• Menyu
  • Menyu

Dəvətə aid üç mühüm məsələ

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Həmd olsun aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allaha! Onun elçisi Muhəmmədə Allahın salavatı və salamı olsun.
Bundan sonra:

Bildiyimiz kimi, İslam dəvət dinidir. Çünki insanlara bu dini yalnız dəvət etməklə çatdırmaq olur.

Qurana nəzər saldıqda bəşəriyyətin daim dəvət olunmağa çox ehtiyaclı olduqlarını anlayarıq. Ona görə bəşəriyyət ta qədimdən bu günümüzə qədər dəvət olunmaqda davam edir və bu dəvət qiyamət saatına qədər də davam edəcəkdir.

Biz də bir müsəlman olaraq daim bu dinin dəvətini qəbul etməli və eyni zamanda başqalarını da bu dinə çağırmalıyıq. Çünki hər bir müsəlmana bu dörd məsələni (elm, əməl, dəvət və səbir) bilib əməl etmək vacibdir. Buna dəlil əsr sürəsidir:

Mərhəmətli və Rəhimli Allahın adı ilə

1) And olsun əsrə (əsr vaxtına)!
2) Həqiqətən, bütün insanlar ziyan içindədir.
3) Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı tövsiyə edənlərdən və bir-birinə səbirli olmağı məsləhət görənlərdən başqa. (Əsr surəsi, 1-3)

Abdullah ibn Amrdan gələn hədisdə Peyğəmbər (sallahu aleyhi və səlləm) belə buyurur: «Məndən bir ayə olsa belə təbliğ edin (çatdırın).» (Buxari).

Abdullah İbn Mübarək (Allah ona rəhmət etsin) belə demişdir:

“Elmin əvvəli niyyətdir (ixlaslı olmaq), sonra dinləmək, sonra başa düşmək, sonra əzbərləmək, sonra əməl etmək, sonra yaymaq (dəvət etmək)”. (Cəmiu bəyənil-ilmi və fədlih, 540)

Dəvət etməyin nə dərəcədə əhəmiyyətli olmasını bildikdən sonra Allaha dəvət edən hər bir kəs yaxşı olardı ki, dəvət etdikdə aşağıdakı məsələlərə diqqət yetirsin.

Birinci məsələ: dəvət etdikdə ixlaslı olmaq.
Allahu Təalə buyurur:
“Onlar, dini yalnız Allaha məxsus edərək həniflər kimi ibadət etməklə əmr olundular.” (əl-Beyyinə surəsi, 5)

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur:

Əməllər yalnız niyyətə görədir və hər bir kəsə də niyyətinə görə verilər”. (Buxari və Muslim)

Şəkk yoxdur ki, dəvət etmək ən şərəfli ibadətlərdəndir. Demək, bu ibadətin qəbul olunması üçün ixlaslı olmaq şərtdir.

İkinci məsələ: elmi yaymazdan qabaq məsləhətə baxmaq – əgər fitnə fəsəd olma ehtimalı çoxdursa və ya zərəri faydasından daha çox olacaqsa, onda o elmi yaymamaq. Bu da, zənnin çoxluğu ilə olur. Buna əsas isə aşağıdakı hədisdir:

Muaz ibn Cəbəl (Allah ondan razı olsun) rəvayət edərək belə deyir:

“Mən uzunqulağın üstündə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) arxasında oturmuşdum.

O, (sallallahu aleyhi və səlləm) mənə belə dedi: “Ey Muaz, bilirsənmi Allahın bəndələri üzərində olan haqqı və bəndələrin Allah üzərində olan haqqı nədir?”

Dedim: “Allah və Rəsulu daha yaxşı bilər.”

O, dedi: “Allahın bəndələri üzərindəki haqqı ona ibadət etmələri və ona heç bir şeyi şərik qoşmamalarıdır. Bəndələrin Allah üzərindəki haqqı isə, ona şərik qoşmayana əzab verməməsidir”.

Dedim:”Ey Allahın elçisi, insanları bu xəbərlə müjdələyimmi?”

Dedi: “Yox, müjdələmə, çünki arxayınlaşacaqlar.” (Buxari və Muslim)

Hədisin mövzuya dəlalət edən yeri bu hissəsidir:
“Dedim: “Ey Allahın elçisi, insanları bu xəbərlə müjdələyimmi?” Dedi: “Yox, müjdələmə, çünki arxayınlaşacaqlar”.

Gördüyümüz kimi, hədisdə səhabi bildiyi elmi yaymaq istəyir, lakin Peyğəmbər (sallallahu aleyhi və səlləm) bildirir ki, əgər xəbər versə, bu elmin müsəlmanlara zərəri faydasından daha çox olacaq, ona görə xəbər verməsinə izn vermir. Beləcə, bu sahabəyə və ümmətinə öyrədir ki, elmi yaymazdan qabaq məsləhətə baxsınlar.

Üçüncü məsələ: Allah Təalə “dəvət edin” əmri ilə kifatlənməmişdir; nəyə və necə dəvət etməyi də Quran və Sünnədə bizə əmr etmiş və öyrətmişdir.

Bu, o deməkdir ki, dəvətin hədəf və məqsədləri vardır ki, məhz bu hədəf və məqsədlərə dəvət etməliyik. Həmçinin, dəvətin üslubları və vasitələri vardır ki, bu üslub və vasitələrin köməyi ilə Allaha dəvət etmək doğru olur.

Dəvətin hədəf və məqsədlərindən bəziləri bunlardır:

1) İnsanları Allaha bağlamaq və Onu tanıtdırmaq.

Allah Təalə buyurur:
“De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, elm üzərində (şəri və əqli dəlillərlə) insanları Allaha tərəf çağırırıq”.” (Yusuf surəsi, 108)

2) Tövhidə çağırmaq.

Allahu Təalə buyurur:

“Səndən əvvəl elə bir elçi göndərmədik ki, ona: “Məndən başqa haqq məbud yoxdur, yalnız Mənə ibadət edin!”– deyə vəhy etməyək.” (əl-Ənbiya surəsi, 25)

3) Bütün insanları bir kəlmə üzərində birləşdirmək:
“De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəblər götürməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”” (Əli İmran surəsi, 64)
Başqa ayədə isə, Allah Təalə belə buyurur:
“Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə, Mənə ibadət edin!” (əl-Ənbiya surəsi, 92)

4) İnsanlara hüccət çatdırmaq.
Allahu Təalə buyurur:
“Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Hikmətlidir.” (ən-Nisa surəsi, 165)

Dəvətin üslub və vasitələrinə gəldikdə isə, bir çox ayə və hədislər vardır ki, dəvətin üslub və vasitələrini açıqlayır, lakin aşağıdakı ayəni zikir etmək bizə kifayət edər:

“İnsanları Rəbbinin yoluna hikmətlə, moizə (öyüd-nəsihət) ilə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et.” (ən-Nəhl surəsi, 125)

Allah Təalə bu ayədə bizə dəvətin üç əsas üslub və vasitəsini öyrədir. Bunlar: hikmət, moizə və ən gözəl tərzdə mübahisə etməkdir.

1) Hikmət.
Allah Təalə buyurur:
“Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.” (əl-Bəqərə surəsi, 269)

Hikmətin bir çox mənaları vardır. Bunlardan ən məşhuru: “Hər bir şeyi öz yerinə qoymaq”-dır.

Hikmətli olmağa Sünnədən nümunə:
Ənəs İbn Malik (Allah ondan razı olsun) rəvayət edərək belə deyir:

“Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) məsciddə oturduğumuz zaman bir bədəvi ərəb məscidə daxil oldu və ora sidik etməyə başladı. Sahabələr istədilər ki, qalxıb onu qovub çıxarsınlar, bu zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) – “onu tərk edin, qoyun tam bitirsin” – dedi. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu çağırdı və belə dedi: “Həqiqətən, məscidlər yalnız Allahı zikr etmək, Quran oxumaq və namaz qılmaq üçündür, belə şeylər isə, burada yaramır. Sonra oradakı adamlardan birinə əmr etdi ki, bir qab su gətirib batan yerin üstünə töksün.” (Buxari və Muslim)

Bu hədisdə hikmətlər vardır, bunlardan:
“İki fəsaddan daha yüngülünü seçmək”-dir.
Bu da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “onu tərk edin” sözündən götürülmüşdür.

Alimlər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) “onu tərk edin” sözündə iki məsləhət olduğunu qeyd edirlər:

1-ci: Əgər onu tərk etməyib qovsaydılar, zərəri faydasından daha çox olacaqdı. Çünki əvvəl balaca bir yer batacaqdısa, qovulduqda o kişi həm öz üstünü, həm də məscidin çox yerini batıracaqdı (nəticədə, təmizləmək də çətinləşəcəkdi).”

2-ci: Əgər onu tərk etməyib qovsaydılar, sidiyini geri qaytaracaqdı, bu da tibbi cəhətdən insan bədəninə zərərlidir.

2) Moizə.

Moizə lüğəvi mənada öyüd nəsihət etmək, həmçinin, bir şeyin aqibəti ilə xatırladılmaq və ya xəbərdarlıq edilmək anlamına gəlir.

İstilahi mənada isə moizə: “Qorxutma və yumuşaltma xarakterli nəsihət və xatırlatmadır.”

Moizəyə sünnədən nümunə:
Əl-İrbəd ibn Səriyə (Allah ondan razı olsun) rəvayət edərək deyir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə fəcr namazını qıldırdı, sonra elə bir moizə etdi ki, gözlər doldu, qəlblər titrədi. Biz dedik: “Ey Allah elçisi, bu, sanki vidalaşan kimsənin nəsihətidir. Bizə nə nəsihət edirsən?”

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Sizə Allahdan qorxmağı və üzərinizə kölə başcı qoyulsa belə, (ona) eşidib itaət etməyi tövsiyə edirəm. Həqiqətən, sizlərdən kim məndən sonra yaşayarsa, çoxlu ixtilaflar görəcəkdir. Sizə mənim sünnəmlə və hidayət üzərində olan rəşidi xəlifələrin sünnəsi ilə getməyi tapşırıram. Ondan azı dişlərinizlə yapışın. Yeniliklərdən çəkinin. Həqiqətən də, (dində edilən) hər bir yenilik bidətdir. Hər bir bidət isə, zəlalətdir”.” (Əbu Davud və Tirmizi rəvayət etmişdir. Tirmizi – “Həsən-səhih hədisdir” – demişdir).

3) Mübahisə etmək.

Ərəb dilində mübahisəyə “cidəl” deyilir. Cidəl – “Çəkişmə və üstün gəlmə xarakterli fikir mübadiləsi aparmaqdır”.

Mübahisənin iki növü vardır: Bəyənilən və qınanılan mübahisə.

Bəyənilən mübahisə: saf niyyətlə, doğru yol üzərində edilən və xeyrə yönəldən mübahisədir.

Qınalın mübahisə isə: batili təzahür edən və ya onun təzahür olmasına səbəb olan hər bir mübahisəyə deyilir.

Şəkk yoxdur ki, dəvətçi öz dəvətində bəyənilən mübahisədən istifadə etməli, qınanılan mübahisədən isə, uzaq durmalıdır. Mübahisədə məqsədi haqqın üzə çıxması, batilin yox olması, həmçinin, Allahın dininə dəvət və islam əqidəsini müdafiyə etmək olmalıdır.

Gözəl tərzdə mübahisə etməyə Qurani Kərimdən nümunə:

“Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.” (Bəqərə surəsi, 258)

Sonda:

Əziz müəlman bacı və qardaşlarım! İstədim ki, bu məqalədə sizə dəvətdə diqqət ediləsi lazım olan bəzi mühüm məsələləri çatdırım və ya xatırladım. Çünki, bu məsələləri həm dəvət etməzdən öncə, həm də dəvət əsnasında tətbiq etməyimiz lazımdır ki, dəvətimiz uğurlu alınsın. Daha yaxşısını isə, Allah bilir.


Mədinə İslam Universitetinin tələbəsi, Elvin Mövlayev.

tovhidinfo
Elvin Mövlayev

Mədinə İslam Universitetində dəvət və dinin üsulları fakültəsinin tələbəsi.

Bütün materiallara bax