərin Zeynəblə evlənməsinin hikməti barədə alimlər deyirlər: Bu, şəriətin bir hökmüdür ki, möminlərə öz (həqiqi övladları olmayan) oğulluqlarından boşanan qadınlarla evlənməkdəki sıxıntını aradan götürülsün.

Onuncu məsələ: Ayədə keçən «çəkinmək və ya qorxmaq» isə Peyğəmbərin həyasına dəlalət edir. O vaxt ki, Allah Ona Zeynəblə evlənəcəyi barədə xəbər vermişdi, Peyğəmbər utanmış və insanların: «Peyğəmbər öz oğulluğunun zövcəsi ilə evləndi» demələrindən həya etmişdi. Allah isə Peyğəmbərin utanmaması üçün, üstəlik də bundan sonra möminlərə doğma olmayan oğulluqlarının boşadığı zövcələrinə evlənməyə icazə vermişdi. Beləcə, Allah bu sıxıntını aradan qaldırmışdır. Allahın Peyğəmbərə təskinlik verməsi bu ayədədir: «Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik» (Əhzab, 37)

Allahın bu evlilik əmri gerçəkləşməli idi və bu evlilik möminlərə də bu məsələdə yol göstərmiş oldu. Elə həmin ayənin sonu da buna dəlalət edir: «Allahın əmri mütləq yerinə yetəcəkdir.» (Əhzab, 37)

On birinci məsələ: Möminlər həqiqi məhrəmlərini (evlənilməsi qadağan olan qadınları) isə bu ayəyə əsasən bilmişdilər:

«Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.» (ən-Nisa, 23)

Bu ayəyə diqqət yetirsək məhrəm (evlənilməsi qadağan olan) qadınlardan «öz belinizdən gələn oğullarınızın (boşadıqları) arvadları ilə evlənmək» qadağan edilmişdir, lakin, öz belindən gəlməyən, doğma oğul olmayan oğulların (boşadıqları) qadınlarla evlənməkdən danışılmayıb. Həmin məsələyə Əhzab surəsi 37-ci ayədə aydınlıq gətirilmişdir. (Artıq bu barədə ayə qeyd olundu)

Həmçinin, Allah Rəsulu (Allahın Ona salavatı və salamı olsun) Zeydə Zeynəbi boşanmaq fikrindən əl çəkməsini məsləhət görsə də, Allahın istədiyi baş verdi və Peyğəmbərin Zeynəblə evlənməsi gerçəkləşdi. Bu da Onu göstərir ki, Peyğəmbər Allahın əmri ilə Zeynəblə evlənmişdir.

On ikinci məsələ: Həmçinin, alimlər deyirlər ki, Əhzab surəsindəki bu ayələr Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sadiqliyinə, doğruluğuna dəlalət edir.

Həmçinin, alimlər deyirlər ki, əgər Allahın Ona Zeynəblə evlənməsini əmr etməmişdən əvvəl Peyğəmbərin belə bir niyyəti olsaydı, Allah bunu Qurani-Kərimdə mütləq ortaya çıxarardı. Necə ki, Əhzab surəsi 37-ci ayədə Peyğəmbərin utanması qeyd olunmuşdur. Peyğəmbərin bunu gizlətməməsi Onun doğruluğuna, sadiqliyinə dəlalət edir.

Abdur-Rahmən əs-Sidi demişdir: Bu hekayənin faydalarından:

«Həqiqətən də, Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) açıq-aydın şəkildə haqqı çatdırmış, Ona vəhy olunan heç nəyi gizlətməmiş və insanlara bəyan etmişdir. Hətta, bu məsələləri belə bəyan etmişdir. Hansı ki, bu ayədə onun qınanması vardır. Bu, ona dəlalət edir ki, Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) yalnız Ona vəhy olunanı danışır və Özünün şəninə ucaltmır.» (Təfsirus-Sədi, 1/665)

Həmçinin, əl-Ğuneyman demişdir:

«Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sadiqliyi barədə düşünən kimsəyə bu ayə ən böyük dəlillərdən biridir. Bu ayədə Allah Onun nəfsində yaranan vəziyyətlə əlaqəli olaraq insanlardan utanması barədə xəbər verir. Yalançıların əksinə olaraq O, Allahın buyurduğu kimi Özünün qınanmasını insanlara çatdırmışdır. Halbuki, yalançılar öz əleyhinə görünə biləcək hər şeydən çəkinərlər. Bu ayə kimi başqa bir ayə də «O qaşqabağını töküb üzünü yana çevirdi» (Abəsə, 1) ayəsidir ki, buna bənzər ayələr Quranda var, hansı ki, hamısı Peyğəmbərin sadiqliyinə (doğruluğuna) dəlalət edir.»

(Səhih Buxarinin «Tövhid» kitabının şərhi, 320; Ğuneyman)

Beləcə, bu dəlillərdən sonra Allahın Peyğəmbərinə böhtan atanların niyyətlərinin əksi olaraq, yalnız Peyğəmbərin sadiqliyi, doğruluğu, ümmətə əmanəti çatdırması ortaya çıxır, biz müsəlmanların isə dinimizə olan yəqinliyimiz artır. Yalançıları, böhtançıları ifşa edən, doğruları, sadiqləri Ucaldan Allaha həmd olsun. On dörd əsrdir ki, Allahın Peyğəmbərini ləkələmək istəyənləri Allah daim pərişan etmişdir. Allah bu rəhmət Peyğəmbərini (Allahın Ona salavatı və salamı olsun) aləmlərə rəhmət və bu dinin müəllimi olaraq göndərmişdir. Hər bir müsəlman bacardığı qədər dinini öyrənməli və İslama qarşı hiylə quranların şübhələrindən özünü qorumağa çalışmalıdır.

Sonda həmd olsun Aləmlərin Rəbbi olan Allaha!


Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax