• Menyu
  • Menyu

Tövhid kitabının müxtəsər şərhi – 7ci fəsil

tovhidinfo

“Bəlanı aradan qaldırmaq və ya onu dəf etmək məqsədi ilə ip, halqa və bunlara bənzər bir şey bağlamaq Allaha şərik qoşmaqdan sayılır” fəsli

Mərhəmətli və Rəhimli Allahın adı ilə

  • De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Əz-Zumər 38).

Bu fəslin tövhid kitabı ilə münasibliyi:
Bu fəsildə tövhidə zidd olan bəzi əməllər zikr olunur ki, insanlar ehtiyat edib bunlardan çəkinsinlər. Bəlanın aradan qaldırılmasını və ya gəlməzdən öncə onun dəf edilməsini Allahdan başqasından ummaq da, tövhidə zidd olan əməllərdəndir. Çünki tövhid bunun əksi ilə tanınmışdır.

Ayənin qısa mənası:
Allah Təalə Öz peyğəmbəri Muhəmmədə (sallallahu aleyhi və səlləm) əmr etdi ki, Allahla yanaşı bütlərə ibadət edən müşriklərə inkar və etiraz əlaməti olaraq sual verib, o bütlərin fayda və ya zərər verməyə (və ya bunların qarşısını almağa) qadir olub-olmadıqları haqda soruşsun. Müşriklər o bütlərin bundan aciz olduqlarını mütləq etiraf etməli idilər. Elə isə, onların Allahdan qeyrisinə ibadət etmələri də batil və doğru olmayan əməldir.

Ayənin fəslə münasibliyi:
Bu ayədə Allaha şərik qoşmağın batil və əsassız olmasına dəlil vardır. İp və halqa bağlamaq da buna aiddir, çünki belə etmək nə bəlanı sovuşdurur, nə də ki, onun qarşısını alır.

Ayədən çıxarılan faydalar:
1.Şirkin batil və əsassız olması. Çünki Allahdan qeyri bütün ibadət olunanlar onlara ibadət edənlərə xeyir verməyə və ya onlardan zərəri sovuşdurmağa qadir deyillər.
2.Bu ayə, xeyir əldə etmək və ya zərəri dəf etmək məqsədi ilə ip və ya halqa bağlamaqdan çəkindirir, çünki bu, şirkdir və bütlərdən umulan şeylər, bu əşyalardan da umulur.
3.Şirkin doğru olmadığını sübut etmək üçün müşriklərlə mübahisə etməyin şəriətlə icazəli olması.
4.Tək Allaha bel bağlamağın və bütün işləri Ona həvalə etməyin vacibliyi.

  • İmran İbn Husayndan rəvayət olunur ki, Allahın elçisi (sallallahu aleyhi və səlləm) qolunda misdən halqa olan bir kişini görüb ona dedi: ”Bu nədir?” O dedi ki, bu, vahinədən (insanın qolunda olan xəstəlikdən) ötrüdür. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Onu dərhal çıxar, çünki o, sənin ancaq zəifliyini artıracaq və əgər o, sənin qolunda olduğu halda ölsən, heç vaxt xoşbəxt olmazsan. (Hədisi İmam Əhməd etibarlı sənədlə rəvayət edib).

Hədisin qısa mənası:

İmran İbn Husayn Allahın elçisinin (sallallahu aleyhi və səlləm) şirkə qarşı mübarizə apardığı və insanları şirkdən təmizlədiyi məqamlardan birini zikr edir. Bu hadisədə Allahın elçisi (sallallahu aleyhi və səlləm) qolunda misdən düzəldilmiş halqa olan bir kişini görüb, ondan bunun səbəbini soruşdu. Kişi cavabında bu halqanı xəstəlikdən qorunmaq üçün taxdığını bildirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə, onu dərhal çıxarıb tullamağı əmr etdi və bildirdi ki, bu halqa ona fayda deyil, zərər verəcək. Xəstəliyin qarşısını almaq üçün halqa taxması isə, əksinə o xəstəliyin artmasına səbəb olacaq. Bundan daha dəhşətlisi isə odur ki, əgər o, ölənə qədər bu halqanı taxmağa davam edərsə, Axirətdə də xoşbəxtlikdən məhrum olacaqdır.

Hədisin fəslə münasibliyi:
Bu hədis bəlanı dəf etmək məqsədi ilə halqa taxmağın qadağan olmasına dəlalət edir. Çünki bu əməl, xoşbəxtliklə bir araya gəlməyən şirk olan əməllərdəndir.

Hədisdən çıxarılan faydalar:
1. Xəstəliklərdən qorunmaq üçün halqa və ya başqa əşyalar taxmaq, Allaha şərik qoşmaq sayılır.
2. Haramla müalicə olunmağın qadağan edilməsi.
3. Pis bir əməli gördükdə etiraz etmək və bilməyən insanı öyrətmək.
4. Allaha şərik qoşmağın həm bu dünyada, həm də Axirətdə zərərli olması.
5. Fətva verən insanın sorğu-sual edib təfsilat istəməsi və insanların məqsədlərinin nəzərə alınması və sayılması.
6. Kiçik şirk böyük günahların arasında ən böyüyüdür.
7. Şirk edən insanı gördükdə şirkdən uzaqlaşdırmaq məqsədi ilə ona sərt şəkildə etiraz etmək.

  • İmam Əhmədin Uqbə ibn Amirdən rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə deyib: “Kim gözmuncuğu asarsa, Allah onun gördüyü bu işi tamamlamasın, kim də balığqulağı asarsa, Allah ona rahatlıq verməsin.” Başqa rəvayətdə isə deyib: “Kim gözmuncuğu asarsa, artıq Allaha şərik qoşmuş olar”.

Bu iki hədisin qısa mənası:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) gözmuncuğu asıb, zərəri dəf edəcəyinə inanan kəs üçün dua edib istədi ki, Allah onun məqsədinin əksini etsin və onun gördüyü bu işi başa çatdırmasın (o kəs öz istəyinə nail olmasın). Həmçinin o, gözdəymədən qorunmaq məqsədilə balığqulağı asan kəs üçün də bəd dua etdi ki, Allah ona sakitlik və rahatlıq verməsin, əksinə bütün əziyyət verəcək şeyləri ona qarşı qaldırsın. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu cür duaları etməkdə məqsədi, insanları belə əməllərdən çəkindirmək idi. Eləcə də o, ikinci hədisdə xəbər vermişdi ki, bu əməl, Allaha şərik qoşmaq sayılır.

Hədislərin fəslə münasibliyi:

Bu hədis dəlildir ki, gözdəymədən qorunmaq məqsədi ilə gözmuncuğu və ya balığqulağı asmaq haram və şirk olan əməllərdəndir. Çünki (özünün və ya başqasının) üzərindən belə şeyləri asan insan, qəlbində Allahdan başqasına bel bağlamış olur.

Hədislərdən çıxarılan faydalar:
1.Gözmuncuğu və ya balığqulağı asmaq, Allaha şərik qoşmağın bir növüdür.
2.Kim Allahdan başqasına bel bağlayarsa, Allah Təalə elə edər ki, o insanın istədiyi deyil, əksi baş verər.
3.Peyğəmbər (sallallahu aleyhi və səlləm) gözmuncuğu və ya balığqulağı asan insan üçün bəd dua edib ki, o kəs öz məqsədinə çatmasın və istədiyinin əksi olsun.

  • İbn Əbi Hətim rəvayət edir ki, Huzeyfə (Allah ondan razı olsun) qızdırmaya qarşı qoluna ip bağlayan bir kişini gördü və o ipi kəsdi, sonra isə bu ayəni oxudu: “Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir” (Yusuf 106).

Əsərin qısa mənası:

Huzeyfə ibn əl-Yəmən, qızdırmadan qorunmaq üçün qoluna ip bağlayan bir kişini gördü və etiraz əlaməti olaraq bu ipi onun qolundan çıxardı, sonra isə Qurandan bir ayəni oxudu. Həmin ayədə Allah Təalə müşriklər barədə xəbər vermişdi ki, onlar rububiyyət tövhidində Allahın təkliyini təsdiq edirlər, lakin bununla yanaşı ibadətlərdə Ona şərik qoşurlar.

Əsərin fəslə münasibliyi:

Bu əsər dəlalət edir ki, xəstəliyi dəf etmək üçün ip bağlamaq, Allaha şərik qoşmaq sayılır və belə əməli etiraz edib qınamaq vacibdir.

Əsərdən çıxarılan faydalar:
1.Gələn bəlanı aradan qaldırmaq və ya onun gəlməsini dəf etmək üçün ip bağlamağın məzəmmət olunması və şirk sayılması.
2.Kimin bir pis əməli aradan qaldırmağa gücü çatarsa, bunu etmək ona vacib olar.
3.Böyük şirk barədə nazil olan ayələri kiçik şirk barədə də dəlil gətirmək olar, çünki onlar kiçik şirki də əhatə edir.
4.Müşriklərin rububiyyət tövhidini təsdiq etmələrinə baxmayaraq onlar müşrik sayılırdılar, çünki ibadətlərdə ixlaslı deyildilər (yalnız Allah üçün etmirdilər).


Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax