Allahdan başqası üçün qurban kəsmək barədə dində nə deyilir?
Mərhəmətli və Rəhimli Allahın adı ilə
- Allah Təalə buyurub: “De: Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”. (əl-Ənam surəsi 162-163)
Ayələrin qısa mənası:
Allah Təalə Öz peyğəmbərinə əmr edir ki, o, Allahdan başqasına ibadət edən və qurban kəsən müşriklərə müraciət edərək desin ki, mənim qıldığım namaz, kəsdiyim qurban, həyatda iman və saleh əməllərlə yaşamağım və bunun üzərində ölməyim xalis Allah üçündür. Mən bütün bunları yalnız Allah üçün sərf edirəm və sizdən fərqli olaraq Ona şərik qoşmuram.
Ayələrin fəslə münasibliyi:
Bu ayələr dəlalət edir ki, Allahdan başqası üçün qurban kəsmək şirkdir.
Ayələrdən çıxarılan faydalar:
- Allahdan başqası üçün qurban kəsmək şirkdir. Çünki Allah Təalə ayədə qurban kəsməyi namazla yanaşı gətirdi. Necə ki, Allahdan başqası üçün namaz qılan Allaha şərik qoşmuş olur, eləcə də Ondan başqası üçün qurban kəsən də Allaha şərik qoşmuşdur.
- Namaz qılmaq və qurban kəsmək böyük ibadətlərdəndir.
- Bütün ibadətlərdə Allah üçün ixlaslı olmağın vacibliyi.
- Ayədə “Mənə belə buyurulmuşdur” sözündən məlum olur ki, ibadətlər tovqifidir, yəni Allahın və Rəsulunun əmrinə əsaslanmalıdır.
- Allah Təalə buyurub: “Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!” (Əl-Kəusər, 2)
Ayənin qısa mənası:
Allah Təalə Öz peyğəmbərinə əmr edir ki, o, Allahdan başqasına ibadət edən, bütlər üçün qurban kəsən müşriklərə müxalif olaraq öz namazını və qurbanını ixlasla, yalnız Allah üçün etsin.
Ayənin fəslə münasibliyi:
Qurban kəsmək ibadət olduğu üçün onu ixlasla, yalnız Allah üçün etmək vacibdir və bu ibadəti Allahdan başqası üçün sərf etmək böyük şirkdir.
Ayədən çıxarılan faydalar:
- Allahdan başqası üçün qurban kəsmək böyük şirkdir, çünki bu, ibadətdir. İbadəti isə, Allahdan başqası üçün etmək böyük şirk sayılır.
- Namaz qılmaq və qurban kəsmək ən böyük ibadətlərdəndir.
- Allah üçün namaz qılmaq və qurban kəsmək nemətlərə görə şükr etməyin ən böyük əlamətlərindəndir. (Çünki bu ayə, ərəb dilində səbəb mənasını verən bağlayıcı ilə başlayır). Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ibadətləri etməklə, Allahın Cənnətdə ona verdiyi Kövsər çayına görə şükür etmiş olur.
- Əli ibn Abu Talibdən belə deməsi rəvayət olunur:
“Allahın elçisi (sallallahu aleyhi və səlləm) mənə bu dörd şeyi danışıb: “Allahdan başqası üçün qurban kəsənə Allah lənət edib. Valideynlərinə lənət oxuyana Allah lənət edib. Cinayətkara sığınacaq verənə Allah lənət edib. Yer üzünün sərhədlərini dəyişənə Allah lənət edib.” (Muslim 1978).
Hədisin qısa mənası:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz ümmətini bu dörd günahdan çəkindirir və xəbər verir ki, kim bunlardan birini edərsə, Allahın rəhmətindən qovulmuş olar.
Bu günahlardan birincisi Allahdan başqası üçün qurban kəsməkdir. Bunu edən kəs, əslində, ibadətə layiq olan Allaha deyil, başqasına ibadət etmiş olur.
İkincisi: insanın öz valideynlərini lənətləməsi, onları söyməsi və ya buna səbəbkar olmasıdır. Belə ki, bir insan başqasının valideynlərini söydükdə və ya lənətlədikdə, o da ona eyni cavabı qaytarır, beləliklə, insan öz valideynlərinin söyülməsinə və lənətlənməsinə səbəbkar olur.
Üçüncü günah: şəriətlə cəza tətbiq olunmalı cinayətkara sığınacaq vermək, onun cəzalanmasına mane olmaq, eləcə də, dinə sonradan gətirilən bidətlərdən razı qalaraq onları təsdiq etməkdir.
Dördüncü günah: özbaşınalıq edərək yer üzündəki sərhədləri pozmaqdır. Əslində yer üzündə qoyulan sərhədlər, ərazi hüquqlarını bir-birindən ayıran əlamətlərdir. O sərhədləri qabağa və ya arxaya çəkərək onları dəyişən insan isə, haqsızlıq edir və başqasına məxsus olan torpağın bir hissəsini əlindən almış olur.
Hədisin fəslə münasibliyi:
Bu hədis Allahdan başqası üçün qurban kəsməyin şiddətli şəkildə haram edilməsinə dəlalət edir. Çünki Allahın lənətinə layiq olanların sırasında birinci olaraq Allahdan başqası üçün qurban kəsən zikr olunur.
Hədisdən çıxarılan faydalar:
- Allahdan başqası üçün qurban kəsmək şiddətli şəkildə haramdır və böyük günahların önündə gələn şirk əməllərdəndir.
- Qurban kəsmək ibadətdir və onu tək Allah üçün etmək vacibdir.
- İnsanın öz valideynlərini lənətləməsi, söyməsi və ya buna səbəbkar olması haramdır.
- Günahkara yardım etməyin və şəri cəza tətbiq edilməsin deyə, ona sığınacaq verməyin, eləcə də, bidətlərdən razı qalmağın haram edilməsi.
- Özbaşınalıq edərək yer üzündəki sərhədləri önə və ya arxaya çəkməklə onların yerini dəyişdirməyin haram edilməsi.
- İnsanı müəyyən günahdan çəkindirmək üçün o günahı edənləri (tək-tək deyil-tərc.) cəmdə işlədərək lənətləmək icazəlidir.
- Tariq ibn Şihəbdən rəvayət olunur ki, Allahın elçisi (sallallahu aleyhi və səlləm) belə dedi:
“Bir kişi milçəyə görə Cənnətə girdi. Bir kişi isə milçəyə görə Cəhənnəmə girdi.” Dedilər ki, bu necə olub, ey Allahın rəsulu?
O, belə dedi:
“İki nəfər bütləri olan bir qövmün yanından keçirdilər. O büt üçün qurban kəsmədikcə onun yanından keç kəs keçib gedə bilməzdi. Həmin qövm bu iki kişidən birinə dedi ki, qurban kəs! O, dedi: “Mənim qurban kəsməyə heç nəyim yoxdur”. Ona dedilər ki, bir milçək olsa belə qurban kəs! O, milçəyi qurban kəsdi və onlar onu sərbəst buraxdılar. Sonra isə o, Cəhənnəmə girdi. Onlar o biri kişiyə də dedilər ki, qurban kəs! O, belə dedi: “Mən Allahdan başqa heç kəs üçün qurban kəsən deyiləm!” Onlar o kişinin boynunu vurdular. O isə Cənnətə daxil oldu.” (Hədisi İmam Əhməd rəvayət edib).
Hədisin qısa mənası:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz səhabələrinə şirkin necə təhlükəli və çirkin olması barədə danışır. O, öz söhbətini elə üslubla başlayır ki, onu dinləyənlər təəccüblənir və söhbətin davamını dinləmək istəyirlər. O, belə buyurur: “Bir kişi milçəyə görə Cənnətə girdi. Bir kişi isə milçəyə görə Cəhənnəmə girdi.” Bu cümlə insanda təəccüb doğurur ki, belə bir kiçik şey bu cür təhlükəli işə necə səbəb olub? Ona görə də Peyğəmbər (sallallah aleyhi və səlləm) izah edərək buyurur ki, (İsrail övladlarından olan) iki kişi büt olan bir yerdən keçib getmək istəyirdilər. Lakin bütpərəstlər həmin yerdən keçmək istəyən hər kəsi məcbur edirdilər ki, bütə təzim əlaməti olaraq onun üçün qurban kəssinlər. Onlar bu iki kişidən də tələb etdilər ki, özlərinin şirk adəti üzərində davam etsinlər və büt üçün qurban kəssinlər. O iki nəfərdən biri üzürxahlıq etdi ki, onun qurban kəsməyə heç nəyi yoxdur. Bütpərəstlər onun kiçik bir şeyi qurban kəsməsi ilə qane oldular. Çünki onların əsl məqsədi insanların onlara müvafiq olmaları və Allaha şərik qoşmağa razılaşmaları idi. O kişi büt üçün milçəyi qurban kəsdi, onlar da onu sərbəst buraxdılar. Lakin onun etdiyi bu əməli Cəhənnəm oduna girməsinə səbəb oldu. Çünki o, Allaha şərik qoşdu və onlara müvafiq oldu. Bütpərəstlər digər kişidən də büt üçün qurban kəsməyi tələb etdilər. O, özünə bəraət qazandıraraq dedi ki, bu əməl şirkdir və o bunu heç cür edə bilməz. Onlar o kişinin boynunu vurdular, lakin o kəs Allaha şərik qoşmadı deyə Cənnətə girdi.
Hədisin fəslə münasibliyi:
Bu hədis dəlalət edir ki, qurban kəsmək ibadətdir və Allahdan başqası üçün qurban kəsmək Allaha şərik qoşmaqdır.
Hədisdən çıxarılan faydalar:
- Kiçik bir şeydə olsa belə, Allaha şərik qoşmaq çox təhlükəli işdir.
- Allaha şərik qoşmaq Cəhənnəmə girməyi, Allahı təkləşdirmək isə Cənnətə girməyi vacib edir.
- İnsan bəzən şirkə düşür, lakin bilmir ki, onun etdiyi bu əməl, Cəhənnəmə girməyi gərəkdirir.
- Günahlardan çəkinmək lazımdır, hətta insanların gözündə o, kiçik görünsə belə.
- O kişi bu əməli əvvəldən niyyətində tutmamışdı. Lakin o, bunu bütpərəstlərin şərindən qorunmaq üçün etdi və bu səbəbdən də Cəhənnəmə girdi.
- Əgər bir müsəlman Allaha şərik qoşarsa, onun dini pozular və o kəs Cəhənnəmə daxil olar. Çünki qurban kəsən həmin kişi bu əməlindən əvvəl müsəlman idi. Əgər o, əvvəldən kafir olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm) “Bir kişi milçəyə görə Cəhənnəmə girdi” deməzdi.
- İnsanın etdikləri, onun qəlbindəki əməllərə görə ölçüləcəkdir. Hətta əzaları ilə kiçik və az bir əməl etsə belə.
- Qurban kəsmək ibadətdir və Allahdan başqası üçün qurban kəsmək böyük şirkdir.
- Tövhidin fəziləti və səmərəsinin böyüklüyü.
- Haqq yol üzərində səbr etməyin fəziləti.
Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info