• Menyu
  • Menyu

Allahın ad və sifətlərinin isbatı

tovhidinfo

Əhli-sünnət etiqad edir ki, Uca Allah gözəl adlar ilə adlandırılmış,[1] Özü-Özünü və Peyğəmbərinin ﷺ Onu adlandırdığı və vəsf etdiyi sifətlər ilə də vəsf edilmişdir. Belə ki, O, Adəmi Öz Əli ilə yaratdı.[2] Onun necəliyinə etiqad etmədiyimiz hər iki Əli də açıqdır və istədiyi kimi əta edir.[3] Allah (Azzə və Cəllə) necəliyini bilmədiyimiz bir şəkildə ərşə yüksəlmişdir.[4] Uca Allah xəbər verərək bildirmişdir ki, O, ərşin fövqünə yüksəlmişdir. Lakin ərşə yüksəlməsinin necəliyi barədə bir şey qeyd etməmişdir.[5]

O, yaratdıqlarının Sahibidir. Onları onlara möhtac olduğuna görə və ya onların yaradılışını zəruri edən başqa hər hansı bir səbəbə görə xəlq etməyib. Lakin O, istədiyini edən və istədiyi hökmü verəndir. O, etdiklərindən dolayı sorğuya çəkilməz, Onun qulları isə etdikləri hər bir şeyə görə cavabdehdirlər.[6] 

O, gözəl adlar ilə adlandırılmış, Özünün Özünü və     Peyğəmbərinin ﷺ Onu adlandırdığı və vəsf etdiyi sifətlər ilə də vəsf edilmişdir. Göylərdə və yerdə onun üçün imkansız olan heç bir şey yoxdur.[7] O özündə hər hansı bir naqislik, qüsur və xələl ehtiva edən sifətlər ilə vəsf edilməz. Allah (Azzə və Cəllə) bu cür naqis sifətlərdən uzaq və Ucadır.

Onun necəliyini bilmədiyimiz hər iki Əli də açıqdır və Öz lütfündən istədiyi kimi əta edir. Belə ki, Uca Allahın kitabında əlinin necəliyi barədə bir şey qeyd olunmamışdır. Onun barədə orqan, əza, uzunluq, enlilik, qalınlıq və ya naziklik[8] kimi bəşərə xas olan hər hansı bir xüsusiyyətə etiqad edilməz. Onun heç bir bənzəri yoxdur.[9] İzzət və kərəm sahibi olan Rəbbimizin Üzü nə qədər də mübarəkdir!

Onlar mötəzilə, xəvariclər və digər zəlalət əhli olan firqələrin dedikləri kimi: “Allahın adları Allahdan qeyrisidir və məxluqdur”[10] – demirlər.

Onlar isbat edirlər ki, Onun Üzü, eşitmək, görmək, elm və qüdrət, kəlam, güc və izzət kimi sifətləri vardır. Lakin onlar bütün bu sifətləri mötəzilə və digər zəlalət əhlinin etiqad etdikləri kimi deyil, məhz Uca Allahın dediyi kimi qəbul edirlər.

Belə ki, Uca Allah buyurur:

  • “Rəbbinin Üzü əbədidir”.[11]
  • “O, Quranı Öz elmi ilə nazil etmişdir”.[12]
  • “Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər”.[13]
  • “İzzət bütünlüklə ancaq Allaha məxsusdur”.[14]
  • “Biz göyü qüdrətlə yaratdıq”.[15]
  • “Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi?”[16]
  • “Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir”.[17]

Uca Allah elm, güc, qüdrət sahibidir. Eşidən və görəndir. Kəlam sifətinə malikdir. Uca Allah belə buyurur:

  • “Gözüm önündə yetişdiriləsən deyə…”[18]
  • “Gözlərimizin önündə və vəhyimiz üzərə gəmini düzəlt!”[19]
  • “…Ona aman ver ki, Allahın kəlamını eşitsin”.[20]
  • “Və Allah Musa ilə sözlə danışdı”.[21]
  • Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur”.[22]

 

[1] “Ən gözəl adlar Allaha məxsusdur”. (Əl-Əraf: 180)

[2] “Allah dedi: “Ey İblis! İki əlimlə yaratdığıma (Adəmə) səcdə etməyə sənə mane olan nə oldu?” (Sad: 75)

[3] “Əksinə, Onun hər iki Əli də açıqdır və O Öz lütfündən istədiyi kimi əta edir”. (Əl-Məidə: 64)

[4] Burada müəllifin sözünün əsli belədir: “وأنه عز وجل استوى على العرش بلا كيف”  Hərfi tərcümədə imamın sözü bu cür də anlaşıla bilər: “Allah (Azzə və Cəllə)  “necə”siz ərşə yüksəlmişdir”.

Biz isə ” بلا كيف” – ibarəsini “necəliyini bilmədiyimiz bir şəkildə” – kimi tərcümə etdik. Çünki sələf alimlərinin dilində ” بلا كيف” – ibarəsinin iki mənası vardır ki, hər iki məna da bizim tərcümə etdiyimiz mənaya dəlalət edir:

Birincisi: ” بلا كيف” – (“necə”siz): yəni “بلا سؤال: كيفَ ؟” – (“necə?” sualını vermədən). Yəni Uca Allahın ad və sifətlərinə iman etmək və bu sifətlərin necəliyi barədə sual verməmək. Bu mənaya dəlalət edən sələf sözləri sayıla bilməyəcək qədər çoxdur. Məsələn, imam Tirmizi “əs-Sünən” (2/41) əsərində Uca Allahın Əl, Enmək və digər sifətləri barədə belə demişdir: “Bütün bunlara iman edilər və necəliyi barədə soruşulmaz (ولا يُقَال: كَيْفَ)”.

İkincisi: “بلا كيف” – (“necə”siz): yəni “بلا اعتقاد كيفٍ, بلا معرفة كيفٍ” – (necəliyini bilmədən, necəliyinə etiqad etmədən). Yəni Uca Allahın necəliyini bilmədiyimiz və ya necəliyinə etiqad etmədiyimiz, yaxud necəliyini vəsf etmədiyimiz Əl, Üz, Görmək, Eşitmək, Kəlam, Nüzul (Enmək), İstiva (Ucalmaq) və digər sifətləri vardır. Sələfin bu mənaya dəlalət edən sözləri də çoxdur. Onlardan biri elə imam əl-İsməilinin öz sözüdür. İmam yuxarıda qeyd etdiyimiz sözün  davamında belə deyir: “Allah (Azzə və Cəllə) necəliyini bilmədiyimiz bir şəkildə ərşə yüksəlmişdir. Uca Allah xəbər verərək bildirmişdir ki, O, ərşin fövqünə yüksəlmişdir. Lakin, ərşə yüksəlməsinin necəliyi barədə bir şey qeyd etməmişdir.” (Ərəbcədə: “ولم يذكُر كيف كان استواؤه”). Yəni, əslində, Uca Allahın Ərşə yüksəlməsinin bir keyfiyyəti (necəliyi) var, lakin biz bunu bilmirik və bilmədiyimiz üçün də onu vəsf edə və onun necəliyinə etiqad edə bilmərik. Bütün bunlar bəşər ağlının fövqündə duran şeylərdir. Çünki Uca Allah və Onun Rəsulu r bu barədə heç bir şey bildirməmişlər. Bu deyilənlər və imam əl-İsməilinin yuxarıda qeyd etdiyimiz sözü Allahın ad və sifətlərini hiyləli bir üslub ilə inkar və ya təvil etmək istəyən “təfvid” əhlinə gözəl bir cavabdır.

[5] “Göyləri və yeri altı gündə yaradan, sonra Ərşə ucalan Odur”. (Əl-Hədid: 4)

[6] “Allah etdiklərindən soruşulmaz, onlar isə soruşulacaqlar”. (Əl-Ənbiya: 23)

[7] Göylərdə və yerdə Allahı aciz qoyacaq və Onun üçün imkansız olan heç bir şey yoxdur”. (Fatır: 44)

[8] Allah barədə bu cür ifadələrdən çəkinmək daha yaxşıdır. Çünki belə ibarələr Quran və sünnətdə varid olmamışdır. Əhli-sünnət Uca Allahın Özü barədə və Peyğəmbərinin ﷺ də Onu barədə isbat etdiyi sifətləri isbat, inkar (nəfy) etdiklərini isə inkar edirlər. Quran və sünnətdə nə isbat, nə də inkar yönündən varid olmayan ibarələr barəsində isə susurlar: nə isbat, nə də inkar edirlər. Misal olaraq: Əhli-sünnət “Və Allah Musa ilə sözlə danışdı” (Ən-Nisə: 164) – ayəsinə əsasən Allahın kəlam sifətini isbat edir, Onu nə mürgü, nə də yuxu tutar” (Əl-Bəqərə: 255) – ayəsinə əsasən Allah barədə yatmaq və mürgüləmək kimi naqis sifətləri inkar (nəfy) edirlər. Lakin “Allah cismdir ya yox?” kimi suallar qarşısında isə susur, Quran və sünnətdə varid olmayan bu cür ibarələri təfsilata getmədən və bu sualı verənin muradını bilmədən Allah barədə nə isbat, nə də inkar edirlər. Çünki bu cür ibarələr onu dilə gətirənin qəsdindən asılı olaraq mənfi ya da müsbət mənaya gələ bilər. Sual verəndən qəsdini dəqiqləşdirəndən sonra bu məna ya isbat edilir, ya da inkar, lakin ləfz barədə yenə susulur.

[9] “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir”. (Əş-Şura: 11)

Fayda: Ayənin “Onun heç bir bənzəri yoxdur” – qismi Allahı məxluqatına bənzədən mücəssimə firqəsinə, “O, Eşidəndir, Görəndir”  hissəsi isə Onun ad və sifətlərini inkar edən muattilə firqəsinə gözəl bir cavabdır.

[10] Bu batil əqidənin təməlini qoyan cəhmiyyə firqəsi olmuşdur. Daha sonra xəvariclər, mötəzilə və şiələr bu məsələdə onlara tabe olmuşlar. Onlara görə, Allahın kəlamı məxluq olduğu kimi, Onun adları da məxluqdur. Sanki onlar Allahın adlarını Onun zatından kənar, ayrı-ayrı varlıqlar kimi qəbul edir və onlardan bəziləri: “Kim Allahın həqiqi mənada doxsan doqquz adının olduğuna etiqad edərsə, ayrı-ayrılıqda doxsan doqquz ilahın varlığını qəbul etmiş sayılar” – deyirlər.

[11] Ər-Rahmən: 27

[12] Ən-Nisə: 166

[13] Əl-Bəqərə: 255

[14] Fatır: 10

[15] Əz-Zəriyat: 47

[16] Fussilət: 15

[17] Əz-Zəriyat: 58

[18] Ta-hə: 39

[19] Hud: 37

[20] Tövbə: 6

[21] Ən-Nisə: 164

[22] Ən-Nəhl: 40


Əbu Bəkr əl-İsməilinin “Əhli-sünnətin etiqadı” kitabından. (Kitabı kitabxana bölümündən yükləyə bilərsiniz.)

tovhidinfo
Əbu Zeyd Həbibli

Ər-Riyad şəhəri İmam Muhəmməd ibn Suud adına İslam Universitetinin şəriət fakültəsinin tələbəsi.

Bütün materiallara bax