• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 11-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Böyük və ədalətli alimin həyatından

İbn Qeyyim şeyxulislam İbn Teymiyyənin (Allah hər ikisinə rəhmət etsin) əxlaqını tərifləyərkən deyir: “Onun böyük dostlarından bəziləri deyirdilər: “Mən onun düşmənlərinə və rəqiblərinə davrandığı kimi olmaq istərdim. Mən onu heç görmədim ki, onlardan kiməsə bəddua etsin! (Əksinə) onlar üçün (xeyir) dua edirdi.

Bir gün onun ən böyük düşmənlərindən birinin, ona düşmənçilik və əziyyətdə ən şiddətli davrananlardan birinin ölümü xəbəri ilə onu müjdələmək istədim.

O məni danladı, bu (əməlimi) mənə inkar etdi və bu fikirdən dönməyimi istədi.

Sonra dərhal yerindən qalxıb ölən şəxsin ailəsini ziyarət edərək onlara başsağlığı verdi və dedi:

 “Məni onun yerində bilin! Hər hansı bir işdə yardıma ehtiyacınız olarsa, mən sizə əlimdən gələn yardımı edərəm. – Bunun mislində sözləri dedi. –

Ölən şəxsin ailəsi buna görə sevindilər, ona dua etdilər və onun bu hərəkətinə çox böyük qiymət verdilər.”

? (İbnul-Qeyyim/ Mədaricus-Salikin, 2/695)
© https://t.me/tovhidinfo/90


Nemətlər üç qisimdir

İbn Qeyyim (Allah ona rəhmət etsin) buyurmuşdur:

“Nemətlər üç qismdir:

1⃣ Qulun üzərində olduğu nemət

2⃣ Qulun ümid edib gözlədiyi nemət

3⃣ və o nemət ki, qul özü o nemət içindədir, lakin, bundan xəbəri yoxdur.

Əgər Allah quluna olan nemətini tamamlamaq istəyərsə, quluna üzərində olduğu nemətini tanıtdırar, ona şüküründən bir (ip) bağ verər ki, o nemət ondan getməsin, çünki, nemətin getməsi günah səbəbindən olur, sonra qulunu şükürə bağlı edər, ona gözlədiyi neməti cəlb edəcək əmələ müvəffəq edər və o nemətə mane olan yolları göstərər. Həmçinin, o (mane olan) yollardan çəkinməyə müvəffəq edər. Beləcə bu nemətlə ən yaxşı şəkildə təmin olunar və (Allah) o quluna üzərində olduğu və bunun nemət olmasından xəbəri olmadığı nemətləri də ona tanıtdırar.

Rəvayət olunur ki, bir ərəb (Abbasi xəlifəsi) Harun ər-Rəşidin hüzuruna gəlir və ona deyir: “Ey möminlərin əmiri! Allah sənin üzərində olduğun nemətlərə davamlı şükr etməyinlə sabit etsin! Həmçinin, Allah sənə Ona davamlı itaətin və Onun haqqında yaxşı zəndə olmağınla umub gözlədiyin nemətləri bəxş etsin! Bir də bu nemətlərə görə şükür etməyin üçün sənə o nemətləri tanıtdırsın ki, sən bu nemətlərin içində olsan da bundan xəbərin yoxdur!

Bu sözlərdən xəlifənin xoşu gəlir və deyir: “bu nə gözəl bölgüdür!”

?Mənbə: (İbn Qeyyim/ əl-Favaid, 172-173)
© https://t.me/tovhidinfo/91


ÜMMƏTİ SEVİNDİRƏN SÜLH HADİSƏSİ

Bəli, nəhayət ki, həmin gün gəldi və bütün müsəlmanlar sevindi. Böyük bir sülh baş tutmuşdu. Hicrətin 41-ci ilində (miladi 661-ci il) “Amul-Camaa” (Camaat ili) hadisəsi baş verdi. Nəhayət ki, xəlifə Osmanın (Allah ondan razı olsun) qətlindən bəri başlayan fitnəyə son qoyuldu. Baxmayaraq ki, burada heç bir firqə yox idi demək də doğru deyil. (Çünki, hicrətin 37-ci ilində xəvariclər artıq bir firqə kimi təşəkkül tapmışdılar.) Buna baxmayaraq, fəzilətli xəlifə Əli ibn Əbu Talibin oğlu Həsən (Allah hər ikisindən razı olsun) müsəlmanların iki dəstəyə bölündüyünü görüb müdrik bir addım atdı. Ümmətin qanının tökülməsinin qarşısını aldı. Qəlblərin birləşməsinə səbəb oldu. Xilafəti Müaviyəyə (Allah ondan razı olsun) təhvil verdi. Atası Əlinin Müaviyə ilə olan uzun münaqişəsini ümmətin xeyirinə çevirib Peyğəmbərimizin ümidlərini doğrultdu.

Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) Həsən (Allah ondan razı olsun) barəsində buyurmuşdur:

“Mənim bu oğlum (yəni, nəvəm) seyyiddir. Ola bilsin ki, Allah onun vasitəsiylə müsəlmanların iki dəstəsinin arasını birləşdirsin.” (Buxari/ 6692)

© https://t.me/tovhidinfo/92


Gərəksiz mübahisə barədə

İmam Şafi (Allah ona rəhmət etsin) buyurmuşdur: “(İmam) Malikin (Allah ona rəhmət etsin) yanına hava əhlindən bəziləri (onunla mübahisə etmək üçün) gəldikdə onlara belə deyərdi: “Mən öz Rəbbim və Dinim barəsində yəqinlik üzərindəyəm. Sənə gəldikdə isə, sən şəkk edirsən (öz tutduğun yola), get özün kimi (əqidəsində) şübhədə olanların yanına və onlarla mübahisə et!…”

? Mənbə: (Hilyətul-Övliya, 6/324; Siyəri Əaləmin-Nubələ, 8/99)

Mübahisə iki cür olur. İcazəli və məzəmmət olunmuş. İcazəli (cidəl) elmi mübahisə odur ki, bu xalis niyyətlə olur və sağlam yolla baş tutur, sonda da xeyirlə nəticələnir.

Məzəmmət olunmuş (cidəl) mübahisə isə hər bir zahiri batil olan və ya batilə aparan mübahisədir.

© https://t.me/tovhidinfo/94


İmam Əhməd fəzilət əhlini tanıyır

İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir: “Bu körpüdən Xorasana hələ İshaqa bənzər biri keçməyib. Baxmayaraq ki, o bizə bəzi məsələlərdə müxaliflik edir. Çünki, insanlar hələ də bir birinə müxalif ola bilirlər.”

? (Zəhəbi/ Siyəri Əaləmin-Nubələ, 11/371)
© https://t.me/tovhidinfo/95


Pis zənn haqqında

Qasimi ” Məhasinut-Təvil” əsərində demişdir: “Araşdırma pis zənnin nəticələrindən olduqda artıq qəlb heç cürə bu zənn ilə qane olmur və araşdırmaq istəyir, sonra da güdməklə məşğul olur. Allahu sübhənəhu və təala pis zənlərin arxasınca getməyi qadağan etdiyini bildirərək buyurmuşdur: “Bir birinizi güdməyin.” (Hucurat, 12).

?(Qasimi/ Məhasinut-Təvil, 9/3690/ Hucurat, 12)

Şeyx Əbdür-Rəhman əs-Sədi رحمه الله  «Teysiri Kərimi-Əl-Mənnan» əsərində bu ayə barəsində deyir: «Doğurdan da pis zənnin qəlbdə qalması onun yiyəsi üçün sadəcə bununla məhdudlaşmır, hətta, o yaraşmayan sözü deməyincə  və yaraşmayan hərəkəti etməyincə ona son qoymur.» “Yaraşmayan hərəkət” dedikdə burda güdmək, “Yaraşmayan söz” dedikdə isə qeybət nəzərdə tutulur. Bu, şəriətin nəyə görə bu pis zənn xislətinə qarşı şiddətli olmasını bəyan edir. Qoruyan Allahdır!”

?(Husnuz-Zan bin-Nəs/səh, 28)
© https://t.me/tovhidinfo/96

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax